525.Az

Zamana ədəbi səyahətin illəri və töhfələri - Vilayət Quliyev yazır


 

Zamana ədəbi səyahətin illəri və töhfələri - <b style="color:red"> Vilayət Quliyev yazır</b>

Çox da səliqəli və sistemli olmayan arxivimdə köhnə bir qovluq var. İçərisində qəzet kəsikləri - 80-ci illərdə dövrü mətbuatda çap olunmuş məqalə və resenziyalarım saxlanır. Üzərində "E.Axundovaya. 4.11.1984" yazılıb. Bilmək istəsəniz, həmin rəqəmlər qırx illik dostum, görkəmli publisist, ictimai xadim, Azərbaycanın Xalq yazıçısı, diplomat Elmira xanım Axundova ilə dəqiq tanışlıq tariximizi əks etdirir.

Köhnə qovluğun tanışılığa nə dəxli ola bilər? İzah edim. Yazıçılar İttifaqı üzvlüyünə qəbul olunmaq  üçün sənədlərimi hazırlamışdım. Səhv etmirəmsə, sənədləri qəbul komissiyasında bu işə məsul olan mərhum şair Nüsrət Kəsəmənli yoxlayırdı. Gətirdiyim kağızlara baxıb "Apar ver referent Elmira Axundovaya" - dedi. Qovluğun üzərinə ad və tarix yazıb imza atdı. Elmira xanım sənədləri götürüb boş qovluğu özümə qaytardı. İndiyə qədər də dediyim kimi, arxivimdə qalır...

Deməli, gələn il tədricən səmimi dostluğa çevrilən ilk tanışlıq tariximizin 40 illiyini qeyd eləmək üçün əlimizdə daşdan keçən sənəd var...

Bu qırx il necə sürətlə gəlib getdi! Necə mütəhərrik, dinamik, faciə və sevinc anları biri-birini əvəz edən dövrdə yaşadıq! Nə qədər maraqlı hadisələrlə üzləşdik, bir vaxtlar bizə əlçatmaz görünən insanlarla çiyin-çiyinə dayandıq. Dünyanı gəzib-dolaşdıq. Ədəbiyyatdan siyasətə baş vurduq. Həyatın, insan münasibətlərinin hər üzünü gördük. Ən sevindirici cəhət isə odur ki, bütün bunlardan sonra sürətlə dəyişən dünyada münasibətlərimizin dəyişməzliyini qoruya bildik...

Yenə qırx il əvvələ qayıdım. İndiki kimi  yadımdadır ki, o vaxtlar deyəsən, İttifaq sədrinin referenti, ya da Yazıçılar İttifaqında hansısa texniki vəzifədə çalışan Elmira iri eynəkli, sarışın və yaraşıqlı gənc xanım idi. Qovluğu alarkən mənim darağa yatmayan qıvrım saçlarıma, rəsmiyyətdən uzaq geyimimə, sadəlövh və çəkingən rəftarıma baxıb yəqin ki, bir az da ironik tonda "Tı poet?" - deyə maraqlandı.

Rişxənd elədiyini düşünüb daxilən incidim. Doğrusu, həmin anda ağlıma da gəlməzdi ki, bu rusdilli, şəhərli və sanki  fərqli-fərqli dünyalardan gəldiyimiz gənc qız gələcəkdə azsaylı, sadiq və etibarlı dostlardan biri olacaq. Həyatımın çətin anlarında onu yanımda görəcəyəm, məsləhətlərinə ehtiyac duyacağam.

Bir neçə ildən sonra artıq Akademiyanın məşhur Nizami İnstitutunda bir yerdə işləyirdik. Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə açılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə müdir təyin edilən akademik Mirzə İbrahimov Yazıçılar İttifaqından yaxşı tanıdığı, bilik və bacarığına bələd olduğu Elmiranı da özü ilə gətirmişdi, İnstitutda çalışmasına təkid eləmişdi.

