525.Az

Şair ruhunun üç görsənişi


 

Şair ruhunun üç görsənişi <b style="color:red"></b>

Çoxillik ənənəmizə sadiq qalıb ad günü ərəfəsində sevimli şairimiz Vaqif  Bəhmənlinin yeni, ilhamlı və nurlu şeirlər silsiləsini səmimi bir istəklə oxuculara təqdim edir, ona cansağlığı, bir-birindən uğurlu illər arzulayırıq.

"525"

 

Birinci görsəniş: Haqq! Haqq! Haqq!

 

Rübai

 

Aqil - haqq! Can qədri bilməyən... axmaq!

Gözünü zilləyib Göyə çox baxma!

Tanrı sovqatıdır gəzdirdiyin can,

Onu toz qonmayan mehrabda saxla!

2022

 

Mən Allahı görürəm

 

Nə deyilir görün bir? -

Allah gözə görünmür...

Amma nədədir ki, sirr

mən Allahı görürəm!

 

Görürəm başım üstdə -

Tükənməz bir həvəslə

törədir dəstə-dəstə

fövqəl-dahi, görürəm!

 

Çıxır torpaqdan dən-dən,

Təkrar cücərir bədən.

Bəşərin rişəsindən

qopan ahı görürəm!

 

Borcu yoxdu dədənə;

Hünərin var, ödəmə...

Yol açan hər qədəmə

qibləgahı görürəm!

 

Quru, yaşı yandırır,

Dik qafalar sındırır,

Necə cəzalandırır

hər günahı... görürəm!

 

Haramlığa od qoyan,

Xalq doyanda O doyan!

Xəbis gözləri oyan

Şahənşahı görürəm!

 

Dadıb əcəl tamını,

Səsləyirəm hamını -

Dərk edirəm "amin"i,

"illəllah"ı görürəm!

 

Doğdum, doğdum deyənin

Qandı teşti, ləyəni!

Allahı görməyəni

müdam zahı görürəm!

Kordu uçrumda itən;

Dörd tərəfi tutsa çən,

imdada ünü yetən

son pənahı görürəm!

 

Vaqiflərdə olmaz kəm;

Son sözünü söylər cəm!

Necə deyim görmürəm;

Axı... axı... görürəm,

And olsun Allaha ki,

mən Allahı görürəm!

2022

 

Ortaq

 

Can yaşı altmışdan aşan adamın

altıdan altmışa yaş ortağı var.

Əsir, yıxa bilmir qara yel, damın

dərin özülündə daş ortağı var.

 

Ha sürt, yeri qalır dəydi çamur ki...

Şaxtayla məzədi çapal narınkı.

Quduz özbaşına parçalamır ki,

əngində qan dəymiş diş ortağı var!

 

Rənginin nə fərqi - bozdu, ya kürən,

Halala qənimdi haqqa tüpürən...

Əyilib, qatlanıb

                               sərvət süpürən

yaltağın gizlində beş ortağı var!

 

Bitmir dramalar, tamaşa uzun...

Finala qalmaz heç biçarə quzu!

Göyə cırmaq atan qara quzğunun

Yerdə sürü-sürü leş ortağı var!

 

Nemətin nurudu dad-tamlı şirə,

Yel dəyməsə qamış düşməz həşirə!

Dəmirdən üzüyü gözəlləşdirən

qənirsiz almazdan qaş ortağı var.

 

Kiminin qisməti bostanda küdü,

Kiminin ox hökmü yarar üfüqü!

Kiminin can dostu, könül rəfiqi,

Kiminin tamahkar iş ortağı var.

 

Sağ ikən ölü var, ölü var diri,

Tapdanmış örüşə yol gedir sürü...

Sonda

"ağ kəfənin küncünə bürün!",

"torpağın altına düş!" -  ortağı var.

 

Yeriş də gərəkdi, yolla deyil tək,

Əzrayillə güləş qolla deyil tək!

Yası yola verən molla deyil tək,

Ehsanat halva var, aş ortağı var.

 

Dağı əzəmətdi tanıdan nişan -

Haqqı var söykənsin qaya balışa.

Alçaqda baş hanı qoya balışa,

Comərdin çiynində baş ortağı var.

2022

 

İsti

 

Günəş, nə həşrindi od ələyirsən?-

Od - sütun qurmusan, dabanı yerdə.

Yeri yerə yıxıb küpələyirsən,

Qaynar qazançaya tab hanı Yerdə?

