525.Az

Cənnətin meqapolisi - Türkan Turan yazır


 

Cənnətin meqapolisi - <b style="color:red"> Türkan Turan yazır</b>

Hər kəsin qaçıb getmək istədiyi bir yer var: sahil qəsəbəsi, dağlar, dəniz kənarı, kimsəsiz ada, uzaq ölkələr, yaxın şəhərlər, ya da dünyadan çıxıb getmək... Baxır kimin dərdi nədir, kimin yükü nə qədər ağırdır. Ancaq məsələ burasındadır ki, hara getsən, beyninə gənə kimi yapışan düşüncələr də səninlə gəlir. Fikir vermişəm, bircə muzeylər beyini uyuşduran düşüncələrdən xilas edəcək iqtidardadır. Mükəmməl bir terapiyadır. Hələ əgər içərisində yüzlərlə əsəri, qatbaqat mərtəbələri varsa, bu, şüuraltının bayramı deməkdir.

Budəfəki üz tutduğum ünvan belə yerlərdən biri oldu. Dəhlizləri labirint kimidir, düşünürsən ki, içindən çıxa bilməyəcəm, bir də baxırsan ki, yol səni digər bölümə aparır. Vaxtın sürətli şəkildə keçdiyini yalnız saata baxanda fərq edirsən. Bura addımını atdığın anda unudursan; hardan gəldiyini, hara gedəcəyini, az əvvəl beynini nəyin məşğul etdiyini, bəzən də özünü...

 

6 aylıq binanın qucaqladığı 141 illik tarix

 

Kənardan modern, əsrarəngiz, gecəsi rəngli, gündüzü işıqlı, ətrafdakı bütün binalardan fərqlənən bir memarlıq əsəri kimi görünür, ancaq içərisinə boylananda görürsən ki, altı aylıq bu bina əslində, Türkiyənin ilk Gözəl Sənətlər Muzeyidir, yaranma tarixi isə nə az, nə çox, düz 141 il əvvələ gedib çıxır. Söhbət, içərisində onlarla tablonun, heykəlin, fotonun olduğu, müxtəlif həcmlərdə gotik, renessans, barok, realizm, empresionizm, postimpressionizm, modernizm, kubizm, ekspressionizm, abstraktsionizm, minimalizm üslublarında sənət əsərləri ilə zəng İstanbul Rəsm və Heykəl Muzeyindən gedir.

Əsası 1937-ci ildə qoyulub və 70-ci ilə qədər ölkədəki ilk və tək sənət muzeyi olaraq qalıb. Cümhuriyyət dönəminin başlıca əsərlərinin toplandığı muzey Memar Sinan Gözəl Sənətlər Universitetinə bağlıdır. Eyni zamanda, ən önəmli rəsm kolleksiyasına sahibdir, hətta ölkənin bir çox böyük rayonundakı sənət muzeylərinin və Dövlət Sənət Qalereyasının qaynağı statusundadır. On iki min əsərlik kolleksiya Sənayi-i Nəfisə və Memar Sinan Gözəl Sənətlər Universitetinin üzvlərinə aiddir.

 

Atatürkün açdığı muzey

 

Cümhuriyyətin elan edilməsi ilə ölkədə sənətin inkişafı artır. Muzey qurulmasına ehtiyac yaranır və yeni rejim 1937-ci ildə bir dövlət sənət muzeyi qurmağa qərar verir. Atatürkün əmri ilə Dolmabağça Sarayının Vəliəhd Dairəsi, bu iş üçün Gözəl Sənətlər Akademiyasının ixtiyarına verilir. Beləcə, o dövrdə bütün böyük Avropa şəhərlərinin maraq göstərdiyi Luvr Muzeyi modelində, dağılan rejimin simvolu olan bir muzey yaradılır.

Rəhbəri Xəlil Dikmən olur. "50 illik Türk Rəsm Sərgisi" adı ilə açılan sərgidə rəsm bölümü rəhbəri Leopold Levyin görüb bəyəndiyi əsərlər muzeyə bağışlanır. Eyni zamanda Osman Hamdi Bəy dönəmindən qalan əsərlər, Osmanlı Dönəmində Muzey-i Humayun nəzdnində yaradılan səksən beş orijinal tablodan ərsəyə gətirilən Elvah-ı Nəqşiyə Kollesiyası ilə birlikdə 320 əsər toplanır. Həmin ilin sentyabrında açılış edilir. Dolmabağça Sarayında qalan Atatürk tədbirə mənəvi qızı Ülkü ilə birlikdə qatılır. Tezliklə, bura o dövr intellektlərinin məskəni, akademiya tələbələrinin isə təhsil həyatlarının bir parçasına çevrilir. O dərəcədə ki, muzeyin günlük ziyarətçi sayı 800-ə yaxın olurdu.

 

Savaş qapıdan girəndə...

 

İkinci Dünya müharibəsi başlayana qədər bu dinamika beləcə davam edir. Müharibənin başlaması ilə muzey qapadılır; savaşın qapıdan girməsi ilə mədəniyyət pəncərədən çıxır. Həmin ərəfədə bəzi əsərlər Anadoluya göndərilir. Muzeyin fəaliyyətində hətta savaşdan sonra da müxtəlif səbəblərlə fasilələr yaranır. Yenidən açılan muzeydə 1952-ci ildən 1959-cu ilə qədər ən müxtəlif sərgilər təşkil edilir, lakin heç biri muzeyi əvvəlki canlılığına yenidən qovuşdura bilmir. Bundan əlavə, büdcə və idarəetmə problemlərinə görə tez-tez qapadılma təhlükəsi yaşayır. O dönəmin muzey müdiri olan Nurullah Bərk muzeyi əvvəlki izdihamı qaytarmaq üçün hər il iki sərgi açır. Bu sərgilərin içərisində "Yüz İl Fransız Sənəti Sərgisi" əks-sədaya səbəb olur. Görkəmli şəxsiyyətlərdən Pol Sinyak, Picasso, Xuan Qris, Matisse, Paul Gauguin kimi modern sənətin önəmli adlarının da olduğu 50 fransız rəssamının əsərindən ibarət bu sərginin ziyarətçi sayı 45 minə yaxın olur.

