525.Az

Küt "Xəncər" - Xaqani Cəfərli yazır


 

Küt "Xəncər" - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Beş il əvvəl Prezident Vladimir Putin Federal Məclisə müraciəti zamanı "Xəncər" adlı səs sürətini 10 dəfə üstələyən hipersəs sürətlə uçan X-47M2 raketini nümayiş etdirmişdi. O zaman Prezident Putinin nümayiş etdirdiyi videoda qeyd olunurdu ki, MiQ-31K-dan atılan "Xəncər"in uçuş yolunun bütün hissələrində manevrlər etmək qabiliyyətinə malik olduğu üçün dünyada mövcud olan bütün müdafiə sistemlərini etibarlı şəkildə aşmağa imkan verir. Dövlət başçısı səs sürətini 10 dəfə üstələyən "Xəncər"in 2014-cü ilin dekabrından döyüş növbətçiliyini yerinə yetirməyə başladığını bildirmişdi. O zamandan da "Xəncər"in qarşısıalınmaz olub-olmaması ilə bağlı müzakirələr başlamışdı. Bir sıra ekspertlər hər hansı digər silah kimi "Xəncər"in də qarşısıalınmaz olmadığını qeyd edirdilər. Ekspertlər "Xəncər"in imkanlarının şişirdildiyini bildirirdilər. Ekspertlər qeyd edirdilər ki, "Xəncər" bərk yanacaqla işləyən mühərrikə sahib olduğu üçün ən yaxşı halda 15-20 saniyə bu sürətlə uça bilər. Mühərrik söndükdən sonra raket ballistik trayektoriya ilə hədəfə doğru uçur. Bu zaman isə atmosferin müqaviməti və raketin etdiyi manevrlər səbəbindən sürəti güclü şəkildə aşağı düşür. Yaxın mənzilli ballistik raketlərin döyüş başlıqlarının düşmə sürəti bir qayda olaraq 3-4 Max-dır. "Xəncər"in aid olduğu raketlərin idarə olunan döyüş başlıqlarının sürəti daha az - 2-3 Max-dır. Ekspertlər "Xəncər"in sürətinin də bundan çox olmayacağını qeyd edirdilər.

"Xəncər"in raket əleyhinə sistemlərdən yayına bilmək üçün proqramlaşdırılmış manevrlərin alqoritminin müəyyənləşdirilməsi ehtimalının da yüksək olduğu, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin "Xəncər"i vuracaq imkanlara malik olduğu bildirilirdi. Rusiya rəsmiləri və təbliğat maşını isə ekspertlərin bütün iradlarını rədd edir və "Xəncər"in qarşısıalnmaz olduğunu deyirdilər. Bu müzakirələri izləyənlərdə belə qənaət yaranırdı ki, real döyüşdə istifadə olunmadan "Xəncər"in real imkanları naməlum olaraq qalacaq.

Rusiya hakimiyyətinin "Xəncər"lə bağlı təbliğatı müəyyən effekt vermiş və Avropa ictimaiyyətində narahatlığa, hətta qorxuya səbəb olmuşdu. Buna görə bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin "Xəncər"i zərərsizləşdirmələri haqqında məlumat bütün dünyada geniş əks-səda doğurdu. Mayın 8-də Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Ukraynanın Kiyev səmasında Rusiyaya məxsus "Xəncər"i vurduqlarını təsdiqlədi. Bundan öncə - mayın 4-də Avropa Xarici Əlaqələr Şurasının (ECFR) hərbi eksperti Qustav Qressel öz tviter səhifəsində yazmışdı ki, Ukrayna Silahlı Qüvvələri Amerikanın "Patriot" hava hücumundan müdafiə sisteminin köməyi ilə Kiyev səmasında Rusiyanın "Xəncər"ini zərərsizləşirib. Yuri İqnatın açıqlaması Qustav Qresselin yaydığı məlumatın rəsmi təsdiqi oldu. Məlum oldu ki, Ukrayna hərbçiləri Rusiyanın qarşısıalınmaz elan etdiyi "Xəncər" raketini həqiqətən ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sisteminin köməyi ilə vurmağa nail olub. Bu hadisə hərbi ekspertlər arasında bir daha əks-səda doğurdu. Çünki ötən əsrin 70-ci illərində istehsal olunmuş "Patriot" sistemləri adi ballistik raketlərə qarşı yaradılıb. İndi onunla səsdən dəfələrlə sürətli raketin zərərsizləşdirilməsi "Xəncər"in qarşısıalınmaz silah olduğu haqqında Rusiya təbliğatının yaratdığı mifi bir anın içində dağıtdı.

