Ermənistanda vəziyyət gərginləşib. Revanşistlərin yenidən fəallaşması fonunda ölkədə aksiyalar da davam etməkdədir. Buna səbəb Baş nazir Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhd göstərən Qayane Akopyanın həbs edilməsidir. Yada salaq ki, hadisə Paşinyan İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının dövlət və hökumət başçılarının 4-cü sammitində iştirakı zamanı baş verib. "Oğulların çağırışı" təşkilatının üzvləri, xüsusən də Qayane Akopyan (Martirosyan) Aşot Paşinyanı öz avtomobilinə minməyə məcbur edib. Lakin o, son anda qaça bilsə də, yoldan keçən avtomobil Paşinyanı vurub. "Oğulların çağırışı" təşkilatı adam oğurluğu ittihamını rədd edərək qeyd edib ki, kiçik Paşinyan könüllü olaraq Qayane Akopyanın maşınına minib və onunla İrəvandakı Yerablur hərbi qəbiristanlığına getməyə razılaşıb, sonra "naməlum səbəbdən maşından düşüb". Hadisə ilə bağlı Aşot Paşinyanın ifadəsi əsasında "adam oğurluğu" maddəsi ilə cinayət işi başlanıb. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
Burada əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi Brüssel görüşünün yekun bəyanatında Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanımasını təsdiqləməsindən sonra, Paşinyan eyni açıqlamanı Reykyavikdə də bəyan etdi. Paşinyanın oğlunun oğurlanması cəhdinin də eyni vaxtda baş verməsi, heç də təsadüfü görünmür. Bunun planlaşdırılmış şəkildə həyata keçirildiyini demək mümkündür. Ermənistanda bu cür ssenarilərin daha əvvəl də şahidi olmuşuq. Qarabağ məsələsində hansısa irəliləyiş olduqda, dərhal revanşistlər hansısa terrora əl atıblar.
Oğlunun qaçırılması ilə bağlı məsələyə münasibət bildirən Baş nazirin sözlərindən bəlli olub ki, aksiyalara baxmayaraq, şikayət ərizəsi geri götürülməyəcək. Paşinyan deyib ki, bunu oğlundan istəməyib, çünki öz qənaəti ilə onu bu imkandan məhrum edib: "Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, "əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?" Mən bu faktı necə qarşılamalıyam"? Daha sonra isə bildirdi ki, bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir".
İkinci Qarabağ müharibəsində ölən Jora Martirosyanın anası Qayane Akopyanın (Martirosyan) azad edilməsi tələbi ilə İrəvanda hökumət binasının qarşısında oturaq aksiyası isə davam edir. İştirakçılardan biri Vahid Saakyan deyib ki, gecələr soyuq olsa da, onlara çadır və hər hansı sığınacaq qurmağa icazə verilməsə də, aksiyanı dayandırmaq niyyətində deyillər. Onun sözlərinə görə, indiyədək nəinki hakim partiyanın nümayəndələri, heç Ombudsman aparatının əməkdaşları da onlara müraciət etməyib. Saakyanın sözlərinə görə, həlak olan əsgərlərin valideynləri və yaxınları Akopyan (Martirosyan) azad olunana qədər Yerablur hərbi panteonunda oğullarının məzarlarını ziyarət etməyəcəklərinə and içiblər. Hərbçinin anası ona baş çəkə bilmədiyi üçün bunu həmrəylik əlaməti kimi edirlər.
Aksiya iştirakçılarını Ermənistanın sabiq liderlərindən dəstək gəlib. Məsələn, birinci prezident Levon Ter-Petrosyan müraciətində deyib ki, ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir. Onun sözlərinə görə, oğlunu döyüş meydanında itirmiş ananın həbsi bədnam parlament sədrinin vətəndaşın üzünə tüpürməsindən daha böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur. Onun fikrincə, daxili siyasi gərginliyin azaldılması hakimiyyətin əsas vəzifəsi olmalıdır. Lakin onlar özlərinin utanmaz və uzağı görməyən hərəkətləri ilə bu gərginliyi daha da alovlandırırlar: "Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir".
Sabiq Baş nazir Vazgen Manukyan isə Qayane Akopyanın işini bütün erməni xalqının hisslərinə və şərəfinə böyük zərbə adlandırıb. O, Akopyana qarşı işi uydurma hesab edir: "Bütün bunlar onu göstərir ki, Ermənistana rəhbərlik edən şəxs nəinki milli təfəkkürdən və dəyərlərdən məhrumdur, həm də qorxaqdır. Biz Qayane ailəsindən fərqli olaraq bu ailə öz övladları təkcə Ermənistanın deyil, həm də ölkənin gələcəyini məhv edir".
Görünən odur ki, Paşinyana qarşı çıxan qüvvələr İkinci Qarabağ müharibəsindən sonra onun istefası tələbi ilə aylarla keçirilən aksiyanın başında dayananlardır. Manukyan həmin vaxt 16 partiyanın dəstəyi ilə Ermənistan müxalifəti tərəfindən müvəqqəti baş nazir vəzifəsinə vahid namizəd olub. Həmin aksiyalar heç bir nəticə vermədi və birləşmiş müxalifət seçkilərdə Paşinyanın partiyasına məğlub oldu. İndi bu hadisəni fürsət bilən həmin qüvvələr vəziyyətin gərginləşdirərək sülh sazişi istiqamətində əldə olunmuş razılaşmaları pozmaq niyyətindədirlər. Onların fəallaşmasında xarici qüvvələrinin də əlinin olduğunu istisna etmək olmaz. Son günlər həm də Qarabağdakı separatçıların "fəallığı" müşahidə olunur. Ruben Vardanyan da "mövcudluğunu" sübut etmək istəyir. Belə ki, o, bir neçə gün əvvəl Paşinyana müraciətlə deyib ki, nə qədər hakimiyyətdə olacağınızı bilmirəm, lakin çox təhlükəli işlər görürsünüz. Adamın cəsarəti hardan aldığı bəllidir. İstənilən halda, Paşinyan revanşistlərin müqavimətinə, bəzi daxili qüvvələrin prosesi əngəlləmək üçün təşkil etdiyi "Qayane oyunu"na baxmayaraq sülh sazişi üzrə prosesi başa çatdırmalıdır. Paşinyan hökuməti yaxşı anlayır ki, vaxtı uzatmaq, və ya hansısa bəhanələr irəli sürmək imkanları artıq tükənib. Masada olan təkliflər hər iki tərəf üçün əhəmiyyətli, hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, regionda nəhayət sülh və sabitliyin bərqərar olması üçün çox vacibdir. Qeyd etmək yerinə düşər ki, Paşinyan dünən yenə də Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıdığını, bura Qarabağın da daxil olduğunu deyib. Qaldı əməli addımlar atmağa, bunun üçün isə qarşıda yeni yüksək səviyyəli ikitərəfli görüşlər var, ən əsası isə iyulda liderlərin daha effektli platforma sayılan Brüssel formatında sayca altıncı görüşü gözlənilir.