525.Az

"Ellərin sevgili yarı Naxçıvan..." - Vasif Quliyev yazır


 

"Ellərin sevgili yarı Naxçıvan..." - <b style="color:red"> Vasif Quliyev yazır</b>

Həyatını çörəkli bir peşəylə - dərziliklə bağlayan Usta Kərim Şuşa qalasından Qarabulaq kəndinə kefiköklükdən köçüb-gəlməmişdi. Qarabağda qırğın salan arxalı köpəklərin - murdar xislətli erməni tayfasının törətdiyi vəhşiliklər bir çoxları kimi onu da doğma şəhərindən didərgin salmışdı. Bu gənc dərzi, necə deyərlər, iynəsini yaxasına sancıb, çörəkpulu qazanmaq üçün Aşağı Qarabağa üz tutmuş, el-el, oba-oba gəzib-dolaşaraq axırda Qarabulaqda bənd almışdı. Dolanışığı çox çəkmədən babatlaşan və sadə bir peşə sahibi kimi ad-san qazanan Usta Kərimin üz-gözü təzə yurda az bir vaxtda elə alışmışdı, elə öyrəşmişdi ki, o, dava qurtardıqdan sonra daha Şuşaya qayıtmayıb, burda özünə ev-eşik düzəltmiş, yurd-yuva salmışdı.

Usta Kərim Qarabulaqda yaşasa da, yarı canı qaldığı doğma vətənini - dədə-baba yurdunu da unutmur, hər il külfəti ilə Şuşada yaylayırdı. Hər dəfə də gələndə oğlunu, balaca Məmmədi şəhərin gəzməli, görməli yerlərinə aparır, məhəlləbəməhəllə, küçəbəküçə gəzdirərək bu qalanın tarixini, burda baş verən ibrətamiz hadisələri, maraqlı əhvalatları ona danışır və bununla övladının kiçik qəlbində doğma el-obasına sevgi, məhəbbət, vətəninə bağlılıq hissləri oyadırdı. Lap körpəlikdən havasını ciyərlərinə çəkdiyi Cıdır düzünü, məlhəm suyunu içdiyi İsa bulağını, dəfələrlə qoynunda dolaşdığı Çanaqqalanı gəzməkdən yorulmayan Məmməd gördüyü gözəllikləri gözlərinə köçürür, mənzərələri yaddaşına yazır, Şuşanın şeir-sənət bulağından su içir, zəngin musiqisinin şirəsini canına-qanına çəkirdi. Hərdən də toqqasına ilgəhlədiyi qamış tütəyini çıxarıb, özünəməxsus çalğısı ilə ətrafdakıları heyrətə gətirir, məftun edirdi...

Beləliklə, uşaqlığını, neçə-neçə yayını bu dağlar qoynunda bax, beləcə mənalı və maraqlı keçirən yeniyetmə Məmməd bir də gözünü açıb gördü ki, artıq orta məktəbi bitirib, sənət dalınca getməyin, bir peşə sahibi olmağın, üstəlik də, aşıb-daşan istedadını, qabiliyyətini göstərməyin vaxtı gəlib-çatıb. Bunun üçünsə geniş bir auditoriya, sənət meydanı lazımdır. Bu meydan da şübhəsiz, Bakı idi - istedadların toplaşdığı böyük şəhər, böyük sənət məbədi... Elə bu arzuyla, bu istəklə də bir yay günü qatar onu paytaxta gətirib-çıxartdı. Məmməd sənədlərini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Bakı Musiqi Texnikumunun nəfəsli alətlər şöbəsinə verdi...

Sonralar həmin o unudulmaz günləri, həmin o xoş anları belə xatırlayırdı Məmməd müəllim: "1931-ci ilin avqust ayı idi. Texnikumda qəbul imtahanları gedirdi. Abituriyentlər arasında mən də vardım. Binanın koridorunda durub, həyəcanla və səbirsizliklə içəri çağırılmağımı gözləyirdim. Qəbul otağından ara-sıra bayıra çıxan gənc bir oğlan imtahan verənləri növbə ilə içəri dəvət edirdi. O, bu dəfə otaqdan çıxanda:

- Məmməd Cavadov kimdir? Buyursun, keçsin içəri! - deyib, əli ilə qapını göstərdi.

