525.Az

Türkiyədə seçkilər - Orxan Aras yazır


 

Türkiyədə seçkilər - <b style="color:red"> Orxan Aras yazır</b>

Mayın 14-də Türkiyədə keçirilən parlament və prezident seçkiləri təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada, xüsusilə də Avropada böyük müzakirələrə səbəb oldu. Avropa mediası Türkiyənin sosial xüsusiyyətlərini, demokratiyanın tarixini və inkişafını anlamadığı üçün çox yanlış və qərəzli nəticələrə gəldi. Amma görünür, prezident Tayyib Ərdoğanın seçkilərdə ilk turda qalib gələ bilməməsi bəzi avropalı şərhçiləri təəccübləndirib. Çünki onların fikrincə, Türkiyədə seçkilər davamlı olaraq saxtalaşdırılır və seçkilər şou üçün keçirilir.

Türkiyədə keçirilən seçkilər ən çox Azərbaycanda həyəcan və diqqətlə izlənilib. Sosial şəbəkələrdən və qəzetlərdən izlədiyimə görə, əksəriyyət Tayyib Ərdoğanın seçilməsinin tərəfdarı idi. Çünki Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsində Azərbaycan üçün əlindən gələni etdi və bu, onun xalq arasında populyarlığının, sevgisinin artmasına səbəb oldu. Hətta bəzi şərhçilər ona qarşı çıxan siyasətçiləri və partiyaları Amerikanın adamları, terrorçular və satqınlar kimi qələmə verdilər. Ancaq 1876-cı ildə Osmanlı İmperiyasında başlayan seçkilərdən sonra türklər həmişə iki qrupda səs veriblər. İlk seçkidən 147 il keçməsinə baxmayaraq, çox fərqli etnik mənsubiyyətə, həyat şəraitinə və dünyagörüşünə malik türklər seçkidə təbii ki, fərqli partiyalara, insanlara səs verəcəklər.

Bu gün Türkiyədə bəzilərinin düşündüyü kimi müxalifətin bir məsələ ətrafında birləşmək xüsusiyyəti yoxdur. Müxalifətin içində terrorçu qruplarla əlaqəsi olan insanlar olsa da, daha çox demokratiya və ya dəyişiklik istəyən başqa qruplar da var. Məsələn, Meral Akşener, Sinan Oğan kimi siyasətçilər Ərdoğan və Baxçalı kimi düşünürlər, Onların, Türkiyənin hərbi sahədə inkişafının tərəfdarı olmaq, türk cümhuriyyətləri ilə daha sıx əlaqələr qurmaqla yanaşı, çox fərqli istəkləri də var. Bəzi tədqiqatçılara görə, Türkiyədə 13 milyona yaxın suriyalı, əfqan və afrikalı var. Türkiyədə səs verən və özünü kamalist və ya millətçi kimi tanıdan bəzi kütlələr və ya siyasətçilər bu 13 milyon əcnəbinin dərhal ölkədən qovulmasını istəyirlər. Onların fikrincə, inanclarına, adət-ənənələrinə möhkəm bağlı olan bu əcnəbilər türklərdən daha sürətlə çoxalır və yaxın gələcəkdə Türkiyə üçün böyük təhlükə yaradırlar. Bu vəziyyətə görə prezident Ərdoğanın siyasətini məsuliyyətli hesab edirlər. Onların iddialarına görə, Ərdoğan bu münasibətlə milli siyasət yerinə ümmət siyasəti yürüdür.

Ərdoğanın əleyhinə olan digər qrup isə Türkiyədə demokratik quruluşun korlandığını, parlamentin arxa plana keçdiyini güman edərək ona qarşı çıxırlar. Onların fikrincə, 2018-ci ildə referendumla qəbul edilən Prezident üsul-idarəsinin "tək adam" rejiminin olmaması üçün müxtəlif qanunların qəbul ediləcəyi iddia edilib və bu qanunlar bu günə kimi qüvvəyə minməyib. Müxaliflər iddia edirlər ki, hər məsələ ilə bağlı prezidentə müraciət etmək, onun xəbəri və icazəsi olmadan nazirliklərin və digər qurumların heç bir iş görməməsi sistemi bloklayır.

Türkiyədə özünü kamalist və dünyəvi olaraq təyin edən müxalifət isə ölkədə dini qrupların çoxalmasından, siyasətin artıq məscidlərdə aparılmasından və Türkiyədəki sistemin tezliklə dini sistemə çevriləcəyindən qorxur. Xüsusən də Türkiyədə din xadimlərinin siyasətə fətva verməsi, kim səhv səs verirsə, günahkar sayılacağı, başısarıqlı və saqqallı dindarların hər gün sosial şəbəkələrdə qadınların azadlığına qarşı fikir bildirmələri bu təbəqəni narazı salır.

Müxalifətin digər bir hissəsi isə son vaxtlar çətin günlər keçirən Türkiyə iqtisadiyyatı və yaşayış bahalığına görə Ərdoğanı günahlandırır.

Türkiyəyə xaricdən deyil, içəridən baxdığımızda hər iki tərəf üçün ümumiləşdirməyin nə qədər aldadıcı olduğu görünür. 86 milyon əhalisi olan Türkiyədə çox fərqli fikirlərlə yola çıxan siyasətçilər, seçicilər və idarəçilər var. Ərdoğan və Baxçalıya səs verməyənləri ittiham etmək, onların fikirlərini yalnız PKK, Soros və ya Avropa tərəfdarları kimi görmək və qiymətləndirmək yanlışdır. Həm də heç vaxt unutmaq olmaz ki, insanlar, liderlər, siyasətlər gəlib gedir. Hamı getsə də, dəyişsə də, Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun əbədi qalması iki ölkə üçün həyati bir məsələdir. Seçkilərə emosional nöqteyi-nəzərdən baxmaqdansa, ən yaxşısı hadisələri Türkiyənin real vəziyyəti ilə qiymətləndirmək və qərəzsiz olaraq sistemə qarşı çıxanları anlamağa çalışmaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 





19.05.2023    çap et  çap et