525.Az

Yücel Karauz: "Ermənistanın sülhdən qaçışı yoxdur"


 

Yücel Karauz: "Ermənistanın sülhdən qaçışı yoxdur"<b style="color:red"></b>

Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə keçirilmiş Vaşinqton və Brüssel görüşlərində müəyyən müsbət nüanslar qeydə alınsa da, görünən odur ki, İrəvan təxribatçı addımlarından əl çəkmək niyyətində deyil. Baş nazir Nikol Paşinyan  mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunduğunu və ona əsasən, tərəflərin münasibətlərini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tənzimlədiyini, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədlərinin dövlətə çevrildiyini deyib. Əlavə edib ki, Ermənistan Azərbaycanın 86 min 600 kvadratkilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində Ermənistanın 29800 kvadrat kilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır. Lakin Ermənistanın təxribatları davam etdirməsi onu göstərir ki, Paşinyan sadəcə olaraq beynəlxalq ictimaiyyəti aldatmağla məşğuldur. Özünü sülhpərvər kimi göstərən qarşı tərəf əslində sülhə hazır deyil və danışıqların aparıldığı beynəlxalq platformalarda manipulyasiyaya əl atmaqdadır.

Brüsselin ardınca Moskvada sülh danışıqlarının aparıldığı bir vaxtda Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə təxribat törədib. Maraqlıdır ki, bir tərəfdən sözdə sülhdən danışan Ermənistan rəhbərliyi öz əməlləri ilə bunun əksini göstərir, digər tərəfdən də revanşist qüvvələr sülh prosesinə qarşı çıxış edir, Paşinyanın əleyhinə aksiyalara başlamağa hazırlaşırlar. Erməni mətbuatı yazır ki, bir sıra siyasi qüvvələr hakimiyyətə qarşı mitinqlərin keçirilməsi ilə bağlı fəal məsləhətləşmələr aparırlar. Əsas tələblər Brüsseldə gedən prosesinin dayandırılması və Paşinyanın dərhal istefası olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda revanşistlərə güclü dəstək yoxdur. Onların İkinci Qarabağ müharibəsindən sonra aylarla davam edən və Paşinyanın istefasının tələb olunduğu aksiyalar öz məqsədinə çatmadı. Əksinə, Paşinyan növbədənkənar seçkilərdə yenidən qələbə çaldı. İkincisi, bu gün bütün dünya Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır, ona görə də revanşistlərin, separatçıların çabaları əbəsdir. Paşinyan hakimiyyətinin reallıqları qəbul edib, sülh üçün konkret qərarlar qəbul etmək əvəzinə, təxribatlara getməsində məqsəd isə birdir - Azərbaycanla yekun sülh sazişi imzalamaqdan yayınmaq. Bu vəziyyət bir daha Paşinyan hökumətinin zəifliyini, Ermənistan dövlətinin müstəqil siyasət aparmadığını, qərarlarının özünün deyil, başqa güclərin diktəsi ilə verdiyini göstərir.

Türkiyəli general Yücel Karauz mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, sülhdən qaçış yoxdur və Ermənistan artıq bunu anlamalıdır: "Ermənistan sülhdən qaça bilməz. Yox, əgər sülhdən yayınmağa davam edərsə, Azərbaycan və Türkiyə ilə barışmasa, yaxın dönəmdə Ermənistan deyə bir dövlət, erməni xalqı deyilən bir millət tapmaq mümkün olmayacaq. Yəni öz-özünü yox edəcək".

General xatırladıb ki, Ermənistan 44 günlük Vətən müharibəsində silahlı qüvvələrinin 60-70 faizini itirib: "Ermənstan hazırkı durumu ilə mövcud vəziyyəti daha uzun müddətə davam etdirmək imkanında deyil. İqtisadi gəliri olmayan, başqalarının verdiyi "fitrə-zəkatlarla", yardımlarla ayaqda durmağa çalışan Ermənistan hərbi cəhətdən də Azərbaycandan çox geri qalır. Ordusu bir sıra ölkələrin verdiyi və artıq özlərinin istifadə etmədikləri köhnə texnologiyaya malik silah-sursatlarla təmin olunub. Məsələnin başqa tərəfi isə budur ki, sülh anlaşmasına gedən yolu hələ də Azərbaycan ərazisində qalan separatçı qüvvələrin sabotaj edərək, əngəlləməyə çalışmalarıdır. Bu, sülhü gecikdirən faktorlardan biridir".

Y.Karauz deyib ki, regionda sülhün, barışın olması təkcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz üçün önəmlidir. Eyni zamanda, regiona sülhün, barışın gəlməsi qlobal miqyasda meydana çıxacaq hadisələrə qarşı buranın sakit, hüzurlu, güvənli bir yer olması üçün də bir xüsusdur: "Buna diqqət etmək lazımdır. Təbii ki, Ermənistan müstəqil siyasət aparmır, onu təkcə dövlətə rəhbərlik edənlər idarə etmir. Ermənistan ya Rusiya, ya Fransa, ABŞ, Avropa İttifaqı, yaxud İran tərəfindən yönəldilir. Belə olduğu halda, barış, sülh gecikir.  Amma dediyim kimi, sonunda regiona sülh mütləq gələcək. Azərbaycan dövləti bu məsələdə hər zaman haqq, ədalət, hüquq, beynəxalq normalar çərçivəsində hərəkət edib. Həm hərbi sahədə, həm diplomatiyada üstünlüyə malik olan Azərbaycan eyni zamanda, yumşaq gücündən də ən təsirli bir şəkildə istifadə etməkdədir. Beynəlxalq hüquqa uyğun olaraq meydana çıxan hadisələrə verilməsi gərəkən qədər qarşılıq göstərməkdə davam etməkdədir. Bu dönəmlərdə təxribatlara getməmək, hüquq xaricindən kənara çıxmamaq, sakit və səbirli olmaq gərəkməkdədir. Eyni zamanda, bunları edərkən onu da unutmaq lazım deyil ki, cənab Prezidentin hər zaman ifadə etdiyi kimi, dəmir yumruq yerindədir. Çünki başının üzərində dəmir yumruğu hiss etməyənlər sülh anlaşması üzrə vaxtı uzatmağa, bununla zaman qazanmağa çalışacaqlar. Fəqət bunu bacara bilcək gücə sahib olmadıqlarını da anlayırlar. Ona görə də artıq vurğuladığım kimi, Ermənistanın sülhdən qaçışı yoxdur, bunu artıq başa düşüb və real addımlar atmalıdır".

 

 





22.05.2023    çap et  çap et