525.Az

"Yadındamı": keçmişə yeni baxış - Sevda Sultanova yazır


 

"Yadındamı": keçmişə yeni baxış - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Televiziya ilə bağlı yazılarımda tənqid diskursunun daha çox yer almasını günün reallığı diktə eləyir. Elə bir vəziyyət yaranıb ki, televiziyadakı mövcud vəziyyətə hər yerdə - yazılı və elektron mediadan başqa, sosial şəbəkələrdə, həmçinin, millət vəkillərinin, ayrı-ayrı ziyalıların çıxışlarında da toxunulur. Problem həm də ondadır ki, keyfiyyətsiz, ideyasız teleproqramların çoxluğu içində tək-tük peşəkar verilişlər görünməz qalır. Bu yazımda azsaylı keyfiyyətli proqramlardan biri - ATV-nin efirində hər həftə yayımlanan "Yadındamı" haqqında bəzi qeydlərimi edəcəyəm.

2019-cu ildən hazırlanan "Yadındamı"nın adı ilk baxışda poetik təsir bağışlasa da (Oqtay Ağayevin oxuduğu "Yadındamı, ötən günlər" mahnısından),  proqram araşdırma xarakterlidir, faktlara söykənir, informativ və təhlili mətnə əsaslanır. "Yadındamı"nın ideya və ssenari müəllifi Füzuli Sabiroğludur. Füzuli Sabiroğlu 50-dən çox sənədli filmin rejissorudur, yazıçılıq fəaliyyəti ilə məşğuldur, uzun illik televiziya təcrübəsinə və Azərbaycanın mədəni-tarixi həyatı ilə bağlı dərin bilgilərə malikdir. Ümumiyyətlə isə, Füzuli Sabiroğlu ölkə mədəniyyəti üçün çox vacib iş görür; onun tədqiqatları nəticəsində ölkənin müxtəlif sahələrini əhatə edən, unudulmuş audiovizual arxiv materialları üzə çıxıb, mediada yayılaraq səs-küyə səbəb olub:  "Bizim Cəbiş müəllim" filmindən Həsən Seyidbəylinin bu ekran əsərinə daxil eləmədiyi səhnə, "Qayınana" filminin çəkiliş prosesi və filmin rejissoru Hüseyn Seyidzadənin müsahibəsi, 1956-cı ildə keçirilmiş Gənclər Festivalından maraqlı görüntülər və s. 2004-cü ildən başlayaraq, Füzuli Sabiroğlu Dövlət Film Fondu, Kino-Foto Sənədləri Arxivi, Dövlət televiziyasının arxivləri ilə işləyərək xeyli material toplayıb. Və Azərbaycanın quruculuq, mədəni, ictimai-siyasi həyatına ekskurs eləyən  "Yadındamı" verilişinin ssenari müəllifi məhz onun olması təsadüfi deyil.

Ölkədə müxtəlif illərdə baş vermiş mühüm hadisələrin, şəhərlərin, tikililərin tarixi ilə bağlı maraqlı məlumatlar ötürən verilişin üstün cəhətləri çoxdur. Mətnlər lakonikdir, dolğundur, vizual konsepsiyası səliqəli, dinamikdir (bəzən mövzuya uyğun bədii səhnələrdən istifadə olunur), dramaturgiya düzgün qurulub və 30-40 dəqiqə ərzində mövzuya dair vacib bilgilər alırsan.

Araşdırma xarakterli bu tip verilişlərin (buna film də demək olar) uğuru əlbəttə ki, təkcə rejissor həllindən, redaktor və ssenaristin əməyindən asılı deyil. Nüfuzu və baxımlılığı təmin eləyən faktorlardan biri aparıcının şəxsiyyəti, energetikası, intellekti, mövzuya dərindən bələd olması və onu tamaşaçıya çatdıra bilmək ustalığıdır. Efirə çıxdığı ilk dönəmdə verilişin aparıcısı Mir Səməd Cəfərli idi. Mir Səməd Cəfərli uzun illər xəbərlər proqramlarının, ictimai siyasi verilişlərin aparıcısı qismində çalışıb. Hərçənd, təcrübəli xəbər aparıcısı olsa da, "Yadındamı"nın mətnləri onun təqdimatında bir qədər monoton səslənir, bədən diliylə ötürdüyü vizual informasiya sanki mətnin mahiyyəti ilə sinxronlaşmırdı. Yəqin ki, bu, onun xəbər proqramlarında sadəcə inormasiya ötürücüsü olması faktıyla bağlı idi. Sonrakı mövsümdə onu aktyor Faiq Mirzə əvəzlədi.  Faiq Mirzənin dilin xırdalıqlarına və faktlara bələdsizliyi mətnin səslənməsi zamanı özünü büruzə verirdi və belə təsəvvür yaranırdı ki, o, mövzunun kontekstindən kənardadır. 