Yeni əməkdaş ilk gündən zəhmətsevərliyi, məsuliyyət hissi, hamı ilə asanlıqla dil tapıb ünsiyyətə girmək bacarığı ilə diqqəti çəkdi. İşçilər arasında hörmət qazandı. Artıq mənim də şair olmadığımı bilirdi. Bəlkə bu səbəbdən  ədəbiyyatşünaslıq və sənət, həyat və insanlar haqqında ciddi mövzularda söhbətimiz tuturdu.

Elmira Axundova qısa müddət ərzində Cəlil Məmmədquluzadənin XIX əsr rus realizmi ilə əlaqələri mövzusunda namizədlik dissertasiyasını tamamlayıb müdafiə etdi. Mövzu maraqlı idi. O zaman dəbdə olan tipoloji tədqiqat metodu əsasında yazılmışdı. Bir müddət üzərində işləyib elmi monoqrafiya kimi çap etdirdi. Onun ilk kitabı haqqında "Ədəbiyyat və incəsənət" qəzetində resenziyam dərc olundu.

1980-ci illərin meyarları ilə yanaşanda  gələcək üçün yollar görünürdü. Mövzu götürüb doktorluq dissertasiyası yaza bilərdi. Baş elmi işçi, şöbə müdiri ola bilərdi. Amma Ədəbiyyat İnstitutunun divarları artıq Elmiraya dar, cansıxıcı görünürdü. Onu fəal, mütəhərrik həyat daha çox cəlb edirdi.  Hadisələrin mərkəzində olmaq, praktiki fayda gətirmək, bilik və enerjisini daha lazımlı sahəyə yönəltmək istəyirdi.

Puşkinin məşhur ifadəsi ilə desəm, həm yaşamağa can atır, həm duymağa tələsirdi. İnadla özünütəsdiq yollarını axtarırdı. Tezliklə bu axtarışlar uğurla nəticələndi. Artıq həyatda yerini tapmışdı. Nə edəcəyini bilirdi. Üstəlik də, məqsədə çatmaq üçün kifayət qədər biliyi, əzmi, iradəsi vardı.

Həyatımıza fırtına kimi daxil olan 90-cı illər hərəmizi bir tərəfə atdı. Elmira tezliklə istedadlı publisist kimi məşhurlaşdı. "Azadlıq" radiosunun rus xidmətində çalışdı, "Literaturnaya qazeta"nın Azərbaycan müxbiri oldu. Ciddi mətləblərə toxunan cəsarətli və prinsipial yazıları, çıxışları ilə ədəbi-ictimai fikirdə böyük rəğbət doğurdu. Və təsadüfi deyil ki, qələm adamlarına münasibətdə son dərəcə həssas və tələbkar olan Prezident Heydər Əliyevin diqqətini çəkdi, etimadını qazandı.

Zəhmətsevərliyi, daim irəliyə can atması sayəsində Elmira bir neçə il ərzində Akademiyanın keçmiş sıravi işçisindən ölkə miqyasında tanınan nüfuzlu jurnalistə, rəy və fikirlərinə ehtiyac duyulan yazıçı-publisistə çevrildi. Şübhəsiz, köhnə həmkar və dost kimi onun uğurlarını müşahidə etmək çox xoş idi... Və aydın məsələdir ki, mən də bir yerdə dayanıb-durmamışdım.

Keçdiyimiz yollar da oxşar idi. Dövrün, dəyişən zamanın tələbi ilə ictimai-siyasi fəaliyyət sahəsinə atıldıq. İkimiz də, amma müxtəlif vaxtlarda Milli Məclisə seçildik. Diplomat kimi Azərbaycanı Mərkəzi Avropanın iki mühüm ölkəsində təmsil etdik. Yaxşı ki, hər şeyə rəğmən, sözə, ədəbiyyata olan sadiqliyimizi qoruya bildik.

