525.Az

Sian Bəyannaməsi - Xaqani Cəfərli yazır


 

Sian Bəyannaməsi - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Yeni dünya düzəninin formalaşmasına təsir edən əsas hadiəslərdən biri də Çin-Mərkəzi Asiya Sammitinin yekununda imzalanmış Sian Bəyannaməsi ola bilər. Bu bəyannaməni Çinlə yanaşı Mərkəzi Asiyanın beş ölkəsi - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan da imzalayıb. Bəyannamənin imzalanmasını dəyərləndirən Çin dövlət başçısı Si Cinpin bildirib ki, Çin-Mərkəzi Asiya əlaqələrinin gələcək inkişafı üçün plan müəyyən ediblər. Si Cinpin qeyd edib ki, Çin və Mərkəzi Asiya ölkələri suverenlik, müstəqillik, təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində bir-birlərini qətiyyətlə dəstəkləyəcəklər. Bundan əlavə, tərəflər hər bir dövlətin milli şəraitinə uyğun olaraq bir-birinin seçdiyi inkişaf yollarına hörmətlə yanaşacaq və istənilən bəhanə ilə ölkələrin daxili işlərinə hər hansı zorakı müdaxiləyə qəti şəkildə qarşı çıxacaqlar.

Bəyannamədə əksini tapmayan, amma Çin dövlət başçısının sammit zamanı Mərkəzi Asiya ölkələrinin liderləri ilə müzakirə etdiyi önəmli məsələlərdən biri də müdafiə sektoru da daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Çin dövlət başçısı Si Cinpin Pekinin "bölgədə sülhü təmin etmək" üçün Mərkəzi Asiya respublikalarının müdafiəsini gücləndirməyə və onların təhlükəsizlik imkanlarını artırmağa hazır olduğunu bəyan edib. Bu, açıq mətinlə hərbi və təhlükəsizlik alyansının yaradılması təklifidir. Buna görə də Çinin Mərkəzi Asiya ölkələri ilə birgə hərbi təlimləri bərpa edəcəyi ehtimalı yenidən gündəmə gəlib. Yeni hərbi alyansı yalnız Pekinin istəyi deyil. Mərkəzi Asiya ölkələrinin bəziləri yeni hərbi alyansın yaranmasında Çinlə müqayisədə daha çox maraqlıdır. Rusiyanın zəifləməsinin nəticəsi olaraq bölgədən çəkilmək məcburiyyətində qalacağı halda Tacikistan Əfqanıstandan gələ biləcək təhlükəyə qarşı tək dayana bilməyəcəyini anlayır. Ona görə də Çinin təklif etdiyi yeni hərbi alyans Tacikistanın maraqlarına uyğundur. 

Digər tərəfdən Qərbin sərt sanksiyalarına məruz qalan Rusiya Mərkəzi Asiya ölkələri üçün iqtisadi əməkdaşlıq cazibəsini itirib. Üstəlik, son zamanlar bu sanksiyalara görə Rusiya Mərkəzi Asiya ölkələri üçün "toksik" hala - "zəhərli" halına gəlib. Keçmiş sovet respublikaları arasında Rusiyanın ən böyük ticarət tərəfdaşı Qazaxıstan Ukraynanın işğalını dəstəkləməkdən imtina edib və ötən il NATO üzvü olan Türkiyə ilə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan saziş imzalayıb. Rəsmi statistikaya görə, Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il  70.2 milyard dollar təşkil edib. Üstəlik, Avropaya yük daşımalarının 80 faizi bu dövlətlər vasitəsilə təmin olunub. Çin beş Mərkəzi Asiya ölkəsi ilə sammitinin "İpək Yolu"nun yarandığı qədim Çin paytaxtı Sianda keçirilməsi də Pekinin bu ölkələrin üzərindən tranzit yüklərin daşınmasına çox böyük önəm verdiyinə işarədir.