İndi isə verilişi kinorejissor Mübariz Nağıyev təqdim edir (o, həm də verilişin rejissorudur). Bədii və sənədli filmlər müəllifi Mübariz Nağıyev, mənə elə gəlir ki, "Yadındamı"nın ən uğrulu aparıcısıdır. Mübariz Nağıyevi rejissor kimi tanıyırdım, amma onu bu verilişdə bir aparıcı kimi kəşf elədim. O, sxematik danışmır, əhəmiyyətli vurğuları harda edəcəyini bilir, bu mənada mövzuya bələdçiliyi sezilir, intellektual obraza malikdir.

"Yadındamı" onun rejissor təqdimatında daha çox estetikdir: bu, özünü rəng həllində də, rakurslarda da (operatorlar Elvin Zeynalov, Suada Quliyeva), artıq kadrın olmamasında da, dəqiq montaj vurğularında da göstərir.  

"Yadındamı"nın bütün buraxılışları maraqlıdır. Onlardan biri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tarixi ilə bağlıydı. Teatrın yaranması, bağlanma səbəbləri, yenidən açılması, repertuarı, yaradıcı mühitindəki problemlərə qədər bir çox məsələlər dramaturji ardıcıllıqla təqdim olunurdu.

Teatrın bağlanma səbəbi, elə indi də ara-sıra səslənən tezislə - teatrların özünü maliyyələşməyə keçməsiylə bağlıydı. 1948-cu ildə totalitar rejimin "incəsənətdə formalizmlə mübarizə" adı altında yürütdüyü siyasət sənət proseslərinə zərbə vurdu. Həmin illərdə hökumətin qərarı ilə bütün dövlət teatrları özünümaliyyəşməyə keçirildi. Nəticədə Azərbaycanın bır sıra bölgələrində fəaliyyət göstərən xeyli teatr bağlandı. Bu qərardan əziyyət çəkən qurumlardan biri də Musiqili Komediya Teatrı idi. Teatrın kollektivi dağıldı, aktyorlar digər teatrlara üz tutmalı oldular və nəticədə, bu sahədə peşəkar səviyyədə formalaşmağa başlayan ənənələrə zərbə dəydi. Maraqlı faktlardan biri bu idi ki, hələ o vaxt istedadı ilə diqqəti çəkən Nəsibə Zeynalova işsizlik ucbatından "Nizami" kinoteatrının yay zalında bir müddət kassir işləməyə məcbur qaldı. Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-də, digər sahələrdə olduğu kimi, mədəni sferada da müsbət dəyişikliklər baş verir, nəticədə Musiqili Komediya Teatrının məsələsi gündəmə gəlir və teatr yenidən bərpa olunur.  

Mənim üçün bu verilişdə yenilik məşhur "Qayınana" əsərinin taleyi haqda verilən məlumat idi. Məsələ ondadır ki, 1964-cü ildə Məcid Şamxalovun "Qayınana" komediyasının librettosu kitabça formatında çap olunubmuş. Həmin nəşrin ön sözündə deyilir ki, komediya ilk dəfə 1957-ci ildə Azərbaycanın bölgə teatrlarında (Gəncə, Naxçıvan, Mingəçevir, Sumqayıt) tamaşaya qoyulub. Daha sonra isə digər respublikaların - Özbəkistan, Ermənistan, Türkmənistan, Tacikistan, Dağıstan, hətta Bolqarıstan teatrlarının diqqətini də cəlb eləyir və sözügedən ölkələrdə dəfələrlə oynanılaraq uğur qazanır. Azərbaycanın paytaxtında isə əsərə yalnız bu kitabça çap olunandan sonra, 1964-cü ildə quruluş verilir. 1978-ci ildə isə Hüseyn Seyidzadənin eyniadlı bədii filmi ekranlaşdırır.

Hərçənd, verilişdə aparıcının qeyd etdiyi "əsərin komediya janrının tələblərindən aşağı olmasına baxmayaraq" fikriylə tam razılaşa bilmirəm. Çünki bugünün prizmasından baxanda "Qayınana" bütün hallarda, ailə-məişət mövzusundakı komediya janrında çəkilmiş filmlərin ssenarilərini və ya tamaşaları bir çox məziyyətlərinə görə (yumor hissi və keyfiyyəti, obrazların konsepsiyası, dramaturgiya, ötürdüyü mesajlara və s.) üstələyir.

Əslində "Qayınana" əsəri ilə bağlı sovet dönəmində qazanılmış bu təcrübə bizim üçün bir model rolunu oynaya bilər; müasir dövrdə necə əsərlər yazılmalıdır ki, o, təkcə bizə yox, başqa ölkələr üçün də maraqlı olsun.

Düzdür, verilişdə qeyd edildi ki, Nəsibə Zeynalovanın baş rolu oynadığı bu tamaşanın anşlaqla keçməsində məhz aktrisanın istedadı, obrazı özünüküləşdirməsi böyük rol oynayıb. Hətta qayınana rolunda onun dublyoru Nəcibə Behbudova olsa da, tamaşaçılar məhz Nəsibə Zeynalovaya görə gəlirmişlər. Və afişada Nəcibə Behbudovanın adı yazılanda zalın yarıdan çoxu boş qalırmış. Lakin bu, faktdır ki, əsər 1964-cü ilə, hələ Musiqili Komediya Teatrında oynanılanadək artıq digər ölkələrdə maraq doğurmuşdu. 