Bəzən dostlarım, həmkarlarım tənqid, yaxud təşviq olmasının fərqinə varmadığım bir şəkildə çox yazdığımı diqqətimə çatdırırlar. Amma düzünü deyim ki, Elmira ilə müqayisədə o qədər də çox yazdığımı düşünmürəm. Yəqin ki, indiyə qədər çıxan kitablarının sayını özü də itirib...

Mənim təxmini hesablamalarıma görə, dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap edilmiş qırxa yaxın bioqrafik, siyasi detektiv, bədii-publisist və sənədli tarixi roman janrında kitabların müəllifidir.

Amma özünü yolun sonuna gəlib çatmış hiss eləmir, Yazmaq, yeni kitablar çap etdirmək, araşdırmalar aparmaqla bağlı böyük planları var... Ən başlıcası isə cəmiyyətdə onun fəaliyyətinə və yaradıcılığına ehtiyac duyulur...

Yuxarıda təqdim etdiyim xaotik, sistemsiz düşüncələr Elmira Axundovanın yenicə çapdan çıxan, təkcə ədəbi axtarışların deyil, həm də ömrün bir mərhələsinə yekun xarakteri daşıyan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..." kitabı ilə tanış olarkən  beynimdən keçdi...

Bu kitabın ardınca mən də xəyali səyahətə çıxdım. Olub-keçənləri xatırladım, çoxlu tanış üzlər gördüm, tanış səslər eşitdim. Elmiranın bələdçiliyi ilə zamana və tarixə, ədəbiyyat və siyasət dünyasına baş vurmağım yaddaşımda ən müxtəlif hisslər doğurdu. Vaxtsız, əvəzolunmaz itkilərə görə kədər və təəssüf hissi yaşadım. Bizimlə birlikdə addımlayan dost və həmkarlarımızın özlərini reklam etmədən gördükləri böyük, nəcib işlərlə tanış olanda daxilən qürurlandım.

"Səyahətlər" yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən görünən uca nöqtədən - Heydər Əliyev zirvəsindən başlanır. 1992-ci ildə, blokada şəraitində yaşayan Naxçıvanda Heydər Əliyevdən - bir neçə il əvvələ qədər keçmiş SSRİ-nin liderlərndən biri kimi tanınan tarixi şəxsiyyətdən ilk dəfə müsahibə alandan sonra bu mövzu Elmiranın bədii-publisist yaradıcılığının əsas xəttinə çevrildi. "Naşirin qətli", "Şüşə saray" adlı sənədli siyasi-detektiv janrda yazılmış, ən başlıcası isə dövlət başçısının təqdirini qazanmış populyar kitabları bu istiqamətdə atılan birinci addım oldu. Elmira Axundova həmin kitablarda ilk dəfə gerçək faktlar fonunda Heydər Əliyevin inandırıcı bədii obrazını yaratmışdı.

Bir dəfə Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildli sənədli romanından danışarkən ümumi dostumuz və diplomat həmkarımız Həsən Həsənov dedi ki, Azərbaycanda belə ağır, məsuliyyətli yükün altına yalnız Elmira girə bilərdi. Heydər Əliyevin adına, şəxsiyyətinə və fəaliyyətinə dair yüksək bədii məziyyətlərə malik, siyasi ab-havanı və tarixi faktları dəqiq əks etdirən bir əsəri yalnız o yazıb başa çatdıra bilərdi. Yalnız onun biliyi, zəhmətkeşliyi, hər insanla öz dilində danışmaq bacarığı belə bir işin öhdəsindən gəlməyə imkan verə bilərdi...

Elmira Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlamışdı. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən idi. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı kitabında toplanmışdı.

Sonra Elmira dövlət başçısının rəsmi bioqrafı kimi çıxış etməyə başladı. "Ədəbi səyahətlər"də də etiraf etdiyinə görə, bu istəyin kökü mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın. Əgər belə demək mümkünsə, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı  olsun.

Elmira Böyük insanın arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaq qərarına gəldi. Yalnız həmin vaxta qədər yazılanları, arxiv  materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbət elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə ortaya artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını qoydu.

Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminəm ki, onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək.

Müstəqillik dönəmində Azərbaycana rəhbərlik edən, ölkənin simasını dəyişən  iki parlaq, xarizmatik dövlət başçısı - Heydər Əliyev və İlham Əliyev Elmiranın yeni kitabının, zamana və tarixə səyahətinin qəhrəmanları, yol yoldaşları, həm də yolgöstərənləri, bələdçiləri arasındadır. Prezident haqqında yazdığı "İlham Əliyev: Dəyişikliklər fonunda Prezidentin portreti"  kitabı indiyə qədər müxtəlif xarici dillərə  tərcümə edilib.

"Ədəbi səyahətlər"də hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Mövzuya müraciət səbəbləri müxtəlif olsa da, hamısını birləşdirən bir ümumi cəhət var - "xalq öz qəhrəmanlarını tanımalıdır".  Gizli deyil ki, yaxşı tanıdığın, eyni zamanda cəmiyyətdə də yetərincə tanınan insanlar haqda danışmaq asan olduğu qədər də çətindir. Elmiranın son kitabı mənim nəzərimdə "tanış üzlər" mövzusunda tanış olmadığımız, bilmədiyimiz faktlar, müşahidə və təəssüratlar toplusudur. Özünəməxsus ensiklopediyadır, cəlbedici ədəbi-bədii soraq kitabçasıdır, kədəri və sevinci, acıları və qürur hissi ilə dolu bütöv bir insan tipləri  qalereyasıdır.

Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyət göstərmiş, bu gün də ön səflərdə olan onlarla insanın biri-birindən maraqlı, görümlü portretləri yaradılıb. Həmin "söz tablolarını" birləşdirən ümumi mənəvi-psixoloji cəhət - əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Çünki Elmira Axundova milli mədəniyyətə xidmət etmiş, xalqın tarixində kiçik də olsa iz qoymuş hər bir sənət fədaisinin, qələm adamının, ictimai-siyasi xadimin həqiqi və layiqli qiymətini almasına çalışır. Xüsusən də sənət dostlarından kimsənin haqsız yerə unudulmasını istəmir. Bəlkə buna görə də kitabda martiroloqlar - həyatda olmayan insanlar haqda yazılar nisbətən geniş yer tutur.

Onlardan bəzilərini mən də yaxşı tanıyırdım. Birgə yol keçmişdik...

Həssaslıq və dəqiqliklə "Azərbaycan ədəbiyyatşünaslığının son romantiki" adlandırdığı professor Arif Hacıyev İnstitutda şöbə müdirim idi. Demək olar ki, dostluq münasibətləri saxlayırdıq. Həqiqi alim, saf və dürüst insan idi. 35 yaşında elmlər doktoru, professor olsa da, fikrimcə, həyat üzünə gülməmişdi. Tənhalıq sindromundan əziyyət çəkirdi.  Bəlkə ətrafındakılar da ona yad kimi baxırdılar. Vaxtsız vəfatından illər sonra Arif müəllimin 80 illik yubileyi də kimsənin yadına düşməmişdi. Yalnız Elmira onu unutqanlıq dumanından çıxarmış, səmimi xatirələrlə yad etmişdi...

Ədəbi həyatdan yaxşı tanıdığım, yadımda həmişə gənc, üzügülər, nikbin insan kimi qalmış Siyavuş Mustafazadə, dəqiqliyi, səmimiliyi, centlmenliyi ilə seçilən tənqidçi  Həsən Quliyev, şəkililərə xas bütün gözəl xüsusiyyətləri özündə birləşdirən naşir və tərcüməçi Azər Mustafazadə, Vurğun ocağının yetirmələri - Yusif və Vaqif Səmədoğlu qardaşları, Azərbaycanın kino tarixində qəfil meteor kimi parlayıb sönən istedadlı rejissor Əli Qafarov, "Azadlıq" radiosundakı milli-vətənpərvər fəaliyyəti ilə tanınan jurnalist Elmira Əmrahqızı, ölkəmizin tarixindəki ən gənc siyasi lider Nazim Hacıyev... Və daha neçələri... Xatirələrdə yaşayan bu insanlar haqda işıqlı-kədərli rekviyemləri təəssüf və ağrı hissi keçirmədən oxumaq olmur.