Rusiya rəsmiləri Ukraynanın iddiasını rədd edərək, "Xəncər"dən istifadə etmədiklərini bildirirdilər. Bundan sonra Ukrayna hərbçiləri "Xəncər"in qalıqlarını nümayiş etdirdilər. Ukraynanın "Defence Express" nəşri "Xəncər"in qalıqlarının fotoşəkillərini bütün dünyaya yaydı. Daha sonra məlum oldu ki, Ukrayna "Xəncər"in qalıqlarını ekspertiza üçün ABŞ-a göndərəcək. ABŞ Müdafiə Nazirliyi də "Xəncər"in zərərsizləşdirilməsi haqqında məlumatı təsdiq etdi.

Mayın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri daha altı ədəd "Xəncər"i zərərsizləşdirdiklərini bəyan etdilər. Mayın 16-a keçən gecə Rusiya Ukrayna paytaxtını altı ədəd "Xəncər", doqquz ədəd "Kalibr" və üç S-300 və S-400 raketləri, o cümlədən, "Shahed" və "Orlan" pilotsuz uçuş aparatları zərbə endirməyə çalışmışdı. Lakin bu raketlər və dronlar Ukrayna paytaxtına ciddi zərər vura bilmədi. Məlum oldu ki, Kiyev şəhərinin səması etibarlı şəkildə qorunur. Ukrayna paytaxtının etibarlı qorunduğu məlum olduğu kimi, "Xəncər" haqqında mif də iflasa uğradı. Eyni zamanda, "Xəncər"in səsdən dəfələrlə sürətli olması üçün kriteriyalara cavab verməməsi haqqında nüfuzlu hərbi ekspertlərin illər öncə yazdıqları da öz təsdiqini tapdı. Nə qədər ki, Rusiya "Xəncər"dən istifadə etməmişdi, onun qorxunc silah olduğu haqqında rəy mövcud idi. İndi bu rəy dağılıb və Rusiyanın əlində küt "Xəncər" qalıb. Bütün bunlar isə dünya silah bazarında Rusiya silahına marağın kəskin azalmasına da səbəb olaraq Moskvanı daha bir gəlir mənbəyindən məhrum edir. Rusiya rəsmiləri isə bütün bunlara müdafiə sənayesində kütləvi həbslər aparmaqla reaksiya verir. Hipersəs silahların yaradılmasında iştirak edən Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITAM) alimlərinin həbsi də bu prosesin tərkib hissəsidir. Mayın 16-da Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun əməkdaşlarının Prezident Putinə açıq məktubu dərc edilib. Məktubda qeyd olunur ki, institutda yüksək sürətli aeroqazdinamika laboratoriyasının əsasını qoyan texnika elmləri doktoru, baş elmi işçi Valeri Zveqintsev dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunub. Valeri Zveqintsevdən başqa İnstitutun direktoru Aleksandr Şiplyuk və digər baş elmi işçi Anatoli Maslov da həbsdədir. Onların hamısı Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə, "Dövlətə xəyanət" ittihamı ilə həbs olunublar. Bu şəxslər hipersəs texnologiyaları ilə bağlı məlumatları başqa ölkələrə ötürməkdə ittiham olurlar. Bu günə kimi ümumilikdə 16 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onların arasında Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin keçmiş rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Aseyev də var. Alimlərdən biri, Novosibirsk Dövlət Universitetinin kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, 54 yaşlı Dmitri Kolker Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edildikdən az sonra Moskva istintaq təcridxanasında dünyasını dəyişib.

 





22.05.2023    çap et  çap et