525.Az

Yaxşı dərslərin köhnəlməzliyi - Rafael Hüseynov yazır


 

Yaxşı dərslərin köhnəlməzliyi - <b style="color:red">Rafael Hüseynov yazır</b>

Tarixin uzağı da maraqlıdır, yaxını da. Bəzən elə düşüncə yaranır ki, hadisələrdən nə qədər çox aralanmışıqsa, o tarixçələr haqda bilgilərimiz də bir o qədər azdır. Amma deməyin! Çox vaxt 50 il, 100 il qabağın olmuşlarının üstünə elə sis-duman çökür ki, minillər əvvəlki hadisələrdən bunlara nisbətən daha çox agah oluruq.

Odur ki, yaxın tariximizi dürüst bilməyimizə həmişə ehtiyac var. Çünki o tarixin içərisində həm də yaxın sabahımızın xəritəsi gizlənir.

Saat 16-ını keçir. 1970-ci ilin 5 mayıdır. Balaca bir otağa böyük Azərbaycanın qayğıları, sualları, şəxsiyyətləri, hadisələri sığışıb. Bir neçə saat ərzində bu otaq Azərbaycan boydadır...

...1970-ci ildə görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun anadan olmasının 100 ili tamam olurdu və mayın 5-dəki Büro iclasında müzakirə olunan mövzulardan biri də bununla bağlı idi. Hələ 1968-ci ildə də həmin məsələyə Mərkəzi Komitədə baxılmışdısa da, hələ ki məhz keçirilməli olduğu 1970-ci ildə yubiley mərasiminin layiqli təntənə ilə baş tutması üçün ciddi tərpəniş olmamışdı. Heydər Əliyevinsə Nəriman Nərimanova bir şəxsiyyət olaraq münasibəti məxsusi idi, o vaxt da, ondan sonrakı illərdə də Nərimanova özəl rəğbət və ehtiramını heç vaxt gizlətmədi, gərək olan anda Nərimanovun haqları uğrunda sadə olmayan mübarizələr də apardı.

Nəriman Nərimanovun yubiley mərasimi bütün təntənəsi ilə düz 2 il sonra - 1972-ci ilin mayında gerçəkləşəcək. Hələliksə Büro iclasında Heydər Əliyevin sədr, Cəfər Cəfərovun sədr müavini kimi təsdiq edildiyi yeni yubiley komissiyasının tərkibi təsdiq edilir və bu geniş siyahıda dövlət rəhbərliyinin əsas adları ilə yanaşı, Elmlər Akademiyasının vitse-prezidenti Məmməd Arif Dadaşzadənin, Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun, xalq maarif naziri Mehdi Mehdizadənin, mədəniyyət naziri Rauf Hacıyevin, Dövlət Mətbuat Komitəsinin sədri İsrafil Nəzərovun, Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun olması yubileylə bağlı niyyətlərin əhatə dairəsi haqqında ilk baxışdanca təsəvvür oyadırdı. Doğrudur, sonralar da müxtəlif onillərdə yaradılan yubiley komissiyaları, həmin tərkibə ənənəvi olaraq müəyyən qurumların rəhbərlərinin adlarının əlavə edilməsinə çox rast gəlinib. Ancaq bu tərkib o tərkiblərdən, yubiley komissiyasının sədri də adı elə formal olaraq ora birinci yazılanlardan deyildi. Ta 1972-ci ildə yubileyin ehtişamla qeyd ediləcəyi vaxtadək Heydər Əliyev Nəriman Nərimanovla bağlı nəzərdə tutduğu bütün tədbirlərin umduğu yüksək tələblər səviyyəsində hazırlanıb həyata keçirilməsi üçün mütəmadi diqqət və tələbkarlığını əsirgəmir. Halbuki respublikaya rəhbərliyə yeni başladığından onun ölkənin iqtisadi-təsərrüfat həyatı ilə bağlı işləri başdan aşırdı və sanki bu məsələni tabeçiliyində olan digərlərinə həvalə edərək ara-sıra gedişata ümumi nəzarət yetərdi. Ancaq yox, Nərimanov onunçün qəlbinə çox yaxın bir sima idi, onu özünə ruhca doğma hesab edirdi və həmin qənaətin təsdiqləyici bir çox sübutları ilə yanaşı, bunu da yadıma salıram ki, misilsiz salnaməçi və özü də canlı salnamə olan Qulam Məmmədli bir mərasimdə Birinci katibə xitabən onu yeni dövrün Nəriman Nərimanovu adlandıranda Heydər Əliyev necə məmnun idi!