Mən həyəcanla, bir az da çəkinə-çəkinə imtahan gedən otağa daxil oldum. Küncdə qoyulmuş fortepiano arxasında orta yaşlarında nurani bir kişi oturmuşdu. O məni görcək:

- Yaxın gəl, oğlum! - deyə məni yanına çağırdı.

Özümü toplayıb, yaxınlaşdım. O, fortepianonu dilləndirdi, musiqi duyumumu, yaddaş ritmimi yoxlamağa başladı. Çox bəyəndiyini bildirib, razılıq və sevinclə:

- Afərin, oğlum, çox gözəl, çox pakizə! - deyərək ayağa durub, əlləri ilə başımı sığalladı. Sonra dedi: - Sən artıq tələbəsən, gedə bilərsən.

Mən otaqdan necə çıxdığımı bilmədim. Sanki qanadlı bir quş olub, göylərdə uçurdum. Sevincimdən imtahan götürən müəllimin kim olduğunu da soruşmadım. Yalnız bir neçə gündən sonra dərslər başlananda həmin şəxsin Üzeyir Hacıbəyov olduğunu bildim..."

Bəli, bəxti yar olmuşdu Məmmədə. Qarşısına Üzeyir bəy kimi dahi bir şəxsiyyət, nəcib bir insan çıxmışdı. O vaxtlar bu düha haqqında çox eşitmişdi, lakin onu üzbəsurət görməmişdi. Üzeyir bəylə qabaq-qənşər söhbət eləmək Məmmədə yuxu kimi gəlirdi.

...Üzeyir bəy Hacıbəyov Məmmədə musiqi nəzəriyyəsindən dərs deyirdi. İkinci kursda oxuyarkən bir gün müəllimi onu yanına çağırtdırdı. Dolanışığı ilə maraqlandı, belə bir sual da verdi:

- Məmməd, de görüm indiyəcən ya balaban, ya da tütək çalmısan?

- Bəli, müəllim!

- Çox yaxşı! - dedi. Cibindən bloknotunu çıxarıb, nəsə yazdı və vərəqi qoparıb, Məmmədə verərək:

- Düş aşağı, ikinci mərtəbəyə, bu kağızı ver kitabxanaçı qıza, - deyib, onu kitabxanaya göndərdi.

Kağızda yazılmışdı ki, bunu gətirən oğlana yaxşı bir balaban verilsin".

Məmməd kitabxanaçı Olqa Andreyevadan bir balaban alıb, Üzeyir bəyin yanına qayıtdı...

Üzeyir bəy təxminən bir ay fərdi qaydada Məmmədə dərs keçdi. Gənc tələbə solfecio və harmoniyanı tezliklə səylə və dərindən mənimsədi, notla çalmağı öyrəndi, öz çalışqanlığı ilə Üzeyir bəyin gözündə daha da ucaldı, onun ən nümunəvi və sevimli tələbələrindən birinə çevrildi, aralarında ata-bala münasibətləri yarandı. Ona görə də dahi bəstəkar istəkli tələbəsini tərəddüd etmədən Azərbaycan Radio Verilişləri Komitəsi nəzdində yenicə yaratdığı notlu xalq çalğı alətləri orkestrinə işə götürdü. Məmməd dərslərinə davam eləyə-eləyə balabançı solist kimi burda da çalışmağa başladı. Səid Rüstəmov, Qılman Salahov, Hafiz Mirzəliyev, Xosrov Məlikov, Adil Gəray kimi sənət dostları ilə birlikdə vaxtaşırı qastrol səfərlərinə çıxdı, zavod və fabriklərdə, kolxoz və sovxozlarda, mədəniyyət saraylarında zəhmət adamları qarşısında çıxış elədi, balaban ifaçısı kimi məşhurlaşmağa başladı.

