525.Az

"Ruhlar şəhəri: yurd yazıları"nın təqdimatı olub


 

"Ruhlar şəhəri: yurd yazıları"nın təqdimatı olub<b style="color:red"></b>

Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş "Ruhlar şəhəri: yurd yazıları" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bildirib ki, Ağdamla bağlı yazılanların olduqca böyük önəmi var: "Kitaba Vahid Qazinin "Ruhlar şəhəri" kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı olan esse, məqalə və qeydləri, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir".

Sonra tədbirin aparıcısı, jurnalist Vüsalə Məmmədova sözü tədbir iştirakçılarına verib.

Kitabın ön sözünün müəllifi, Xalq şairi Ramiz Rövşən çıxışında Ağdamla bağlı xatirələrindən söz açıb: "Ağdam ilk növbədə ağdamlılarındır. Əgər orda ağdamlı yoxdursa, Ağdam Ağdam deyil. Mən bu fikri əvvəl də demişəm, bir daha təkrarlıyıram. Əgər orda ağdamlılar olacaqsa, Ağdam yenidən Ağdam olacaq. O vaxt deyirdilər ki, Ağdam varlı şəhərdir. Bilirsiniz, varlılıq pulun qədəri ilə deyil. Adam var ki, milyardı var, ancaq acgözdür. Ağdam camaatı isə sözün ən yaxşı mənasında tox idi. Ümumiyyətlə, mən xatırlayandan bəri ağdamlı olmaq sanki bir status və ya vəzifə hesab edilib. Kitabı oxuduqca o Ağdamı hiss edirsən, o Ağdamı görürsən. Mən Vahidi bu gözəl kitaba görə təbrik edir, ona təşəkkürümü bildirirəm".

Kitabın son sözünün müəllifi, AMEA-nın mexbir üzvü, professor Rafiq Əliyev V.Qazinin yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, müəllifin əsərlərinin ingilis dilində çap olunmasının önəminu vurğulayaraq qeyd edib ki, belə əsərlərin ingiliscə nəşri dünyaya çıxış deməkdir.

Yazıçı, millət vəkili Aqil Abbas bildirib ki, müəllif olduqca çətin bir işin öhdəsindən uğurla gəlib: "Ağdamın işğalından sonra doğulan gənc ağdamlılara bu kitabı ilə Vahid Qazi o illərin Ağdamını, ağdamlılarını tanıdır. Bir ağdamlı üçün o yerlərin necə əziz, necə qiymətli olduğunu aşılayır. Bu kitabda böyük zəhmət var, əziyyət var. Həm bu missiyanı yerinə yetirmək, həm də yurdunun itkisini yazmaq sözün həqiqi mənasında ağır bir işdir. Vahid bu ağır, eyni zamanda çətin və şərəfli işin öhdəsindən gəlib. Görün, "Ruhlar şəhəri: yurd yazıları" adına nə qədər oxucu toplaşıb!? Vahid, uğurlarına görə təbrik edirəm!"

Xalq Artisti, tarzən Ramiz Quliyev də Vahid Qazi ilə bağlı xatirələrini bölüşüb. Qocaman tarzən ağdamlıları belə məclislərdə bir arada görməkdən məmnun olduğunu qeyd edib.

Sonra söz V.Qazi ilə Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxumuş sinif yoldaşı, şair, tərcüməçi Şahrun Şüleymanlıya verilib: "Mən Ağdamda cəmi 17 il yaşamışam. Bu illər ərzində tanıdığım yerlər sadəcə 1 nömrəli məktəb və Tağının kitabxanası olub. Amma Vahidin kitabı sayəsində mən əsl Ağdamı, onun insanını tanımışam, sevmişəm. Mənim sadəcə məktəbimizlə çərçivələnən Ağdam təsəvvürüm bu kitabı oxuduqdan sonra daha da genişləndi və mən yenicə tanıdığım Ağdamı sanki həmin gün bir daha itirdim. Bu, çox  ağrılı bir hiss idi".

Daha sonra  yazıçı, dramaturq Əli Əmirli, yazıçı Mustafa Çəmənli, jurnalist Əntiqə Rəşid, sabiq millət vəkili Çimnaz Əliyeva, Vahid Qazinin orta məktəb müəllimi Nərgiz Həsənova və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda çıxış edən müəllif tədbir iştirakçılarına vaxt ayırıb gəldikləri üçün təşəkkür edib: "Bu kitabla bağlı bir çox ifadələr deyilib. Onlardan biri belə idi: "Bu kitab mənim üçün sehrli xalçadır. Ürəyim istəyəndə bu xalçaya oturub Ağdama gedirəm". Mən çox istəyirdim ki, Ağdamla bağlı bütün yazılar bu kitabda cəm olsun, ancaq kitab çap ediləndən sonra gördüm ki, gözümdən yayınanlar da olub. Nə vaxtsa bu yazılar silsiləsinin kitabları olacaq. Kitabın ərsəyə gəlməsi üçün adlarını çəkməyimi istəməyən ağdamlı iş adamları sponsorluq etdilər. Onlara təşəkkür edirəm. Əsas təşəkkürüm kitabın redaktoru Hikmət Sabiroğluyadır. Ona bütün yazılarımı etibar edirəm, ondan keçən yazıları arxayın şəkildə çapa verə bilirəm".

Sonda imza mərasimi keçirilib, tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Aytac SAHƏD

 





23.05.2023    çap et  çap et