525.Az

Elçinin əsərlərinin ekran təcəssümü


 

Elçinin əsərlərinin ekran təcəssümü<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

Xalq yazıçısı Elçin bəzi əsərlərində keçmişə, xatirəyə, ümumən yaddaşa qayıdışdan mənəvi-əxlaqi təmizlənmə üsulu kimi istifadə edir. Qəhrəmanın dərin psixoloji aləminə nüfuz etmək onun həm nəsrinə, həm də kino yaradıcılığına aid olan ən əlamətdar xüsusiyyətlərdən biridir. "Aman ovçu, vurma məni..." kinopovestində (bu ssenari İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında yazılıb) Böyük bəylə Şahnaz arasındakı dialoqda Şahnazın daxili aləmi bir daha üzə çıxır. "Gözlə məni" adı ilə ekranlara çıxan filmdə (rejissor Kamil Rüstəmbəyov) hadisələr gərgin dramaturji xətt boyunca inkişaf edir.

"Ox kimi bıçaq" kinopovestində isə mühüm işlər müstəntiqi, ədliyyə müşaviri Gündüz Kərimbəylinin yeni iş yerinə gəlməsi, ağır bir cinayət hadisəsinin izinə düşməsi, nəhayət cinayətkarın tutulması və həbs edilməsi təsvir olunur. Rejissor Arif Babayevin həmin kinopovestin əsasında çəkdiyi "Arxadan vurulan zərbə" filmində qocaman çekist Qəmərlinin kürəyindən vurulan bıçaq zərbəsilə öldürülməsi filmin əsas süjet xəttini təşkil edir. Uzun axtarışlardan sonra məlum olur ki, bu cinayəti törədən şəxs müharibə illərində insanlara zülm verən, neçə-neçə günahsız adamların qanına bais olan, indi isə başqa adla rayonda yaşayan və öz əməllərini davam etdirən "Qurd Cəbrayıl"dır. O, elə maskalanıb ki, Gündüz Kərimbəyli kimi təcrübəli milis işçisi bu cinayətkarın üzə çıxarılmasında çətinlik çəkir.

Filmin qəhrəmanı qocaman çekist Qəmərlinin kürəyinə vurulan bıçaq zərbəsindən ölməsi filmin dramaturji xəttini gərginləşdirir. Qəmərli rayonda müəllim işləyən qardaşı oğlunun yanına gəldikdən sonra yolda kürəyindən ağır bıçaq zərbəsi alır. Bu zərbəni kim vurub? Hansı səbəbə görə vurub? Filmdə məhz bu suallara cavab axtarılır. Əslində bu bıçaq zərbəsinin tarixi vardır. Gündüz Kərimbəylini də birinci növbədə bu tarix maraqlandırır. Bir vaxtlar quldurbaşılıq edən, insanlara qan udduran, qaçaq dəstələri təşkil edib yeni qurulmuş hökumətə qarşı çıxan bu cinayətkar indi rayonun qonaq evində gözətçi işləyən Fəttahdır. Aktyor Yusif Vəliyev Fəttahın xarakterindəki bütün təzadları məharətlə açıb göstərir. O, Gündüzü (Şahmar Ələkbərov) olduqca mehribanlıqla qarşılayır. Onun qayğısını çəkir, xəstələnəndə qulluğunda durur və onunla səmimi rəftar edir. Bütün bunları aktyor Yusif Vəliyev yüksək sənətkarlıqla tamaşaçıya çatdırır. Əli neçə-neçə günahsız insanın qanına batmış Fəttah əslində cildə girmiş quldurdur. Filmin sonunda Fəttah ifşa olunarkən onun əsl siması - canavar təbiəti üzə çıxır. Y.Vəliyev obrazın yırtıcı təbiətini incə ştrixlərlə, mənalı detallar və mimikalarla tamaşaçıya çatdırır. Aktyor Şahmar Ələkbərov obraza xas olan qətiyyəti, mərdliyi və mübarizliyi özünəməxsus sənətkarlıqla, səbrli və düşünülmüş hərəkətləri ilə nümayiş etdirməyə nail olub. Filmdə konflikt əsasən daxili hisslərin ziddiyyəti fonunda təzahür edir. Daxili monoloqlar, kəskin psixoloji dialoqlar psixoloji əksetdirmə kimi ayrı-ayrı obrazların daxilindəki hiss və duyğuların açılmasına və ekran təcəssümünə bir vasitə olur. Rejissor A.Babayev macəra-detektiv janrında çəkdiyi bu filmdə insan xarakterini əsas götürərək filmin ideyasını, konflikti yaradan səbəbləri bəzək-düzəksiz, qəhrəmanın mübarizəsi fonunda ekranda göstərməyə müvəffəq olub. Filmlə bağlı rejissor yazırdı: "Arxadan vurulan zərbə" filmi mənim üçün rejissor düşüncələrimin və bizim müasirlərimizin problemləri, onun həyatı, cəmiyyətə münasibəti ilə bağlı axtarışlarımın davamı oldu. Mən birinci tammetrajlı bədii filmdən başlayaraq həmişə bir mövzunu - insanın həyatda öz yerini axtarıb tapması mövzusunu inkişaf etdirmək istəmişəm".

