525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - faciələrə aparan ziddiyyət<b style="color:red"></b>

(Əvvəli 2 may sayımızda)

 

 Dünyada ikicə yer var idi ki, Allah qarşısında Ralf Meggiyə məxsus idi - bu, kurort adası və Droqheda idi. Lakin Megginin başqa imkanları da meydana gəlmişdi. Ona Ralfla yaxınlıqdan hamilə olduğu məlum olduqda, Lyukun yanına getdi ki, son dəfə onunla yatsın ki, uşağın ərindən olmadığına şübhə yaranmasın. O, düşündüyünə də nail oldu və Droqhedaya qayıtdı. Orada o, oğlan uşağı doğdu və adını Den qoydu. Uşaq hər şeydə Ralfa oxşayırdı.

Romada isə vəziyyət ürəkaçan deyildi. İl Duçenin qara köynəkliləri küçələrdə ağalıq edirdi. Qarşıda çətin dövrün olacağını Ralfı əhatə edən din xadimləri hiss edirdilər. Hitler 1939-cu ilin sentyabrında Polşaya müdaxilə etdi. Bir qədər sonra İkinci Dünya müharibəsi başlandı. Avstraliyalılar da bu müharibədə Müttəfiqlər tərəfdə iştirak edirdilər. Megginin iki qardaşı Afrikanın şimalındakı İkinci Alameyn döyüşündə almanlara qarşı vuruşmuş, sonra salamat vəziyyətdə Droqhedaya qayıtmışdılar. Nəhayət, 1945-ci ilin sentyabrında altı aqoniya ilindən sonra İkinci Dünya müharibəsi başa çatdı, on milyonlarla adam həlak oldu, tarixdə görünməmiş nəhəng sayda ailələr bədbəxt taleyə nəsib oldu.

Megginin dünyasının isə öz parametrləri var idi. O bilirdi ki, Ralf Allahdan heç vaxt imtina etməyəcəkdir. Den onun oğlu olduğundan, Meggi Ralfın bir hissəsini özündə saxlamağı qət etmişdi. O, oğlunu, bəlkə özündən də çox istəyirdi. Lakin anasına demişdi ki, Allah həmişə  xoşbəxtliyi mənim əlimdən alır. Onun uşaqları artıq böyümüşdülər, qardaş və bacı artıq Sidneydəki məktəbdə oxuyurdular.

Ralf katolik kilsəsinin mərkəzi iyerarxiyasına daxil olmaqla, papa siyasətini həyata keçirirdi, az sayda mühüm adamlardan birinə çevrilmişdi. O, müharibə nəticəsində qaçqın düşmüş minlərlə adamın əcnəbi ölkələrdə sığınacaq tapmasına köməklik göstərmiş, Avstraliyaya immiqrasiya proqramının həyata keçirilməsində çox iş görmüşdü. O, qısa müddətə Avstraliyaya gələndə Droqhedaya, Meggigilə baş çəkdi. Onu qarşılayan Den və bacısı ilk dəfə kardinalla əyani tanış oldular.

Meggi ilə görüşəndə isə, onlar qucaqlaşdılar. Ralf Denin Lyukun oğlu olduğunu güman edirdi. Meggi də onda hansısa bir şübhə oyanmasına imkan vermirdi. Ancaq oğlan kardinalın çox xoşuna gəlmişdi. Megginin artıq 41 yaşı var idi və Ralfla onun tanışlığından 30 il keçirdi.

Meggi Ralfa dedi ki, Droqhedada sən mənimkisən. Söhbətlərinin birində isə qaratikan quşu barədə Kelt əfsanəsini sevdiyini söylədi, balaca qız olarkən keşiş onu Meqqiyə danışmışdı. Bu quş ürəkdən oxuyub, öldü. Həyatda da hər kəs özünün kiçik şərqisini oxuyur, bununla da başqalarını inandırmağa çalışır ki, onun oxuduğu, dünyada heç vaxt eşidilməmiş bir nəğmədir. Biz öz qaratikanımızı yaradırıq və heç vaxt ona görə ödəyəcəyimiz haqqın qiymətini hesablamağı dayandırmırıq. Bütün edə bildiklərimizin hamısı, əslində, ağrı əzabıdır və özümüzə deyirik ki, bu ağrı ona layiq idi. Meggi Ralfa dedi ki, bu ağrının nə olduğunu Allahdan soruş, axı ağrı üzərində də hakimiyyəti olan odur. O, bütöv dünyanı yaratmışdır, ona görə də O, həmçinin ağrı paylayır. Ralf da öz inamında şübhələrə yol verirdi, öz sevinc mənbəyini az qala sitayişə bərabər olan hesab edirdi. O, Meggi ilə eşqə dalanda, onu Messa (Katolik kilsəsəndə Allaha başlıca ibadət - məqalə müəllifi) tək bir müqəddəslilik sehrliliyi kimi qəbul edirdi.