 

Şaxıyan şəfəqdi qayanın kürkü,

Qoyun qurddan qorxmur, istidən ürkür!

Tonqal tini kimi bürüyür bürkü

uçanı səmada, çapanı yerdə.

 

Məqsədin nədir ki, zəhri yarırsan? -

Yoxsa cəhənnəmə od aparırsan?

Meşənin köynəyi yanıb cırılsa

kölgə gözəməyə sap hanı Yerdə?

 

Mən elə bilirdim sən Yerə dostsan;

Xəyanət törəyir bəzən də dostdan!

Bar verməz sinəsi dağlanan bostan,

bitsə də kül bitər yabanı yerdə!

 

Dözürük birtəhər, hələ ki, can sağ!

Günəş, hirsindən al, insafına bax!

Babalı sənnikdi alışıb yansaq,

Çıraqla axtarma, taa, qanı yerdə!

2023

 

Barışıq aşı

(Təzadlı xitablar)

 

Ahıl, qoca yaşımda bu söz də bir yaraşıq,

Xanımlar, ay xanımlar,

mən sizi çox sevirəm!

Ürəyimdən keçir ki, içi özüm qarışıq,

yeddi yana yeriyən kişiləri devirim!

 

Devirim an içində,

taxtdan elə salım ki,

xilas şansı olmasın imtiyazlı təklərin.

Ağır lomu, baltanı himə elə çalım ki,

daş üstünda daşı da qalmasın erkəklərin!

 

Dərin qatlar qabarar... bətnində tumu varsa;

Hər qadın haqq divanı,

hər kişi bir canitək!

İstəyirəm nə qədər kişi hulqumu varsa,

çəkim qədəminızə İsmayıl qurbanıtək!

 

Di gəl ki, asan deyil yonmaq donqar hürgücü,

Nə sirr varsa dibdədi,

dirək düyün dirəkdi.

Həm də ki, çöküb bir az,

əyrini islah üçün,

mənim təşəbbüsümə dəstəyiniz gərəkdi...

 

O ki, qaldı "genderə"...

                Qərbin başına dəysin,

rədd olsun onunla bir Şərqin bərabərliyi!

Nə Allah çözə bilər,

nə "Quran", nə də "Yasin"

düyünləri qatbaqat

gərgin bərabərliyi!

 

Ən gərəklı mətləblər, heyif, yazılı deyil,

bəlkə ruhdu sevişən,

                hardan bilək can sevir? -

Qızın oğlan sevgisi qızdan asılı deyil,

oğlan da sevdiyini səbəb olmadan sevir...

 

Çökür qadın hökmüylə qəsr-qala kişilər;

Tamaha qul olanlar tora düşən balıqdı.

Xanımların böyrünü tutub duran kişilər

"mamasının balası" olsalar... iş fırıqdı!

 

Xanımlar, çöl uzunu bitməyin yovşan kimi,

Dəvə, təkə, kəhərə üz verməyin qətiyyən.

Gur işıq kişiləri çaşdırır dovşan kimi,

Nur verin kişilərə,

                göz verməyin qətiyyən!

 

Sizə söylədiklərim göydən gələn nəfəsdi,

Min ilə təsdiqlənir bəzən ufaq bir səda.

Yetim böyüdən ana min kişiyə əvəzdi,

yetimçə doğmaz kişi lap özünü cırsa da.

 

Qəlbən gələn istəklər gəlməyirsə, bəxtə tən

heç nədən əngəllənir həyatın düz işləri.

Kişıləri qovun siz soğançalı mətbəxdən,

Yataq otaqlarından kürüyün kişiləri!

 

Möhkəm sürtsən qazanın qalın dibi deşilir,

Sürtük tava kimidi hər gün əllənən sinə.

İfrat tumarlananda qadınlar "pişikləşir",

Hətta ondan daha pis...

                               dönür qab əskisinə!

Xanımlar, ay xanımlar,

Sizi möhkəm sevirəm,

                               lap qızlıq vaxtınızdan,

Sülhsevər kişiləri işğal etməyin əsla.

Endirməyin onları qəlbi, qədim taxtından -

buna çatmır haqqınız heç bir şərtlə, əsasla!

 

Kişini saxlamayın kərənti, bel əlində,

kişini yollamayın toyuq yemi dalınca.

Hin qapısın qapamaq heç nədi yel əlində,

toyuq olmaq yaxşıdı buyruq qulu olunca!

 

Xanımlar,  kişiləri savaşmağa qoymayın,

istəməyin onlardan cib yandıran donları.

