525.Az

Hər gözdən bir elin həsrəti daşar - Sabir Rüstəmxanlıdan poetik nümunələr


 

Hər gözdən bir elin həsrəti daşar - <b style="color:red"> Sabir Rüstəmxanlıdan poetik nümunələr</b>

BAŞ-BAŞA

 

Bir otel köşəsi, bir qürbət diyar...

Hər gözdən bir elin həsrəti daşar.

Gülsün, ya ağlasın bilməyən ərlər

Körpə uşaqlartək verib baş-başa.

Min ağrı, min acı, min dərd baş-başa,

Ərdəbil, Borçalı, Dərbənd baş-başa!

Hanı yaylaları, hanı dağları,

Hanı tarixinin bahar çağları,

Ağlayan, sızlayan gur ocaqları?

Qazansız, kösövsüz daşlar baş-başa,

Qılınclar, dəryazlar, xışlar baş-başa!

Min ildir tarixin sınağındayıq,

Min ildir dünyanın qınağındayıq,

Düşmən quyusunun qırağındayıq,

Sürgünlər, karvanlar, köçlər baş-başa,

Ağrılar, ümidlər, suçlar baş-başa!...

Bakı danışanda Təbriz ağlayır,

Arazda qırılan hər iz ağlayır.

Çaylar quruduqca dəniz ağlayır -

Sahillər, körpülər, yollar baş-başa,

Birkən bir olmayan ellər baş-başa

 

MƏNİ VAXT ƏYMƏZDİ

 

Məni vaxt əyməzdi, dərd əydi məni.

Gəncliyim bu halda görəydi məni.

Görəydi obamdan püskürən qanın

Buzlu ürəklərdə sönən çağını.

Qranit çeynəyən dağ çaylarının

Düzəngah mehrinə aldanmağını.

Zəhərli əllərdə tər güllər gəzər,

Söz dedik, Bakının küləyi aldı.

Eləcə bir yerdə dəyər-dəyməzə

Ruhumu ruhsuzlar kələyi aldı.

Atıldı ilhamım söz savaşına,

Bir tərəfdə barış, bir tərəfdə qan.

Yoldaşlar yorğanı çəkdi başına

Mən qanlı səngərlər dolaşan zaman.

Bizim düşüncəmiz təbiət kimi -

Hər şeyi adıyla söyləyəcəksən.

Sən bir kənd uşağı, sadə, səmimi

Hiylə dünyasında neyləyəcəksən?

Kimin xəbəri var evsiz qalanda

Sübhədək küçələr dolaşmağından?

Arzular, gümanlar başsız qalanda,

Yeni ümidlərə yol açmağından.

Bir kövrək nəğmədi, bir zəif işıq,

Hörümçək torundan nazik bir cığır,

Sən düzlük yolunu tutub gedirsən,

Başına iftira daşları yağır.

Söz desəm ağzımdan qapanlar saysız,

Yol açsam, önümdə yüyürəcəklər.

Yansan su verməyə biri tapılmaz,

Dikəlsən çevrəni bürüyəcəklər.

Şirlərin nəslini kəsirlər daha,

Tülkülər dolaşır şir geyimində.

İynələr özünü tirə bənzədir,

Əsirlər əl çalır hür geyimində.

Sanma dəyişəcək yüzü "bəy" deyə,

Deyən yox, ay bala, kökünü göstər.

Biri paraşütlə enib zirvəyə

Sənə dağ aşmağı öyrətmək istər!

Çəpgözü çəksələr məclis başına

Bülbüllə sərçəni ayıra bilməz;

Yurdun nemətini talayar, ancaq

Bir yetim qarnını doyura bilməz.

 

AZADLIQ DEDİM

 

Meydan - şərəf, ləyaqət, yüz illərin həsrəti,

Qaranlıq zindanlardan baş qaldırmaq cürəti,

Əzilmiş bir millətin dirilən cəsarəti,

Yüz illərlə boğulan sözə azadlıq dedim,

Bu dağa, bu dənizə, düzə azadlıq dedim!

Yatanları səsimiz oyatdı yuxusundan,

Ayırdı ayrılara əyilmək duyğusundan,

Sıyrıldı sürgünlərin, ölümün qorxusundan,

Kişiliyə, mərdliyə, gücə azadlıq dedim,

Düşmənlərdən alınan öcə azadlıq dedim!

Qəddin düzəlsin, Vətən, başını qaldır, ana!

