525.Az

"Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir" 


 

"Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir" <b style="color:red"></b>

"Şeir ürəyin, beynin kardioqramıdır. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir. Bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi-kardioqramına çevrilir. S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də qeyrətlə silahlandırır". 

Rüstəmxanlının seçilmiş əsərlərinə ön söz yazan Xalq şairi X.R.Ulutürk onu belə xarakterizə edirdi.

Nə gözəl həqiqətdir ki, vətənini, xalqını düşünüb yazanlar əsl xoşbəxt şair səviyyəsinə yüksəlir. 

Sabir müəllimlə ilk tanışlığımız ondan müsahibə alarkən başladı. Jurnalistikadan xeyli sual-cavab etdikdən sonra mövzü ədəbiyyatdan düşəndə şeir və hekayələrimdən yollamağımı istədi. Yazılar haqqında müsbət rəy eşitdikdən sonra kitabımın ön sözünü ona həvalə etməyi düşündüm.

"Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ümumi ədəbi mühitimizə getdikcə daha yaxından qaynayıb qarışır, özləri ilə yeni hava gətirib xalqların yaxınlaşmasına kömək edirlər. Ümümi Azərbaycan ədəbiyyatında olanların da bəlli payları var və ən əsası, ana dillərindəki yazıları ilə Azərbaycan türkcəsində yazdıqları əsərlər arasındakı dil fərqləri getdikcə silinir. Azərbaycan türkcəsində də ana dillərindəki kimi təmiz, ləhcəsiz yazırlar", - şairin dilindən kitabımda yer alan bu qısa yazı düşüncədəmdə dərin iz qoydu. 

"Mən nazir işləyəndə ləzgi dilində yazan  və əksəriyyəti qusarlı olan müəlliflərin əlyazmalarını rəy üçün Maxacqalaya Dağıstan Yazıçılar İttifaqına göndərirdik. Aldığımız rəylərdə bizə məsləhət görürdülər ki, ləzgi dilində olan əlyazmalara daha tələbkar yanaşaq. Xahiş edirdilər ki, ləzgilər üçün ikinci ədəbi dil yaradanlara kömək etməyək. Dağıstanlılar ləzgiləri Qusar dialektini əsl ləzgi dili saymırdılar", - o "Labrint yollar" kitabının ön sözündə bu əhvalata yer ayıranda mən artıq bu işin içində idim. Ləzgi ədəbi dilində öncələr daha çox səhvlər buraxırdım. Bu işdə Vidadi Sevzixanov, Bilal Adilov, Sədaqət Kərimova kimi təcrübəli adamlar mənə məsləhətlər verdilər. Bəzən millətcə türk olmadığım üçün, ana dilimlə Azərbaycan türkcəsində yazdıqlarım arasındakı fərqlərin azalmayacağından qorxurdum. Ustad Sabirin də dediyi kimi yazılar arasında dil fərqləri zaman keçdikcə silinirmiş.

Həm şair, həm siyasi xadim, həm də hərəkatçı kimi sözünü demiş Sabir Rüstəmxanlının bu gün 77 yaşı tamam olur.

Arzu edirəm ki, Sabir müəllim mənəvi zənginlik dünyasını xalqla, biz gənclərlə paylaşmaqda  davam eləsin.

Sal qayanı yarıb çıxan şəffaf bulaq şairimiz, dumanlarda azanlara çıraq, mayak olan aydınımızın doğum gününü təbrik edirik!

Havar Şəfiyeva

 





20.05.2023    çap et  çap et