Qonşu hasarlarına dırmaşmağa qoymayın,

həm də uçuq hasartək alçaltmayın onları!

 

Qaçaq salmayın qəti çöldən, sudan, havadan;

kişini təntidəndə gen dünyanı dar görür.

Nəzərə almayaq heç ayıbdı el-obadan,

Kişiləri qırmayın...

                               axı uşaqlar görür!!!

 

Cəmi dünyadan bezir bəxtindən  bezən kişi,

Qafası qalmaqaldı -

                               əlidi, yaxasıdı...

Qadınların zərbinə tablayıb dözən kişi

Kişilərin kişisi, kişilərin xasıdı!

2023

 

Dünyanı bilmədim

 

Alıb papağımı qarşıma qoydum,

Dünyanın işini birəbir saydım...

Çox dildən eşitdim, çox dildən duydum

Ötəri dünyadı, beca dünyadı!

 

Birinə vətəndi, birinə qürbət,

Birinə vüsaldı, birinə firqət,

Birinə dərd verdi, birinə sərvət -

Təkdirək dünyadı, haça dünyadı!

 

Qoca nağılbazdı, ona tay hanı?

Sirli mətləbləri ulduzun sanı...

Gözdən yaş çıxardıb isidir canı;

Tüstülü dünyadı, baca dünyadı.

 

Ayağı bilinməz, başı bilinməz,

Hansıdı qiymətli daşı, bilinməz!

Yaşından yaş alar, yaşı bilinməz

Növcavan dünyadı, qoca dünyadı!

 

Gözləri gülsə də yanağı nəmdi,

Bəmi var zil kimi, zili var bəmdi,

Misrası sevdadı, rədifi qəmdi,

Qafiyə dünyadı, heca dünyadı.

 

Aqilə cənnətdi, bağdı gəzməli,

Axmağa torbadı ağzı büzməli...

Ayaqlar altına salıb əzməli,

Ərşə tən dünyadı, uca dünyadı!

 

Dəryatək çalxanıb qalxır qəfildən,

Alır qisasını şahdan, tifildən,

Öküzdən güclüdü, iridi fildən,

Qarışqa dünyadı, cücə dünyadı.

 

Saysam da özümü ağıllı, qılman,

Nədən çiçək ömrüm çürümüş alma?

Çox gəzib dolaşdım içində, amma,

Bilmədim bu dünya necə dünyadı...

2021

 

Qorxuram

 

"Covid-19"-a dair zarafatyana  yekun qəzəl.

 

Olmuşam bələkdəki körpə çağa, qorxuram!

Su ilidib çimməyə, tas qurmağa qorxuram!

Cəmi eniş-yoxuşu "Covid" tutub sərasər,

Nə ağılla risq edib çıxım dağa, qorxuram?!

 

Viruskeçməz köynəyim, əlbəttə ki, dərimdi,

Onu ki, Allah verib, soyunmağa qorxuram.

 

Ağ ciyər nədir, canım, tamam buzam, əriyib

Suya dönnəm, üstümü basdırmağa qorxuram!

 

Dəvət-filan yollayıb çağırmıram simsarı,

Toy adını tutmuram, yas qurmağa qorxuram.

 

Oyanmağa, yatmağa, oturmağa, durmağa,

Ağlamağa, gülməyə, asqırmağa qorxuram.

 

Həkimlərin əlinə keçən "gup" gedir deyə

Adımı gərargaha yazdırmağa qorxuram.

 

Deyir, bir yol yoluxub sağalan diri qalır,

O üzdən "korona"nı azdırmağa qorxuram!

2022

 

İkinci görsəniş: EŞQ! EŞQ! EŞQ!

 

Qorxulu nağıl

 

Sənə nə olandı ki, məni qəhr etmək ilə? -

Xumar gözün xəlvətdə dola bir az, dolmaya.

Adın çıxıb qılıncla, köhlən səyritmək ilə,

boynumu vursan üzün sola bir az, solmaya...

 

Axar-baxar ömrümü çəkmə başa mey kimi -

camın dibində xıltı qala bir az, qalmaya.

Qamışlıqlar səslənə şər vədəsi ney kimi,

qarğuluqlar saçını yola bir az, yolmaya.

 

Dərdin sinəmdə divdi, önümdə dibsiz  quyu,

Göydə itlər hürüşür... qibləm sağmı, solmu ya?

Hicrinlə uyuyanı oyatmaz qəm tütəyi -

İsrafil onu qapıb çala bir az, çalmaya.