Nəriman Nərimanovun 100 illik yubileyini Heydər Əliyev bu böyük şəxsiyyətin, nəhayət ki, dolğun və dürüst qiymətini alması, Vətəninə və xalqına ixtisarlarsız, əmmalarsız əsl qayıdışına çevirmək əzmindəydi və hadisələrin sonrakı gedişi də bunun əyani təsdiqinə çevrildi. Nəriman Nərimanovla əlaqədar bu və sonrakı büro iclasları üçün hazırlanan sənədlər arasında onun haqqında Püstəxanım Əzizbəyova, Cəmil Quliyev, Məmməd Qazıyev, Danil Quliyev, Firidun Köçərlinin imzaladıqları və birgə səylərlə hazırlanmış 34 səhifəlik, ayrıca tədqiqat əsəri sayılmalı arayış da yer alırdı. Nəzərə alaraq ki, Azərbaycan Kommunist Partiyasının Birinci katibi N.Nərimanovun yubileyi ilə əlaqədar Mərkəzdə hər cür gözlənilməz suallarla da qarşılaşa bilər, bu arayış sadəcə bir elmi oçerk səciyyəli deyildi, görkəmli şəxsiyyətlə bağlı sovet mənbələrində tuş düşülə biləcək müəyyən neqativ baxış və mülahizələri də əks etdirirdi.

Həmin məqamlara toxunmazdan əvvəl bunu da vurğulayıb keçim ki,  arayışda çox əvvəllər də başqa bir mənbədə oxuduğum bir fikrə rast gələndə, yenə keçmişlərdəki kimi, içərimdə o sual yarandı ki, görən, "Ümumittifaq ağsaqqalı" niyə belə söyləyibmiş: "Nərimanovun hüzr günündə Mixail Kalinin deyib ki, Nəriman Nərimanovun şəxsində biz doğma partiya işimizdəki yoldaşımızı və dostumuzu dəfn edirik. Onun simasında Qızıl meydan Şərq xalqlarından ilk qurbanını qəbul edir" (Tam dəqiqlik üçün sözləri Kalininin ağzından çıxdığı kimi, rusca da verirəm: "V eqo liüe Krasnaə plohadğ poluçaet pervuö jertvu ot narodov Vostoka".

Niyə məhz "qurban", niyə məhz "jertva"?).

Arayışın son səhifəsində N.Nərimanovun ölümündən sonrakı taleyinin düyünlü anlarına işarə edilir: "1930-cu illərin əvvəllərində respublikaya qayıdan və yüksək vəzifələr tutan Bağırov hər vəchlə Nəriman Nərimanovun inqilabi hərəkatda, Azərbaycanda sovet hakimiyyətinin qələbəsində, ilk sosialist yeniləşmələrində xidmətlərini kiçiltməyə çalışmışdır.

Heç yerdə, heç bir partiya sənədində Nəriman Nərimanovun "natsional uklonist" - "millətçi təmayüllü" deyə, yaxud "millətçi xarakterli səhvlər buraxan" kimi xatırlanmasına rast gəlmirik. "Millətçi təmayüllü" yarlığı Nəriman Nərimanova siyasi avantürist Bağırov tərəfindən onun işıqlı adını ləkələmək məqəsədi ilə yapışdırılmışdır. Elə "narimanovhina" - "nərimanovçuluq" termini də onun tərəfindən uydurularaq dövriyyəyə buraxılmışdır.

Nərimanovun adı tədricən respublika mətbuatından qeybə çəkildi. Onun adını daşıyan sənaye müəssisələri, kolxozlar, məktəblər, texnikumlar, mədəni-maarif müəssisələri, küçələr, yaşayış məntəqələri başqa adlarla adlandırıldı. Ancaq Nərimanovun görkəmli ictimai-siyasi və dövlət xadmi kimi Zaqafqaziyadan kənarlarda şəxsiyyətinə münasibət başqa cür idi. Mərkəzi nəşrlərdə onun bütün fəaliyyəti müsbət məcrada işıqlandırılırdı. Yeganə istisna 1938-ci ildə nəşr edilmiş Kiçik Sovet Ensiklopediyasının 7-ci cildindəki bu ifadədir: "1921-1922-ci illərdə Nəriman Nərimanov Azərbaycan Kommunist Partiyasında millətçi qanada rəhbərlik etmişdir".

Eyni zamanda, bütün arxada qalan müddət ərzində digər respublika və vilayətlərdə bir sıra yaşayış məntəqələri onun adını daşımaqda davam etmişdir".

Həqiqətən, bu, ciddi diqqət edilməli həssas bir məqamdır və ona görə də yubileyin Heydər Əliyevin artıq sonralar hər kəsə aydın olacaq miqyaslarına uyğun tərzdə tam təntənəsi və əhatəsi ilə keçirilməsini hədəf götürən tədbirləri sadalamaqdan öncə burada nəfəs dərməyi lazımlı bilirəm.