Öz həzin və məlahətli ifası ilə tezliklə ürəklərə yol tapan bu fitri istedada Allah-Təala gözəl səs də bəxş eləmişdi. O, həm də mahnı bəstələyir, musiqi ictimaiyyəti arasında həvəskar müğənni kimi də tanınırdı. Lakin necə deyərlər, su axar, çuxurunu tapar. Özü də tədricən hiss eləyirdi ki, onun yolu müğənnilikdən daha çox bəstəkarlıq yoludur. Elə dahi Bülbülün məsləhəti ilə də Məmməd müğənni olmaq fikrindən tamamilə daşınıb, bütün enerjisini və istedadını bəstəkarlığa yönəltdi. Bülbüllə olan görüşü barədə belə bir xatirə də söyləyirdi Məmməd müəllim: "1934-cü ildə Üzeyir bəy tələbələrinə musiqi nəzəriyyəsindən dərs deyirdi. Mən solfecio dərsində ikinci oktavanın fa, sol, lya səslərini sərbəst oxudum. Üzeyir bəy fortepianonun dillərindən bir anlığa əllərini götürüb, çox diqqətlə və mənalı-mənalı üzümə baxdı, bloknotuna nəsə yazdı və kiçik kağız parçasını mənə verib dedi:

- Məmməd, bunu apar ver Bülbülə!

Kağızda yazılmışdı: "Hörmətli Bülbül! Məmməd Cavadovun səsini yoxla!" - Mən Bülbülün yanına getdim. Üzeyir bəyin yazdığı kağızı ona verdim. Müğənni fortepianonun qarşısında oturub, mənim səsimi həm bəmdə, həm də zildə yoxlamağa başladı. Tamamilə yoxladıqdan sonra dedi:

- Məmməd, bala, yəqin Üzeyir bəy gələcəkdə, bəlkə, səndən yaxşı bir opera müğənnisi çıxacağını fikirləşib, mənim yanıma göndərib. Düzdür, səsin var, pis deyil, amma sən Zülfüqar Sarıyev kimi yalnız kiçik və epizodik rollarda oynaya bilərsən. Məsləhətim budur ki, öz ixtisasını yaxşı-yaxşı öyrən, onda bir yana çıxa bilərsən...

Allah Bülbülə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun! Yaxşı ki, o kişi vaxtında mənə məsləhət verdi, məni artistlikdən çəkindirdi. Yoxsa, Əli aşından da olardım, Vəli aşından da!"

Məmməd musiqi texnikumunu uğurla başa vurdu. Üzeyir bəyin atalıq qayğısı sayəsində imtahan vermədən konservatoriyaya daxil oldu. Özü də eyni vaxtda həm bəstəkarlıq, həm də nəfəsli alətlər şöbəsinin klarnet sinfində təhsil aldı. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Hacı Xanməmmədov kimi gələcəyin tanınmış bəstəkarları ilə birlikdə oxudu, eyni zamanda orkestrdə çalışdı.

1938-ci ilin aprel ayında Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünə gedən heyət arasında Məmməd Cavadov da vardı. Ongünlükdə paytaxt tamaşaçılarına göstərilən Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Əfrasiyab Bədəlbəylinin və başqa bəstəkarlarımızın əsərlərinin uğur qazanmasında o da öz payını verdi. Səfərdən qayıdandan sonra Məmməd musiqi fəaliyyətini daha şövqlə, daha həvəslə və coşğunluqla davam etdirməyə başladı, yaradıcılıq auditoriyasını daha da genişləndirdi. İstedadlı musiqiçi Azərbaycan Dövlət Opera və Balet Teatrının Simfonik Orkestrinə dirijor vəzifəsinə təyin olundu, bir müddət burda çalışdı...

