525.Az

Şəhadət zirvəsində növbəti yaş günü


 

ŞƏHİD VÜSAL MURADOVUN 24-CÜ YAŞINA...

Şəhadət zirvəsində növbəti yaş günü<b style="color:red"></b>

Torpaq-uğrunda ölən varsa, Vətəndir! Doğma Azərbaycan torpağını Vətən edənlərdəndir şəhid leytenant Vüsal Muradov. Yaşasaydı, 19 may günündə 24-cü yaşını qeyd edəcəkdi. O isə düz 3 il öncə - 21 yaşında - hələ ömrünün ən gözəl çağında həyatını bu Vətən üçün, Qarabağın azadlığı uğrunda qurban verdi.

Əslən Ağdamın Qasımbəyli kəndindən idi Vüsal Muradov. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif kursantı idi. Anası Kəmalə xanım deyir ki, hərb sənətini seçməkdə əsas səbəblərdən biri də elə işğal altındakı torpaqdan olmaqları idi. Vüsalın ən böyük arzusu Ağdamı düşmən tapdağından xilas etmək idi. Anasına, atasına da həmişə "Ağdamı azad edib, sizi oraya aparacam" deyərmiş.

Elə bu arzu ilə də 2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlayarkən "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollanır.

Bir aydan artıq qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində son döyüşü oktyabrın 29-da Xocavənd uğrunda olur. O, həmin döyüşdə ən uca zirvəyə - şəhadətə yüksəlir. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunan Vüsal Muradov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəman şəhidimizin ad günü ərəfəsində anası Kəmalə xanımla həmsöhbət olub, bir daha onu qürurla, həsrətlə, sayğıyla yad etdik:

 

"Mən də onunla bərabər dünyaya gəldim"

 

"Vüsal gözəl bir yaz günü gəlib dünyaya. İlk analıq duyğusunu onu qucağıma alanda hiss elədim. Mən də onunla bərabər dünyaya gəldim. Vüsal hər iki ailənin ilk oğul nəvəsi idi. Adını əmisi Vüsal qoydu.

Uşaqlığı çox maraqlı keçib. Hədsiz nadinc, amma sevgi dolu uşaq olub. Televizora baxmağı çox sevirdi. Altı aylıq olarkən cizgi filmlərinə baxıb gülürdü.

Arzuları çox idi balamın. Ən böyük arzusu Vətənimiz Azərbaycanı qarış-qarış gəzmək idi. Əslən ağdamlıyıq. Ağdamı azad etmək, oraya getmək ən böyük arzusu idi. Elə buna görə də hərbçi sənətini seçdi. Öz sənətini çox sevirdi. Çox yaxşı hərbçi olub. Vətəni qorumaq, doğma yurdumuz Ağdama getmək, oraları görmək həvəsi ilə yaşayırdı".

 

"Şəhid olsam, adımı qardaşım oğluna verərsiniz"

 

Kəmalə xanım deyir ki, Vüsalı son dəfə məzuniyyətdən qayıdanda görüb. Amma müharibə vaxtı bir ay döyüşdə olmasına baxmayaraq, Vüsal bunu ailəsinə bildirməyib:

"Vüsal Ali Hərbi Məktəbdə oxuyurdu. 2020-ci ilin 17 iyununda məzuniyyətə gəldi, 1 ay 10 gün evdə qaldı. Məzuniyyətdə ikən müharibənin olacağını bilirmiş, amma bu haqda bizə heç nə deməyib. Axırıncı dəfə Vüsalı iyulun 27-də Ali Hərbi Məktəbə yola saldıq. O gedəndə mən eyvana çıxıb arxasınca baxdım. Onun mənə axırıncı baxışı heç yadımdan çıxmır. Başın qaldırıb mənə əl elədi. Gözləri ilə sanki "əlvida" deyirdi. İndi Vüsalımın mənə baxdığı həmin yerdə onun adına ucaldılmış abidə var.

O, 4-cü kursda oxuyurdu. Müharibə başlayanda onlara "Kiçik leytenant" rütbəsi verilib. Sentyabrın 29-u gecə qardaşına zəng edib deyib ki, bizi apardılar, anamgilə demə. Vüsal bir ay döyüşüb. Qardaşı Yusif və dostlarından başqa heç kim onun müharibədə olduğunu bilmirdi. Hər gün mənimlə danışırdı, deyirdi, ana, Bakıda məktəbdəyəm. Səsi yorğun gələndə aldadırdı ki, bekarlıqdan yatmışam, ona görə səsim yorğun gəlir. Müharibədən qabaq Beyləqanda təlimdə olub, onda elə bil şəhid olacağını bilirmiş. Kursant yoldaşı Nicata bir video yığdırıb, deyib ki, şəhid olsam, adımı qardaşım oğluna verərsiniz. Vüsal həyatda hamıdan çox qardaşı Yusifi istəyirdi. Ona çox bağlı idi. Hər arzusu, xəyalı Yusiflə bağlı idi".

 

"Mama, evimizdəyik..."

 

"Müharibədə olan vaxt hər gün danışırdıq. Bir dəfə səsi çox yaxşı gəlirdi. Dedim niyə belə sevinclisən, dedi yaxşı xəbər almışam. Soruşdum nədir, dedi telefonda deyə bilmərəm. Dedim, heç olmasa, ip ucu ver, dedi, mama, evimizdəyik. Nə demək istədi, hələ də bilmirəm.

