525.Az

Ulu öndərin arzularını reallaşdıran lider - Misir Mərdanov yazır


 

Ulu öndərin arzularını reallaşdıran lider - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Hörmətli oxucu, Ulu öndərin 100 illik  yubileyi ilə bağlı "525-ci qəzet"də çap edilən silsilə məqalələrimi bir də nəzərdən keçirdim. Heydər Əliyevin zəngin və mənalı həyat yolu haqda başqa mənbələrdən də oxuduqlarım, eşitdiklərim, televiziya ekranlarından gördüklərim daim məni düşündürür, daxilimdə bir sual yaradır: "Görəsən, Ulu öndərin xalqımız qarşısında ən böyük xidməti hansıdır?" Bu suala ən azı yüz cavab yazmaq olar - bu zaman iqtisadiyyatdan təhsilə, neft strategiyasından  hərbi sənayeyə, sabitlikdən beynəlxalq nüfuza kimi müxtəlif şərhlər vermək olar. Çox vaxt səslənən "Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycandır!" fikrilə də razıyam, ancaq düşünürəm ki, onun ən böyük xidməti ölkəmizin idarəçiliyini etibarlı əllərə tapşırmasıdır. Özünün də qeyd etdiyi kimi, "Müstəqilliyə nail olmaq asandır, onu qoruyub saxlamaq daha mürəkkəbdir" fikrinin fəlsəfəsi məhz İlham Əliyevi siyasi şəxsiyyət kimi yetişdirmək  və müstəqillik sükanını bu şəxsiyyətə həvalə etməkdə tapmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı mayın 10-da Şuşadan müraciətində bu reallığa diqqəti yönəltdərək demişdir: "Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür. Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir".

Bu bir sarsılmaz həqiqətdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın suverenliyi daha böyük təhlükələrlə - daxildən və xaricdən bura yönəlmiş qısqanc baxışlarla, erməni qəsbkarlığı,"Sadval" hərəkatı, "Talış-Muğan Respublikası", Gəncə qiyamı, Cavadov qardaşlarının üsyanı kimi çoxsaylı təxribatlarla, terror aktlarıyla, torpaqlarımızın işğalı, Xocalı soyqırımlarıyla üz-üzə, "olum, ya ölüm" dilemması ilə göz-gözə qalmışdı. Ulu öndərin on illik gərgin fəaliyyəti Azərbaycanı həmin burulğanlardan çıxara bilmişdi. Ancaq demək olmaz ki, 2003-cü ildə hər şey bitmişdi, ölkəmiz daşsız-kəsəksiz, toz-torpaqsız hamar yollara çıxmışdı. Xeyr! İnkar etmək olmaz ki, ölkə qüdrətləndikcə, onun dostları kimi düşmənləri də çoxalır, daha da məkrli olur, açıq mübarizədən qapalı döyüşlərə keçir, siyasi don geyinərək gizli oyunlar oynayır. Bu mürəkkəb, ikili, bəlkə də üçlü, dördlü standartlarla gedən oyunlarda çox məharətli siyasətçiyə, praqmatik təfəkkürlü liderə, çoxşaxəli strateji düşüncəyə malik, nəyi, necə və nə vaxt etməyi dəqiq bilən rəhbərə daha çox ehtiyac yaranır. Məhz hər günü sınaq anı kimi çətin və mürəkkəb ötən 20 il ərzində çoxumuzun hiss etmədiyi bəlalardan yan keçərək, bu "təhlükəsizlik adasında"  stabillik şəraitində yaşamağa görə Ulu öndərin tarixi seçimini düzgün dəyərləndirməyi bacarmalıyıq. 

Hörmətli oxucularımızla birgə təxminən 20  il öncəyə səyahət edək. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində "Cənab Prezident, Sizi gələcəkdə asan işlər gözləyir, yoxsa çətin?" sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin   düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmizin bu günü üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı ki, həm asan, həm də çətin: "Asan o mənada ki,  artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər.  Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam".

Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həlli vacib məsələlər idi. Son 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, birmənalı vurğulamaq olar ki,  bugünkü Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə digər əlamətdar hadisələrlə birgə yeni parlaq bir səhifəni - Zəfər Gününü yazdı.