Den isə kardinal Ralfdan uzaqlaşmırdı, o, Droqhedanı tərk edəndən sonra bir gün anasına dedi ki, keşişdən başqa, heç nə olmaq istəmir. O, oğlunun keşiş olmasını heç cür istəmirdi. Oğlu isə fikrindən dönmədi və dini kollecə daxil oldu. Anası yumşalıb, onu kardinal de Brikassarın yanına göndərəcəyini vəd etdi.

Əri öldükdən sonra onlarda yaşayan Annaya Meggi öz oğlunu itirdiyini dedi, axı oğlu keşiş olmağı qət etmişdi. Sonra əlavə etdi ki, mən Ralfı Allahdan oğurlamışdım, indi bunun haqqını oğlumla ödəyirəm. Axı o, Ralfa Den barədə nəsə deməmişdi. Ralf da öz növbəsində Denin onun oğlu olduğunu anlamamışdı. Meggi isə oğlunu artıq onun yanına göndərirdi. Anna ona dedi ki, sən Allahların necə qısqanc olduqlarından halisənmi? Onlar sənə hələ çox şey edə bilərlər. Meggi isə cavab verdi ki, onlar mənə bundan artıq daha nə edə bilərlər?

Ralf Romada Deni əziz Megginin oğlu olduğuna görə özünün əzizi hesab edirdi, ancaq heç ağlına da gəlmirdi ki, bu, onun öz oğludur. Meggi Ralfa məktubunda oğlu üçün məsuliyyəti onun üzərinə qoyduğunu yazırdı və əlavə etmişdi ki, mən oğurladığımı geri qaytarıram, bu, məndən tələb olunurdu. Qoy gözün onun üstündə olsun, o, birinci növbədə mənə məxsusdur, indi onu sənə verirəm.

Den olduqca mömin gənc idi. Kardinal Ralfa bildirdi ki, Allahın naminə ölümlə üzləşməyə, həbs olunmağa, ac qalmağa da razıdır. O, Allahı çox sevməklə daim ona xidmət edəcəkdir.

Avropanı ilk dəfə görən Den İtaliyanı gəzdikdən sonra Yunanıstana keçdi, orada Fermopil keçidində bizim eradan əvvəl 480-ci ildə nəhəng Persiya ordusu ilə vuruşda həlak olmuş 300 spartalının şərəfinə qoyulmuş abidəni ziyarət etdi. Spartalılara çar Leonid başçılıq etmişdi. Sonra o, Krit adasına gəldi. Bir gün o, Aralıq dənizində çimirdi. Tufan qabağı dənizdə axın xeyli güclənmişdi. Lakin o, yaxşı üzgüçü olduğundan, heç bir təşviş hissi keçirmirdi.

O, dənizdə çimən iki alman qadına ehtiyatlı olmağı qışqırıb desə də, az sonra qadınların batdığını gördü. O, üzüb qadınlara yaxınlaşdı, onları xilas edə bilsə də, özü yorulduğundan dənizdə batdı. O, heç də ölmək istəmirdi, ancaq dəfələrlə Sahibə müraciət edərək, bildirmişdi ki, ağrı səninkidir, mən onu qəbul etməliyəm, Sənin iradənlə mən mübarizə apara bilmərəm. Öləndə qışqırdı: "Mənim Allahım, artıq mən səninəm! Mən Səni sevirəm!"

Kritlilər meyitə baxıb, artıq xoşlarına gəlmiş bu oğlanın ölümünə heyifsilənirdilər. Aktrisa olan bacısı Londondan Droqhedaya zəng vurub, bəd xəbəri anasına çatdırdı. Meggi bu xəbəri eşitdikdə elə bil ki, dərin uçuruma düşmüşdü, axı Den onun üçün hər şey idi. Allahları gərək şirnikləndirməyəsən, onlar bunu sevirlər. O, axırda başa düşdü ki, haqqı ödəməli imiş. Tərslikdən, bu vaxt Yunanıstanda inqilab baş vermişdi, bu ölkə ilə əlaqə saxlamaq da çətin idi.

