525.Az

F-16 ittifaqı


 

F-16 ittifaqı<b style="color:red"></b>

Aprel ayında Polşa və Slovakiya Kiyevə 20-dən çox MiQ-29 qırıcısı verməklə Ukrayna Silahlı Qüvvələrinə ciddi dəstək göstərdi. İndi isə Belçika, Böyük Britaniya, Danimarka, Niderland və Norveç Ukraynanı ABŞ istehsalı F-16 qırıcıları ilə təmin etmək üçün beynəlxalq koalisiya yaratdıqlarını elan etdilər. Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, Belçika, Böyük Britaniya, Danimarka və Niderland Ukraynaya ən azı 125 ədəd F-16 qırıcısı verməyə hazırdır. Norveç ötən il ABŞ-dan 5-ci nəsil F-35 qırıcıları aldığı üçün F-16-ları Kiyevlə bölüşməyə hazırdır. Norveçin 24-dən 36-ya qədər belə döyüş təyyarəsi var. Lakin F-16-ların Ukraynaya verilməsinə Vaşinqton razılıq verməlidir. ABŞ mediasında yer alan məlumata görə, Vaşinqton hələlik bu cür müasir tipli silahların Ukraynaya verilməsinin mümkünlüyünə və zəruriliyinə şübhə ilə yanaşır. Adının açıqlanmasını istəməyən Ukrayna rəsmisi bildirib ki, ukraynalı pilotlara F-16-da birbaşa məşq etməyə icazə verilmir.

Qeyd edək ki, Vaşinqton dəfələrlə müəyyən növ silahların Ukraynaya verilməsinə qarşı çıxsa da, sonradan mövqeyini dəyişib və həmin silahlar Kiyevə verilib. Məsələn, HIMARS reaktiv yaylım atəşi sistemlərinin, "Abrams" tanklarının, "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukrayna verilməsinə də Vaşinqton öncə razılıq verməyib. Ancaq sonradan həmin silahlar Ukraynaya verilib. ABŞ-ın bu mövqeyi Rusiyanı münaqişəni gərginləşdirməyə təhrik etməmək niyyəti ilə izah edilib. Bununla belə, bu qorxular son vaxtlar səngiyib. Çünki Moskva nüvə silahından istifadə istisna olmaqla edə biləcəklərinin hamısını edib.

Ukrayna prezidenti Volodimir Zelenski inanır ki, Vaşinqtonun bu dəfə də mövqeyində dəyişiklik olacaq.

Hərbi ekspert Duqlas Barrinin fikrincə, Co Bayden administrasiyasının Ukrayna üçün F-16-ların alınması və pilotların təliminə başlaması ilə bağlı Avropa planına üstüörtülü razılıq verə bilər. Təcrübəli ukraynalı pilotlara məşq etmək üçün bir neçə ay lazım olacaq. Hələlik Co Bayden administrasiyası Ukraynanı uğurlu əks-hücum əməliyyatı üçün ehtiyac duyduğu miqdarda silahla təmin etmək niyyətindədir.

Lakin Böyük Britaniyanın mövqeyi ABŞ-ın mövqeyində sürətli dəyişikliyə səbəb ola bilər. Ona görə də Ukraynaya qırıcıların verilməsi üçün "F-16 ittifaqı" yaradan ölkələr Londonun Vaşinqtonla danışıqlar aparacağına ümid bəsləyir. Qeyri-rəsmi məlumatlara görə, Böyük Britaniya artıq bu məqsədlə Vaşinqtonla danışıqlar aparmağa başlayıb. Belə görünür ki, F-16-ların Ukraynaya verilməsi prosesi start götürüb. Belçika, Böyük Britaniya, Danimarka, Niderland və Norveçin iştirakı ilə "F-16 ittifaqı"nın yaranması bunu təsdiq edir.

 

 





23.05.2023    çap et  çap et