525.Az

Aşıq Ələsgər sözü: "Göyçədən Türk dünyasına" - Məmməd Oruc yazır


 

Aşıq Ələsgər sözü: "Göyçədən Türk dünyasına" - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Ötən əsrin altmışıncı illərində, hələ tələbə ikən, sabahın filoloqu kimi, Aşıq Ələsgərin yaradıcılığını öyrənməyə başlayanda, aşığın "Dağlar" qoşmasındakı bir beyt məni xeyli düşündürmüşdü.

 

"...Xaçpərəstlə düşdü bund inqilabı,

Onunçün bağlandı yolların, dağlar..."

 

Nədir "xaçpərəstlə düşən bund inqilabı"? Bu ifadənin alt qatında nələr yatır? Bu, Qərbi Azərbaycanda - aşığın ana yurdu Göyçədə milli zəmində baş vermiş erməni talanlarına birbaşa işarə deyilmi? Bəs necə olmuşdu ki, bu ifadə sovet senzurasının "süzgəcindən" keçmişdi? Bu suala cavab tapmaq çətindi. Hər halda, görünür, o qurumlarda da, azman el sənətkarının yolunda canından keçməyə hazır olan oğullar, daha öncə isə bu qoşmanı tapıb ortaya çıxaran söz sərrafları varmış...

Sözün bu yerində, ümumiyyətlə, şifahi ədəbiyyatımızın mükəmməl tədqiqatçılarından və naşirlərindən olan Hümmət Əlizadəni anmamaq mümkün deyil. O, illər uzunu Qərbi Azərbaycanı oba-oba, oymaq-oymaq gəzərək, topladığı irsi 1934, 1935, 1937-ci illərdə üç dəfə kitab kimi ortaya çıxartmışdı.

Adı çəkilən "bund inqilabında" köçkünlük taleyi yaşasa da, bir müddət sonra yuvasına dönə bilən aşıq həmin "Dağlar" qoşmasında sanki haray çəkir: "Hanı mən gördüyüm qurğu - büsatlar?!" deyir, "Hanı bu yaylaqda yaylayan ellər?!" söyləyir və heyrətini dilə gətirir: "Hanı mərd iyidlər, boş qalıb yurdu?!"

...Haqq nazilər, amma üzülməz, - deyiblər. Dövran dəyişdi və dünyanın işləri elə gətirdi ki, sovet şineli geyinməli olan həmin o "bund inqilabçıları"nın - daşnakların gözü önündəcə, "qardaş olub Hayastan-Azərbaycan" havacatı üstə, Göyçədə-Ağkilsə kəndində ölməz aşığın qəbirüstü abidəsi ucaldıldı.

Bu gün internet saytlarında şəkli qalan o abidə erməni vandalları tərəfindən yerlə-yeksan edilsə də, Azərbaycan Prezidentinin imzaladığı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından sonra ürəklənən göyçəlilər nikbindirlər; axı, necə ola bilər ki, göyçəlilər doğma yurda, o torpağın sahibi kimi ayaq basandan sonra, hər şeydən öncə, o abidəni yenidən dikəltməsinlər?..

Yuxarıda adı hallanan qoşmada "Həsənənə, Həsənbaba (yaylaq adlarıdı - M.O.) qoşadı, Xaçbulaq yaylağı bir tamaşadı" söyləyən aşıq dağlarımızı daha bir neçə qoşmasında vəsf eləyib, mənalandırıb. Və məhz, o qoşmalara vurğun kəsilən Səməd Vurğun ustad aşığı belə dəyərləndirib:

"...düzdü, biz də yazırıq, amma elə olur ki, dörd misra yazandan sonra, bəzən ikisi xoşumuza gəlmir, pozub özgə misralar yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Bizim şairlərin yazdıqları, yerin dərin qatlarından çıxarılmış artezian suyuna, yazı-pozu bilməyən Ələsgərin şeirləri isə, o dağların sinəsindən təbii qaydada axıb gələn bulaqlara bənzəyir. Mən onun belə qoşmalarının bədahətən yaradıldığına şübhə etmirəm. Onunku haqq vergisidir"... "Haqq vergisi" - " Haqq aşığı"...

