525.Az

"Rusiyadakı görüşdə qeyri-adi qərar qəbul olunacağını düşünmürəm"


 

POLİTOLOQ FİKRƏT SADIQOV: "RUSİYANIN NORMALLAŞMA PROSESİNƏ YANAŞMASI QƏRBDƏN FƏRQLİDİR"

"Rusiyadakı görüşdə qeyri-adi qərar qəbul olunacağını düşünmürəm"<b style="color:red"></b>

Bu gün Rusiyada Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək. Azərbaycanın xairic işlər naziri Ceyhun Bayramov bu məqsədlə Rusiyaya gedib. Bu, 14 may Brüssel formatında keçirilmiş yüksək səviyyəli görüşdən sonra XİN rəhbərlərinin iştirakı ilə növbəti müzakirələr olacaq.

Onu da qeyd edək ki, Brüssel görüşündən sonra Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammitində çıxışında Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını təsdiqləyib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin son bəyanatına toxunan Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır. Əslində bu məqam iki ölkə arasında normallaşma prosesinin irəliləməsində, sülh sazişinin yubanmadan imzalanmasında vacib rol oynayır. Digər tərəfdən, məlumdur ki, Moskva Qərb platformasına qarşıdır. Bunu nəzərə alsaq, prosesin nə dərəcədə irəliləyə biləcəyi, İrəvanın öz ənənəsinə "sadiq" qalaraq yeni təxribatlara əl atıb-atmayacağı qarşıdakı görüşlərin gedişində məlum olacaq. Onu da vurğulamaq lazımdır ki, artıq Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırb və onlar prosesi pozmağa yönəlik bəyanatlar verir. Qeyd edilən məqamlar normallaşma prosesinə necə təsir göstərəcək? Moskva görüşündən hansı gözləntilər var?

Politoloq Fikrət Sadıqov "525"ə şərhində deyib ki, Rusiyanın normallaşma prosesi ilə bağlı yanaşması birmənalı şəkildə Qərbin yanaşmasından fərqlidir: "Birincisi, Moskva Qərblə bu məsələnin müzakirəsini çox qıcıqla qəbul edir. Moskva hesab edir ki, prosesin sonu onun adı ilə bağlı olmalıdır. Qarabağda sülhməramlılar var, bununla belə, Qərb ölkələri Rusiyanı burdan kənarlaşdırmaq istəyirlər. Bu, əslində Moskvanın qəti mövqeyidir. Paralel olaraq biz görürük ki, Rusiyanın Ermənistanla bağlı da narazılığı var. Bu narazılıq həm Paşinyanın özünə, həm də onun hakimiyyətinə qarşıdır. Onların Rusiyaya qarşı münasibətini Moskvada mənfi qarşılayırlar. Açıq şəkildə İrəvanı tənqid edirlər. Təbii ki, belə bir şəraitdə Moskvada danışıqlar zamanı hansısa radikal dəyişiklik, müsbət nəticələr əldə etmək çox çətin olacaq. Digər tərəfdən, biz əslində müəyyən məsələrin həllinə nail olmuşuq. Əsas məqsədimiz nə idi? Ərazi bütövlüyümüzün tanınması. Ermənistan ərazi bütövlüyümüzü tanıdı. Paşinyan bunu açıq şəkildə dedi, Aİ Şurasının prezidenti Şarl Mişel də öz bəyanatında bunu təsdiq elədi. Bu o deməkdir ki, Qarabağ məsələsi Azərbaycanın tərkibindədir və rəsmi İrəvan bunu tanıyır. Bu, bizim uğurumuzdur və təzyiqimizin nəticəsidir. İndi Moskva buna etiraz edə bilməz. Etiraz etsə belə, nə əldə edəcək? İrəvan bunu etiraf edirsə, Moskva bu istiqamətdə heç bir addım ata bilməz. Ancaq müəyyən təxribatlar törədə bilərlər. Bəlkə də sülhməramlıların canlanmasına şərait yaratmağa çalışarlar. Üstəgəl, Laçın yolunda bizim sərhəd postumuz quraşdırıldı. Bu baxımdan Moskvada birmənalı şəkildə asılacağımız yoxdur. Çünki bu məsələlər bizim xeyrimizə həll olundu. Rusiyanın da iştirakı ilə imzalanmış üçtərəfli bəyanatda Qarabağdan qanunsuz erməni dəstələrinin çıxarılması əks olunub. Qanunsuz erməni dəstələrinin Azərbaycanın ərazisini tərk etməsinə heç kim etiraz edə bilməz".