Azərbaycanın dostları və təbliğatçıları kimi tanınan məşhur qazax şairi Oljas Suleymenev, tənqidçi-publisist, "Literaturnaya qazeta"nın xüsusi müxbiri Lyudmila Lavrova, milli maraqlarımızın ehtiraslı müdafiəçisi, yəhudi balası Arye Qut, hərb tariximizə dair qiymətli araşdırmaların müəllifi Rudolf İvanov, daim haqq işimizin tərəfdarı kimi gördüyümüz Qalina Mikeladze... Elmira onları elə nəcib, minnətdar boyalarla təqdim edir ki, bu portret-oçerklərlə tanış olan əcnəbi müəlliflərin günün birində ölkəmizin və xalqımızın dostuna çevriləcəklərinə inam yaranır.

Xalq yazıçısı, səfir Elmira Axundova qələm dostları və diplomat həmkarları haqda da silsilə portret-oçerklərin müəllifidir. 2019-cu ildə böyük fikir adamı Əhməd Ağaoğlunun 150 illik yubileyi münasibəti ilə çap etdirdiyim kitablara ilk olaraq o, obyektiv və səxavətli qiymət verdi. Həmin məqalənin bu məcmuəyə daxil olunması isə ikiqat xoşdur. Elmiranın tanınmış yazıçılarımızdan İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti çəkən başqa bir mühüm cəhət isə Elmiranın məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır.

Mövzu genişliyinə və müxtəlifliyinə,  haqqında söz açılan yaradıcı şəxsiyyətlərin bolluğuna və rəngarəngliyinə görə "Səyahətlər"i Xalq yazıçısı Anarın müəllifi olduğu  məşhur "Azərbaycanın siması" ("Lik Azerbaydjana") ensiklopedik nəşri ilə müqayisə etmək mümkündür. Elmira Axundova da böyük müasiri kimi ədəbiyyat və ictimai-siyasi həyatda keçirdiyi on illərin yüksəkliyindən dövrün mədəni kaleydeskopunu yaratmağa çalışmış və fikrimcə, istəyinə nail olmuşdur.

Hələlik Elmiranın sonuncu çap edilmiş kitabı olduğu, həm də müəllifin müəyyən mənada ədəbi-mədəni fikrimizin müstəqillik illərini əhatə edən bütöv bir dövrünə yekun vurduğu üçün üzərində bir qədər geniş dayandığım "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər" toplusu qarşıya qoyulmuş məqsədə nail olub.

Nəticə etibarı ilə "səyahətlər" (əslində sərlövhəyə çıxarılan "stranstvovanie" sözü rus dilində daha geniş anlamı ehtiva edir, onu bəlkə də "ölkə-ölkə gəzmək", "gəzib axtarmaq", "gəzib baxmaq" kimi tərcümə etmək daha doğru olardı) zamanın obrazını canlandırmağa, onu maraqlı süjetlərlə yaddaşlara hopdurmağa, yeni fikir və düşüncələr üçün çıxış nöqtəsinə çevirməyə imkan yaradır...

lll

Həyatının mühüm mərhələsinə yekun vurduğu bu günlərdə Elmira xanımın yaradıcı fəaliyyətinin davamı olan "praktiki işləri" ilə bağlı iki epizodun üzərində də dayanmaq istərdim. Əslində isə belə epizodlar çoxdur.

 Bunu söyləmək artıqdır ki, ikimiz də qazandığımız bir çox uğurlara görə özümüzü mərhum Prezident Heydər Əliyevə borclu sayırıq. Böyük insanı daha geniş miqyasda tanıtmağa, irsini və şəxsiyyətini təbliğ etməyə çalışırıq.