Meggi şikayətlənməyə başladı ki, acgöz Allah, sən yaxşı olanları yığıb aparırsan, qalan bizlərlə isə dünyanı çürüməyə qoyursan.

Meggi Romaya, Vatikana gəlib, Ralfla görüşdü. Axırıncı dəfə onlar 13 il əvvəl görüşmüşdülər. Kardinal Ralf onu güclə tanıdı. Meggi ona Denin öldüyünü dedi. Ralf özünü itirmişdi, təkrar edirdi ki, o, ölə bilməz. Sonra Göyə müraciət etdi: "Ey əziz Allah!"

Meggi bu sözləri eşidəndə qeyzlə dedi: "Ralf, sənin əziz Allahın barədə narahat olma! Mən sənə kömək barədə xahişə gəlmişəm, sənin dərdinə şərik olmağa yox!" Bildirdi ki, sənin dərdin mənə təsir etmək gücündə deyil, oğlum Kritdə dəfn olunmuşdur, ancaq onun cəsədini Droqhedara götürüb, orada dəfn etmək lazımdır. Ralf bu qərarın düzgün olduğunu bildirdi, axı o, özü də öləndə Droqhedada dəfn olunmağını istəyirdi.

Meggi Ralfın onunla birlikdə Yunanıstana getməli olduğunu bildirdi, onun köməyilə oğlunu geri ala bilərdi. Ralf onun oğlunu öz doğma oğlu kimi sevdiyini dedi və əlavə etdi ki, çox mühüm konqress keçirildiyinə görə o, bu vaxt Romanı tərk edə bilməz.

Meggi cavabında dedi ki, Den həm də sənin oğlun idi, Metlok adasında mən hamilə olmuşdum. Den sənin idi, Lyukunku deyildi. Denin ölüsünə and içirəm ki, o, sənin oğlun idi. Ralf bu sözləri eşitdikdə, ağlamağa başladı. Meggi ona dedi: uzun illər idi ki, sənin oğluna malik idim, sən isə bunu bilmirdin, anam isə elə uşaq doğulan vaxt bunu bilmişdi. Denin təkcə saçı səninkindən fərqli idi, qalan hər şey səninki idi. Axı mən məktubumda yazmışdım: "Mən oğurladığımı geri qaytarıram". Sonra əlavə etdi ki, sənin Allaha and içdiyini biz oğurlamışdıq və hər ikimiz haqqı ödəməli idik.

"Mən səni sevmişdim. Ralf, ancaq sən heç vaxt mənim olmamışdın. Den mənim səndən alacağım hər şeyin bir hissəsi idi. Mən onu sənə bir silah kimi verdim ki, özündən olduğunu biləsən. Artıq o, heç birimizə məxsus deyildir, Allaha məxsusdur". Bu sözlər Megginin ağır kədərini və itirilmiş dünyasını ifadə edirdi.

Kardinal de Brikassar Meggi və onun qızı ilə Denin meyitini Kritdən Droqhedaya apardı. Bədbəxt Ralf Meggiyə olan məhəbbətinin taclandırdığı həmin şərəf barədə heç vaxt bir şey bilməmişdi.

Kitaba Kelt əfsanəsindən götürülmüş bir epiqraf seçilmişdir: "Bu ömründə bir dəfə oxuyan quş barədə əfsanədir. Bu quş öz ömründə yalnız bir dəfə oxuyur, Yer üzərində başqa heç bir canlı belə şirin oxumur. Hansısa bir an gələndə o yuvasını tərk edib, qaratikan kolunu axtarır, onu tapana qədər heç bir rahatlıq bilmir. Sonra yabanı budaqlar arasında oxuyub, özünü uzun, şiş uclu tikanın üstünə atır. Və öləndə o, öz aqoniyasından da yuxarı qalxır ki, nəğməsi ilə torağayın və bülbülün şən şərqilərini də ötüb keçsin. Bir fövqəl səviyyəli şərqi, qiymət qazanmağın mövcudluğu. Və bütün dünya sakit dayanır ki, onu dinləsin. Allah da öz Göyündə buna gülümsəyir. Ən yaxşı olan bir şey yalnız böyük ağrı hesabına əldə edilir.