Sian Bəyannaməsinin imzalanması ilə yanaşı Çin Mərkəzi Asiyanın bəzi ölkələri, xüsusilə Qazaxıstanla ikitərəfli əməkdaşlığı əhatə edən bir neçə sənəd də imzalayıb. Onların arasında 22 milyard dollarlıq 47 investisiya sənədi xüsusi yer alır. İnvestisiya sənədləri içərisində Qazaxıstanda Çinin NFC şirkəti tərəfindən mis əritmə zavodunun tikintisinə dair müqavilə xüsusilə diqqət çəkir. Müqavilənin birinci mərhələsində 300 min ton katod misi istehsal edən zavod tikiləcək.

Bundan əlavə, bərpa olunan enerji və enerji saxlama sistemləri sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. Bu sənəd çərçivəsində Cambul rayonunda ümumi gücü 1QVt olan külək stansiyalarının tikintisi və külək stansiyalarının istehsalının təşkili nəzərdə tutulub. Layihə China Power International Holding və SANY Renewable Energy ilə birgə həyata keçiriləcək.

Daha bir imzalanmış sənəd isti briketlənmiş dəmir (HBI) istehsalının inkişafı ilə bağlıdır. Kostanay vilayətinin Rudnı şəhərində yüksək keyfiyyətli konsentratın hazırlanması və HBI istehsalı üçün zavodun tikintisi planlaşdırılır. HBI-nin illik istehsalının 4 milyon tona qədər olacağı güman edilir.

 "Astana Motors Manufacturing Kazakhstan" multibrend zavod layihəsi çərçivəsində kiçik tutumlu Changan, Haval və Chery markaları altında avtomobillərin istehsalı planlaşdırılır. İldə bu markaların hər birindən ən azı 30 min avtomobil istehsal etmək nəzərdə tutulur. Bundan başqa Orbis LLP və Exeed Automobile şirkəti ildə 80 min avtomobil istehsal gücünə malik Exeed avtomobillərinin istehsalı üçün zavodun tikintisinə dair müqavilə imzalayıb.

Digər bir razılaşma HKC Corporation tərəfindən məişət texnikası istehsalı layihəsidir. İstehsal gücü ildə 500 min ədəd məişət texnikası olacaq zavodun tikintisinə 11.8 milyard tengedən çox investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Həmçinin, Silkway Transit, Çin Milli Texniki İdxal və İxrac Korporasiyası və CRRC Dalian tərəfindən Almatı vilayətində lokomotivlərin yığılması zavodunun tikintisi üzrə birgə layihənin həyata keçiriləcəyi elan edilib.

Pekin Kənd Təsərrüfatı Texnologiyaları Xidməti tərəfindən Almatı vilayətində pomidorun yetişdirilməsi üçün istixana kompleksinin tikintisinə dair ölkələr arasında saziş imzalanıb. Bundan əlavə, müxtəlif növ bitkilərin, o cümlədən, dənli bitkilərin, tərəvəzlərin, meyvələrin və digər bitkilərin suvarılması üçün damçı suvarma sistemlərinin istehsalına dair saziş imzalanıb.

Çin Dövlət İnkişaf Bankı (GBRK) Qazaxıstan İnkişaf Bankının mexanizmlərindən istifadə etməklə Qazaxıstanın müxtəlif əsas sektorlarında investisiya layihələrini maliyyələşdirməyə hazır olduğunu bildirib. GBRK neft-qaz, neft-kimya, kimya, mədən sənayesi, o cümlədən, enerji, nəqliyyat, tikinti materialları, kənd təsərrüfatı, rabitə və sənaye parklarını prioritet sahələr hesab edir.

Qazaxıstandan öncə oxşar sənədləri Çinlə Türkmənistan imzalamışdı. Bu ilin yanvar ayında Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Pekinə səfəri zamanı Çin dövlət başçısı Si Cinpinlə 15 əməkdaşlıq sənədinə imza atmışdı. Bu dəfə də əməkdaşlığa dair daha bir sənəd paketi imzalanıb.

Bütün bunlar Sianda keçirilən sammitin Pekin üçün çox uğurla keçdiyini, Rusiyanın itirməkdə olduğu Mərkəzi Asiyaya Çinin sahib çıxdığını göstərir.

 





24.05.2023    çap et  çap et