525.Az

Vəfa Bağırzadə: "Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim"


 

Vəfa Bağırzadə: "Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim"<b style="color:red"></b>

Müsahibimiz az yaşına rəğmən, musiqi sahəsində önəmli uğurlara imza atan gənc bəstəkar, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Vəfa Bağırzadədir.

Vəfa xanımla söhbətimizə keçməzdən öncə haqqında qısa arayış verim ki, Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.

2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin fəal gənci" mükafatına layiq görülüb.

 

- Vəfa xanım, musiqi həvəsiniz ailədən gəlir, yoxsa siz ailədəki tək musiqiçisiz?

- Ailəmizdə professional musiqi təhsili alan tək mən olsam da, musiqiyə həvəs ailəmizdə həmişə olub. Anam ədəbiyyat müəllimi, atam isə hüquqşünasdır. Yalnız dayım orta musiqi təhsilli tar ifaçısı olsa da, sonradan bu sənəti davam etdirməyib. Buna baxmayaraq, valideynlərimiz bizə həmişə həm dünya, həm də Azərbaycan klassik musiqi əsərlərini dinləməyi tövsiyə edirdilər. Musiqiyə, bəstəkarlığa yönəlməyimdə bunun da təsiri var. Bu sənəti seçdiyimi biləndə valideynlərim məni öz qərarımın öhdəsinə buraxdılar və daim dəstəklədilər. Onlar özləri musiqiçi olmasa da, hər hansı başqa bir peşəni seçməyim üçün təkid etmədilər. Hazırda əldə etdiyim bir çox uğura görə onlara borcluyam.

- Rəssamlar hər bir rəssamın bir tərzi olmalıdır deyirlər, bəs bəstəkarın necə, tərzi olmalıdırmı, sizcə?

- Bəli, hər bir bəstəkarın bir tərzi və üslubu olmalıdır. Bu tərz və üslub zamanla formalaşır. Öncə özündən əvvəlki sələflərindən və ya müəllimindən bəhrələnirsən, araşdırırsan, öyrənirsən, sonra zamanla özünəməxsus bir üslubun formalaşır... Bu üslub bəstəkarın not yazısında da bilinir.

- Sizin tərziniz nədir?

- Əsərlərimi dinləyənlər və ifa edənlər mənə deyirlər ki, sənin özünəməxsus dəsti-xəttin var. Çalışıram ki, yaradıcılığımda həm Qərb, həm də Şərq musiqi elementlərini bir araya gətirim. Buraya sufi dərviş ritmləri, muğam, caz, polifoniya, dodakofoniya və s. aiddir. Bir vəhdət halında verməyə çalışıram. Muğamlardan Çahargah muğamını çox sevirəm. Bəzən özüm də hiss etmədən yaradıcılığımda bu muğama köklənirəm. Modernist-minimalist musiqi cərəyanlarından da öz yaradıcılığımda bəhrələnməyə çalışıram. Mənə elə gəlir ki, mənim artıq üslubum formalaşıb və tanınır.

- Bu qədər bayağı musiqilərin yayıldığı bir dövrdə akademik təhsilli bəstəkar olmaq və öz musiqini bu musiqilərdən ayırmağa çalışmaq çətin deyil ki?

- Deyərdim ki, çətindir. Çünki akademik musiqilərin də dinləyici auditoriyası var. Bu musiqiləri yaradan zaman nə isə umacağın olmur. Gəlir gətirmir, qonorar almırsan. Əksinə, özün nə isə ödəyirsən ki, təki əsərlərim səslənsin. Bayağı musiqilərlə mübarizə aparmaq artıq qeyri-mümkün olub.  Çünki bu musiqilər məişətimizdə, toylarımızda daha çox ifa olunur, dinlənilir və sevilir. Buna görə də akademik musiqi zövqünü hələ orta məktəbdən - birinci sinifdən formalaşdırmaq lazımdır. Orta məktəbdən dərs saatlarını tədris edən müəllimlərin özünün də musiqi zövqü kamil olmalıdır. Məsələn, bəzən eşidirəm, deyirlər ki, orta məktəbdə musiqi dərslərini dərs saymırdıq. Həmin dərs zamanı başqa fənləri oxuyurduq. Halbuki məhz həmin dərslər klassik musiqi zövqünü formalaşdırmaqda rol oynaya bilər.

