525.Az

Azərbaycan-Ermənistan danışıqlarından gözləntilər


 

POLİTOLOQ İLYAS HÜSEYNOV: "QƏRB ÇOX ÇALIŞIR Kİ, ƏN GECİ OKTYABRDA ƏLDƏ OLUNMUŞ RAZILAŞMALAR HÜQUQİ ÇƏRÇİVƏYƏ SALINSIN"

Azərbaycan-Ermənistan danışıqlarından gözləntilər<b style="color:red"></b>

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına dair mayın 14-də Brüssel formatında keçirilmiş növbəti görüş bu istiqamətdə irəliyə doğru atılmış addım hesab olunur. Aİ rəsmisinin görüşün yekunu ilə bağlı bəyanatından bəlli olur ki, Azərbaycan və Ermənistan liderləri sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən, Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpası, humanitar məsələlərdə mövqelərin yaxınlaşması qeydə alınıb. Ən mühüm məqamlardan biri isə əlbəttə ki, ərazi bütövlüyü ilə bağlıdır. Şarl Mişelin açıqlamadan aydın olur ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat km. ərazisini tanıyır. Bu da o deməkdir ki, Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha etiraf etmiş olur.

ABŞ da Brüssel formatında keçirilən beşinci görüşü irəliyə doğru mühüm addım adlandırıb. Dövlət Departamentinin rəsmisi bildirib ki, Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru atılan mühüm addımlardır: "Nəticə etibarilə, bu görüşlər bizə Azərbaycanla Ermənistan arasında davamlı sülhün mümkün olduğu qənaətinə gəlməyə imkan verir".

Qarşıda isə müxtəlif paytaxtların ev sahibliyi edəcəyi yeni görüşlər var. Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada bir araya gələcəyi gözlənilir. İyunun 1-də Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Kişinyovda Avropa Siyasi Birliyinin II Zirvə toplantısında liderlərin görüşü gözlənilir. Şarl Mişelin açıqlamasına görə, Azərbaycan və Ermənistan liderlərinin Brüssel formatında növbəti görüşünün iyul ayında keçirilməsi razılaşdırılıb. Bundan əlavə, oktyabrda İspaniyanın Qranada şəhərində təşkil ediləcək Avropa Siyasi Birliyinin III sammiti çərçivəsində daha bir görüş gözlənilir. Göründüyü kimi, qarşıda Moskvanın təklifi xaricində normallaşma üzrə üç görüş var. Ermənistan yenidən öz havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə hər hansı təxribatlara əl atmasa, sülh sazişinin imzalanması istiqamətində daha da irəliləmək mümkündür.

Qarşıdakı görüşlərdən gözləntiləri şərh edən politoloq İlyas Hüseynov "525"ə deyib ki, Brüssel formatında keçirilən görüşün özü də çox böyük nailiyyət idi: "Çünki ötən ilin dekabrında Brüssel formatında görüşün keçirilməsinə qarşı Ermənistan və Fransa birgə fəaliyyət göstərirdi. Nəticədə bu görüş baş tutmadı. Səbəb də bu idi ki, prezident Makron təkidlə bu görüşdə iştirak etmək tələbini irəli sürmüşdü. Lakin Münhen Təhlükəsizlik Konfransında və ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində 1-4 may tarixlərində keçirilən görüşdən sonra Brüssel formatında ali səviyyədə görüş baş tutdu. Bu görüşün bir sıra mühüm nəticələri oldu, bizim üçün diplomatik uğurları qeydə alındı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərin ifadəsində təsdiqlədi. 86,6 min kv. km-lik ərazimiz Ermənistan tərəfindən qəbul edilir. Eyni zamanda, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı da heç bir fikir ifadə olunmur. Bu, bir reallıqdır. Azərbaycan öz diktəsini reallaşdıra bildi, prinsipiallığımız və siyasi iradəmiz də öz nəticəsini verdi. Digər tərəfdən qeyd etməliyik ki, qarşıda bizi başqa görüşlər gözləyir və bu görüşlərin iyul ayında Brüssel formatında davamı, ardınca Rusiya vasitəçiliyi ilə keçiriləcək görüşlərin anonsu, artıq verilib. Rusiya proseslərdən geri qalmaq istəmir. Diplomatik zəmində öz fəallığını artırmaq niyyətindədir. Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində növbəti Zirvə toplantısı olacaq və burada yeni bir formatın formalaşması ehtimalları vardır. Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla birgə Azərbaycan və Ermənistan liderləri görüşəcəklər. Ola bilsin ki, burada Aİ Şurasının prezidenti Şarl Mişel də iştirak etsin. Baxmayaraq ki, Makron bu görüşdə iştirak edəcək və Azərbaycan liderinin də orada iştirakı ehtimal olunur, amma bu, qeyri-rəsmi bir görüşdür, Brüssel formatının tərkib hissəsi, onun davamı anlamına gəlmir. Regionda sülhə dair təşəbbüslər ətrafında fikir mübadiləsi aparılacaq, müxtəlif diskussiyalar keçiriləcək və eyni zamanda, artıq Fransanın pozuculuq niyyətlərinə qarşı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Almaniyanın iştirakı da müəyyən balans yarada bilər. Yəni bu görüşün heç də Brüssel formatında keçirilən görüş qədər çəkisi, əhəmiyyəti olacağı qənaətində deyiləm. Eyni zamanda, artıq Fransa da Azərbaycanın gücünü, Brüssel formatının nəticələrini və danışıqlarda Azərbaycanın mövqeyini, qırmızı xətlərini çox yaxşı bilir. Həmçinin, artıq Avropa Siyasi Birliyi çərçivəsində keçirilən silsilə görüşlər əsnasında oktyabr ayında İspaniyanın Qranada şəhərində növbəti görüş planlaşdırılır. Bütün bu görüşlər əlbəttə ki, regionda sülhün gücləndirilməsinə, təhlükəsizlik müstəvisinin daha dayanaqlı olmasına, sülh müqaviləsinin imzalanmasına yönəlib. Qərb çox çalışır ki, ən geci oktyabr ayında əldə olunmuş razılaşmalar hüquqi zəmində qiymətləndirilsin və ən azı əldə olunmuş razılıqlar hüquqi çərçivəyə salınsın".

 

 





18.05.2023    çap et  çap et