525.Az

Diş ağrısı - Şahnaz Şahindən esse


 

Diş ağrısı - <b style="color:red"> Şahnaz Şahindən esse  </b>

Ağrıların ən betəridir bu! Ən acımasızı, ən insafsızıdı, hamıya tanış, doğma ağrıdı diş ağrısı... "Yüz il ömür sürəydim, bir gün xəstələnməmiş..." misalı ona aid deyil. Çünki onunla tanışlıq lap erkən uşaqlıq vaxtlarından başlayır. Heç gözümüzü açmağa imkan vermir ki...

Bir də görürsən körpəcə uşağın süd dişində kariyes var. Qapqara gözlərindən dumduru sular axıda-axıda aparırsan ağ xalatlı "mələyin" hüzuruna. Nə olsun mələkdi, axı şıltaq balanı onunla qorxutmusan indiyəcən. O da "doxtur" adı eşidən kimi farağat dayanıb qarşında... Hə, indi də o qorxulu varlığı mələk kimi təqdim edirsən, ay inandı e...

Belə, indi mənim aman-zaman dişlərimdən birinin ərköyünlüyü tutub. Deyirlər, "dişin ağrıyır çək qurtar..." , yox, bu, çoxdanın deyimidi, qədim zamanlarda başqa əlac olmadığı vaxtlara aiddi. İndi maşallah, həkimlərimiz yoxdan var düzəldir. Stomatologiyanın İmplantologiya sahəsi tibbin digər qolları kimi elə inkişaf edib ki, hətta cəmi bircə həftəyə ağappaq, rahat dişlərə sahiblənmək olar. Amma gərək istəyinlə maddi imkanların düz mütənasib ola...

Dişlər, gözümüzdən sonra beyinə ən yaxın orqanlardan sayılır. Baş hissədə yerləşən üzvlərin öz xarakterik xüsusiyyətləri var. Məsələn, gözlər, ona elə nahaq yerə ürəyin aynası demirlər ki! Çünki sahibini onun özünün də xəbəri olmadan "ələ verir". Dilin yalanını həmən qeyri-iradi işarə ilə qarşı tərəfə ötürür. Amma işarəni oxumaq da asan deyil, onun da öz əlifbası var...

Eləcə də dişlər, beyinə yaxın olduğundan ağrısı dözülməz olur. Həm də hər diş hansısa bir daxili orqanın xəstəlik göstəricisi hesab edilir. Dişlər həm estetik gözəllik, həm də sağlamlıq deməkdir. Hz.peyğəmbərimizin ölü heyvanın yanından keçərkən onun dişlərinə baxıb "nə gözəl dişləri var" deməsi yadıma düşdü, xatırlayırsınız yəqin... Amma gözlərdən fərqli olaraq dişlərə az tərif deyib şairlər. Yaddaşımda məşhur mahnıdan misralar qalıb:

 

Dişlərin incidəndir,

Dürdəndir, incidəndir...

 

Qəbul etdiyimiz qidanın çeynənməsindən tutmuş ta həzm üzvlərinin sağlamlığına qədər vacib vəzifələr düşür dişlərin üzərinə. İnsan ömrü boyu iki dəfə dişini dəyişir. Əvvəl Hippokratın ad verdiyi 20 süd dişləri, sonra 32 daimi dişləri çıxır. Orqanizmin tikinti materialı sayılan kalsiumun 99 faizi dişlərdə toplanır. Sağlam və möhkəm dişlər insan yaddaşına da müsbət təsir göstərir. Uşaqların boyatma dövründə Mendeleyev cədvəlində beşinci yeri tutan bu elementin defisiti kariyesin yaranmasına səbəb olur. Dişlər həm də mexaniki və termik faktorların hədəfi olan orqandır. İsti, soyuq qidalar, şirniyyatlar, bərk və kobud yeməklər dişlərə mənfi təsir göstərir. Elə uşaqların da, böyüklərin də sevdiyi şokoladı götürək, onun tərkibinə daxil olan kakaonun tərkibində də diş kariyesinin yaranmasına səbəb olan maddə vardır...

Sağlam dişlərə sahib olmağı kim istəmir ki... Təəssüf ki, insanın digər daxili orqanlarından fərqli olaraq, dişlərin özünü bərpa etmək qabiliyyəti yoxdur!.. İndi, 21-ci əsrdə getdikcə təbii qida məhsullarının azalması, bəzən mənşəyi, tərkibi bilinməyən qidaların satışa buraxılması sağlamlığa vurulan zərbədir. Bundan nəinki dişlər, bütün orqanizm əziyyət çəkir! Bütün xəstəliklərin bünövrəsi həzm sistemində qoyulur. Sağlam dişlər yaxşı həzm, gözəl təbəssüm, özünə əminlik, rahat ünsiyyət, səlis nitq deməkdir. Dişlərinizi bacardığınız qədər qoruyun...

...Amma mənim indi dişim ağrıyır və bütün beyin hüceyrələrim bu ağrıya fokuslanıb. Sabah mütləq öz "mələyimə" baş çəkməliyəm, əlbəttə, qorxuram, lap elə uşaq vaxtı olduğu kimi. Neyləməli, ağrılardan qurtulmağın yeganə açarı onların əlindədir...

 





17.05.2023    çap et  çap et