 

Nəyə gərəkdi vüsal? Söyüd barsız yaşayır:

irmaqlar qadasını ala bir az, almaya.

Su doldurub xəlbirə, aşiq arsız yaşayır -

tanrı təpəsinə daş sala bir az, salmaya?!

2020

 

Gələndə yar adı

 

Yarın adı gəlcək titrəyir dizim,

Apara bilmirəm yükü... görürəm.

lap dibdə tiyanın qaralır dibi,

o mənfur körpünü, tükü görürəm...

 

Gələndə yar adı qulaqlarıma,

göylərdən kimsə daş tökür görürəm.

Çökürəm dibimin buzlaqlarına,

bürüyür başımı bürkü görürəm.

 

Yar adı gələndə pörtür sifətim,

gen yolu tıncıxan səki görürəm.

Haqqı anlamağa çatmır qüdrətim,

Tilsimdi, cadudu... nə ki, görürəm.

 

Unudub Allahı, unudub xalqı

ortağı olmayan TƏKİ görürəm.

Yarın yaxasına baxanda, qalxır

sinəmda Himalay diki görürəm.

 

Sevgi aləmində dibdən naşıyam;

sanki heç görmürəm, sanki görürəm.

Yalnız sərxoş vaxtda yarla qoşayam,

Çünki o vaxt biri iki görürəm.

2020

 

Dörd bayatı

 

Bir xanım mənə baxdı,

Bir baxıb yenə baxdı.

Üzümə gülə bəlkə,

Sınayım yenə baxtı?!

 

Halımı qanır yoxsa,

Bülbüləm sanır yoxsa?

Şam kimi alışan gül

Dərdimə yanır yoxsa?

 

Meh içrə gül səsiyəm,

Tərpətsən güləsiyəm.

Allah dəyməz sevənə,

Hicrindən öləsiyəm!

 

Sən adlı tilsimim var -

Üfürsən uçar divar.

Mənim olanım sənsən,

Sənin özgə kimin var?

2022

 

Eşqin adı və sayı

 

Eşq Qaf dağı, eşq divar,

Qəmim qoşun, sinəm dar,

Güya içimdə div var -

Görən mənim neçə qat

zəncirlənmiş sevgim var?

 

Sevgim bulaq başında - 

sütül oğlan yaşında,

dönür haqq savaşından;

qan qızarır qaşında...

 

Sevgim var qu şəklində,

nur, meh, yer, su şəklində.

Sevgim var xəyal, xülya,

çin-çin yuxu şəklində.

 

Bəlkə gün işığıymış,

Coşqun eşqə şığımış?

Sevgi dərgahmış demə,

Gün ondan aşağıymış,

Ay ondan aşağıymış!

 

Sevgi dəryada qayıq,

Qayıqçının yox sayı...

Qəvvastək daldım eşqə,

Olmadım dibə layiq.

 

"Bir az tənəm, bir az can,

Cüt cəhətə ərkim var".

Bir az ruham, bir az qan,

Gör, neçə qat sevgim var?!

 

Eşqimdir qoca dərdim,

İslaqdı, günə sərdim!

Bilsəydim nədir sevgi

yuvasının yerini,

qədərini bilərdim...

2022

 

Nənə peyzajı

 

R. üçün xırda bir zarafat

Ərz eyləyim xanımı -

altmış yeddi yaşında...

Süfrəsindən tanınır -

əli duzda, yaş unda!

 

Heç nəyə  yoxdu, deməz:

teştə, ələyə gəlsə,

qəndə, çörəyə gəlsə...

Canını əsirgəməz

qonşu diləyə gəlsə!

Gülərüz bacıları

gözləşib gəlir dilə:

 - Bir az dili acıdı,

amma bununla belə,

üstümüzdə Allah var,

bacı yaxşı bacıdı!

 

Oğul-qız salır yada:

- Ana yoxsa, can olmaz!

Ana çoxdu dünyada,

bizim anadan olmaz!

 

Nəvə deyir, nənəcan

bir az kökdü, ətlidi.

Paysız girməz qapıdan,

dəhşət səxavətlidi!

 

Dinir baba - başı daz,

Kol gəzir dolaşmağa:

- Yaşı ötsə də bir az

yarayır dalaşmağa...

2022

 

Etiraz

(Yenə zarafat)

 

Günahım yox, qadası,

nəyi sayım adbaad?

Nədən sənnən arası

bir az sərinəm, arvad?

 

Menyün elə qəliz ki,

dil-dodağım verir çat.

