525.Az

Azərbaycanlı politoloqlar Türkiyədəki seçkilərin ikinci turundan nə gözləyirlər?


 

Azərbaycanlı politoloqlar Türkiyədəki seçkilərin ikinci turundan nə gözləyirlər?<b style="color:red"></b>

Türkiyədə prezident seçkilərinin ikinci turuna sayılı günlər qalıb. Bu həftə sonu, mayın 28-də qardaş ölkə növbəti dönəm üçün öz liderini seçəcək. Xatırladaq ki, Türkiyədə seçkilərin birinci turu mayın 14-də keçirilib. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə rəqiblərini üstələyərək liderliyini saxlasa da, seçkinin taleyi birinci turda həll olunmadı. Yəni namizədlərdən heç biri 50 faizlik baryeri keçmədi. Bununla belə, Ərdoğanın 50 faizə yaxın səs alması onu göstərdi ki, Türkiyə xalqı yenə də ona etimad göstərir. Belə ki, birinci turda "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,17 faiz səs toplayıb. Seçkilərdə namizədliyini geri götürən "Məmləkət" partiyasının sədri Məhərrəm İncənin səs faizi isə 0,44 faiz təşkil edib.

Parlamentə gəlincə, Cümhur İttifaqı 49,46 faiz səslə Böyük Millət Məclisində 322 yer qazanıb. Beləliklə, Ədalət və İnkişaf Partiyası (AK Parti) 267, Milliyyətçi Hərəkat Partiyası (MHP) 50, Yenidən Rifah Partiyası (YRP) 5 millət vəkili ilə parlamentdə yer alacaq. 35,02 faiz səs toplayan Millət İttifaqı qanunverici orqanda 213 yerə sahib olub. Cümhuriyyət Xalq Partiyası (CXP) 169, İYİ Partiya isə 44 millət vəkili ilə Məclisdə təmsil olunacaq. Seçici fəallığı Türkiyə üçün rekord - 88,84 faiz təşkil edib.

Onu da vurğulayaq ki, Sinan Oğan mayın 22-də prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb. O keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. Parlamentdə çoxluq qazanan "Cümhur İttifaqı" prezident seçkilərində də qalib gəlməlidir deyən Oğan, seçicilərini Ərdoğana səs verməyə çağırıb. O qeyd edib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır. Terrorçuların siyasi qolları siyasətdən təmizlənməlidir və milliyətçilər artıq yenidən türk siyasətində önəmli rol oynayır.

Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatı daha da gücləndirilməlidir, onun əməkdaşlıq sahələri genişləndirilməlidir.

Görünən odur ki, Prezident Ərdoğnın seçkilərin ikinci turunda şansı daha böyükdür. Birincisi, Oğanın seçicilərinin səsi nəticələrə təsir edəcək. Seçicilərin hamısı  olmasa belə, müəyyən faizi onun çağırışı ilə səsini Ərdoğana verəcək. İkincisi, seçkilərin birinci turundan keçən müddət ərzində Kılıcdaroğlunun etimadı itirdiyi müşahidə olunur. Eyni zamanda, Millət ittifaqında da müəyyən fikir ayrılıqları özünü göstərməkdədir.

Başqa bir məqam isə təbii ki, parlament seçkilərində Ərdoğanın üstünlüyə malik olmasıdır. "Altılı masa"nın namizədi isə birinci turda Ərdoğandan az səs toplamaqla yanaşı, eyni zamanda, parlament seçkilərini də uduzdu. Məlumdur ki, Türkiyədəki seçkilər təkcə regionda deyil, qlobal müstəvidə də maraqla izlənilir. Bəs ikinci turla bağlı proqnozlar necədir? Sinan Oğanın Ərdoğanı dəstəkləməsi nəticələrə necə təsir edəcək?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  "525"ə açıqlamasında deyib ki, tam əksəriyyət Ərdoğanın böyük üstünlüklə qələbəsini proqnozlaşdırır. Onun sözlərinə görə, bunun səbəbi təkcə Sinan Oğanın Ərdoğanı dəstəkləməsi ilə bağlı deyil: "Düzdür, bu da əhəmiyyətlidir. Ancaq daha əhəmiyyətli olan budur ki, birinci turda Ərdoğanın koalisiyası parlamentdə üstünlük qazandı. Birinci turda Ərdoğan Kılıcdaroğlundan 3 milyona yaxın çox səs toplayıb. Bu o deməkdir ki, ikinci tura Kılıcdaroğlunun tərəfdarları məyus və aralarında fikir ayrılıqları, dedi-qodu başlaması ilə gedirlər. Belə olan halda isə öz tərəfdarlarını səfərbər etməkdə çətinlik çəkəcəklər. Ərdoğanın tərəfdarları isə əksinə, birinci turun qələbəsindən ürəklənərək ikinci turda seçkilərə gedib bu qələbəyə nöqtə qoyacaqlar. Ona görə də Ərdoğan böyük ehtimalla ikinci turda birinci turun qələbəsini möhkəmləndirəcək".

Deputat hesab edir ki, birinci turdan keçən müddət ərzində Kılıcdaroğlu nüfuzunu itirməkdədir: "Biz görürük ki, Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasından xeyli insan məyus olaraq, onun partiyasını tərk edib. Eyni vəziyyət Əli Babacanın rəhbərlik etdiyi Demokrasi və Atılım Partisi - DEVA partiyasında da yaşanır. Yəni bunlar hamısı düşünürəm ki, göz önündədir. Ancaq müxalif düşərgəsində əsas hadisələr seçkinin yekununda baş verəcək. Partiya üzvləri Kılıcdaroğlundan hesabat tələb edəcəklər və deyəcəklər ki, uduzmusan, get istirahət elə".

R.Musabəyov hesab edir ki, Ərdoğanın yenidən prezident seçilməsi ilə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri daha da möhkəmlənəcək: "Burda ayrı məsələ yoxdur. Söhbət təkcə bizim, yəni iki ölkə liderinin istəyindən  getmir. Bunu Türkiyə xalqı istəyir, Azərbaycan xalqı istəyir. Liderlər təbii ki, bu istəkləri konkret fəaliyyətə çevirirlər. Düşünürəm ki, əməkdaşlığımız, qardaşlıq münasibətlərimiz bütün istiqamətlərdə davam edəcək".

Politoloq Zaur Məmmədov isə "525"ə deyib ki, Türkiyədə seçkilərin ikinci turuna maraq olduqca böyükdür, göründüyü kimi rəqabət göz önündədir. Əlbəttə ki, bu seçki Türkiyə xalqının taleyinin həll edilməsidir. Eyni zamanda bu seçki təkcə Türkiyənin yox, ümumiyyətlə, qardaş ölkənin ətrafında olan ölkələr, Avrasiyanın orta xəttində mühüm əlamətdar hadisədir. Ona görə də təkcə Türkiyə daxilində deyil, dünya miqyasında seçkilərə maraq olduqca böyükdür".

 





24.05.2023    çap et  çap et