Daha əsir olmarıq hər çovğuna, tufana,

Qanadlandı səsimiz Şahdağdan Savalana,

Parçalanmış Vətənə, yurda azadlıq dedim,

Məkri, şəri uladan Qurda azadlıq dedim!

Qayıtsın Dünya boyu yürüyən çağlarımız,

Elə şöhrət gətirən şanlı soraqlarımız,

Sovrulsun tarix külü, yansın ocaqlarımız,

Bu dənizə, bu gölə, çaya azadlıq dedim,

Bayrağımda nur saçan Aya azadlıq dedim!

Yenə bahar nəfəsi can versin torpağıma,

Yüz ildə bir son verim, fəryadıma, ahıma,

Soyum, yolum, inancım qayıtsın bu çağıma,

Güneydə əsir olan elə azadlıq dedim,

Göyçəyə, Zəngəzura, Milə Azadlıq dedim!

Təbriz, Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan,

Gözlərdə eyni arzu, damarlarda eyni qan,

Od alsın Bakımızın sönməz alovlarından,

Hər şəhərə, hər kəndə, köyə Azadlıq dedim,

Tanrı deyib sevdiyim Göyə Azadlıq dedim!

 

NİYƏ DARIXIRAM

 

Niyə darıxıram səninçin, Bakı?

Beş-on gün qürbətdə qala bilmirəm.

Səndən uzaqlarda sözümə meydan,

Gözümə rahatlıq bula bilmirəm.

Mənim də qismətim Qobustandaymış,

Havası tozludur, çölləri quru.

Baxır qayaların boz sifətindən

Dərdli millətimin susqun qüruru.

Duruldur fikrimi tutqun göylərin,

Çəkir ayağımı sahil yolları,

Çəkir Qanlı göldə dost məzarına

Çəkir şəhidlərin qəbrinə sarı.

Üzümə xoş baxdın, ya heç baxmadın,

Sənə heyranlıqla baxıram, Bakı.

Üzü dənizədir bütün çayların

Mən də sənə sarı axıram, Bakı.

Adımı silməyə qələmlər hazır,

Tişə itilənir baş daşlarına.

Mən sənə, düşmənlə savaşaq, dedim

Sən çəkdin öz kürsü savaşlarına...

Quldur quyuların yarası dərin

Sordu sərvətimi neçənci qatdan.

Yaxamda daşlaşdı dəmir əllərin,

Sevgimi sınadın ayağın altda.

Yenə də gurlayır qəzəbli Xəzər,

Oxuyur üsyankar nəğmələrini.

Bütün zəhərini ona töksən də,

Yenə sərvətiylə yemləyir səni.

Onu da almısan daş məngənəyə,

Bir gün şahə qalxıb səbrini aşar.

Ruhunu boğsan da, neçə şairin

Adın şairlərin sözündə yaşar.

Hələ yarımçıqdır Abşeron dərsi,

Çoxdan çıxmadığım bürclərim qalır.

Bəlkə bir kimsəsiz gözləyir məni,

Bəlkə qaytarmağa borclarım qalır...

Niyə darıxıram səninçin, Bakı?

 

ALLAH YOL VERMƏDİ

 

Ayrılıq sonsuzdur, sevgisə bir an,

Görüşdük, ayrılıb getməli idik,

Tapıb itirməyə öyrəşib insan

Biz də o arada itməli idik.

Min-min çiçək gördüm adı bilinməz,

Qoparıb, qoxulayıb atdığım saysız.

Yan keçmək olarmı gözəlliklərdən -

Günahdı! Günaha batdığım saysız.

Dənizlər qoynunu açdı min kərə,

Dağlar zirvəsinə qaldırdı, yetər.

Nə dəniz qurudu, nə dağ kiçildi,

Nə də ki, qeyb oldu könlümdəkilər.

Bir səs titrəyişi, bir gül baxışı...

Yolçuydum, yolundan keçib gedirdim.

Qurumuş səhrama sən yaz yağışı -

Suyundan bir qurtum içib gedirdim.

Bəs niyə üfüqlər qapandı birdən

Bəs niyə ayağım daş oldu qaldım?

Gördüm ki, sən adi adam deyilsən,

Mən də sən dəliyə qoşulub qaldım.

Cümlə günahıma Tanrımdı pərdə

Sonuncu tövbəmdi könlümün səsi.

İnsanlar ruhunu itirən yerdə

Sevgini duyacaq qanun nə gəzir?!

Təkcə sən bilirdin bu möcüzəni

O da ki, sirrindən qorxan, darıxan...

