525.Az

Ədəbiyyat Muzeyinin Aran filialında “Açıq qapı” günü


 

Ədəbiyyat Muzeyinin Aran filialında “Açıq qapı” günü<b style="color:red"></b>

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

525.az xəbər verir ki, Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən, muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir.

Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı ənənəvi olaraq “Açıq qapı” günü təşkil etmişdir.

“Açıq qapı” günündə şəhid ailələri, hərbiçilər, rayon sakinləri, şəhərin qonaqları, rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çox sayda ziyarətçilər muzeyin qonağı oldular və zəngin ekspozisiya ilə ödənişsiz tanış oldular.

Bu il Muzeylər Günü “Heydər Əliyev ili”nə təsadüf edir və bu baxımdan muzeydə yaradılan Heydər Əliyev guşəsində ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz,  dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, proqram xarakterli çıxışları barədə muzey əməkdaşları və monitor vasitəsi ilə geniş məlumat verildi. Ulu öndər H.Ə. Əliyevin açdığı böyük və müqəddəs yol, dövlətimizin humanitar siyasəti ilə əlaqədar onun tərəfindən irəli sürülən konseptual tövsiyələr, "xalqımızın milli-mənəvi mədəniyyətindən böyük sərvəti yoxdur" kəlamı, dövlət və türk xalqları səviyyəsində milli mədəniyyətlə bağlı tədbirlərə önəm verməsi, Azərbaycan xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərləri, tarixi abidələri, zəngin mədəniyyəti ilə də dünyanın marağına səbəb olması barədə göstərilən videoçarx izləyicilərin diqqətini cəlb etdi.

Muzeyi ziyarət edən qonaqlar, ziyarətçilər Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirdilər.

Muzeyin əməkdaları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişlər.

Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompazisiyalar ziyarətçilərin alqışına  səbəb oldu.

 





19.05.2023    çap et  çap et