Ola bilsin ki, doğrudan da, Mircəfər Bağırovun Nərimanova münasibətdə qərəzli, düşməncəsinə fikirləri də varmış. Lakin onu heç də sovet idarəçilik maşını tərkibində xüsusi bir fenomen, hər istədiyini edə bilən kimi qələmə vermək də sadədillik olardı. Heç mümkün deyildi ki, Sovet İttifaqının digər yerlərində Nərimanovun adına olan yerlər olduğu kimi qala-qala Bağırov burada - Bakıda ondan zəhləsi getdiyi üçün kefi istədiyini etsin, onun adını tamamilə aradan götürsün. Söhbət üzdə olan mühüm bir simadan getdiyindən bu, əlbəttə ki, Mərkəzin diqqətindən yayına bilməzdi.

Zənnimcə, məkrli yanaşma elə Moskvanın özündən gəlirdi. Məsələnin bu tərzdə həllində sovetin riyakarlığı bir daha üzə çıxır. Nəriman Nərimanovun kim olduğunu, hansı əqidəyə sahibliyini onun adının, xatirəsinin əbədiləşdirildiyi digər respublikalardan Azərbaycanda, təbii ki, daha yaxşı bilirdilər və uzaqlarda bu adın bir rəmz kimi şüurlara təsir imkanı yox kimiydi. Kreml onu aradan götürərək riyakarcasına necə arxasınca ağlamışdısa, bu ləğvetmələrdə də həmin iz sezilməkdədir. Guya SSRİ boyunca Nəriman Nərimanovun əbədiləşdirilmiş xatirəsi ilə işləri yoxdur, ancaq Azərbaycanda, bu adın, bu xəttin təhlükəli təsir imkanları olduğu məkanda o, unutdurulur. Hərçənd, əl altından bu istiqamətdə başqa rəzalət də törədilmişdi. Düzdür, Sovet İttifaqının başqa yerlərində Nəriman Nərimanovun adına olan məkanlar elə əvvəlki kimi adlanmaqda davam etmişdi, ancaq ən göz qabağındakı bir yerdən ki silinmişdi. Bu, mənim Nəriman Nərimanovun aqibəti ilə bağlı ilk heyrətə gəldiyim rastlaşmam idi. Hələ tələbə idim, Moskvada, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun kitabxanasında köhnə kitab və jurnalları araşdırırdım. Sovet paytaxtında bu elmi-tədqiqat mərkəzi "Armyanskiy pereulok" deyilən çox da uzun olmayan bir küçə qırığında yerləşirdi. Ancaq həmin institutun buraxdığı, o çağlar çox məşhur olan və geniş yayılan nəşrlərinin hamısının sonunda məhz hansı ünvanda nəşr edilməsi də göstərilirdi və bu da erməniçiliyin daha bir mümkün vasitədən yararlanaraq təbliğ edilməsi demək idi. Bu institutun yerində XIX yüzilin əvvəllərində erməni uşaqlarına Şərq dillərinin öyrədilməsi üçün gimnaziya olmuşdu. Təməli 1814-cü ildə qoyulmuş həmin binanın üstündə hər yerə bir iz qoymaq aşiqi ermənilər 1822-ci ildə ayrıca lövhə yapışdıraraq tikilinin ilk sahibi olan Lazarevin adını tarixləşdirmişdilər. 1827-ci ildə bu yer keçir Rusiya imperiyası Xalq Təhsili Nazirliyinin sərəncamına, çevrilir Şərq Dilləri İnstitutuna, amma üstündəki Lazarev adı da qalır. 1925-ci ildə Moskva Şərqşünaslıq İnstitutuna sovet hökumətinin qərarı ilə Nəriman Nərimanovun adı verilir. Lakin o məkanda erməniçiliyin gözü həmişə vardı. Və səbəbsiz deyil ki, SSRİ dağılan dönəmdə nail oldular ki, oranı təzədən ələ keçirsinlər və indi orada Ermənistanın Rusiyadakı səfirliyi yerləşir. Bu institutun üstündən Nəriman Nərimanovun adının götürülməsində də 1930-cu illərdə onların əlinin olması istisna deyil. Ancaq bir var sadəcə ad götürülür, başqa bir adla əvəz olunur. Di gəl, mənim hələ tələbə ikən qarşılaşarkən həm təəccübləndiyim, həm sarsıldığım başqa bir cəhət vardı. Ayrı-ayrı köhnə kitab və jurnallarda Nəriman Nərimanovun adı eynən 1937-1938-ci illərdə "xalq düşməni" elan edilənlərin adı qara mürəkkəblə örtülərək oxunmaz edildiyi kimi pozulmuşdu. Şəxsiyyətimizə belə münasibətin səbəbini öyrənmək istəsəm də, çox arxivlərin qapalı olduğu o çağlarda bu müəmmaya cavab tapa bilməmişdim.

Başqa sözlə, bilavasitə şahidi olduğum bu hadisəylə onu diqqətə çatdırmaq istəyirəm ki, Mərkəzdə Nəriman Nərimanova yanaşmada sanki nəzərə çarpdırılmayan sırf bədxah və düşməncəsinə münasibətin belə təzahürləri də vardı. Odur ki, onun adının qaralanma məsələlərində Bağırov, yəqin ki, əsas təşəbbüskar deyil, müti icraçı idi və ola bilsin ki, bu işi bir az da iştahla yerinə yetirirmiş ki, İttifaq səviyyəsində ondan savayı məşhurlaşan azərbaycanlı dövlət xadimi olmasın.