Politoloq Moskva görüşü ilə bağlı o qədər də optimist olmadığını deyib: "Düşünmürəm ki, Moskvada hansısa qeyri-adi qərar qəbul olunsun, yaxud hansısa sazişə imza atılsın".

Normallaşma prosesi üzrə Qərb və Moskvanın ortaq nöqtələrinin ola bilməsinə gəlincə F.Sadıqov deyib ki, indi geosiyasi gərginlik baş verir, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, Rusiya təcriddədir: "Hazırda, Rusiya xüsusilə Qərb ölkələri tərəfindən çox tənqid atəşinə tutulub, eyni zamanda normal bir oyunçu kimi Qərb onu qəbul etmir. Mən düşünmürəm ki, ortaq nəsə bir qərar qəbul olunsun. Bizim konkret məqsədimiz vardı - Qarabağ Azərbaycanın tərkibində rəsmi şəkildə tanınsın. Buna nail olmuşuq. Etnik ermənilərlə reinteqrasiya məsələsini müzakirə edib həllinə nail olmağa gəlincə, orda dediyim kimi, nəzarət-buraxılış məntəqəsi yaratmışıq. Əlbəttə, bəlkə hansısa bir məqamlarla bağlı razılıq ola bilər. Amma radikal bir dəyişiklik gözləmirəm".

Politoloq bildirib ki, həqiqətən də Ermənistanda revanşist qüvvələr kifayət qədər aktivdirlər: "Ola bilsin ki, onlar çoxluq təşkil etmirlər. Məsələn, Qarabağ klanı, müxalifət qrupları, radikal qüvvələr və s. Onlar insanları küçələrə çıxara bilər. Amma o da bir reallıqdır ki, vaxtilə Paşinyan ikinci dəfə parlament seçkiləri keçirdi və səs çoxluğu ilə yenə qələbə qazandı. Yəni sağlam düşüncəli insanlar başa düşürlər ki, onlar nəyin uğrunda vuruşmalıdırlar. Öz övladlarını hansı məqsədlər uğrunda itirməlidirlər. Artıq belə bir yanaşma var. Düzdür, Paşinyana qarşı çıxış edən qüvvələr çox fəaldırlar, açıq deyək ki, onları xaricdən dəstəkləyən qüvvələr də var, amma indi rəsmi İrəvan başa düşməlidir ki, o, həm güclü Azərbaycanla üzləşib, həm də Azsərbaycan-Türkiyə tandemi var, bu da güclü bir amildir. Eyni zamanda, o da bir faktdır ki, artıq Qarabağ məsələsi gündəmdən çıxmalıdır. Onların Qarabağla bağlı müdaxiləsi tamamilə yersizdir. Nəyə nail olmaq istəyirlər? Tutaq ki, Paşinyanı hakimiyyətədən uzaqlaşdırdılar, sonra nə, gəlib yenə bizim torpaqlarmızı işğal edəcəklər? Bu, mümkün deyil axı. Biz artıq Qərblə Rusiya arasında balanslı siyasi addımlar atırıq. Mən düşünürəm ki, bu siyasi addımların nəticəsi müsbətdir. Çox çətinliklərlə olsa da, artıq məsələni həll etmək yolundayıq. Çünki biz əslində nə Qərblə, nə Rusiya ilə düşmənçilik edirik. Bu, bizim diplomatiyamızın üstünlüyüdür. Belə bir balanslı addımlarımız düşünürəm ki, bizə uğur gətirəcək. Eyni zamanda, maraqlarımıza cavab verən heç bir danışıqdan imtina etmirik. İstər Vaşinqton, istər Brüssel, istər Moskva olsun. Bizə nəticə lazımdır. Paşinyan o qədər ziddiyyətli bəyanatlar verib ki, bundan sonra nəsə bir bəyanatla çıxış etsə, mən təəcüblənməyəcəm. Görünür, bu, onun siyasi ənənəsinə çevrilib. Amma bu dəfə həm Mişel, həm Paşinyan Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədi. Ermənistanın özündə də bunu dəstəkləyən qüvvələr az deyil. Təbii ki, aparıcı qüvvələr də, Qərb ölkələri də bunu hər halda dəstəkləyirlər. Ona görə də hesab etmirəm ki, birdən-birə Paşinyan radikal şəkildə öz fikrini dəyişsin".

 

 





19.05.2023    çap et  çap et