525.Az

"İçərişəhər" - "Bir rəsmin dedikləri" rubrikası


 

"İçərişəhər" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Könül Vəliyevadır. Onunla tanınmış rəssam Fikrət İbrahimlinin "İçərişəhər" əsərindən danışmışıq.

Azərbaycan rəssamlıq sənəti tarixində Neftçala rəssamlarının xüsusi yeri olduğunu əminliklə deyə bilərik. Burada yetişən əksər rəssamlar respublikada çox məşhur olan "Adil Hacıyev məktəbi"ni keçiblər. Onlardan biri də 2 iyun 1955-ci ildə Neftçala rayonunun Xıllı kəndində dünyaya göz açan Fikrət Əli oğlu İbrahimlidir. Fikrət İbrahimli əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifidir. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Fikrət İbrahimlinin əsərləri müxtəlif vaxtlarda  respublika və xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirilib, mükafatlara layiq görülüb və ölkəmizlə yanaşı xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

 

 

- Könül xanım, istərdim söhbətimizə əsərin yaranma tarixcəsindən başlayaq.

- Əsər 2000-ci ildə işlənib. Sanki günəşlə bərabər bərq vuran al-əlvan rənglərin estetik düzümündən yaranmış bu şəhər mənzərəsi doğma "İçərişəhəri" özündə təcəssüm etdirir. Rəssamın quş baxışı ilə icra etdiyi mənzərə onun fırçasından süzülən həlim bir simfoniyanı təmsil edir. Fikrət İbrahimli Neftçalada boya-başa çatsa da, o, İçərişəhəri də öz doğma evi bilir. Müəllif "doğma" İçərişəhərini dəfələrlə kətana köçürüb. Rəssam hər dəfəsində ona yeni bir yanaşma, yeni bir baxış aşılayır.

- Hazırda tablo harda saxlanılır?

- Hazırda əsər şəxsi kolleksiyada saxlanılmaqdadır.

- Əsərin üslubu haqqında nə deyə bilərsiniz?

- Bu əsərin üslubu haqqında danışmalı olsaq, ilk deyəcəyimiz kəlmə onun nağılvari ab-havaya sahib olmasıdır. Rəssamın müəllimləri Adil Hacıyev və Toğrul Nərimanbəyov olmuşdu. Onların hər ikisindən təsirlənən rəssamın orijinal üslubu diqqətəlayiqdir. Emosional duyğuların da qatıldığı bu kompozisiyada rənglər öz sözünü deyir.

Tələbəlik illərindən uzun müddət ərzində İçərişəhərdə yaşayan rəssam qədim qalanın hər yerinə bələddir, buranın labirintəbənzər küçələrini, onun ayrı-ayrı abidələrini, daşlara hopmuş xatirələrini sevə-sevə kətana köçürüb. Doğma şəhərin təsvirinə mücərrəd və nağılvari yanaşan sənətkar Bakının dinamikasını, xaosunu, ritmini, estetikasını bu tablosunda ustalıqla təqdim edir. Kompozisiyanın əsas xüsusiyyətləri arasında hərəkət hissi, işıq və kölgə arasındakı kontrast yer almaqdadır. Şəhərin mistik təsvirində forma ilə rənglər də bərabər dərəcədə rol oynayır. Həndəsi formalar ilə, cizgi və əyrixətli biçimlərdən çox istifadə edilməsinə baxmayaraq, lirik ab-hava, romantik çalar öz bədii və estetik gücünü itirməyib. Tarix qoxan abidələri, hər bir qarışı min sirr ilə möhürlənən küçələri həvəslə işləyən fırça ustası təxəyyülünün özünəxas nümunəsi kimi kompozisiyanı uğurla tamamlayıb.

- Bəs rəng koloriti?

-  Əsərin rəng koloriti mükəmməl həll olunub. İçərişəhər sanki bayram ab-havasındadır. Kompozisiyada müsbət, çox səmimi bir ovqat mövcuddur. Xəzər dənizinin mavisi, açıq səmanın mavisi ilə harmoniya təşkil edir. Oxra tonlarında həll olunan labirintə bənzəyən İçərişəhərin küçələri isə əsərin bədii gücünü artırır. Bütün kolorit rəssamın nikbin ovqatlı daxili aləmindən xəbər verir. Köhnə tipli, gümbəzli tikililərin təzad rənglərində isə xüsusi bir bədii "ab-hava" mövcuddur. Fırça vuruşlarında nəqş olunmuş lirizm rəssamın mövzu seçiminə çox yaraşır. Xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiya sənətkarın üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir.

- Sizcə, bu əsər bizə nə deyir?

- Bakının gözü, döyünən ürəyi İçərişəhər. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlandırılan Şərqin demək olar ki, simvoluna çevrilmiş ənənəvi memarlıq elementləri - günbəzlər, minarələr, sadə eyvanlar qədim Bakının xatirələrimizə sinən görüntüsünü arabir kövrək duyğularımızla da  yada salır. İçərişəhər sözün əsl mənasında qədim abidələrin xəzinəsidir.

Qala divarları ilə əhatə olunmuş, yaşı keçmişə dayanan tariximizi qorumaq, yaşatmaq hər birimizin həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur. Bu divarlar keçmişlə indiki dövrün arasına müəyyən mənada sədd çəksə də,  qədimliklə müasir dövrün vəhdətini də özündə ehtiva etməkdədir. Bu kompozisiyada da rəssam qala ilə əhatələnmiş şəhəri təsvir edərkən birbaşa bunu vurğulamaqla yanaşı, eyni zamanda, sonsuzluğa uzanan şəhərin təsvirində müasir - yeni Bakının da təsvirini unutmur, keçmişimizi qoruyaraq irəliyə-inkişafa doğru yönəldiyimizə eyham vurur.

Aytac SAHƏD

 





24.05.2023    çap et  çap et