525.Az

Müəllimlərin sertifikatlaşdırılması: dövrün tələbləri ilə səsləşən vacib addım


 

Müəllimlərin sertifikatlaşdırılması: dövrün tələbləri ilə səsləşən vacib addım<b style="color:red"></b>

Məlum olduğu kimi, 2022-ci ildən etibarən, ölkənin dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma ilə peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək mümkün olur.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Sertifikatlaşdırma prosesinin davamı olaraq növbəti mərhələdə 33315 nəfər sertifikasiyaya cəlb ediləcək. Artıq dünən onlar şəxsi kabinetlərinə yerləşdirilən məlumatla imtahan verəcəkləri məkan, tarix və saat barədə xəbərdar olunublar. Belə ki, bu il sertifikatlaşdırma imtahanları iyunun 20-24-də keçiriləcək. Həmin günlərdə ötən il sertifikatlaşdırma imtahanlarına cəlb edilməyən regionlardan olan ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimləri imtahan verəcəklər.

Elm və təhsil naziri Emin Əmrullayev bu il sertifikatlaşdırma prosesinə cəlb olunacaq müəllimlərin 5290 nəfərinin 60 yaşdan yuxarı müəllimlər olduğunu deyir. Onun sözlərinə görə, qanuna ediləcək dəyişiklikdən sonra 5290 nəfərin sertifikasiyada iştirakı könüllü olacaq: "60 yaşı tamam olmuş müəllim sertifikatlaşdırma prosesində istəsə iştirak edər, istəsə yox. Amma iştirak edir, hər iki mərhələdə uğur qazanmırsa, onunla əmək müqaviləsinə xitam veriləcək".

Qanunda gözlənilən başqa bir dəyişiklik işə ilk dəfə qəbul olunan müəllimləri maraqlandırır. Belə ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklə onlar 5 deyil, 3 il ərzində sertifikasiyaya cəlb edilməyəcəklər. Sertifikatlaşdırmada iştirak edən və uğur qazanan müəllimlərin əməkhaqqı artırılacaq. 33 mindən çox müəllim üçün keçirilən imtahanın nəticəsi olaraq, onların 80-85 faizinin əməkhaqlarının artacağı gözlənilir. Ötən il sertifikasiya imtahanında uğursuz nəticə göstərən 2803 müəllim üçün isə təlimlər başa çatdıqdan sonra təkrar imtahan keçiriləcək. İmtahanlar təxminən iyul ayının sonuna təsadüf edəcək: "Onlar keçid balını bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə, əmək müqavilələrinə xitam veriləcək və həmin yerlər vakansiyaya çıxarılacaq".

Nazir həmin müəllimlərin ikinci şansdan maksimum yararlanacağına ümid etdiyini bildirib: "Həmin müəllimlər üçün 57 təlim mərkəzində təlimlər təşkil edilir. Mart ayından start verilən təlimlərlə müəllimlərimizə kömək etməyə çalışırıq. Məlumat üçün deyim ki, 2803 müəllimdən 505 nəfəri təlimlərə qatılmaqdan imtina edib. Hazırda biz bunun səbəbini araşdırırıq".

2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak edib və onlardan 8843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə edilib", - bu, Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Beləliklə, rəsmi rəqəmlər əsasında ötən il sertifikasiyanın  test və müsahibə mərələsindən kəsilən müəllimlərin sayını dəqiqləşdirmək mümkün olub. Yəni 2022-ci ildə təşkil olunan sertifikatlaşdırılması prosesi zamanı birinci mərhələdən - test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə - müsahibəyə buraxılmayıb. İkinci mərhələyə - müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Ümumilikdə ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyir ki, təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər üçün olduqca vacibdir: "Təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiqdir. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Azərbaycanda bu prosesə ötən ildən başlanılıb. Fikrimcə, zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər də dövrün tələblərinə cavab verməlidir".

Təhsil üzrə ekspert Elşən Qafarovun dediyinə görə, Nazirlər Kabinetinin qərarına əsasən üzrlü səbəblərdən sertifikasiyada iştirak etməyən, imtahandan kəsilən şəxslər üçün bir il ərzində ikinci dəfə imtahan keçirilir: "Şəxs ikinci dəfə də imtahanda iştirak etməsə, yaxud kəsilsə, bu zaman onunla bağlanan əmək müqaviləsinə xitam verilir. Təhsil sistemimizin daha peşəkar müəllimlərə ehtiyacı var. Sertifkasiyanın da mahiyyəti daha peşəkar müəllimləri üzə çıxarmaqdır. Bu səbəbdən də təklif edirəm ki, məsələyə mahiyyəti üzrə baxmalıyıq və burada ilk olaraq uşaqların mənafeyi nəzərə alınmalıdır. Sertifikasiyanın mahiyyəti peşəkarlarla qeyri-peşəkarları müəyyən etmək və yola peşəkarla davam etməkdir".

Təhsil üzrə ekspert Elmin Nuri hesab edir ki, müəllimlərin sertifikasiyasından ikinci dəfə uğursuz nəticə əldə edən müəllimlərin işdən azad olunması cəza hesab edilməməlidir: "Subyektiv fikrimcə, bu, kifayət qədər yumşaldılmış humanist addımdır. Çünki zamanla aparılan tədqiqatlar, sorğu və müşahidələr təhsildəki problemləri üzə çıxardı. Təhsilin yeganə problemi təkcə bürokratik əngəllər, sosial bərabərsizlik deyil. Təhsilin böyük problemlərindən biri də müəllimlərin keyfiyyəti ilə bağlıdır".

O qeyd edir ki, sertifikasiya imtahanları ilə bağlı qaydalara əsasən, iki dəfə imtahandan kəsilən müəllim işdən azad olunmalıdır: "İlk dəfə ötən il ölkəmizdə sertifikasiyaya start verildi və yalnız ibtidai sinif müəllimləri sertifikasiyadan keçdi. İbtidai sinif müəllimlərinin 98 faizi sertfiikasiyada iştirak edib, 78 faizi isə ilk mərhələdə uğur qazanıb. Yəni 10945 müəllimin 8547 nəfəri ilk mərhələni uğurla keçib. Digər müəllimlər isə təkmilləşdirmə kurslarına göndərilib. Nazir sertifikasiyanın nəticələrinə aid tədbirlərin birində qeyd edib ki, 2300 müəllimin özünü təkmilləşdirməsinə ehtiyac var. Deməli, həmin müəllimərin bu illər ərzində yetişdirdikləri şagirdlərin də keyfiyyət göstəriciləri aşağıdır. Bu, təkcə təhsilə yox, həm də cəmiyyətə vurulan zərbədir".

Ekspert bildirir ki, həmin müəllimlərdən 1530 nəfəri cari il ərzində xüsusi təkmilləşdirmə kurslarına göndəriləcək və onlar növbəti il keçiriləcək sertifikasiya imtahanına yenidən qatılacaqlar: "Dövlət belə müəllimlərin yenidən yetişməsi üçün şərait yaradır. Bütün bunlardan sonra da həmin müəllim yenidən aşağı nəticə göstərəcəksə, onun məktəbdə qalmağının nə əhəmiyyəti var?! Bunun yarada biləcəyi sonrakı fəsadları düşünürükmü? Biz zəif müəllimləri məktəbdə görmək istəmirik. Övladlarımızı belə müəllimlərə tapşıra bilmərik".

Sevinc QARAYEVA

 

 

 





23.05.2023    çap et  çap et