...Və ya əfsanə belə deyir".

Əsər də əfsanədən gələn belə sözlərlə bitir: "Quş döşündəki tikanla dəyişilməz bir qanunla hərəkət edir. O bilir ki, heç nə hiss etməyəcəkdir və oxuya-oxuya da ölür. Bir müddətdən sonra tikan döşdə elə yerə girir ki, quş ölüm gələndə bundan hali olmur. O, sadəcə həyatı tərk edənə qədər axırıncı notu da vurmaqla oxuyur. Lakin biz tikanı öz döşümüzə sıxanda, bunu hökmən bilirik. Biz başa düşməklə yanaşı, indiyədək bunu edirik".

Ralf ata da arzuladığı kimi Droqhedada öldü. Son nəfəsini verməmişdən əvvəl o, öz günahlarını uzun illər sevdiyi bu bədbəxt qadına etiraf etdi. Meqqiyə dedi ki, bilirdim ki, məni bağışlayacaqsan. Sənin həmişə Allaha qarşı mübarizə aparırdığını görmüşdüm, ancaq sən onun arzularına daha yaxın idin, çünki sevməyi bacarırdın, mən isə yarımçıq qaydada Allaha, yarımçıq qaydada sənə sədaqətli idim, əslində isə bütövlükdə şöhrətpərəstliyin əsirliyinə məxsus idim. Kardinal de Brikassar olmağı oğul atası olmaq istəyindən, hətta sənə nail olmaqdan artıq bilirdim.

Meqqi onun üçün acı olan bu sözləri eşitdikə göz yaşlarını saxlaya bilmədi. Başını qaldırıb qucaqladığı əzizinə baxanda, Ralf atanın başının sinəsinə düşdüyünü gördü, kardinal onu  şöhrətə çatdıran və həm də bolluca bədbəxtlik bəxş edən həyatla artıq vidalaşmışdı. Son illərdə bütün sevinc mənbələrindən məhrum olmuş bu qadın uşaqlıqdan vurulduğu bir insanı bu dəfə bütünlüklə itirmiş oldu. Bu onun üçün həyatdakı son böyük qurban olmaqla, çəkdiyi əzablara axırıncı nöqtəni qoydu.

(Əsəri məqalə müəllifi orijinaldan ixtisarla tərcümə etməklə, əsasən, eşq macərasının iki qəhrəmanının həyatına həsr olunmuş epizodlara diqqət yetirmiş, romanın yaratdığı dolğun təəssüratı qısa da olsa, lakin mahiyyətinə xələl gətirmədən qələmə almağa çalışmışdır.)

 

İnsanlar sərt dini qaydalarla barışmaq istəmirlər

 

Dinin yaranması insanlara cəmiyyəti müəyyən ideologiya ətrafında birləşdirmək məqsədi güddüyündən, əsasən nəcib bəşəri dəyərləri təbliğ etdiyindən, onun nüfuz dairəsi getdikcə genişlənir, inam gətirənlərin din uğrunda fədakarcasına mübarizəsi, dinə sitayiş edənlərin sayının çoxalmasına səbəb olur. Qədim Romada xristian icmalarına qarşı sərt təbdirlər görülür, xristianlar qəddarcasına təqib edilirdi. Lakin bu xristianlığın yayılmasının qarşısını ala bilmirdi. IV əsrin əvvəllərində Roma imperatoru Konstantin nəhəng Roma imperiyasının - imperiya Britaniyadan Afrikanın şimalınadək uzanırdı, Avropanın yarısını və Kiçik Asiyanı əhatə edirdi, vahid ideya altında birləşdirmək üçün xristian dinini seçdi və əsrin sonunda bu, dövlət dini elan olundu. İslamın yaradıcısı Məhəmməd peyğəmbər də doğma şəhərinin əhalisini və bədəviləri birləşdirmək məqsədini güdməklə yeni dini təbliğ etməyə başladı və az müddət keçdikdən sonra islam geniş yayılmaqla, xristianlıqdan sonra ikinci böyük dünya dininə çevrildi.

(Ardı var)    

 

 





17.05.2023    çap et  çap et