Aşıq Ələsgər ocağının davamçısı, filologiya üzrə fəlsəfə doktoru İslam Ələsgər də ulu babasının 200 illik yubileyinə yazdığı sanballı monoqrafiyanı, sanki Səməd Vurğuna istinad edərək, "Haqq aşığı" adlandırıb. Yeri gəlmişkən, AMEA Folklor institutunun (2021-ci il) "Aşıq Ələsgər" kitabı bu monoqrafiya ilə açılır. Daha öncə isə aşağıdakı şərh diqqət çəkir:

"...Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar olaraq, AMEA-nın tədbirlər planı çərçivəsində nəşr olunur".

Bəli, daha öncə, yəni 18 fevral, 2021-ci ildə "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycam Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı meydana gəlmişdi və o sənəddə deyilir:

"...Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması, həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür".

Nəticə göz qabağındadır; onda pandemiya dönəmi olmasına baxmayaraq, keçirilmiş tarixi tədbirlər, izdihamlı yığıncaqlar, televiziya yayımları hələ unudulmayıb. Bu tarixi Sərəncamın birbaşa nəticəsi olan İKİ İZ - İKİ KİTAB isə sənətkarın digər nəşrləri kimi, sözsüz ki, oxuna-oxuna əsrlər adlayacaq.

Yuxarıda AMEA Folklor İnstitutunun "Aşıq Ələsgər" adlı akademik nəşrindən qismən bəhs etdim. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Pşayevanın layihəsi və rəhbərliyi ilə çap olunmuş "Dədə Ələsgər" kitabı haqqında isə bir qədər ətraflı danışmaq istəyirəm. Əvvəla ona görə ki, Qənirə xanım bu kitabı qardaş Türkiyədə də nəşr etdirib. Özü də kifayət qədər geniş tirajla və hər iki kitaba qismən fərqli "Ön söz"lər də yazıb. Mənim bu yazımın adı da Qənirə xanımın cəsarətli və həm də sanballı ön sözünü oxuyandan sonra meydana gəldi. Bəli, Qənirə xanım Dədə Ələsgəri, artıq mifləşmiş, əfsanələşmiş Dədə Qorqud kimi cəmi türk dünyasına "bəxş etmək" niyyətində və əzmindədir.

Hələ ötən əsrin ortalarında Aşıq Ələsgər irsinə bir neçə yazı həsr edən Xalq yazıçısı, akademik Mirzə İbrahimov vurğulayırdı ki, hələ bədii sözlə onun kimi məharətlə, böyük zövqlə və incəliklə naxış vuran olmayıb. Unudulmaz Xalq rəssamı Mikayıl Abdullayev, sanki bu sözdən təsirlənərək, qeyd edirdi ki, o, rəssam olub, bir sözün yüz rəng çalarını tapıb.

Mən bu və buna bənzər diqqət çəkən məqamlara hər iki kitabda dönə-dönə rast gəldim.

Hər iki kitabın üzqabığında Aşıq Ələsgərin portreti verilib, amma bu sənət nümunələrinin bir-birinə bənzəməməsi təəssüf və təəccüb doğurur. Nə üçünsə, nə bu, nə də digər kitabda portretlərin kimin - hansı rəssamın fırçasından çıxması qeyd olunmayıb. Əlbəttə, mən bunun fərqında deyiləm. Amma düşünürəm ki, yaxın gələcəkdə Aşıq Ələsgərin abidəsini yaratmaq istəyən heykəltaraş hansı portretə istinad edəcək? Axı, 30 noyabr 2021-ci ildə Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı daha bir Sərəncam imzalayıb: "...Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın". Əlbəttə, bu Sərəncamın bu günə qədər öz həllini tapmaması, çox güman ki, niyəsə yubanması da məni maraqlandırır. Amma məni daha çox düşündürən bu işin altına girəcək heykəltaraşın mövqeyidir. O, hansı portretə istinad edəcək? Akademik nəşrin üzqabığındakı portretə, yoxsa Qənirə xanımın layihələşdirdiyi "Dədə Ələsgər" ktabındakı portretə? Bəlkə elə abidənin ucaldılması bu səbəbdən yubanır? Bəlkə rəssamlarımız ortaq bir nəticəyə gələ bilmirlər? Bəlkə artıq bu vəzifəni boynuna götürən heykəltaraş başqa cür düşünür? Bəlkə o, ustad aşığı başqa cür görür?

