525.Az

Uşaqlara peyvənd çoxmu vacibdir?


 

Uşaqlara peyvənd çoxmu vacibdir?<b style="color:red"></b>

İmmun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edən peyvəndlərlə bağlı son zamanlarda cəmiyyətimizdə bir sıra fikir ayrılıqları nəzərə çarpır. Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Lakin ölkəmizdə bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edirlər. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanırlar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndləşməni dəstəkləyir. Qurum bu gün dünyanın bir çox ölkələrində vaksinasiyadan imtina tendensiyasını 2019-cu ildə dünya səhiyyəsinə ən böyük təhlükələr siyahısına daxil edib.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən pediatr Sücayət Ələkbərova deyir ki, peyvənd bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur və peyvəndi gecikdirilən, ya da ümumiyyətlə peyvənd olunmayan uşaqlar həmin xəstəliklər qarşısında müdafiəsiz vəziyyətə düşürlər ki, bu da ağırlaşma vəziyyətində ölümlə nəticələnə bilər. Həkim qeyd edir ki, körpənin ilk üç peyvəndi doğum evində ilk 12 saat ərzində hepatit B-yə qarşı aparılır. 4-7 günündə vərəm və poliomielitə qarşı peyvənd vurulur. Ərazi üzrə poliklinikaya qeydiyyata alınandan sonra isə tetanus, göyöskürək, hemofil infeksiyası, pnevmokok, difteriya, parodit, məxmərək və qızılca kimi pandemiya halını almış, ağırlaşaraq körpə ölümlərinə belə səbəb ola biləcək xəstəliklərə qarşı peyvəndləmə aparılmalıdır: "Cəmi bir peyvənd uşağı bir neçə xəstəlikdən qoruya bilir. Təəssüf ki, son zamanlarda əhali arasında arxayınlıq yaranıb. Fikirləşirlər ki, onsuz da xəstəlik yoxdur, filankəslər peyvənd vurdurmadı və xəstələnmədi, ona görə mən də vurdurmuram. Ancaq insanlar bir şeyi unudurlar ki, indiyə qədər əhali arasında olan bu sağlamlıq durumu peyvəndlənmə sayəsində yaranıb. Əvvəllər insanlar kütləvi şəkildə peyvəndləməyə gəlirdi, peyvəndləmə aktiv sürətdə aparılırdı. Sonra peyvəndlər sayəsində xəstəliklər azaldı, əhali də arxayınlaşdı. Amma bilməlidirlər ki, peyvəndi gecikdirmək və ya yox saymağın nəticələridir ki, indi Hepatit B, vərəm, qızılca, difteriya kimi xəstəliklər bəlli səviyyədə artıb. Məsələn, hər bir insanın ömründə bir dəfə də olsa, diş həkiminə, cərraha işi düşür. Bəzən yaxşı strelizə olunmayan alətlərlə hepatit B xəstəliyi keçir. Eləcə də insanın əlini, ayağını paslı bir metal kəsə, ya da torpaq vasitəsi ilə tetanus xəstəliyi yoluxa bilər. Əgər uşaq vaxtında bunlara qarşı peyvənd olunmuş olsa, orqanizmi də dayanıqlı olacaq, əks halda müalicəsi geciksə, ölümlə nəticələnə bilər.

Qızılcaya qarşı olan peyvənd məxmərək və parodit xəstəliyinə qarşı da immun yaradır. Parodit xəstəliyi isə həm oğlanlarda, həm də qızlarda sonsuzluq yarada bilən bir xəstəlikdir.

Ümumən götürsək, peyvəndin heç bir ziyanı yoxdur. Mən həkim kimi hər zaman xəstələri də, öz ətrafımdakı, qohumlarda, tanışlardakı valideynləri də hər zaman peyvəndləşməni aparmağa səsləyirəm. Övladlarımızın və insanlığın sağlam gələcəyinin bir təminatı da məhz peyvəndlərdir".

Qeyd edək ki, peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi halları tamamilə normaldır. Həmin narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

 

 

 

 

 

 

 

 

 





23.05.2023    çap et  çap et