Və 1941-ci ildə Azərbaycan Dövlət Caz Orkestri yaradılarkən  Məmmədin istedadına və qabiliyyətinə yaxından bələd olan sənət dostları onu solist-saksofonçu vəzifəsinə gətirdilər. Bu sənətin respublikamızda təməlinin qoyulmasında və inkişafında kollektivin bədii rəhbəri maestro Niyazi, orkestr rəhbəri Tofiq Quliyev, saksofonçu Pərviz Rüstəmbəyov kimi musiqiçilərlə birlikdə onun da müəyyən qədər xidməti oldu. Məmməd Cavadovun musiqili həyatının və yaradıcılığının bir çox parlaq səhifələri bu orkestrlə bağlıdır. Kollektivdəki çıxışları gənc ifaçını musiqi ictimaiyyəti arasında daha çox tanıtdı. Tofiq Quliyevin "Çahargah" mövzusunda improvizələrinin saksofonda ifasını dinləyən Üzeyir bəy onu çox bəyəndi. Tofiq Quliyev həmin günləri belə xatırlayırdı: "İlk konsert tamaşamız M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında oldu. Cazın repertuarında Sifinq və Avropa klassik caz melodiyaları və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Cazın əsas musiqiçilərindən biri Məmməd Cavadov idi. O, ilk dəfə alt saksofonda "Çahargah" muğamını ifa elədi. Bu muğam orkestrin repertuarına zənginlik, ahəngdarlıq, gözəllik gətirdi. Konsertimiz sürəkli alqışlarla tamamlandı. Bu yenilik tamaşaçıların çox xoşuna gəlmişdi. Ertəsi gün Üzeyir bəy bizi təbrik elədi və repertuarımızın xoşuna gəldiyini vurğuladı. Həm də Məmmədin saksofondakı "Çahargah" ını xüsusilə, bəyəndiyini, yenilik olduğunu dedi. Və əlavə elədi ki, çalışın Azərbaycan melodiyalarını orkestrə həmişə daxil edin. Gözəl təşəbbüsdür. Məmməd həmişə musiqimizin önündə olub, sevilib, ifası bəyənilib..."

Məmməd Cavadov iki il bu orkestrdə çalışdı, ölkənin bir çox şəhərlərində qastrol səfərlərində oldu, Bakıda və respublikamızın rayonlarında bu yeni musiqi janrını təbliğ elədi. Orkestr gənc musiqiçi üçün bir məktəb rolunu oynadı, onun inkişafına böyük təsir göstərdi.

İstedadlı musiqiçi 1943-cü ildə Azərbaycan Dövlət Dram Teatrının simfonik orkestrinə dirijor vəzifəsinə dəvət olundu. Lakin çox çəkmədən rejissor Adil İsgəndərovun məsləhəti və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sərəncamı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrına dirijor və musiqi məktəbinə müəllim təyin edildi. Bu ulu gözəlliklər diyarına gəldiyi gündən, necə deyərlər, əl-qolunu çırmalayıb, gərgin işə başladı, az vaxtda muxtar vilayətin sənət adamları ilə birlikdə bir çox çatışmazlıqlarını aradan qaldırdı, özfəaliyyəti canlandırdı, xalq yaradıcılığı məsələləri ilə dərindən məşğul oldu. Pionerlər, müəllimlər və mədəniyyət evlərində xor, estrada, caz ansamblları yaratdı, yeni-yeni istedadları üzə çıxarıb, səhnəyə gətirdi. Musiqi məktəbində gələcəyin tanınmış bəstəkarları Nəriman Məmmədov, Ramiz Mirişli, Rəşid Məmmədov kimi gənclərə dərs dedi, onların sənət aləmində pərvazlanmasına təkan verdi. Vilayət zəhmətkeşlərinə bədii xidmət göstərə-göstərə özü də bir bəstəkar kimi formalaşmağa başladı. Yaradıcılığının zirvəsinə bu qədim diyarda çatdı, bəstəkarlıq fəaliyyətinin ən parlaq səhifələrini burda yazdı, özünün şah əsərinə burda imza atdı. Bayramlarımızın, el şənliklərimizin, toy düyünlərimizin yaraşığına, əsl bəzəyinə çevrilən, müğənnilərimizin repertuarında həmişəlik özünə yer tutan və bəstəkarı xalqa yaxından tanıdan və sevdirən "Naxçıvan" mahnısı az müddətdə dillər əzbərinə çevrildi. Bu lirik melodiyanın yaranma tarixçəsini Məmməd müəllim belə danışırdı: "Naxçıvanda işlədiyim illər, bu diyarın təbiəti, qonaqpərvər insanlarının rəftarı məni valeh etmişdi. Biçənəyin gözəl ab-havası, Əylisin ərik bağları, şəhərin "Qızlar bulağı" mənə ilham verirdi.

