525.Az

Güclü leysan "Araz Naxçıvan" - "Zaqatala" matçı ilə bağlı problemlər yaradıb


 

Güclü leysan "Araz Naxçıvan" - "Zaqatala" matçı ilə bağlı <b style="color:red">problemlər yaradıb</b>

Dünən Naxçıvan Muxtar Respublikasına, əsasən Naxçıvan şəhərinə yağan leysanla bağlı məlumat vermişdik. 

525.az xəbər verir ki, dolu ilə müşayiət olunan leysan meyvə ağaclarına, kənd təsərrüfatına, şəhərin infrastrukturuna, fərdi yaşayış evlərinə ciddi zərər vurmaqla yanaşı, nəqliyyatın hərəkətində də müəyyən çətinliklər yaratmışdı. Ziyan görmüş infrastrukturlardan biri də Naxçıvan şəhər Mərkəzi Stadionudur. Hansı ki, bu gün stadionda 1-ci Divizionun son turu çərçivəsində "Araz Naxçıvan" - "Zaqatala" matçı keçirilməlidir.

Həmçinin, oyundan sonra vaxtından əvvəl çempion titulunu qazanan "Araz Naxçıvan"ın təltifetmə mərasimi olmalıdır. 

Stadionun ərazisini, əsas da ot örtüyünü su basdığından oyunun və mərasimin baş tutmama təhlükəsi var. Klubun direktoru Sakit Rzayevdən aldığımız məlumata görə hadisədən dərhal sonra leysanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər başlayıb: "Fövqaladə Hallar Nazirliyinin texnikası ərazinin sudan təmizləməyə başladı. Artıq bu iş başa çatıb və ərazidə təmizlik işləri aparılır. Stadion da, ot örtüyü də oyuna kimi hazır vəziyyətə gətiriləcək".

Xatırladaq ki, "Araz Naxçıvan" - "Zaqatala" matçı 16.00-da start götürəcək. Təltifetmə mərasimində isə muxtar respublikanın rəhbər şəxsləri ilə yanaşı, AFFA və PFL rəhbərliyi də iştirak edəcək.

İlqar Tağıyev

 

 

 





23.05.2023    çap et  çap et