Qayıdıram 1970-ci ilin mayına və qaldırıram Nəriman Nərimanovun 100 illik yubileyi ilə əlaqədar düşünülən tədbirlər planını. O vaxtadək Azərbaycanda sovet onillərində bir neçə təntənəli yubiley mərasimi keçirilmişdi ki, ən təntənəliləri Nizami və Füzulinin ildönümləri olmuşdu. İndi bu 3 səhifəlik tədbirlər planına hadisələrin üstündən bir belə müddət ötəndən sonra xüsusi əhəmiyyətli bir sənəd kimi yanaşmam bica deyil. Bu sənəddə ilk növbədə Heydər Əliyevin miqyasları, gördüyü işə canyandırma həddi və Nərimanov şəxsiyyətinə münasibəti görünməkdədir. Hətta Nizami və Füzuli kimi dahilərin zəmanəsinə görə çox möhtəşəmlik və təmtəraqla keçirilən yubileyləri əsnasında belə indi Nəriman Nərimanovla əlaqədar nəzərdə tutulanların əksəri yada düşməmişdi. "Ya belə də etmək olar" təsəvvürü oçağkı respublika rəhbərliyində heç olmamışdı. Söhbət ilk növbədə şəxsiyyətimizin respublikanın içərisindən daha artıq kənarlarda təqdimi məsələsindən gedir. Çünki daxildə hər halda respublika rəhbərliyinin bir çox məsələləri arzuladığı kimi həll etmək imkanı olmamış deyildi. Lakin respublikadan kənarda görüləcək istənilən iş üçün qabaqca Moskvanın razılığının alınması gərək idi. İndi Nəriman Nərimanovun yubileyi ilə bağlı həmin tədbirlər sırasına baxarkən onu da düşünürəm ki, belə bir layihə 1970-də deyil, 1980-də tərtib olunsaydı, bəlkə də bunca heyranlıq oyatmızdı. Çünki 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində Heydər Əliyevin sovet rəhbərliyi yanında nüfuzu da, sözünün yolaçma gücü də keçmişlərlə müqayisəyəgəlməz dərəcədə artmışdı və hansısa qapını açmaq elə də çətin deyildi. Baxmayaraq ki, 1970-ci ilin mayında o, hələ cavan rəhbər idi, hələ respublikaya başçılıq etməsinin 1 ili də tamamlanmamışdı. Yəni sözün canı odur ki, məsələlərə yanaşmadakı nəfəs genliyi, sualların qoyuluşundakı əzəmətlilik ona yaşın və yolun hansı mərhələsində olmasına rəğmən, elə əvvəldən xas idi.

İrəli sürülən və hökmən Kremllə razılaşdırılmalı, razılaşdırılması da heç də asan olmayan məsələlərə ötəri baxış bunu da nişan verir ki, Heydər Əliyevin sonrakı daha püxtə çağlarında artıq hamı üçün əyan olan üstün liderlik keyfiyyətləri - o ötkəmlik, o məqsədyönlülük, o məqsədlərə doğru irəliləməkdəki qətiyyətlilik onda elə əvvəldən varmış, həmişə varmış.

Elmi sessiyalar, irili-xırdalı nəşrlər, çeşidli sərgilər-filan üzərində dayanmağa lüzum yoxdur, bunlar aşağı-yuxarı hər yubileydə olur. Bu layihədə şah damarı təşkil edən ovaxtacan bənzərinə az tuş gəlinənlər idi. Bakıda, Cənubi Sovet meydanında Nəriman Nərimanovun heykəlinin ucaldılması qət edilir və abidənin yubiley keçirilənədək hazırlanıb quraşdırılması vəzifəsi qoyulurdu. Ovaxtkı Kommunist, indiki İstiqlaliyyət küçəsindəki 15 saylı evdə, 1913-1918-ci illərdə yaşadığı mənzildə muzeyinin yaradılması və bu işin 1971-ci ildə tamamlanması istənilirdi. Xeyli nəşrlər nəzərdə tutulsa da, biri xüsusilə diqqətəlayiq idi, gümanımca, heç indiyədək bu öhdəlik yerinə də yetirilməyib: Nərimanovun əsərlərinin akademik nəşri. Əlbəttə, dövlətin belə bir qərarı qəbul etməsi təqdirəlayiq idi və bu cildlərlə Azərbaycan oxucusu N.Nərimanovu daha yaxşı tanımaq, bilmək imkanı əldə edərdi. Ancaq dövlətin qərarı öz yerində, gərək ortada iş ola. Bu isə alimlərdən asılı, onların məsuliyyətinə bağlı məsələdir. Düzdür, Nəriman Nərimanovun elə yazıları vardı ki, onların o vaxt üzə çıxarılması, həmin akademik nəşrə salınması çətin, ya mümkünsüz ola bilərdi. Lakin neynək, akademik nəşri onlarsız da buraxmaq mümkün idi. Məgər Cavidin sovet dövründə məhz Heydər Əliyevin səyləri ilə işıq üzü görən ilk akademik nəşrində onun bütün əsərləri var? Hələ sovet yerində idi və böyük şairin mövcud ideologiya ilə daban-dabana zidd şeirləri də vardı ki, onları o vaxt deyil, artıq SSRİ süqut edəndən sonra üzə çıxarmaq mümkün oldu. Ancaq xırda natamamlıqlarla olsa da, hər halda Cavidin akademik nəşri elə 1980-ci illərin əvvəllərində başa çatdırıldı, cildlər millətlə görüşdü.