Bu düşüncələrlə 2016-cı ildə "Heydər Əliyev. Şəxsiyyət və zaman" üçcildliyini macar dilində çap etdirmək qərarına gəldik. Tanınmış tərcüməçi Tamaş Varheqi kitabları çevirməyi öhdəsinə götürdü. Müəllif də əvvəldən axıra qədər kömək və məsləhətlərin əsirgəmədi. İşin həcmi böyük olduğundan layihəni 2019-cu ildə başa çatdırdıq. Kitabı təmənnasız olaraq Macarıstanın 100-dən çox kitabxanasına hədiyyə etdik. Müəllifin iştirakı ilə Budapeştdə  gözəl təqdimat mərasimi keçirdik. Səfirliyin böyük salonuna toplaşanlar Elmira xanımın Heydər Əliyev haqqında danışdığı biri-birindən maraqlı epizodlara heyranlıqla qulaq asırdılar...

Budapeştə həm də Milli Məclisin deputatı kimi gələn Elmira xanım bir sıra faydalı görüşlər keçirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə gözdən əlil və fiziki cəhətdən qüsurlu uşaqlar üçün tikilmiş məktəb-yataqxananı ziyarət etdi...

Rusiyanın Ukraynaya hücumundan iki həftə əvvəl isə mən Kiyevdə idim. Səfir Elmira Axundovanın dəvəti ilə hər baxımdan sələfimiz adlandırıla biləcək başqa bir yazıçı-diplomatın - Cümhuriyyət hökumətinin Ukraynaya təyin etdiyi ilk səfir, Kiyev universitetinin məzunu Yusif Vəzirlə bağlı anım mərasimində iştirak edirdim.

Onu da deyim ki, Elmira yeni ideyalara, maraqlı təkliflərə çox həssasdır. Bəzən kiçik bir detal, adi bir təəssürat onu axtarış və tapıntlarla zəngin olan böyük yola çıxarır, çoxlarının bacarmadığı yaddaqalan işlər görməsinə təkan verir.

Dost ölkəyə səfir kimi fəaliyyətə hazırlaşdığı vaxt da belə oldu. Təcrübəli həmkar kimi mənə zəng vurmuşdu. Xalqımızı daha yaxşı tanıtmaq, tarix və mədəniyyətimizi təbliğ etmək üçün ilk növbədə hansı işləri görməyin məqsədə uyğunluğu haqda fikir mübadiləsi aparırdıq. Yusif Vəzirin mövcud problemlərlə sıx səsləşən "Studentlər" romanının Ukrayna dilinə tərcüməsinin yerinə düşəcəyini dedim. Elmira dərhal bu ideyanı tutdu. Bir neçə aydan sonra əsərin orijinaldan çevrilmiş Ukrayna variantı artıq hazır idi. Mənim ön sözümlə Kiyev nəşriyyatlarından birində nəfis şəkildə çap olundu.

Kitab təqdimatından başlayan proses ortaya çarizm dövründə "Müqəddəs Vladimir" adlanan bu universitetin hüquq fakültəsini 1915-ci ildə bitirmiş Yusif Vəzirlə bağlı digər ideyalar çıxardı. Bəlkə ali məktəbin divarına şöhrətli məzunun xatirə lövhəsi vurulsun? Bəlkə tədris otaqlarında biri "Yusif Vəzir auditoriyası" adlandırılsın və təqdimat da elə orada keçirilsin?

Aydın məsələdir ki, təklif vermək asan, onu yerinə yetirmək isə son dərəcə çətindir. Birdən-birə ağlıma gələn bu fikirləri səsləndirəndə onların yaxın gələcəkdə həyata keçiriləcəyinə o qədər də ümid etmirdim.

Amma Elmira bütün universiteti ayağa qaldırdı. Hüquq fakültəsinin ən yaxşı tədris otaqlarından birinin "Yusif Vəzir auditoriyası" üçün ayrılmasına nail oldu. Qarşısında yazıçı-diplomatın barelyefinin vurulmasına razılıq aldı.