 

Böyük köç

 

Muzeyin yerləşdiyi Vəliəhd Dairəsi restavrasiya üçün 2007-ci ildə qapadılır. Yenilənmə işləri altı il sonra tamamlanır. Ancaq bina təkrar muzeyin istifadəsinə verilmir. Buna görə də, əsərlər Topxanada yerləşən bir liman deposuna daşınır. Bu binanın layihəsi 1955-ci ildə Səddad Haqqı Əldəm tərəfindən tərtib edilir, zaman elə gətirir ki, yarımçıq qalan yeri 2011-ci ildə Əldəmin tələbəsi Əmrə Arolat yenidən qurur. Təbii ki, təməli pozulmadan və üst görüntüsünə uyğun şəkildə həyata keçirilir. Bu proses də on il davam edir.

İnşaatın davam etdiyi bu müddətdə muzeydəki əsərlər restavrasiya edilir. Kolleksiyaların bir qismi Antreponun girişində müvəqqəti sərgi salonlarında təşkil edilən sərgi yolu ilə ziyarətçiləri qəbul edir. Nəhayət, 10 il sonra davam edən tikinti işlərinin ardından ötən ilin sonu yenidən açılır.

 

Kolleksiyalar...

 

İstanbul Rəsm və Heykəl Muzeyinin kolleksiyası Türkiyənin yüz illik tarixinin ən önəmli arxivlərindən biridir. Əsərlər mütəmadi olaraq sərgilənməyib, lakin 37-ci ildən bəri Akademiya tərəfindən qüsursuz şəkildə qorunub. Burada türk və dünya sənətçilərinə aid rəsm, heykəl, antik dönəmlərindən qalan əsərlərdən başqa, özəl kolleksiyalar da kolleksionerlər tərəfindən muzeyə bağışlanıb. Kolleksiyaya 10140 rəsm, 651 heykəl daxildir. Rəsm bölümündə əsasən yağlı boya olan əsərlər mövcuddur. Bundan başqa, kolleksiyada 10 ikon, 107 seramik, 79 xəttatlıq əsəri yer alır. Andre Deren, Levy, Matisse, Pikasso, Utrillo kimi sənətçilərin əsərləri də burada mövcuddur. Təəssüf ki, 339 əsər məmurların tələbi nəticəsində səfirlik binalarına, xarici dövlət adamlarına hədiyyə olaraq, eyni zamanda, Anadoluda açılan muzeylərə verilərək buradan çıxarılıb. Muzeyə ən son əsər alışı 1980-ci ildə həyata keçirilib. Qeyd edim ki, muzeydə xəttatlıq kolleksiyası Türk xəttatlıq sənətinin son ustalarının örnəkləri də sərgilənməkdədir.

 

Osman Hamdi Bəy gerçəyi...

 

Muzeyin altıncı mərtəbəsindəki bölmələrdən biri tamamilə Osman Hamdi Bəyin əsərlərini nümayiş etdirir. Bura ən çox maraq görən salonlardan biridir. Yeri gəlmişkən, muzeyin ideyası Osman Hamdi Beyə məxsusdur. Belə ki, II Əbdülhəmid dönəmində sultan, Osman Hamdi bəyi Sənayeyi-Nəfisə Məktəbinə rəhbər təyin edir və ilk Osmanlı Təsviri Sənət Məktəbi açılır. Osman Hamdi Bəy ilk türk arxeoloqudur. Həmçinin, Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir. İstanbul arxeoloji muzeyinin qurucusu və ilk muzey rəhbəri olub. Bundan əlavə, Gözəl Sənətlər Akademiyasının qurucusudur. Bütün bunları sənətə qiymət verilməyən, əksinə, qarşısında maneələr yaradılan, cəhalətin daha kəskin olduğu bir zamanda edib. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngəllənib və cəmiyyətdən heç bir dəstək görməyib. Ancaq tarixin ədaləti danılmazdır, bu gün həmin bürokratların adı belə bəlli deyil, ancaq Osman Hamdi Bəy xatırlanır, haqqında yazılır, əsərləri göz bəbəyi kimi qorunur.

Hamdi bəyin ölümündən sonra onun yerinə təyin edilən Xəlil Edhem Bəy, ideyanı qurmaq üçün hərəkətə keçir və kolleksiya toplamağa görə, Məclis-I Məbusandan illik min lirəlik əlavə ödəniş ayrılmasına müvəffəq olur.

Memar Sinan Gözəl Sənətlər Universitetinin 140 ili münasibəti ilə keçirilən tədbirlər çərçivəsində muzeyin kolleksiyasından Osman Hamdi Bəy Sərgisi açılıb. Sərgidə 17 tablo ilə birlikdə, Hamdi Bəyə məxsus muzeyin arxivində qorunub saxlanan təltiflər, diplomlar, nişanlar da yer almaqdadır.

Ziyarət üçün 5-6 saat vaxt lazımdır. Çünki əsərlər çoxdur və nə olursa olsun hər kəsin bəyənəcəyi minimum 10-15 əsər olacaq. Yolu düşən mütləq baş çəksin: bir sahil qəsəbəsi, kimsəsiz ada, dəniz kənarı, dağlardan daha yaxşı təsir edəcək.

Türkan TURAN

 

 

 





22.05.2023    çap et  çap et