Məncə, yenə də, ötən yüzillikdə yaşayıb- yaratmış rəssamlarımızın, necə deyərlər, "daşdan keçmiş" təcrübəsinə istinad etmək lazımdı; onlar Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin portretini necə yaratdılar? Xalqın gözünə, yaddaşına necə hopdurdular?

Amma o da məlumdur ki, tədqiqatçılarımız və eləcə də cəmi göyçəlilər hələ də Aşıq Ələsgər haqqında xatirələrin izi ilə aşığın fotosunu axtarırlar və belə görünür ki, ümidləri üzülməyib...

Tələbəlik illərində Aşıq Ələsgərin, siyasi məzmununa görə diqqətimi çəkən daha bir qoşması xalq qəhrəmanı Dəli Alı haqqındadır.

 

Süzəni götürüb minəndə ata.

Fələk əhsən deyir boya, büsata

Nərə çəkib təpinəndə saldata,

Sel kimi axıdır qanı, Dəli Alı!

 

Axı, söhbətin hansı "saldatdan" getdiyini bilmək üçün baş sındırmağa ehtiyac yoxdur. Göyçənin dağlarına "bolşevik libası" geyinmiş daşnakdan başqa hansı "saldat" gəlib çıxa bilərdi?

 

...Namərdlər əlindən çəkirlər haşa,

Namuslu iyidsən, səni yüz yaşa.

Tüfəngin gülləsi işləyir daşa,

Tək qaytarır yüz düşmanı Dəli Alı.

 

Nədənsə, İslam Ələsgər Dəli Alını çar çinovniklərinə qarşı silaha sarılan bir xalq qəhrəmanı - təxminən, Qaçaq Nəbi, Qaçaq Kərəm kimi - qələmə verir. Bəlkə də daha etibarlı mənbələrə əsaslanan, necə deyərlər, işin içində olan bir ziyalı kimi o, haqlıdır, amma Dəli Alının mübarizəsi Birinci Cahan savaşı illərinə təsadüf edirsə, gümana, fərziyyəyə nə ehtiyac? Birinci Dünya Müharibəsi illərində Qərbi Azərbaycanda türkün daşnakdan başqa (hansı libasda olur-olsun) hansı düşməni olub ki? Və orası da bəllidir ki, Dəli Alı tarixi şəxsiyyətdir, əsli-kökü Goranboyun Qarasuçu kəndindəndir. Və onun oğlu Məmməd Məhərrəmov da 1941-45 müharibəsi zamanı böyük şücaətlər göstərdiyi üçün Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Demək, Dədə Ələsgər Dəli Alının "əslini-zatını" öyməkdə haqlı imiş. Demək, ustad aşıq bilirmiş kimin əslini-zatını öyür.

 

Dəli Alının vəsfini yazmışam dastana, deyin!

Afərin şəyirdlərim, gedəndə hər yana, deyin!

Eşidib Göyçə mahalı, külli-İrəvana deyin!

Addayın Şahtaxtından,Təbrizə,Tehrana deyin!

Üz tutun Alosmana, Qarsa, Kağızmana deyin!

 

Məlum məsələdir ki, gözəllik aşiqi olan Aşıq Ələsgər daha çox qadınların, gəlinlərin, qızların şəninə söz qoşub. Onun şəninə söz söylədiyi ikinci kişi isə Mirzə Bəylərdi. Bu qoşmanı neçə illər öncə böyük tədqiqatçı M.H.Təhmasib belə şərh eləmişdi: "...bu qoşma aşığın elmə, savada, mədəniyyətə məhəbbətinin məftunluğunu göstərən ən yaxşı şeirdir:

 

Firəng, rusi, farsi, türki, ərəbi -

Beş dilinən var savadı Bəylərin.

 

Maraqlıdır ki, Aşıq Ələsgər haqqındakı araşdırmalarında akademik Muxtar Kazımoğlu (İmanov) da bu qoşmaya biganə qalmayıb. "Aşıq Ələgərin öz portreti haqqında təsəvvürümüzü genişləndirən şeirlər sırasına, heç şübhəsiz, Mirzə Bəylər və Dəli Alı haqqındakı şeirlər də daxildir. Sıx ünsiyyətdə olduğu Mirzə Bəylər kimi ziyalı, Dəli Alı kimi igid barədə dediyi sözlər Aşıq Ələzgərin öz xarakterini bir az da yaxından tanımağa kömək edir".