Azərbaycan Dövlət Universitetində və Tibb İnstitutunda tələbə və aspirantlar üçün 4 fərqli Nərimanov təqaüdünün təsis edilməsi qərara alınmışdı. Ancaq cəlbedici olan siyahıdakı digər təqaüdlərdir. İndiyədək mövcud olan tələbə təqaüdü anlayışının coğrafiyası genişləndirilirdi, Azərbaycandan olub Moskvada, Leninqradda (indi Sankt-Peterburq), SSRİ-nin başqa şəhərlərində oxuyan tələbələrə 6 təqaüd ayrılırdı.

Və çevrəni genişləndirmənin başqa ayrıntıları: qərara alınmışdı ki, Ukrayna, Gürcüstan respublikalarının, Həştərxan vilayətinin rəhbərliyinə məktublarla müraciət edilsin. Odessada N.Nərimanovun təhsil aldığı universitetdə, Tiflisdə yaşamış olduğu evdə, Həştərxan şəhərində işləmiş olduğu binada onun xatirə lövhəsinin vurulması məsələsi qaldırılır. Tərtib edilərək Sov.İKP MK-ya göndərilməsi düşünülən məktubun umduğu bunlardan da artıq idi. İstənilirdi ki, Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsinə Nəriman Nərimanovun adı verilsin, həmin universitetdə tələbə və aspirantlar üçün Nərimanov təqaüdü təsis edilsin, o universitetdəcə büstü qoyulsun, Moskvadakı küçələrdən birinə adı verilsin, sovet paytaxtında Kalinin küçəsində Nərimanovun yaşadığı evdə xatirə lövhəsi olsun.

Ən vacib niyyətlərdən biri - yubileyin keçiriləcəyi günlərədək hələlik şərti adı "Doktor Nərimanov" olan, Azərbaycan və Mosfilm kinostudiyalarının birlikdə çəkəcəkləri yeni bədii filmi hazırlayaraq tamaşaçılara təqdim etmək idi.

(Nəriman Nərimanovla bağlı məsələlər yubileydək hələ yenə neçə dəfə Mərkəzi Komitənin növbə gözləməyən təxirsiz işləri cərgəsində qalacaq, onun abidəsi və haqqında çəkilən bədii filmlə bağlı narahatlıqlar da pırtlayıb ortaya çıxacaq, həm də elə müşküllər ki, onları sadəcə həll deyil, xilas etmək lazım gələcək, bu da yalnız və yalnız Heydər Əliyevin dönməzliyi, qətiyyəti, ona Kremlin ucalarında bəslənən rəğbət sayəsində mümkünləşəcək. Bunlar həm ictimai-siyasi, həm də mədəniyyət həyatımızın elə səhifələridir ki, gərək unudulmaya və biz də o səhifələrə dönəcəyik).

Hələ çoxunu nisbətən xırda sayaraq sadalamadığımız bütün bu işlərlə Nəriman Nərimanov öz xalqına bütövlüyü ilə qayıtmaq imkanı qazanacaqdı və elə belə də oldu.

Sovetin peyğəmbəri, ya bir az da irəli getsək, İlahisi Vladimir Lenin idi. Nəhəng imperiyanın birinci adamı Leninin şəhəri Ulyanovskda Nəriman Nərimanovun adına prospekt verilməsi, həmin prospektdə 1977-ci ilin dekabrında onun abidəsinin yüksəldilməsi, həmin açılışı da Heydər Əliyevin özünün etməsi, oradakı unudulmaz çıxışı gününə, şəraitinə görə böyük hünər sayılası əməllər idi.

Nəriman Nərimanovu bu qədər ucaltmaqla, onu sovetin əbədi birinci adam saydığı Leninlə qoşalaşdırmaqla Heydər Əliyevin nail olmaq istədiyi digər fayda da Azərbaycanı Sovet İttifaqı içərisində bir qədər irəli çıxarmaq, bu Birlik daxilində respublikamızın nüfuzunu, hörmətini daha da artırmaq idi.

