Çoxdan idi ki, məzmunca maraqlı, üslub və ifadə tərzi etibarı ilə orijinal bir kitab oxumaq fürsəti əlimə keçmirdi. Nəhayət elə bir fürsət mənə nəsib oldu. Bu yaxınlarda məşhur oftalmoloq-cərrah Paşa Qəlbinur, özünün yenicə işıq üzü görmüş "Qara su" romanını mənə verdi. Kitabı birnəfəsə oxudum.
Yaşadığımız çətin, dəyərlərin ucuzlaşdığı, mənəvi inflyasiya, insaf, hörmət və qanacağın cılızlaşdığı bir dövrdə, Paşa Qəlbinurun, bu kitabı bir udum dağ havasına bənzəyir.
Romandakı obrazlar, onların həyat və məişət münasibətləri, bu münasibətlərin təsvir və tərənnümü, müəllifin seçdiyi ifadə tərzi, bədii təsvir və ifadə vasitələri, zahirən oxucuya sadə və kasıb görünür. Lakin bu, zahirən belədir. Sonda gözlərimiz önündə dərin həyati müşahidə qabiliyyətinə malik, milli dəyərlərə, adət-ənənələrə möhkəm bağlı olan, saf və təmiz kənd adamının qəlbinin bütün çalarlarına nüfuz etməyi bacaran görkəmli bir psixoloqun, ustad bir yazıçının, qüdrətli bir rəssamın zəngin biliyi və istedadı əsasında yaradılmış möhtəşəm portret qalereyası canlanır.
Rəssamlıq, tək fırça və boya ilə işləmək texnikasına malik olmaq deyil, eyni zamanda, güclü hafizəyə, müşahidə və diqqətli olmaq bacarığına malik olmaq deməkdir. Əsl sənətkar ustalığı başqalarının gördüyünü, onlar kimi yox, başqa tərzdə görmək, duymaq və əks etdirməkdir.
Roman vahid bir süjet xəttinə xidmət edən qısa fəsillərdən ibarətdir. Bu, rəngarəng, incə və gözəl muncuqlardan tərtib olunmuş boyunbağına bənzəyir. Özü özlüyündə hər bir fəsil bir muncuq, hər bir muncuq isə bir kaleydoskopu xatırladır. Fəsil-muncuqlar süjet sapına ehmalca, səbir və məxsusi bir zərifliklə yığılaraq, incə bir boyunbağını əmələ gətirir.
Kitab, eyni zamanda həm uşaqlar, həm də böyüklər üçün maraqlı olan "pazl" uşaq oyununu xatırladır. Bu oyunda, bir rəsm əsəri müəyyən fiqur şəklində xırda fraqmentlərə bölünür. Pərən-pərən səpələnmiş fraqmentləri yığaraq həmin tablonu yenidən yaratmaq oyunun məğzini təşkil edir.
Romanda da oyundakı kimi, fraqmentlər - obrazlar kitab boyu səpələnmişdir. Oxucu, hər bir fəsildə tanış olmayan, yeni, lakin gözəl, ustalıqla təsvir olunmuş və dərin fəlsəfi məzmunlu bir fraqmenti tapıb, doğma və füsunkar təbiətli Şəmkir mənzərəsi fonunda, obrazlarla dolu gözəl tabloya salır. Obrazlar və təbiət mənzərələri uşaqlıq xatirələri ilə dolu, zəngin boyalarla, yüksək bir sənətkarlıqla təsvir olunub. Kitabı oxuyarkən qədim kəhrizin buzlu suyu, məktəb illəri, sinif imtahanları ilə bağlı o dövrün təəssüratını yaradan, məst olduğumuz qızılgül və yasəmənin ətri duyulur. Heyva ağacı, heyvanın ətri isə şəxsən məni, harada olduğumdan asılı olmayaraq, fikrən uşaqlığa, xəzanlı bir payız bağına aparır. Adamın içi titrəyir, uşaq olmaq, o günləri yaşamaq istəyirsən, fəqət...
Romanı oxuyarkən, adamın gözünün önünə Azərbaycan bəzək və naxışları ilə sarmaşan alman, rus, aysoru çalarları ilə bəzədilmiş bir xalça gəlir. Bu xalça, o dövrün, almanlar tərəfindən təməli qoyulmuş uzun küçələr, bu küçələrin hər tərəfində tikilmiş alman memarlığının orta dövrünə aid olan yaraşıqlı evlər, çəkilmiş kəhriz, su arxları və basdırılmış meyvə ağacları, rəqs meydançalı gözəl yaşıl park, kinoteatr, albalı və gilas ağaclı üzüm bağları, işin başlanmasını, fasilə və işin sonunu bildirən şərab zavodunun fiti, və bütövlükdə Georqsfeld-Leninkənd (indiki Çinarlı) qəsəbəsini özündə ehtiva edir. Burada yaşayan dərdli və şad günlərini bölüşən müxtəlif millət nümayəndələri, onların səsli-küylü, Azərbaycan, rus, alman, aysoru dilində danışıq və şən zarafatları qəribə bir konqlomerat təşkil edir.
Klassiklərdən kimsə "Uşaqlıq xatirələri, uşaqlığa səyahət - cənnətdir", deyib. Bu gün mən, sanki cənnətdə oldum. Bu cənnəti mənə "Qara su" romanı bəxş etdi.
Ağlıma bir fikir gəldi. Bəzən bədii əsərləri bədii istedadı olan həkimlər yazsalar daha yaxşı olar. Çünki həkim tərəfindən yazılmış kitabın adama müalicəvi təsiri daha tez və daha yaxşı olur.
Çox sağ olun, Həkim! Bu kitabınız, yüksək səviyyədə aparılmış uğurlu bir oftalmoloji cərrahiyyə əməliyyatına bənzəyir! Adamlara skalpel ilə lazer şüası ilə yaxud bədii əsərlərinizlə bəxş etdiyiniz nur üçün çox sağ olun!
Qalib BABAYEV
çap et