Qərbi azərbaycanlıların tarixi zərurət kimi Qərbi Azərbaycana qayıdış konsepsiyası meydana gələndən, bu iş ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə icra olunmağa başlayandan və mən də həmin icmanın İdarə Heyəti üzvlüyünə seçiləndən sonra özlüyümdə qərara almışdım ki, bu konsepsiya ilə bağlı nəzərdə tutduğum bir sıra mövzularla yanaşı, Aşıq Ələsgər haqqında da nəsə yazım. Çünki Aşıq Ələsgəri özümə - bizim tayfaya bir köynək yaxın sayıram və bunun səbəbləri də var.

BİR HAŞİYƏ: Bizim Böyük Vedi Göyçədən o qədər də aralı deyil. Vedinin istisində qurudulmuş əriyi, üzümü, armud qaxını, ərik dənəsini payız aylarında aparıb Göyçədə kartofla dəyişmək bir adət imiş. Mənim babam Kərbəlayi Məmmədin qardaşı Abbas da bu alış-verişdən kənarda qalmırmış. Bir dəfə isə Kərbəlayi Məmməd görür ki, qardaşı atının tərkində kartof yox, qız gətirib. Babam böyük qardaş kimi dərhal narazılığını bildirir: "Ə, mən səni Göyçəyə kartof gətirməyə göndərmişdim, yoxsa?.." Kiçik qardaş başını aşağı salıb bir qədər yerə baxandan sonra dillənir:

- Qız Aşıq Ələsgərin soyundandı... - Babam xeyir-dua verməsə də, artıq bir söz də söyləmir. O qız - Minəxanım isə tez bir zamanda ocağın və eyni zamanda tayfanın ən istəkli gəlini kimi hörmət, etibar qazanır. Elə bir hörmət-etibar ki, tacir babam əcəl yastığına düşəndə, hardasa gizlətdiyi yatırımın yerini doğma qardaşına yox, Minəxanıma - qardaşı arvadına pıçıldayır: "Oğulların böyüyəndən sonra onların arasında bölərsən", - deyir.

Qərbi azərbaycanlıların 1948-53-cü illər arasındakı deportasiyaları zamanı Minəxanım ananın soyu ilə bizim nəslin əlaqəsi üzülsə də, sən demə, bizimkilər kimi, onlar da bizi axtarırmışlar. 1970-ci ilin yaz aylarında Minəxanım ananın qardaşı oğlu Bayram kişi gəlib bizimkiləri Beyləqanda tapdı. Sən demə, arada o qədər də uzun məsafə yox imiş. Onlar da Sabirabadda məskunlaşıblarmış. Artıq kifayət qədər yaşlanmış Bayram kişinin bibisi Minəxanımın bizim nəsildə yeganə nişanəsi - nəticəsi olan Cəlalı necə duz kimi yalaması, için-için hönkürməsi heç yadımdan çıxmır.

Nəsillər arasında get-gəl isə onunla nəticələndi ki, biz yenidən qohum olduq. Amma bu dəfə ən gözəl qız bizdən getdi.

...Məndən bir neçə bayram böyük olan Cəlalın uşaq vaxtı bir taxta parçasına üç tar simi bərkidib gecə-gündüz dınqıldatması da, "o Naxçıvandır, nəqşi-cahandır" söyləməsi də xatirimdən silinməyib. Və bu zaman İsmayıl əmimin sözü-zarafatı (bəlkə də atmacası) da yadımdadır: "Oxşuyub, qan çəkib... Özündən asılı deyil ki..."

Mən Aşıq Ələgərlə bağlı bu yazı haqqında fikirlərimi götür-qoy eləyəndə cavanlıq dostum, bir vaxt Azərbaycan Radiosunda iş yoldaşım, indi isə AMEA Folklor İnstitutu "Aşıq yaradıcılığı" şöbəsinin müdiri olan Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli ilə görüşdüm. Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı Sərəncamlarını yada saldım. O, yalnız görüş yerində - Bilgəhdəki bağ evində sağollaşmağa qərar verəndə mən istəyən mövzuya qayıtdı:

- Bu möhtəşəm Sərəncamların müqabilində görülən işlər çox azdı, - dedi, - Aşıq Ələsgərin heykəlini, yalnız Bakı şəhərində yox, aşıq yaradıcılığının pərvəriş tapdığı bütün bölgələrimizdə - Gəncədə, Kəlbəcərdə, Laçında, Tovuzda, Qazaxda, hətta Borçalıda da ucaltmalıyıq. Üstəlik də, hələ yalnız ideya müstəvisində olan Aşıq Ələsgər ensiklopediyasını biz niyə gələcək nəsillərə saxlamalıyıq ki? Bəs bizim Folklor İnstitutu nədən ötrüdü? Gərək elə yeni sərəncamlar ola?!