Rejissor Şahmar Ələkbərovun Elçinin "Toyuğun diri qalması" povesti əsasında çəkdiyi "Sahilsiz gecə" filmində bütün hadisələr Abşeron kəndlərinin birində cərəyan edir. Filmdə əsasən mənəvi-əxlaqi problemlər qaldırılır. Filmdən əxz etdiyimiz nəticə isə budur: insan halal zəhmətinə tapınmalıdır, öz nəfsinin quluna çevrilməməlidir, yüksək əxlaqi keyfiyyətləri ilə millətinin mənəvi dünyasında iştirak etməli, tüfeyliliyə, namussuzluğa və şərəfsizliyə qarşı barışmaz mübarizə aparmalıdır. Çağımızda bu film öz aktuallığını saxlamaqla tamaşaçıları mənəvi paklığa, yüksək əxlaqi tarazlığa və hər cür mənfi təzahürlərə qarşı mübarizəyə səsləyir.

Öncə qeyd etdiyimiz kimi, "Gözlə məni" filmi görkəmli dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında Elçinin "Aman ovçu vurma məni" kinopovestinin fonunda çəkilmişdir. Rejissorla ssenariçinin birgə yaradıcılıq axtarışlarının bəhrəsidir ki, burada təsvir edilən dövr tarixi dəqiqliklə canlandırılmış və göstərilmişdir. Maraqlı və təsirli tarixi hadisələr üzərində qurulmuş kəskin sujetli bu film geniş tamaşaçı marağına səbəb oldu və uzun müddət ekrandan düşmədi. "Gözlə məni" filmində müəlliflər tarixi mövzunun əsas məqamlarını sənətkarlıqla ekranda canlandıra bilmişlər. Bu filmi həyatımızın indiki mərhələsi ilə bağlayan nədir? Tarixiliyin müasirliklə əlaqəsi nə dərəcədə təmin olunub? Film tarixi mövzuda olsa da, onu müasir həyatımızın bütün ağrılarını özündə əks etdirən yüksək mündəricəli əsər adlandırmaq olar. Film bizi həm tarixi unutqanlığımızdan, həm də müasir səhvlərimizdən ibrət dərsi almağa çağırır. Yüksək vətənpərvərlik və mənəvi-əxlaqi keyfiyyətlər əxz edən bu film çağımızda bu gün də öz aktuallığını saxlayır.