Ümumən, bu amil həmişə Heydər Əliyevin dövlət siyasətində sadiq qaldığı başlıca düsturlardan oldu: bütün bacarıqlarını, qabiliyyətlərini, imkanlarını dövləti daha qüdrətli edə bilməyə yönəltmək.

Hərdən-hərdən Heydər Əliyevi dövlətçilik tariximizin nadirlərindən olan Şah İsmayıl Xətai ilə müqayisə edirlər. Belə tutuşdurma aparanların haqqı da var.

Şah Xətai məşhur şeirlərindən birində bəyan edirdi:

Xətaiyəm, al atlıyam,

Sözü şəkərdən tatlıyan,

Murtəza Əli zatlıyam,

Qazilər indi şah mənəm.

Al atlıyam - döyüşçüyəm, sərkərdəyəm deyirdi və qoşun əhlinə ismarışını yetirirdi ki, mənə sadəcə şah kimi baxmayın, ilk növbədə sizin içərinizdən çıxmış, sizdən biri olan kimi yanaşın, məni özünüzə daha yaxın bilin. Şirin söz sahibi, şair olduğunu dilə gətirirdi, söz-sənət adamlarına üz çevirirdi, onlara da "məni sadəcə padşah bilməyin, mən həm də şairəm, sizə bir köynək yaxınam" pıçıldayırdı. Şeyxliyinə, əslən-nəslən təriqət başçısı olmağına işarə vururdu, o təbəqəyə müraciət edirdi, onlara da "mənə hamının padşahı olmaqdan əvvəl özünüzünkü kimi yanaşın, hamıdan əvvəl sizinlə olduğumu unutmayın" sorağını yetirirdi. Bu, ağıllı adamın uzaqgörən siyasi davranışları, idarəedicisi olduğu cəmiyyətin hər qatına məxsusi nəvazişlə yanaşaraq onları özünə daha artıq bağlamaq, daha sadiq etmək yolunda strateji-diplomatik hərəkətləridir.

Eyni ilə Heydər Əliyev. Sovet dönəmində də, müstəqillik dövründə də ona xas olan istedad və səriştələrini səfərbər edib vahid səmtə istiqamətləndirərək daim buna çalışdı (müvəffəq də oldu) ki, cəmiyyətin hər qatına simsar olsun, məhz hər təbəqə, hər kəs onu hakimiyyət kürsüsünün ən yuxarı başında əyləşən özlərindən biri kimi, öz təmsilçiləri olaraq qavrasın.

...O gün, o iclasda bir yubiley məsələsinə də baxılır. Bu, elə sadəcə sıradan hesab ediləsi, alt qatında digər vacib mətləbləri gizlətməyən ildönümü olsaydı, üstünü vurmazdım. Ancaq Heydər Əliyevin kimliyinin, şəxsiyyətinin bütövlüyünə və özünəməxsusluğuna əlavə ştrix artıran hər irili-xırdalı məziyyət gərək diqqətdə saxlana ki, bu çöhrəni daha da dəqiq görəsən.

Heydər Əliyevin əvvəldən-sona bütün fəaliyyət yolunu yaddaşda canlarından bu xüsusiyyət də bariz görünür ki, ayrı-ayrı tanınmış, varlığı ilə, işləriylə Azərbaycan mühitində seçkin yer tutan hər şəxsiyyətə onun münasibəti fraqmentar, pərakəndə deyil, həmişə düşünülmüş, sistemli, ardıcıl olub. Onun içəri dünyasında bu insanların hərəsinin öz süjeti vardı və Heydər Əliyev də bu süjetlərin heç birini yarımçıq qoymurdu, il-il, bəzən on il-on il o taleləri izləyir, təsirlərini göstərməkdə davam edirdi. Odur ki, Heydər Əliyevin bu və ya digər adama münasibətini təhlil edərkən həmin münasibətlərin hansısa parçasını, kəsiyini, anını yox, bütövünü götürüb izləmək gərəkdir, yoxsa qiymətləndirmə həmişə yanlış olacaq.

Qərəzlə yanaşan yapışacaq hansısa şəxsə Heydər Əliyevin haçansa nümayiş etdirdiyi sərt münasibəti və kontekstdən ayrılmış bu ömür parçasında mənzərə bir başqa cür görünəcək. Amma həmin o qərəzkarın görmədiyi, ya görmək, yaxud da göstərmək istəmədiyi ayrı səhnələr də sonra gəlir axı.

Dünən sərt olduğu şəxsə artıq ayrı bir vaxt kəsiyində elə nəvaziş göstərir ki, Heydər Əliyevin o zaman bu adama qarşı etdiyinin mütləq hansısa obyektiv səbəblərlə əlaqədar olması, şəraitlə bağlılığı nəticəsini çıxarırsan.