- Sizcə, Azərbaycan musiqisi özünün ən peşəkar dövrünü nə zaman yaşayıb?

- Hər dövrün öz tələbi var. Mən daha çox  Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Hacı Xanməmmədov, Firəngiz Əlizadə və digər görkəmli sənətkarların yetişdiyi mühiti peşəkar adlandırıram. Çünki biz də o dövrdə formalaşmış bəstəkarlıq məktəbinin davamçılarıyıq. Müasir dövrdə F.Əlizadə, S.Fərəcov, F.Qarayev, P.Axundova, C.Abbasov, V.Allahverdiyev, C.Allahverdiyev, D.Dadaşov kimi bəstəkarlarımız klassik musiqi irsimizin davamçılarıdır. Amma ötən əsrlə müqayisədə klassik musiqi sənətinə olan münasibət, məncə, tam qənaətbəxş deyil. Sanki bir durğunluq yaranıb. Bu da ona görədir ki, indiki dövrdə daha çox gəlir gətirən musiqilər toy musiqiləri, bayağı musiqilərdir.

- Mahnı, yoxsa simfonik janr? Niyə?

- Ciddi musiqiçi hər iki janrda şedevr əsərlər yarada bilər. Mənim yaradıcılığımda əsasən akademik musiqilər, simfonik əsərlər yer tutur. Amma mahnı janrında da özümü sınamışam. Çünki mahnı kiçik də olsa çox böyük hiss və duyğuları ötürə biləcək bir janrdır. Məsələn, bu janrda Tofiq Quliyev, Elza İbrahimova, Ramiz Mirişli kimi bəstəkarlarımız şedevr əsərlər yaradıblar.

- Mahnılarınıza sözü necə seçirsiniz? Musiqi yazıb sonra söz axtarışına çıxırsız, yoxsa şeiri tapandan sonra melodiya yaranır?

- Bəzən şeir axtarışına çıxıram, bəzən isə rastıma çıxan şeiri oxuduğum zaman    beynimdə musiqisi yaranır. Məncə, belə də olmalıdır. Musiqiyə söz yox, sözlərə musiqi yazılmalıdır. Ümumiyyətlə, həmişə çalışıram ki, mahnılarıma dərin fəlsəfi mənası olan şeirlər seçim. Çünki sözlər nə qədər düşündürücü olarsa, mahnı da bir o qədər mənalı və gözəl alınar. Mənə deyirlər ki, mahnılarına fəlsəfi şeirlər əvəzinə bir az bəsit sözlər seç, onsuz da mahnı özü də bəsit janrdır. Lakin mən mahnını bəsit janr hesab etmirəm. Əksinə çalışıram ki, dərin fəlsəfi fikirləri olan şairlərin şeirlərinə müraciət edim. Belə şairlərdən Ramiz Rövşən, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlunun adlarını çəkə bilərəm. 

- İndi yaradıcılığınızın hansı mərhələsindəsiniz? Nələr yaradırsınız?

- Hazırda simfonik süita yazıram və paralel olaraq kiçik həcmli musiqilərimin üzərində işləyirəm, onları ərsəyə gətirmək üçün çalışıram. Bu yaxınlarda Violin və piano üçün bəstələdiyim "Bir Ümid İşığı" adlı bəstəm işıq üzü görmüşdü. İnşallah, tezliklə üzərində işlədiyim növbəti əsərlərim də ifa olunar.

- Gələcək planlarınız və arzularınız nələrdir?

- Hər şeydən əvvəl solo konsertlə çıxış etməyi düşünürəm. Çox istəyərdim ki, bu konsert oktyabr ayında doğum günümə təsadüf olunsun. Daha sonra artıq səhnə əsərləri yazmağı düşünürəm. Öncə balet janrında özümü sınamaq fikrim var. Məşhur bir ədəbi əsərə balet yazmağı düşünürəm. Ümid edirəm, hər biri reallaşacaq.

Şahanə MÜŞFİQ

 





22.05.2023    çap et  çap et