Oktyabrın 30-u saat 11 olardı, baldızımla bir yerdə idik, telefon zəng çaldı. Vüsalın bibisi idi zəng edən. Dedi Vüsal yaralanıb. Dedim Vüsal hardadı ki, yaralana. Yaşadığımız binanın həyətinə gəldik. Evə gedə bilmədim. Elə həyətdə oturdum. Qonşular hamısı yığışdı. Qapı qonşum, onun da oğlu hərbçidir, adı da Vüsaldır, dedi qurban demişəm, Vüsal sağ-salamat gəlsin. Sonra dayıları gəldi. Kiçik qardaşım dedi, bacı, fəxrimizdir, dedim nə olub ki? Gördü heç nə bilmirəm, dedi, gedirəm onu sənə gətirəm. Bu sözdən çox rahatladım, şəhid olması ağlıma belə gəlmirdi. Qısa vaxtda həyət insanla doldu. Bizim ev Şəhidlər xiyabanına yaxındır, o tərəfdən Vüsalın səsi gəlirdi. Mən "evimiz ordadır" - deyib ora qaçırmışam. Sonra evə çıxıb stol açmışam ki, Vüsal gəlir. Axşam saat 8-də Vüsalın şəhid olduğunu bildim. O anları yaşamağı heç bir anaya arzulamıram. Vüsalın boyu uzun idi, ona görə cənazəni evə gətirmədilər. Sumqayıt Corat məscidinə apardılar. Qardaşı Yusif Vüsalın şəhid xəbərini eşidəndə birinci bunu dedi ki, qardaşsiz qaldım. Yusif tək dayağın, arxa-köməyin itirdi. Mən də həyatda hər şeyi Vüsalın adıyla bağlamışdım.

Oktyabrın 31-də Vüsalı Sumqayıt Şəhər Şəhidlər xiyabanında böyük insan izdihamı ilə dəfn etdilər. O gün, o saat mənim həyatımın qaralan günü oldu. Vüsal kimi bir qəhrəmanın anası olmaq çox qürurvericidir. 21 yaşlı kəşfiyyat tağım komandiri olan Vüsalım əsgərlərinin xatirəsində qorxmaz, cəsur bir komandir kimi qalıb".

 

"Kaş, Ağdama qədər gedə biləydim..."

 

Vüsal Muradov əsgərlərinin, döyüş yoldaşlarının da yaddaşında cəsur döyüşçü, fədakar komandir kimi yaşayır. Əsgər Ülvi Mustafazadə ölməz komandirini belə xatırlayır:

"Vüsalın bizdə xatirəsi çoxdur. Tağımlar arasında həmişə seçilib. Hər zaman söhbət edər, dərdimizi bölüşərdik. Döyüşə girəndə igidcəsinə öndə gedirdi. Mənə deyirdi ki, döyüşə adam seçməli olsam, snayper birinci sən olacaqsan, sərrast və sərbəst atırsan. Deyirdi kaş ki, Ağdama qədər gedə biləydim, oranı görəydim

Rəhmətə gedəndə susuz olub, su içə bilməyib. Ən çox qardaşı Yusif və anası haqqında fikirləşərdi. Bizə deyirdi: "Sizə nəsə olsa, özümü bağışlaya bilmərəm, bir də heç kimin evinə gedib "oğlun şəhid oldu" deməyə gücüm çatmaz". Deyirdim, "Komandir, arxada gəl, hələ cavansan", deyirdi "Mən cavanam, sən isə evlisən, sən arxada gəl". Yoldaşlarla nə qədər edirdik ki, özünü qoru, deyirdi, mən sizə cavabdehəm, mən də qorxsam, deməli, komandir deyiləm.  Döyüşə girəndə xəstə idi. Qızdırmalı halda girdi döyüşə. Zəngilanın 7 kənd, 7 yüksəkliyinin azad edilməsində qəhrəmanlıq göstərdi. Arxaya baxanda güllə sol nahiyədən dəydi, amma çıxmadı, bədənində gəzdi. Əvvəl eşitdim ki, yaralıdır, su apardım ki, verim, içsin, amma gördüm yox, dünyasını dəyişib. Mən ora çatanda artıq yoldaşlar aşağı gətirirdi. Götürdüm çiynimə, bir qədər apardım, yuxarı çıxanda kömək gəldi. İnanın ki, o, şəhid olanda hər kəs ağlayırdı ki, komandir, indi biz sizin evə bu xəbəri necə verək?"

 

"Gülab ətirli Şəhidim..."

 

Kəmalə xanım deyir ki, Vüsalı həmişə yuxuda xoşbəxt görür:

"Hər dəfə deyir yerim rahatdır, məndən nigaran olmayın. Bir dəfə yuxuda dedim, oğlum, sənə kotlet gətirim, dedi qonaqlıqdayam.

Hər dəfə yuxuda onu görəndə həyatda olduğu kimi görürəm, mehriban, gözlərindən gülən. "Ay ma" çağırışı hələ də qulaqlarımdadır.

Qələbə günü dedim kaş, Vüsalım da bu günü görəydi. Onun Ağdamı görmək arzusu yerinə yetirdi.

Şəhid anası olmaq şərəflidir, amma bir o qədər də çətindir. Bu adı qorumaq, onu layiqincə yaşatmaq hər bir şəhid anasının borcudur. Çox istərdim ki, Vüsalımın adına məktəb, küçə verilsin. Onun yarım qalan arzularını adını daşıyan məktəbdə təhsil alan uşaqlar davam etdirsinlər.

Balam Ziyarətgah dağında şəhid olub. Əsgəri deyir ki, komandir şəhid olandan sonra bütün dağı gülab ətri bürüdü. Mən o ətri Vüsalımın cənazəsində də hiss elədim. Elə o vaxtdan Vüsalıma "gülab ətirli Şəhidim" deyirəm..."

 





18.05.2023    çap et  çap et