525.Az

Naxçıvanda ilk kitab ziyafəti


 

Naxçıvanda ilk kitab ziyafəti<b style="color:red"></b>

Gözəl bir gün idi. Kitab adamlar və rəngarəng, müxtəlif mövzulu kitablar doğma Naxçıvanımıza qonaq gəlmişdi. Şəhər yuxudan oyanıb, canlanmışdı elə bil. Əlli iki ildir burda yaşayıram, belə kitab qələbəliynin, kitab sərgisinin ilk dəfədir şahidi və iştirakçısı olurdum. Ömrümün iyirmi üç ili kitabların arasında keçib. Kitabxanamda iyirmi beş minə yaxın kitablara sahiblik edib, oxucularımla bölüşmüşəm. Bu, başqa bir duyğudur.

Birinci Naxçıvan Kitab Sərgisi naxçıvanlılar üçün bir ilkdi, bir yenilikdi. Kitablar və kitab adamlar - bunların hər ikisini sevən kitabsevərlər bir məkanda birləşmişdi. "Naxçıvan Universieti"nin güllü-çiçəkli həyətində üstəgəl, kitab ətri duyulurdu. İnsanı düşündürən, keçmişə, bu günə, gələcəyə bağlayan sirli bir dünya...

Sərgidə həm müəllif kimi, həm kitab dəlisi olaraq tamaşaçı kimi yerim vardı. Kitablar stendlərə düzülərkən Naxçıvan səmasında şimşəklər oynadı, yağış səpələdi, yer-göy nurlandı, Şəmil Sadiq demişkən, "havada olan azaçıq tozu- torpağı yudu-arıtdı, gül-çiçəyi daha da gözəlləşdirdi". Ürəklərdə birlik, ümid vardı: "- Hər şey gözəl olacaq". Dəyərli yazarımız Varisin hədiyyə etdiyi, hələ ki, beş-on səhifəsini oxuduğum kitabın adını xatırladım: - "Sonda ümidlər ölür"...  Hər şeyin ən yaxşısını düşünərək yaşamalıyıq. Elə hər zaman...

Sərgidəki ilk işim yerlərini tutmuş iyirmi beş nəşriyyatın nümayəndələrinə xoş gəldin edib, uğur arzulamaq oldu. Ola bilər ki, bir-ikisi yaddan çıxsın. Onlarla həmsöhbət olarkən kitablara göz atırdım. Bəzi nəşriyyatların gözəl təbliğatı diqqətimi çəkdi. Kitablar haqqında alıcılara, maraqlanan hər kəsə ətraflı məlumat verilməsi çox xoşuma gəldi.

Mənim ürəyimi dünya boyda kitaba çevirən sərgidə hər yaşda insana rast gəlmək olardı. Yaşlı nəsil, müəllimlər, tələbələr-gənclər, məktəb şagirdləri, bağça uşaqları... Çünki burada kitabsevərlərin hər birinin zövqünü oxşayacaq ədəbiyyat nümunələri vardı.

Gələn qonaqlar arasında müxtəlif peşə, vəzifə sahibləri olsa da, onları Naxçıvana gəlişlərində bir məqsəd birləşdirirdi - Birinci Naxçıvan Kitab Sərgisi. Yazarlar - öz təmkini ilə seçilən Elçin Şıxlı, hər kəsə səmimiyətini, sadəliyini hədiyyə edən Rəşad Məcid, uşaqların sevimli şairi Zahid Xəlil, qırx ildən sonra doğma Naxçıvana ayaq basan Rüstəm Behrudi, adını eşidib, özünü görmədiyim, kitablarından tanıdığımız Elxan Elatlı, ilk kitabı on min tirajla çap olunan, gənclərin, həm də ürəyi gənc olanların sevimli yazarı Varis, görünüşü ilə türk gözəlini xatırladan, "Türk dünyasının ən yaxşı yazarı" mükafatına layiq görülən Şah Səlimi Türkay, adını çəkə bilmədiyim neçə-neçə söz xiridarları vardı bu kitab ziyafətində. Dəyərli alimimiz Qulu Məhərrəmli, elmin müxtəlif sahələrində tanınmış alim-filoloq, publisist-naşir, sərginin təşkilatçılarından biri Şəmil Sadiq, jurnalistlərin dostu Yunis Orucov, "insan öz düşüncələrinin nəticəsidir" deyən psixoloq Orxan Şahbaz, gözəl səsi ilə şeirlərə yeni nəfəs, ikinci həyat verən bədii qiraət ustası Xəzər Süleymanlı - hər kəs öz sahəsində mükəmməl idi. Biz ev sahibi olsaq da, sərgidə qonaq idik. Burada iştirak etmək hər bir yazarın haqqıdır. Məktəbli, gənc yazarlarımız - Sabrina Gültəkin, Əmir İmanov, "İnsansız küçələr"lə ətrafina onlarla oxucu yığan Leyla Səfərova, "Payızda gilənar dadı" damağından getməyən Elxan Yurdoğlu, bəyəndiyim ən gözəl uşaq şeirlərinin müəllifi Kamil Araz, sərgi adını eşidib, kitablarını götürüb gələn neçə-neçə həvəskar söz adamları, hər kəsi burada tapmaq olardı. Bir kəlmə sözü ilə insana motivasiya verən qocaman qələm adamları - Asim Yadigar, Hüseyn Əsgərov, Muxtar Məmmədov, özümüzə yaxın bildiyimiz, amma uzaqdan bizi seyr edib keçən, "xeyirli-uğurlu olsun" sözünü belə adama qıymayanlar da vardı bu kitab- könül sərgisində.