Dahi Albert Eynşteyn 1921-ci ildə, elə bu büro ilası kimi, may ayında Prinston Universitetində keçirilən seminarda "Kainatın qanunları" sərlövhəli sonralar çox məşhurlaşacaq mühazirəsini oxuyurdu və Pərvərdigar haqqında belə bir çoxmənalı fəlsəfi fikir də söylədi: "Allah-taala qərəzli deyil, qəlizləşdirəndir" (Tərcümənin dəqiqliyini tutuşdurmaq istəyənlərçün deyilişin əslini də verim - "The Lord God is subtle, but malicious he is not").

Bəzən gendən baxana qərəz, kin təsiri buraxan olaya yaxınlaşınca çox öynə bunun ardında vaxtın qəlizləşdirmələrinin dayandığına şahid kəsilirsən. Odur ki, hökm verməyə heç vaxt gərək tələsməyəsən. Sirlərin çoxu həmişə pərdə ardındadır.

Heydər Əliyevin tarixi nadirliyinin bir göstəricisi də odur ki, qatmaqarışıq, təlatümlü əyyamlar, qəliz gedişatlar içərisində də o, heç vaxt tələsmədi, gendən baxanın nə deməsindən, necə dəyərləndirməsindən asılı olmayaraq öz düz yolu ilə getdi və vaxt ötüb süjet tamamlananda bəlli oldu ki, bu Müdrik sanki sabahı dünəndən görürmüş, dünən niyə elə etdiyini də elə bu günlərə gəlib sağ-salamat, uğur içində yetişə bilməkçün edirmiş.

1970-ci ilin 19 mayında Rəsul Rzanın 60 yaşı tamam olurdu. Rəsul Rzanın özünün də, rəhbəri olduğu Milli Ensiklopediyanın da başı üzərində qara buludlar artıq sıxlaşmışdı, həm də burada sapı özümüzdən baltalar (o cür sürtüklərə "balta" da deyib böyütmək istəmirəm - dəhrələr) nə qədər bol olsa da, həmin həmlələrin kökü Moskvadan gəlirdi və Heydər Əliyevi də Azərbaycana Birinci katib göndərəndə Moskvanın onun qarşısında qoyduğu əsas şərtlərdən birincisi elə milli hissiyyatı cilovlamaq tələbi idi. Eyni tələbi oxşar təmayüllərin bir neçə digər respublikada da qabarmasını nəzərə alaraq elə onlara da yönəltmişdilər.

Heydər Əliyevin məharəti və müstəsnalığı ondaydı ki, ömrü uzunu ən ayıq kəşfiyyatçı kimi bıçağın iti tiyəsi qədər incə və qorxulu yolları büdrəmədən, yanlışlara yol vermədən, şəkliləri hürkütmədən adlamağı bacardı.

Onun Rəsul Rzaya yanaşmaları da ömründəki süjetlərin ən əlamətdarlarından biridir ki, Heydər Əliyevin qəliz zaman içində hər növ, hətta yuxarıdan hökm edilən qərəzlərdən kənarda qərar tutaraq düz işini, vicdanlı xəttini, millətəxeyir yolunu irəliyə necə ləyaqətlə apara bilməyini aşkarca ortaya qoyur.

Özü hədəfdə olan Rəsul Rzanın 60 illiyini bəlkə də siyasi ehtiyatlılıq baxımından sakitcə yola vermək, elə Yazıçılar İttifaqı səviyyəsində nəzərəçarpmaz hay-küysüz keçirmək, bir növ, başdan eləmək məsləhət idi.

Ancaq bu, Heydər Əliyev idi axı. Elə ali hakimiyyət kürsüsünə qalxan kimi sığortalanmışdı. Kremlə millətçilik istiqamətində haqqında mənfi siqnallar ötürülmüşlərin hamısını elə 1969-cu ilin avqustundaca açıq və kəskin tənqid etmişdi. Bir növ, Moskvaya hesabatını ötürmüşdü ki, görürsünüzmü, siz deyən yoldayam, tələblər yerinə yetirilir. Ancaq izləyin o adların, o süjetlərin hər birini. Müəyyən vaxt ötür, həmin tənqid olunanların hər birinə məhz Heydər Əliyev ən geniş üfüqləri də açır, ən yüksək mükafatları və təltifləri də verir.

Rəsul Rzanın 60 illiyi ilə bağlı Büronun qərarı ilə xüsusi komissiya yaradılır, yubileyin yalnız Bakıda, Azərbaycanın müxtəlif rayonlarında deyil, tam təntənəsi ilə Moskvada, SSRİ Yazıçılar İttifaqı ilə birlikdə keçirilməsi, şair haqqında ayrıca sənədli film çəkilməsi, cildlərinin həm ana dilində, həm rusca buraxılması qət edilir.

Bu qərar bir neçə ay əvvəl Mərkəzi Komitə plenumunda ağır tənqidə məruz qalmış Rəsul Rzaya bir mənəvi dayaq idi.

