525.Az

AMEA prezidenti Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb


 

AMEA prezidenti Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb<b style="color:red"></b>

Mayın 22-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təcrübə keçən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim və tələbələri ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru Azad Zeynalov, istehsalat təcrübəsinin rəhbəri Səidə Qulubəyova, interyer üzrə dizayner Emiliya Yanaxiyeva, ADRA-nın Dizayn kafedrasının "İnteryer üzrə dizayn" ixtisaslaşmasında təhsil alan II kurs tələbələri, eləcə də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Akademik İsa Həbibbəyli rəssamlıq sənətinə olan dərin hörmətindən və bu istiqamətdə, xüsusilə "Molla Nəsrəddin" jurnalının rəssamları Oskar Şmerlinq, İosif Rotter və Əzim Əzimzadənin həyatı və yaradıcılığına dair apardığı tədqiqatlardan danışıb. Azərbaycanın mərhum rəssamı Tahir Salahovun və akademik Ömər Eldarovun ölkəmizdə rəssamlıq, heykəltaraşlıq sənətinin inkişafına mühüm töhfələr verdiklərini, öz əsərləri ilə gənc rəssamları həvəsləndirdiklərini bildirən akademik İsa Həbibbəyli hazırda Ülviyyə Həmzəyeva, Cavid İsmayılov, Həbibə Allahverdiyeva və digər rəssamların mükəmməl əsərlər ərsəyə gətirdiklərini, bu sahəni uğurla davam etdirdiklərini söyləyib. AMEA rəhbəri qeyd edib ki, Xalq rəssamı Natiq Əliyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru təyin olunması Akademiyanı yeni mərhələyə qaldırmağa və gənc kadrların hazırlanması işinə təkan verəcək.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə əməkdaşlığın gələcək illərdə də davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdıran AMEA rəhbəri təcrübə prosesinin yekununda tələbələrin əl işlərindən ibarət "AMEA Rəssamlıq Akademiyasının tələbələrinin gözü ilə" adlı sərginin keçirilməsini təklif edib.

Sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru Azad Zeynalov təcrübə prosesi barədə məlumat verib.

Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə geniş əlaqələri olduğunu, institutun bir çox əməkdaşlının Rəssamlıq Akademiyasının məzunu olduğunu vurğulayıb.

Daha sonra İnstitutun "Heydər Əliyev İli" çərçivəsində ərsəyə gətirdiyi "Təsviri sənətdə Heydər Əliyev obrazı" kitabını Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına hədiyyə edib.

Görüşdə, həmçinin, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Nihan İsmayılova və Əliyusif Kərimov çıxış edərək tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

 





23.05.2023    çap et  çap et