Dövlət başçısı İlham Əliyev Şuşadan müraciətində bir daha bu reallığa diqqəti yönəltdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Onun Ulu öndərin yubiley günündə, həm də Şuşadan müraciət etməsi təsadüfi deyildi. O bildirdi ki, müraciət üçün Şuşanı məxsusi olaraq seçib: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa zəfərimizin rəmzidir, Şuşa zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırıldı və Şuşanın azad olunması bizim tarixi zəfərimizin əsas hissəsi idi".

Qarabağın işğaldan azad edilməsinin Heydər Əliyevin və Azərbaycan xalqının əsas arzusu olduğunu deyən Prezident bu arzunu yerinə yetirdiyini vurğulayıb: "2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Dövlət başçımızın da söylədiyi kimi, Heydər Əliyevin ruhu şaddır. Çünki böyük çətinliklərdən keçmiş, müstəqilliyini qoruyub saxlaya bilən Azərbaycan etibarlı əllərdədir. Ulu öndərin quruculuq işləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq".

Bəli, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu öndərin strategiyası dayanır. Düzgün və düşünülmüş siyasət, Naxçıvanski adına hərbi lisey də daxil olmaqla uzaq 70-ci illərdə görülən hazırlıq işləri Vətən müharibəsində həlledici rol oynadı. 30 ilə yaxın dövrdə tam dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün sürətlə cənnətə çevrilməkdədir. Şuşanın və bütün  Qarabağın yenilənən siması Azərbaycanın gücünü göstərir. Dövlət başçımızın Şuşadan verdiyi mesajda da qeyd olunduğu kimi, "bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq".

Bu zəfərin baş qəhrəmanı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nadir bir siyasi universitetin - Heydər Əliyev məktəbinin yetirməsi olaraq vaxtilə dahi siyasətçidən unudulmaz dərslər almış, çox gənc yaşlarından böyük siyasətin içində olaraq xalqa xidmət etmək, dəyanət, cəsarət, nəciblik, məğlubedilməzlik öyrənmişdir. Ulu öndərin üzləşdiyi haqsızlıqların, xəyanətlərin şahidi olmuş, ən çətin anlarda yaxın silahdaşı kimi onunla birlikdə çiyin-çiyinə addımlamış, şərəfli mübarizə yolu keçmişdir. O, nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

Bu gün Ulu öndər Heydər Əliyevin müqəddəs vəsiyyətlərini şərəflə həyata keçirərək 30 il davam edən işğala son qoyan, ölkəmizin ərazi bütövlüyünü bərpa edən qəhrəman ordunun Müzəffər Ali Baş Komandanının bu ikili standartlar dünyasında nümayiş etdirdiyi müdriklik və cəsarət, qətiyyət və sarsılmaz iradə şəxsi keyfiyyətlərlə, genetik amillərlə bərabər, həm də o məktəbdə qazanılan biliklərin real həyatda tətbiqi hesab edilməlidir. Cəmi 44 gün davam edən müharibədə doğma torpaqlar uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olan, dünya hərb tarixinə yeni səhifələr yazan Silahlı Qüvvələrimizin rəşadəti, qələbəmizin əsasına çevrilən ümumxalq birliyimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün oldu. Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim edə bildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün qüvvələri səfərbər etdik, ölkə iqtisadiyyatını qaldırdıq, ordumuzu gücləndirdik, dünyada ölkəmizin nüfuzunu yüksəltdik və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır.

İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Onun rəhbərliyi ilə bir çox sahələrdə ilklərə imza atan Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində qarşıya çıxan hər bir çətinliyi aradan qaldırmaq imkanına malikdir. 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhran dövründə Azərbaycan bu çətinliyi ən az hiss edən ölkələrdən biri oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olmasını şərtləndirdi. 2020-2022-ci illərdə dünyanın, o cümlədən, ölkəmizin koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycanda insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi dayanıqlığın təmin edilməsi yönümündə atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi.

Dövlətimizin başçısı İlham Əliyev pandemiya başladığı ilk günlərdən bu hədəfi qarşıya qoydu ki, ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız  dayanmamalı, əksinə, daha da dərinləşməlidir. Layihələrin həyata keçirilməsi, yaxud da ki əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə xüsusi diqqət yetirilməlidir.  Əhalisi normal templə artmaqda olan Azərbaycan üçün məşğulluq məsələsi ön planda olduğu üçün məşğulluğu təmin edən investisiya layihələri dövlət nəzarəti altında həyata keçirilməyə başladı. Nəzərə alındı ki, pandemiya hədəflərə maneçilik törətməməli, vaxt itirilməməlidir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında Tədbirlər Planının hazırlanması, bu sənədin 20 fəaliyyət sahəsini, 4 sektoru və 10 yardım proqramını əhatə etməsi Azərbaycanın COVİD-19-la mübarizə dövründə də qarşıya çıxan çətinlikləri dəf etməsinə geniş imkanlar açdı. Pandemiya dövründə işsiz qalan vətəndaşlara birdəfəlik yardımın edilməsi, sahibkarlara dövlət dəstəyinin göstərilməsi və sair kimi bir-birindən önəmli addımlar Azərbaycanın bu çətin mərhələni də müsbət nəticələrlə başa vurmasına yol açdı.

Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi, dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşması həyata keçirilən siyasətin uğurlu nəticələridir. Ölkəmizin liderliyi ilə regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlığa xidmət edən  mühüm enerji və nəqliyyat layihələri uğurla həyata keçirilib və keçirilməkdədir. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması kimi əhəmiyyətli hadisəni tarixinə yazan Azərbaycan üçün 2018-ci ildə Cənub Qaz Dəhlizinin işə düşməsi, sonrakı illərdə TANAP-ın və TAP-ın istifadəyə verilməsi təşəbbüsləri gerçəkliyə çevirən ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır.

Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Bütün təyziqlərə, mövcud vəziyyətə, hətta şəxsi təhlükəsizliyi üçün səslənən təhdidlərə baxmayaraq, bu istiqamətdə addım-addım, sistemli və planlı işlər gördü, nəticə əldə edilənədək usanmadan çalışdı. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. Siyasətdə sistemli, səbirli, soyuqqanlı, təmkinli və dəqiq olması İlham Əliyevi başqalarından fərqləndirən üstün keyfiyyətlərdəndir. Onun risk və uzaqgörənlik tələb edən nəyi nə zaman edəcəyini dəqiq bilmək xüsusiyyəti həm xarici, həm də daxili siyasi rəqiblərini atacağı addımı öncədən müəyyənləşdirməkdə çətinlik yaradır. Zəfərlə bitən Vətən müharibəsinin gedişi,  ondan əvvəl və sonra siyasi arenada baş verənlər bir daha sübut etdi ki, o, hər şeyi necə də zamanında, dəqiqlik və müdrikliklə edir.

İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Nəhayət, hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Azərbaycan prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında qətiyyətlə dediyi, "Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz" fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun daha bir göstəricisidir. Bu prinsipiallığı onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də beynəlxalq ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Ona görə də 2016-cı ildə "Rossiyaseqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində qətiyyətlə bildirirdi: "Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz".

Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi. Buna görə də 3 oktyabr 2019-cu ildə Soçidəki "Valday" forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: "Mən Ermənistan Baş nazirinin, təəccüb doğuran "Qarabağ Ermənistandır və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı oldu. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bundan sonrakı dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Əlbəttə, torpaqlarımızın azad olunması həm ölkəmizin, həm də bölgənin qarşısında yeni perspektivlər açmışdır. Postmünaqişə dövründə sülhün təmin olunması və qorunması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıtması hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas prioritetlərdir.

Baxmayaraq ki, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün infrastruktur, yaşayış binaları, evlər, tarixi, mədəniyyət abidələri tamamilə dağıdılmış, talan edilmişdir, işğaldan azad olunmuş ərazilərimizin də ən yüksək səviyyədə yenidən qurulacağına, şəhər və rayonlarımızın bərpa olunacağına hər birimiz əminik. Azərbaycan bundan əvvəl də, Vətən müharibəsi dövründə də bütün dünyaya sübut etmişdir ki, o, qüdrətli dövlətdir və qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündədir. Artıq genişmiqyaslı bərpa işlərinə start verilmiş və quruculuq işləri, infrastruktur layihələri uğurla həyata keçirilməkdədir.