Rejissor Vaqif Mustafayevin Elçinin ssenarisi əsasında yaratdığı "Milli bomba" filmi 2004-cü ildə XXVI Beynəlxalq Moskva kinofestivalında uğurla nümayiş etdirilib. Elə həmin il bu film Rusiyanın Smolensk şəhərində keçirilən birinci "Yeni kino XXI əsr" Beynəlxalq kinofestivalında "Qran-pri" mükafatına layiq görülüb. 2007-ci il fevral ayının 8-də isə "Azərbaycan" kinoteatrında Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə layihəsi olan "Milli bomba" filminin təqdimat mərasimi keçirilib.

"Hökmdarın taleyi" filmi də Azərbaycan kinematoqrafiyasının uğurlu ekran əsərlərindəndir. Ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində "Hökmdar və qızı" tamaşasına baxdıqdan sonra Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesinin ekranlaşdırılmasını məsləhət bilmişdi. "Hökmdarın taleyi" bədii filminin (quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşat Fəthullin) ilk nümayişi də məhz Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş, 2008-ci il mayın 12-də göstərilmişdi.

Elçinin əsərləri televiziya rejissorlarının da diqqət mərkəzində olub və onun əsərləri əsasında bir neçə televiziya tamaşası hazırlanıb. Rejissor Məhərrəm Bədirzadə Elçinin "Mən sənin dayınam" əsəri əsasında ədəbi materialın məzmun və ideyasının bədii özəlliklərini özündə əks etdirən baxımlı və yaddaqalan televiziya tamaşası hazırlayıb. Müəlliflər son illərdə həyatımızda baş verən hadisələri bir teatr məkanında təsvir edərək demokratiya pərdəsi altında anarxiya yaradan insanların gülüş hədəfinə düşən tipikləşdirilmiş surətlərini yaratmışlar.

Yazıçının "Qırmızı ayı balası" hekayəsi əsasında rejissor Eyvaz Vəliyevin hazırladığı tamaşada isə hadisələr mühəndis C.Səlimovun ailə dramı üzərində cərəyan edir. Dərin sarsıntılar keçirən "otaqların canına hopmuş ölü sükut"un içində yalnız özü ilə həsb-hal edən C.Səlimovun bu evdə "ünsiyyət" bağladığı "yeganə həmdəm" ancaq qırmızı ayı balasıdır. Bu hədiyyəni qızı Leylanın dörd yaşı tamam olanda ana babası (anası Şəfiqənin atası) Mədəd kişi almışdı. Və bu qırmızı ayı balası Leylanın ilk dostu olmuşdu.

Yazıçısının yaradıcılığında onun Qarabağa və Şuşaya həsr etdiyi əsərləri də xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər onun də qəlbini riqqətə gətirir. Yazıçı bu münasibətlə yazır: "Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu, mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili siyasi standartlar idarə edir və İlham Əliyev həm Prezident,  həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu..."

İndiyədək ömrünün altmış beş ilini ədəbiyyatımızın, mədəniyyətimizin və elmimizin inkişafına həsr etmiş dünya şöhrətli yazıçı Elçinin milli azadlığımız və müstəqilliyimiz uğrundakı miqyaslı fəaliyyəti, yüksək ziyalılığı mənəvi zənginliyi, obyektivliyi, xeyirxahlığı, təəssübkeşliyi, ictimai xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti qazandırıb. O, böyük sənətkar, böyük şəxsiyyətdir. Milli gerçəklikləri və dünyəvi dəyərləri əks etdirən əsərləri görkəmli qələm sahibini dünya meridianlarında tanıdıb. Fəxr edirik ki, Türk dünyasının böyük sənətkarı, Xalq yazıçısı Elçin bu gün dünya ədəbi fikrinin ən görkəmli təmsilçiləri ilə bir sırada dayanır.

Bu günlərdə - mayın 13-də görkəmli sənətkarın 80 yaşı tamam oldu. "Daxilində heç vaxt öz yaşı ilə barışmayan və barışmaq fikri olmayan" istəkli Elçin müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

 

 





19.05.2023    çap et  çap et