Nəsə, mətləbdən çox uzaqlaşdım, mövzuya qayıdım. Arxiv materiallarından uyğun istifadə - "Qayınana" tamaşasının hazırlıq mərhələsində bəstəkar Zakir Bağırovun, rəssam Böyükağa Mirzəzadənin, rejissor Niyazi Şərifzadənin, əsərin müəllifi Məcid Şamxalovun yaradıcı müzakirələri, premyeradan kadrlar, 1940-cı illərin sonunda teatrın ləğvindən əvvəl Lültfəli Abdullayevin, Əhməd Anatollunun, Aliyə Terequlovanın ifasında "Arşın mal alan"dan və digər tamaşalardan fraqmentlər verilişin təsvir sırasını daha da zənginləşdirir.

Proqramın maraqlı buraxılışlardan biri də Sumqayıt şəhərinin yaranma tarixi ilə bağlıdır. Sumqayıta şəhər statusunun verilməsinin tarixçəsi, məhz burada sənayeləşmənin səbəbləri, mədəni həyatdan fakt-təsvirlər, mədəniyyət obyektlərinin tikintisinə dair mətnlər heç görmədiyimiz vizual informasiyalar, fotolar və lentə alınmış sənədli xronika ilə müşayiət olunur. Süleyman Dəmirəlin 1967-ci ildə Sumqayıta səfəri ilə bağlı süjetin (yeri gəlmişkən, görüntünü aşkara çıxaran Füzuli Sabiroğlu olub) diktor mətnində isə Azərbaycan və Türkiyə arasındakı dostluq münasibətləri xüsusi vurğulanır. 2001-ci ildə "Azərtac"a verdiyi müsahibədə Süleyman Dəmirəl səfərini belə xatırlayırdı: "Mən 1967-ci ildə Türkiyənin Baş naziri olaraq Bakını ziyarət etdim, o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Onda münasibətlər qapalı idi. Sumqayıt şəhərini tanıyıram. 1967-ci ildə Azərbaycana gələndə oraya getdim. Möhtəşəm bir şəhərdir".

Araşdırmadan məlum olur ki, sovet dönəmində xarici dövlət xadimlərinin tez-tez səfər elədiyi şəhərlərdən biri Sumqayıt idi və məqsəd yox yerdən var edilən bir şəhərin sənaye qüdrətini nümayiş etdirmək olub. Və sovet dönəmində şəhərin göz oxşayan təsvirlərindən sonra 1980-ci illərin sonlarına keçid, iqitsadi çöküşün nəticəsinin şəhərin görkəminə və sakinlərinə təsiri kədərli ovqat oyadır.

Ümumiyyətlə, "Yadındamı" verilişində mövzular hərtərəfli siyasi, mədəni, sosial tərəflərdən araşdırılır. Analoji yanaşma Sovet İttifaqında Yeni il bayramının rəsmi bayramlar arasında yer almasının tarixçəsinə həsr olunan verilişdə də əksini tapır. 1930-cu illərdə bu bayramın ailə çərçivəsində keçirilməsinə icazə verilməsinə səbəb uşaqlar olub. Həmin illərdə Ukrayna Kommunist Partiyasının ikinci katibinin "Uşaqlara yaxşı yolka təşkil edək" məktubundan sonra Yeni il bayramının keçirilməsi SSRİ-də aktuallaşıb. 1947-ci ildən rəsmi bayram kimi təqvimə salınan Yeni il ənənələrinin formalaşması, yeməklərdən tutmuş yolkalara qədər, sovet adamlarının Yeni il hazırlıqları, məişətdə, sosial-mədəni həyatda bayramın təsiri ilə bağlı müxtəlif məqamlardan söhbət açılır. Misalçün, 1971-ci ildə güclü qar yağması səbəbindən Yeni il süfrələrini bəzəyən nemətlərdən birinin - naringinin qıtlığını əks etdirən retro süjet, 1980-ci illərdə Yeni il ərəfəsində Bakı sakinləri arasında keçirilən sorğuda, "Yeni il televiziya şənliklərindən nə gözləyirsiz" sualına cavabda adamların tənqidi mövqeyi ("Maraqlı nəsə olsun, şablon olmasın, təzə bir şey görmək istərdik" kimi) sözügedən buraxılışın maraqlı epizodlarındandır.

"Yadındamı" üzümçülüyün tarixi, toy ənənəsi, memarlıq,  az festivalı, 1967-ci ildə ermənilərin Xankəndində azərbaycanlıları qətlə yetirməsi, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra Dağlıq Qarabağda erməni millətçilərini razı salmayan yeni elmi-mədəni mühitin formalaşmasına şərait yaratması, bölgəyə diqqəti və digər vacib mövzularla zəngindir.

Bir sözlə, digər kanallar kimi, efirində şou proqramların daha çox yer aldığı ATV-də "Yadındamı" kimi əhəmiyyətli verilişin mövcudluğuna ancaq sevinmək olar. Və təbii ki, biz də ümumən Azərbaycan teleməkanında peşəkar layihələrin artmasını arzulayırıq.

 

 

 

 





22.05.2023    çap et  çap et