Qeyd etmək istərdim ki, Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpası üzrə kifayət qədər təcrübəsi var. Hələ 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş 42 yaşayış məntəqəsi, o dövr üçün ölkəmizin iqtisadi imkanları o qədər də geniş olmasa da, müvəffəqiyyətlə bərpa edildi, həmin ərazilərdə sakinlərimizin yaşayışı təmin edildi. 2016-cı ildə isə Azərbaycan Ordusunun parlaq Aprel zəfərindən sonra "Böyük qayıdış"a başlanıldı. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tezliklə yüksək standartlara cavab verən infrastruktur təminatı həyata keçirildi və Cocuq Mərcanlı kəndi hazırda ölkəmizin ən abad yaşayış məntəqələrindən biridir. İndi işğaldan azad olunmuş bütün yaşayış məskənlərimiz üçün belə gözəl perspektivlər yaranıb. Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi və digər tarixi torpaqlarımızda yenidən bütün inzibati, ictimai binaların, məktəb və tibb ocaqlarının yaradılması, yeni küçələrin, parkların, xiyabanların salınması, yeni yaşayış evlərinin inşası istiqamətində gələcəkdə daha genişmiqyaslı tədbirlər həyata keçiriləcəkdir. "Ağıllı kənd", "Ağıllı şəhər" konsepsiyası əsasında görüləcək işlər nəticəsində işğaldan azad olunmuş ərazilər yaxın gələcəkdə ölkəmizin dilbər guşələrindən birinə çevriləcək.

Yeri gəlmişkən, 2021-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Təbii ki, bu qərar strateji, iqtisadi və tarixi baxımdan kifayət qədər vacib sənəd, əhəmiyyətli bir addımdır. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş istifadə edilməsinə şərait yaradacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapır, Füzulidə, Zəngilanda və Laçında istifadəyə verilən beynəlxalq hava limanları Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevirməkdədir: "Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik".

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilini önə çəkməsi bugünümüzə hesablanmış addımlar  sırasından idi. Belə ki, neft-qaz gəlirlərinin düzgün idarə olunması üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Həyata keçirilən regional inkişaf proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırıldı. Artıq inamla demək olar ki, hər bir kənd, qəsəbə quruculuq dövrünü yaşayır. Hazırda rayonlar  arasında sağlam rəqabət gedir. Müasir iqtisadi və sosial infrastrukturun yaradılması bugünümüzün əsas hədəflərindən olan sahibkarlığın inkişafını sürətləndirən faktorlar sırasındandır. Bölgələrdə enerji, su, qaz  tələbatının yüksək səviyyədə ödənilməsi qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST layihələri sosial xidmət sahəsində şəffaflığın təminatına geniş imkanlar açır. Hazırda Azərbaycanın bu təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir.

Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir. Həmçinin bu məqam da diqqətə çatdırılır ki, 2003-cü ildə  "Neft kapitalını insan kapitalına çevirək" tezisi irəli sürüləndə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət məmurları insanların qayğıları ilə maraqlanmalı, daim onların yanında olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu tələb edir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident İlham Əliyev xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir. Daim ictimaiyyətin arasında olan, irəli sürülən təşəbbüslərin, qəbul olunan  qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.

Dövlətimizin başçısı 2003-cü ildə hədəfləri açıqlayarkən əhalinin sosial müdafiəsinin prioritetliyini önə çəkərək bu məqamı xüsusi qeyd etmişdi ki, yoxsulluq deyilən sosial bəla aradan tamamilə götürülməlidir. Ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi düşünülmüş siyasətin, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün uğurla həyata keçirilən sosial paketlərin nəticəsidir. Baxmayaraq ki, koronavirus infeksiyası dünya dövlətləri kimi, ölkəmizin də iqtisadiyyatına təsirsiz ötüşmədi, amma dövlətimizin başçısı İlham Əliyev bir dənə də olsun sosial layihənin təxirə salınmayacağını bildirdi və sözünə əməl etdi.

Prezident İlham Əliyev hələ 2003-cü ildə belə bir tezis irəli sürmüşdü ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Bu fikirlər Ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisinin davamı kimi dəyərləndirildi. Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı da bu məqsəddən irəli gəlir. Sənədə əsasən, müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlardandır.

Bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən parlaq qələbə həm də siyasi uğur oldu - İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyi, bununla da ikili standartlara qalib gəlməyi bacardı, ən dəyərli nemət olan xalqın milli qüruru, bununla yanaşı, şərəfli tarixi adı - qalib xalq adı özünə qaytarıldı. Bu uğurların və Azərbaycanın demokratiya və inkişaf yolu ilə inamla irəliləməsinin, azərbaycançılıq ideologiyasının reallığa çevilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, multikultural həyat tərzinin bərqərar olmasının, cəmiyyətin bütün gözləntilərinin gerçəkləşməsinin beşiyinin başında isə İlham Əliyevin keçdiyi Heydər Əliyev məktəbinin mühüm rolu xüsusi qeyd olunmalıdır.

 

 





17.05.2023    çap et  çap et