1945-ci il idi. Bir gün məşqdən sonra aktyor və aktrisalarla teatr binasının həyətində - "Böyük bağ"da əyləşmişdik. Onlara dedim ki, ürəyimdən Naxçıvan haqqında mahnı qoşmaq keçir. Mənə bu diyar haqqında yaxşı bir şer lazımdır. Elə bu vaxt ordubadlı şair Hüseyn Əzim təsadüfən gəlib, söhbətimizin üstünə çıxdı. Məni onunla tanış elədilər. Fikrimi ona da bildirdim. Heç nə deməyib, bircə saat vaxt istədi və çox çəkmədən mahnının sözlərini gətirib, mənə verdi. Şeir döşümə yatdı və ona musiqi bəstələdim. Mahnının sözləri aşağıdakı kimi idi:

Qoynuna gül üzlü şux nigar gəlir,

Müjdə ver bülbülə, ilk bahar gəlir,

Qızlar bulağına nazlı yar gəlir.

Ey könül mülkünün varı Naxçıvan!

Ellərin sevgili yarı Naxçıvan!

 

Səndə tarixlərin çox nişanı var,

Hər daşın qəlbində ox nişanı var,

İndi nə xanı var, nə sultanı var.

Silib gül üzündən xarı Naxçıvan!

Ellərin sevgili yarı Naxçıvan!

 

Bilirəm düz əhdin, düz ilqarın var,

Yar yolu gözləyən min nigarın var,

Vüsala çatdıran şən baharın var.

Dərər yar döşündən barı, Naxçıvan!

Ellərin sevgili yarı Naxçıvan!

 

Bağçanın bəzəyi güldür əzəldən,

Şair varı şirin dildir əzəldən,

Qoy olum mən sənə dastan düzəldən.

Budur sənətkarın varı, Naxçıvan!

Ellərin sevgili yarı Naxçıvan!

Naxçıvanın keçmişinə və qəhrəmanlığına həsr edilmiş bu mahnı ilk dəfə qarşıdan gələn 29 Aprel və 1 May bayramı münasibətilə keçirilən konsertdə səsləndi. Zərqələm Cavadova məlahətli səsi ilə hamını heyran qoydu. Mən isə onu fortepianoda müşayiət eləyirdim. Tələbkar dinləyicilər bizi düz yeddi dəfə səhnəyə qaytardılar, mahnını dönə-dönə dinləyib, hərarətlə qarşıladılar və bizi alqışlara qərq elədilər..."

İlk günlərdən xalq mahnısı adı ilə təqdim olunan və tezliklə populyarlaşan bu lirik mahnı sonralar müəllifinin öz adıyla tanındı.

...1946-cı ildə Üzeyir Hacıbəyov seçiciləri ilə görüşmək üçün Naxçıvana gəlmişdi. Bəstəkar sevimli tələbəsinin işləri ilə də maraqlandı. Məmmədin yaradıcılığı və yaşayışı üçün yüksək şərait yaradılmasını vilayət rəhbərliyindən xahiş elədi. Üzeyir bəyin köməkliyi ilə elə həmin il o, Naxçıvanda 148 nəfər gənc musiqiçidən ibarət notlu xalq çalğı alətləri orkestri, caz orkestri, "Sazçı" qızlar ansamblı, nəfəsli alətlər orkestri yaratdı. Bir müddət orkestrin bədii rəhbəri və dirijoru oldu. Az bir vaxtda ətrafına Zərqələm Cavadova, Sofya İsmayılova, Gültəkin Səfərli, Əyyub Haqverdiyev, Aşıq Mənzər, Zəroş Həmzəyeva, Firuzə Əlixanova kimi gənc istedadlar topladı. Orkestr vilayətin rayonlarında, hərbi hissələrdə konsertlər verdi. Kollektivin fəaliyyəti barədə dövri mətbuatda silsilə yazılar dərc olundu, onu hər yanda tanıtdı. Məmməd Cavadov eyni zamanda Naxçıvan teatrında tamaşaya qoyulan Üzeyir Hacıbəyovun "Arşın mal alan", "Leyli və Məcnun", "Əsli və Kərəm" əsərlərinə dirijorluq elədi, yazıçı Nağı Nağıyevin "Polad" dramına, İslam Səfərlinin "Bənövşə", "Badamlı" şeirlərinə musiqi bəstələdi, "Xəyal", "Naxçıvan düşüncələri" pyeslərini yazdı...