1971-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi yurdumuzda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qeyd olunanda mən Azərbaycan Radiosunun "Ədəbi-dram verilişləri" Baş redaksiyasında işləyirdim, necə deyərlər, işin içində, yubiley tədbirlərinin qaynar nöqtəsində idim.

Ən çox yadımda qalan o zamankı bəstəkarlarımızın fəallığıdır; bir neçə ay ərzində yubilyarın sözlərinə bəstələnmiş onlarca mahnı meydana çıxdı: "Qarşıdan bir sona keçdi", "Gəlsin", "Görəndə", "Gülxanım", "Maral", "Gözəl sana məlum olsun", "Tellərin", "Üzün məndən niyə döndü?", "Xəbərin varmı", "Xoş gəldin", "Ceyran", "Qadan alım", "Düşdü", "İncimərəm", "Yavaş get", "Yaraşır", "Köynəyinə", "Getmə, amandı", "Güləndam", "Güllü", "Ola", "Sarıköynək" və sair.

Təəssüf ki, şəxsən mən Aşıq Ələsgərin 200 illik yubiley tədbirlərində bəstəkarlarımızdan belə fəallıq görmədim. Bəlkə indi yeni mahnılara qonorar verən qurumlar yoxdu, ona görə? Hər halda, buna da inanmaq istəməzdim... Söz və musiqi sənətinin ən çevik vəhdəti mahnı janrıdır. Aşıq Ələsgər irsini də yaddaşlarımızda, onun sözlərinə bəstələnmiş bu mahnılar təzələyir. Ümumiyyətlə isə, mən çox az Qərbi azərbaycanlıya rast gəlmişəm ki, əzbərində Aşıq Ələsgərdən bir neçə qoşması, gəraylı olmasın.

DAHA BİR HAŞİYƏ: Hətta mənim cəmi bir neçə il Vedinin axşam məktəbində təhsil alıb burada əvvəl "Əlifba"nı, sonra da baytarlıq kursunu bitirmiş atamın əzbərində də ustad aşığın onlarca qoşması, gəraylısı vardı. Vaxtaşırı dilinə gələn isə bu məşhur misralar olardı:

 

Namərdi özümə mən dost eylədim,

Yolunda canıma çox qəsd eylədim,

Söyüddən bağ saldım, peyvəst eylədim,

Almasın, heyvasın, narın görmədim.

 

Mən yalnız ağlım kəsəndən sonra anlamağa başladım ki, daha çox sərtliyi ilə hafizələrdə qalan atam bu misraları anamı "sancmaq" üçün dilinə gətirir. Atam qəmli bir səslə bu bəndi söyləyəndə anamın gözlərinin yaşla dolduğunu da unutmamışam. Hərdən fikirləşirəm ki, bəlkə bu, onların zarafatı imiş?.. Axı, anamın da hərdən atama üz tutuban Ələsgərdən söyləməyi vardı:

 

Ələsgər durarmı matah satmasa,

İyid sarsıyarmı, baxtı yatmasa,

İki könül bir-birini tutmasa,

Alan da yazıqdı, gələn də yazıq...

 

SÖZARDI: Mən, yüz ildən bəri Aşıq Ələsgərin irsini araşdıran tanınmış aydınlarımızın yazılarından az-çox xəbərdar olan bir qələm əhli kimi, Ələsgər poeziyasını araşdırmaq, nə isə yeni bir mətləb hasil etmək niyyətindən çox uzağam. Sadəcə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü kimi, özümü ustad aşığa bir köynək yaxın bildiyimdən, bu düşüncələri paylaşmaq qərarına gəldim. Hər halda, elə bilirəm, məni düzgün başa düşənlər daha çox olacaq.

 





22.05.2023    çap et  çap et