Qanadı göylərə uçuran yerdə

Köhnə qəfəsinə həsrətlə baxan!

Bəlkə də beləymiş alın yazımız,

Bəlkə o yazı da pozulub daha.

Neçə yol "ayrılaq!" desək də ancaq

Allah yol vermədi bu ayrılığa.

 

ƏLİNİ ALNIMA QOY

 

Əlini alnıma qoy, başımda bir ağrı var,

Beynimdə qarışıbdır bütün dərdlər, ağrılar.

Çiynimdə gəzdirdiyim balaca yer kürəsi

Tarixlərin yaddaşı, yurdun yol xəritəsi.

Yüz-yüz acısı yatır keçən qanlı illərin,

Damarımı qurudur səhralaşan çöllərim.

Sıxır fikirlərimi quru çay yataqları,

Bazara qurban gedən bar-bəhrəli bağlarım.

Qışın buz küləkləri mənim içimdə əsir,

Sızıldayır ürəyim şəhid anasıyla bir.

Xəstə övladlarına dərmanı da dərd edən

Ehtiyac məngənəsi - mərdləri namərd edən.

Bir tərəfdə əl açan, bir tərəfdə əl kəsən,

Sən ey divanə aşiq, hələ də haqq gəzirsən.

Nə dərdinə ortaq var, nə sözünü anlayan,

Düşüncəndə ocaq çat, özün alış, özün yan...

Əlini alnıma qoy, oxu tale yazanı,

Vaxtın son vərəqinə atarsan öz imzanı.

Qəhrimi çəkən əllər yenə də duyar məni

Alnımdan sürüşərək qapadar son pərdəni...

 

YALQIZ ADAM

 

Hava dumanlıdır, fikrim dumanlı,

Günün duman didən dişimi yoxdur?!

Bunca əl açanı varkən Allahın

Məndən başqasıynan işimi yoxdur?!

Əl-əldən ayrılır, ürək-ürəkdən,

Göz ağızda donur, baxışlar gözdə.

Çaylar geri axır - öz mənbəyinə!

Sular küsüb gedir dənizimizdən...

Bu boyda şəhərdə nə üzü gülən,

Nə kəlmə kəsən var, nə söz eşidən,

Ya mən vəhşilərin arasındayam,

Ya qaçıb gediblər məntək vəhşidən!

Dərdlərim püskürüb, kül çıxır dizə,

Yanıb vulkan kimi sönübdü dünya.

Yaşaya-yaşaya ölən mənəmsə,

Niyə yasxanaya dönübdü dünya.

Yaza yaz deyilməz otu bitməsə,

Boş ümid, boş ürək, yanğı, susuzluq...

Mən hara gedirəm azğın yollarda,

Mənzili yoxdursa, yol da yolsuzluq...

Bir artıq adamam bu yer üzündə,

Bakı qumlarında izim də artıq.

Bircə anlayanım vardı dünyada

Onu itirdimsə, sözüm də artıq...

Kimsənin yadına düşmək istəməm,

Kimsəsiz adadır hər yalqız adam

Daha bu dünyada nə işin Sənin?!

Əlvida, Şairim, artıq Əlvida!

 

MƏNİM DEYİLSƏ

 

Saçım əllərinçün sızladığı an

Şübhələr cücərdi gözümdə dən-dən.

Və ya telefonlar susduğu zaman

Birdən anladım ki, mənim deyilsən!

Necə ki, nəğmələr dodağın deyil,

Necə ki, yarpaqlar budağın deyil...

Ağaclar meşənin, otlar çəmənin,

Yaş gözün, sular da bulağın deyil!...

Necə ki, qar dağın, günəş səmanın

Ay-ulduz gecənin, qürub axşamın,

Qartal qayaların, pərvanə şamın,

Sahillər dənizin, qanadlar quşun,

Ayaqlar yolların, yollar yoxuşun,

Ovxarlı qılınclar əlin deyildir...

Anladım... Anladım... Mənim deyilsən.

Dilimdən ayrılan sözlərim kimi,

Cığırlar ağardan izlərim kimi,

Doğulan səhərim, axşamım kimi,

Kitabım, qələmim, ilhamım kimi,

Çılğın ruhum kimi, sorağım kimi,

Qəbrimin üstündə torpağım kimi!...

Mənim deyilsən!

Tanrının özü də Sənindir demək,

Mənim deyilsə...

 





20.05.2023    çap et  çap et