On ildən çox Naxçıvanda çalışan Məmməd Cavadov muxtar respublikanın mədəniyyətinin inkişafına öz layiqli töhfəsini verdi, bu diyarın musiqi tarixinə öz pozulmaz imzasını yazdı. Və nəhayət, 1955-ci ildə Füzuliyə qayıtdı və onun gəlişi ilə də rayonun incəsənət aləmində bir canlanma yarandı. Bilavasitə Məmməd müəllimin iştirakı ilə pedaqoji texnikumda və şəhər internat məktəbində nəfəsli alətlər orkestri, mədəniyyət evində özfəaliyyət dram dərnəyi, xalq çalğı alətləri ansamblı, 72 nəfərdən ibarət folklor ansamblı, tikiş dərnəyi təşkil edildi.

Məmməd Cavadov bir müddət özünün təşəbbüsü ilə açılan yeddiillik uşaq musiqi məktəbində, eyni zamanda, H.Sarabski adına Füzuli Musiqili Dram Teatrında işlədi. Sonra Ü.Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə dəyişildi, 1960-1977-ci illərdə burda çalışdı, sonra Füzuli rayon uşaq musiqi məktəbinə qayıtdı, müəllim və orkestr rəhbəri vəzifələrində işlədi. Rayon teatrında səhnəyə qoyulan Səttar Axundovun "Nişan üzüyü", Stefan Georgiyevskinin "Şeytan əməli", Mirzağa Atəşin "Qara libaslı adam", "Baş tutmayan kələk", Malik Muxtarovun "Uzunovun məşqi" tamaşalarına musiqi bəstələdi...

Məlum Qarabağ hadisələrindən sonra Məmməd Cavadov köçkünlük həyatı yaşamağa başladı, Lənkəranda məskunlaşdı. Ahıl çağlarında bu həyat onun üçün nə qədər ağır, nə qədər cansıxıcı olsa da, yaradıcılığından da qalmadı. Əvvəlki şövqlə, əvvəlki ehtirasla yazıb-yaratdı, Lənkəran Orta İxtisas Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul oldu. Yerli şairlərdən Mir Haşım Talışlının "Lənkəran", "Rəssam-müəllim", Şəkər Aslanın "Nə qaldı?", "Bu yerlər", "Təkcə səni" şeirlərinə musiqi bəstələdi... 1998-ci ildə beşillik Lənkəran həyatından ayrılıb, Bakıya üz tutdu, Sulutəpə adlanan qəsəbədə məskunlaşdı.

...Musiqinin bir çox janrlarında us

talıqla yazıb-yaradan Məmməd Cavadovun (1912-10.XII.2002) yaradıcılığı çoxşaxəli və zəngindir. Onun bir çox əsərləri - "Qarabağ lövhələri", klarnet və orkestr üçün "Konsert"i, 2 tar, 2 kamança üçün kvartet, tar üçün mahnıları, tar, kamança, skripka, nəfəsli alətlərlə fortepiano üçün pyeslər, Naxçıvan, Ağdam, Füzuli teatrlarında tamaşaya qoyulmuş bir çox əsərlərə yazdığı musiqi, saysız-hesabsız mahnılar musiqi məktəblərinin proqramına daxil edilmişdir və bəziləri radionun qızıl fondunda saxlanılır. Bəstəkarın orkestr, xor, solistlər üçün xeyli əsəri var. O, neçə-neçə romans, mahnı, instrumental, kamera və vokal əsərlərinin müəllifidir.

Bu melodiyaların içərisində öz oynaqlığı, şuxluğu, təravəti ilə seçilən, daha çox sevilib, qəlblərdə əbədi yuva quran bir mahnı da var: O, hansıdır? - O, "ellərin sevgili yarı" "Naxçıvan"dır.

 

 





24.05.2023    çap et  çap et