Səfir xanım bununla da kifayətlənmədi. Auditoriyanı zövqlə təmir etdirdi. Bakıya gedib Yusif Vəzirin şəxsi arxivindən həyatının Kiyev dövrü ilə bağlı bəzi sənədlərin surətlərini, müxtəlif dillərdə çap olunmuş kitablarını, tələbəlik illəri ilə bağlı foto-şəkillərini, dövrün ruhunu əks etdirən bəzi milli artifaktları gətirdi.

Beləcə Yusif Vəzir auditoriyası həm də kiçik Yusif Vəzir muzeyinə çevrildi. Universitet rəhbərliyinin, Ukrayna ədəbi-elmi ictimaiyyəti nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin iştirakı ilə anım mərasimi də elə bu geniş, işıqlı auditoriyada başlandı, böyük Akt zalında başa çatdırıldı.

Kiyevdə olduğum günlərdə səfir Elmira Axundovanın yalnız paytaxtda deyil,  Ukrayna miqyasında böyük hörmət qazandığını gördüm. Kiyev ətrafındakı İpren şəhərində, Zərifə Əliyevanın adını daşıyan məktəbdə olduq. Şəhər parkındakı abidəsini ziyarət etdik. Kiyevin mərkəzində Nizami Gəncəvinin açılışa hazır olan abidə kompleksinə baxdıq. Müəllif, (Kiyev universitetindəki Yusif Vəzir barelyefi də onun işidir) Ukraynanın Xalq rəssamı Katib Məmmədovla söhbət etdik. Xanım səfirimizin qısa müddətli fəaliyyəti ərzində Azərbaycan-Ukrayna əlaqələri geniş miqyas almışdı. Lakin təəssüf ki, müharibə hər şeyi yarıda qoydu...

Müharibə hələ də davam edir. Odur ki, səfir Elmira Axundova bir ildən çoxdur ki, Bakıdadır. Bilmirəm, vəzifəsinin başına nə vaxt qayıda biləcək. Ümumiyyətlə, qayıda biləcəkmi? Amma yazıçı-publisist Elmira Axundova ikinci əsas iş yerindən - yazı masasından heç vaxt ayrılmır.

"Heydər Əliyev İli" çərçivəsində elektron mediada məşhur 6 cildliyə düşməyən maraqlı materialları, müsahibələri çap olunur. Qısa müddətdə Zərifə xanım və Heydər Əliyevin nəsillərə nümunə olan ailə münasibətləri haqqında ibrətamiz fakt və xatirələrlə zəngin "Əbədiyaşar məhəbbət" kitabını hazırlayıb oxuculara təqdim etdi (Yeri gəlmişkən, rusca qələmə alınmış həmin əsər mənim azərbaycancaya tərcüməmdə,  təəssüratlarımdan doğan sözardı ilə birlikdə "Teass-Press" nəriyyatında çap olundu). Müasir ədəbi proses haqda yazır, tərcümələr edir. Yeni əsərləri üçün material toplayır. Bir sözlə, zamanın dərinliyinə və intəhasızlığına, insan talelərinə və süjetlərə, hadisə və situasiyalara səyahət davam edir.

Elmira xanım hər belə səyahətdən mütləq əli və ürəyi dolu, yeni əsərlərlə qayıdır.

Bizə isə sadəcə "Yolunuz açıq olsun!" - demək qalır.

P.S. Fürsətdən istifadə edib Elmira xanımı ömür yolunun yaddaqalan günü - gözəl yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Şəxsi həyatında xoşbəxtlik və cansağlığı, yaradıcılığında yeni böyük uğurlar arzulayıram. İnanıram ki, hələ uzun illər xalqımız və ölkəmiz üçün uğurlu, faydalı fəaliyyətini şərəflə davam etdirəcək!

Sarayevo, may, 2023-cü il.

 





22.05.2023    çap et  çap et