Keçirilən seminarlar, yaradıcı görüşlər, imza saatları, bir də hər anı yaddaşlara həkk edən çoxlu fotolar - hamısı bütün gözəlliklərin yaradıcısının ancaq insan olduğunu bir daha təsdiqlədi. Naxçıvanımızın gözəlliyinə gözəllik qatanlar, bir daha əmin oldular ki, bu yurdda Ustad Cavidin, Mirzə Cəlilin, Məmməd Arazın, Abbas Zamanovun, Yusif Məmmədəliyevin, neçə-neçə ziyalı aydınlarımızın nəfəsi, izi var. Bir də o izlərə sahib çıxacaq gəncliyimiz var.

Yazar Varisin seminarında iştirak etmək də çox xoş oldu mənim üçün. Onu Naxçıvan oxucusundan razı getdiyinə tam əminəm. "Mən inanmırdım ki, Naxçıvan oxucusu ədəbiyyatı, xüsusilə mənim əsərlərimi belə çox sevər" - deyən də, elə Varis oldu.

Həmkarlarımdan biri - Elnarə xanım yüz iyirmi manatlıq kitabı seçib evindəki xəzinənin üstünə əlavə eləmişdi. Aldığı kitablarla maraqlandım, Rövşən Abdullaoğlunun "Koramal", "Relslər üzərində uzanmış adam", Toedor Drayzerin "Dahi"si, Elxan Elatlının kitabları və s. və ilaxır. Doğrudan da kitab sevgisi başqadır.

İkigünlük sərgi başa çatanacan təbiət dondan-dona düşdü. Kitablardakı insan taleləri kimi gah güldü, gah ağladı, nur saçdı, qayğılandı, əsdi-coşdu, sonunda təslim oldu, sakitləşdi. Sanki, təbiət insanla ayrılmaz tellərlə bağlı, həm də insanın təbiətin bir parçası olduğunu bizə sübut etməyə çalışdı. İnsan da, təbiət də yaradıcıdır. Kimin nə yaratması önəmli deyil, necə yaratması önəmlidir. Yazıb- yaratdıqlarımız özümüzdən bir parçadır. Biz isə yaratdıqlarımızda yaşayırıq.

İnanıram ki, 13-14 may tarixində "Naxçıvan Universiteti"nə yolu düşənlər Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Birinci Naxçıvan Kitab Sərgisindən aldıqları təəssüratı uzun müddət unutmayacaqlar. "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi, "Hədəf Şirkətlər Qrupu" və sərgiyə ev sahibliyi edən "Naxçıvan Universiteti", - bu möhtəşəm təşəbbüs və təşkilatçılığınız üçün kitabsevərlər sizə minnətdardır. Naxçıvanda, növbəti sərgilərdə görüşənədək, əziz oxucum.

Naxçıvanın təmizliyinə, gözəlliyinə, addımbaşı insana ruh verən gül-çiçəyinə vurulanlar üçün bu şeir də məndən hədiyyə olsun.

 

YENƏ GÜLLƏR AÇIB BİZİM ŞƏHƏRDƏ

 

Ürəyim açıldı, gözlərim güldü,

Qondu ağ vərəğə, sözlərim güldü,

Güldü, bu misralar, vallahi, güldü,

Yenə güllər açıb bizim şəhərdə...

 

Butalı, naxışlı xalıdı yerdə,

Ağı, sarısıdı, alıdı yerdə,

Arının yeməyə balıdı yerdə,

Yenə güllər açıb bizim şəhərdə...

 

Sanki yağıb göydən çiçək yağışı,

Bağrına basıbdı çiçək yağışı,

İçək qönçə-qönçə, içək yağışı,

Yenə güllər açıb bizim şəhərdə...

 

Hər rəngdə naxışlar salıb yol üstə,

Qonur kəpənəklər güldə xal üstə,

Bir nəğmə oxuyur dilim val üstə,

Yenə güllər açıb bizim şəhərdə...

 

Yağan yağış donub ləçəklərində,

Günəş gülür yaşıl birçəklərində,

Rəqs edir damlalar çiçəklərimdə,

Yenə güllər açıb bizim şəhərdə...

 

Əyildim bir çiçək alım, gətirim,

Otaqda güldana salsın çətirin,

Küsər, incik düşər onda ətiri...

Yenə güllər açıb bizim şəhərdə...

 

Yox, yox, qıymamışam onu üzməyə,

Çələng tək telimə alıb düzməyə,

Göz gərək, ürəkdən baxıb süzməyə,

Yenə güllər açıb bizim şəhərdə...

 

Qonaqlarım söz sərgisi açıblar,

Vərəq-vərəq, sətir-sətir uçublar,

Kitablar gül olub, işıq saçıblar,

Yenə güllər açıb bizim şəhərdə.

 

Hələ təzə açır düymə-bütası,

Qəlbim gözəllikdə itib-batası,

Hər gün sığal çəkir bağban atası,

Yenə güllər açıb bizim şəhərdə...

 

Təranə yazdıqca, səksəndi güllər,

Dedi, gəl, torpağa ək, sən də güllər.

Gözəl Naxçıvanım, tək səndə güllər,

Yenə güllər açıb bizim şəhərdə...

 





19.05.2023    çap et  çap et