1970-ci il mayın 5-i idi. Sanki respublika partiya rəhbərliyinin quru bir iclası gedirdi. Əslində isə o iclas hisslərlə-həyəcanlarla dolu idi, hər müzakirə edilən, qəbul olunan sənədin ardında tale dayanırdı. Həm də yalnız ayrı-ayrı adamların taleyi yox, millətin, yurdun taleyi!

Və 1970-ci ilin 5 mayında, nə qədər sıradan olsa da, mündəricəsi ilə min aya bərabər olan gündəki "tarixlə dolu" deyib işarələdiyim həmin Büro iclasında - o çağın meyarları ilə respublikanın Başbilənlər Toplantısında mədəni həyatımızçün xüsusi mənası olan bir qərar da qəbul ediləcək. Həmin qərarın qəbul edilməsi 2-3 dəqiqə vaxt apardı. Elan olundu, səsə qoyuldu, qəbul edildi. Həmin 2-3 dəqiqədən artıq 600-dən çox ay keçir, min aya bir şey qalmayıb, əks-səda davam edir və bir daha bəlli bayatını haqlı çıxarır.

1970-ci illərin sonlarında məşhur balamançı, kalvalı ustad Əli Kərimovun nəvə-nəticələri mənə onun ev maqnitofonuna yazılmış nadir çalğılarını, sənədlərini, şəkillərini gətirmişdilər. Bu xəzinənin içində bir vəsiqə də vardı - Əli Kərimova verilmiş "El aşığı" fəxri adının vəsiqəsi. Demək, belə bir fəxri ad da varmış 1930-cu illərdə və zənnimcə, çox fəxrləndirmə, titullandırma baxımından da yetərincə uğurlu tapıntıymış. Nədirsə, sonralar unudulub gedib.

1970-ci ilin 5 mayınadək Azərbaycanda bir-birindən qüvvətli sıra-sıra memarlar olsa da, memarlara verilən özəl fəxri ad yox idi. Məhz həmingünkü iclasda Əməkdar, Xalq memarı adları təsis olunur və indi bu fəxri adları daşıyan qabil memarlarımız az deyil.

Vətən tarixində hər bilginin öz yeri var. Onlardan bixəbər qalsan da, dünya qopmur, yaşayırsan (Rəhmətlik Habil Əliyevin iynəli zarafatında dediyi kimi, belə yaşamağa nə var!). Amma biləndə, özünü bir az da yaxşı tanıyırsan, çox və düz bilməyinlə də daha güclü olursan...

Bu iclasın cərəyan etdiyi saatlardan yarım əsrdən də çox keçir. Vaxt axıb gedib, özüylə qoynundakıları da aparıb və aləm də, insanlar da, nəsillər də elə sürətlə dəyişib ki, o gündən bəri sanki iki o qədər zaman sovuşub. Sovet dövrünün adicə iclaslarından biri. Ancaq adidirmi? Kim deyə bilər ki, o iclas haqda çatdırdıqlarım elə dünəndə qalmalı və köhnəlmiş hekayətlərdir, bu gün o söhbətlərin daha əhəmiyyəti yoxdur. "Kim deyə bilər" sualını "heç kim deyə bilməz" təsdiqi anlamında ona görə işlədirəm ki, anlayan adam aydınca görür ki, bu, bir bütöv ustad dərsidir. Dünya ki belə yeyin inkişaf edir, bu gün bizə ən son ixtiralar kimi gələnlər də tezliklə köhnələcək, çox maraqlar və məşğuliyyətlər də dəyişəcək. Ancaq dövlət hələ çox qalacaq. Və bu məfhumun içərisini dolduran, dövləti dövlət edən təməl anlayışlar vaxtın lap işıq sürətinə də çata biləcək sürətində tövrünü pozmayacaq, öz ləngərli, ağır oturub batman gələn yerişi ilə yürüyəcək. Məhz yürüyəcək, yüyürməyəcək.

Və bu cür ustad dərslərinə də ehtiyac elə həmin səbəbdən hər zaman duyulacaq. Kim bu dərsi vaxtında alıb yola çıxacaq, işi avand olacaq. Kim bu dərsi başı daşdan-daşa dəyəndən sonra almaq istəyəcək, demirəm çox gec olacaq, amma hər halda xeyli nələrsə itirilmiş olacaq. Kim ki bu dərsləri büdrəyəndən sonra da "köhnəlmişdir, zamanı keçib" deyərək eyninə almayacaq, quru yurdda qalacaq. Ustad dərsinin, ustadanə dərsin boyatı olmur. Yaxşı dərs həmişə təzədir. Heç bir dərsə bənd olmayanlara daim rast gəlindiyi kimi, köhnəlməyən yaxşı dərslərin dinləyəni də, öyrənəni də həmişə tapılacaq. Və peşman da qalmayacaq!

17 may 2023

 





22.05.2023    çap et  çap et