Çarxa çıxanda hirs ki,

sanıram cinəm, arvad.

 

Gen bardağı tut gendə,

çayı qardaşına sat!

Kür, Araz batar məndə,

Nildən dərinəm, arvad.

 

Şirin kökdən doyub can,

kefim kök, içim bərbad.

Mən elə yaranandan

qənddən şirinəm, arvad!

 

İstiotu bəri qoy,

bişmişə duzu bol at!

Qızırqanma, soğan soy,

dadlı yerinəm, arvad.

 

Damara bax, qan alan,

umma səhradan imdad.

Suyu tikandan alan

dəvən, nərinəm, arvad.

 

Sübh kələm, axşam kələm;

damağımdan qaçıb dad.

Mən ki, dovşan deyiləm,

Halal ərinən, arvad!

 

Bəhmənlini qınama,

demə töhmət istəyir,

Tavanı qoy yanıma,

ürəyim ət istəyir...

2022

 

Üçüncü görsəniş: SÖZ! SÖZ! SÖZ!

 

Dünya sənin, Məmməd Araz...

 

"Dünya sənin, dünya mənim, dünya heç kimin..."

M.Araz

 

Fırfıratək fırlanana - "heç kimin", - dedin,

İçin sözdü, çölün sözdü, söz vətənindi.

Sözə xatir boğum bir az hirsimi, - dedim,

Tərsə çəkən tələbənəm, tərsini dedim:

Dünya sənin, Məmməd Araz, dünya sənindi!

Yola aşiq olanların mənzildir sonu;

Daş-kəsəklər, sür-sümüklər yolötənindi.

İki qəlbi əkiz tutub tən bildim sonu,

Bağışla ki, şah şeirindən mən sildim sonu -

"Heç kim nədi",

Məmməd Araz, dünya sənindi!

 

Əli zərə yatmayanlar zər tutur-tutsun,

Oyunçu yox, odunçu çox, talançı mindi.

Əyrimçələr dik-dik gəzib sim udur-udsun,

Boğazında qalar loxma kim udur-udsun-

Udulmayan qaya dünya, Məmməd, sənindi!

 

Titrək-titrək əsən külək titrəyən əlin,

Yarğan səbrin, çay gülüşün, duman kinindi.

O nər gədik, o ərən dik, o qaya gəlin,

gül üstünə şeh adıyla daman sənindi,

Aləm sənin,

Məmməd Araz, dörd yan sənindi.

 

Ata kitab, ana tarla; sünbülü sözdü,

Al qanımda cücərənlər kəlmələrindi.

Fələyin sərt zərbəsinə kişitək dözdün,

Qalibiyyət axır dinib, son gülənindi -

Hünər sənin, Məmməd Araz, zəfər sənindi!

 

İstəməzsən olanımdan daha çox, şair,

Sözə qurban vətən ətri verən tənimdi.

Cənnətdəsən, bəxtəvərsən, könlü tox şair;

Vətənin göz yaşı suyun, ahı dənindi -

Xoş halına, Məmməd Araz, dünya sənindi!

2022

 

Hərə bir can borcludu

 

Dünya qurbangah yoludu -

köhnə qurban, təzə qurban!

Fəqir yolu, şah yoludu -

Tanrı salan izə qurban!

 

Kim istəməz yeri qala,

Qalsa, mindən biri qalar!

Can umsa ki, diri qala

gərək qurban kəsə qurban,

gərək qurban əzə qurban!

 

Dərd fələkdi, saçı tüstü,

Qardaş külək, bacı tüstü...

Göz yaşardır acı tüstü,

küllər gedir közə qurban!

 

El yolunda giryan olduq,

İki canda bir can olduq.

Biz hamıya qurban olduq,

olan hanı bizə qurban?!

 

Dizdə buldum dirəyimi -

Dik saxladı kürəyimi!

Haqq namına ürəyimi

əhd elədim dizə qurban!

 

O ki, son söz qaldı mənə,

Bəndəm ruha, nə də tənə.

Aləmlər qurban vətənə,

Mənim canım sözə qurban...

2022

 

Ustalıq

 

Sözü yerində deyəsən gərək,

Söz gərək yerinə düşə.

Elə sığallana ki, lək

Tum gedib dərinə düşə.

 

Sözü sözdən ehmal ayır,

Söz sınsa sözdən... qanayır!

O kəlməni yaz ki, şair,

Tanrı dəftərinə düşə!

2023

 





23.05.2023    çap et  çap et