525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - Telman Orucov yazır


 

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

  Dini qaydalar, cəmiyyəti nizamlama prinsipləri sərt xarakter daşımaqla sosiumun idarə olunmasında, heç şübhəsiz, müsbət rol oynadı. Lakin həm də bu idarəçiliyin mənfi tərəfləri, sərt, bəzən amansız qaydalarının tətbiqi özünü büruzə verməyə başladıqda dinə qarşı narazılıq, din xadimləri tərəfindən sui-istifadə halları isə ciddi etiraza səbəb olmaqla, ona qarşı mübarizə dalğası yaratdı. Papanın başçılıq etdiyi katolik kilsəsinin Romada Müqəddəs Pyotr kilsəsinin tikintisinin xərclərini ödəmək məqsədilə indulgensiyanın tətbiqi hədləri aşıb, din xadimlərinin varlanma mənbəyinə çevrildikdə, XVI əsrin əvvəllərində alman islahatçı ruhanisi Martin Lyuterin başladığı mübarizə dinin parçalanmasına, protestantizmin meydana gəlməsinə səbəb oldu. İngiltərədə isə kral VIII Henri vurulduğu Anna Boleynə evlənmək üçün arvadı Katerina Araqonlunu boşamasına Roma papası icazə vermədikdə, katolitsizmlə əlaqəni kəsdi və öz başçılığı altında olan anqlikan kilsəsi yaratdı. Protestantizm Avropada yayılmağa başladı. Xristian dini üç məzhəbə katolik, protestant və pravoslav (ortodoks) kilsələrinə parçalanmaqla, bir-birinə qarşı barışmaz mövqedə dayandılar. İslam dini də parçalanmaya məruz qaldı - sünnilər və şiələr meydana gəldi.

Dinin məhəbbət, eşq əhvalatlarına tez-tez və zəruri bir səbəb olmadan müdaxiləsi onun nüfuzunu möhkəmləndirmək əvəzinə əks effekt verməyə başladı. Xristianlıqda sevgililərin müxtəlif bəhanələr altında cəzalandırılması, bir-birlərindən ayrı salınması, din xadimlərinin kilsə qaydalarını - selibatı pozaraq, qadınlarla yaxınlıq etməsinə qarşı həyata keçirilən tədbirlərdən qorxu, həmçinin belə yaxınlıqdan meydana gələn uşaqların taleyi dinin nüfuzuna xələl gətirən amillərə çevrildi. Bir qayda olaraq, sevgililər bir-birindən ayrılırdılar. Keşişlər öz məhəbbətlərini gizli saxlamağa məcbur olmaqla, əslində, onlarda şəxsiyyətin ikiləşməsi baş verirdi. Çünki kilsəyə guya sədaqətlə xidmət etdiklərini nümayiş etdirməklə yanaşı, sevgi macəralarında iştirak etməkdən də imtina etmirdilər.

Abelyar, Montanelli və de Brikassar kilsə xadimləri olsalar da, sevmiş və sevilmişdilər, onlar dinin qadağasını pozaraq, eşq həzzini dadmış və bu yaxınlıqdan isə axırıncılar dünyaya bastardlar - nikahdan kənar uşaqlar gətirmişdilər. Makkiavellinin Florensiya tarixi haqqındakı əsərindəki hökmdar Culio Mediçinin özünün bastard olması barədəki ittihamlara verdiyi - əgər mən bastardamsa, burada mənim heç bir günahım yoxdur, günahkar yalnız xəyanətə yol vermiş valideynlərim ola bilər, - cavab ən azı, həmin uşaqların taleyinə ədalətli qaydada yanaşmaq lüzumunu yada salır. Bəs keşişlərin təqsiri nədə idi, onların pozduğu qadağa nəyə əsaslanırdı, hansı bəşəri prinsipdən doğmuşdu? Axı Bibliya peyğəmbərləri də məhəbbətə biganə qalmamışdılar. Bibliyanın "Şərqilər şərqisi" kitabı çar Solomonla kəndli qızı Sulamitin sevgisinə həsr olunmaqla yanaşı, məhəbbəti tərənnüm edən ən qədim yazılı ədəbi nümunələrdən biridir. "İncil"in özündə də qeyd edilir ki, "Beləliklə, bu üç şey qalır: inanc, ümid və məhəbbət, onlardan ən böyüyü məhəbbətdir".

Diqqətlə baxdıqda görürük ki, din öz xidmətçilərini kütlədən ayırıb, onlara xüsusi saflıq haləsi vermək, ancaq Allaha sədaqət, həsr olunmaq məqsədi altında təbiətin qanununa belə bir zidd qadağa tətbiq etmişdi. İudaizm dini saysız-hesabsız, sayı yüzlərlə ölçülən qadağaları ilə dinin nüfuzunu yüksəltmək, onun tələblərinə danışıqsız əməl olunması üçün onların hər birinə müəyyən səbəblər də irəli sürmüşdü. Xristian dini isə selibatı tətbiq edərkən əslində təbiətin insana bəxş etdiyi bir xüsusiyyəti inkar etməklə, bu məhdudiyyətin təbiətin çağırışı qarşısında hökmən pozulacağı ehtimalını nəzərə almamışdı. Ona görə də selibat müxtəlif, bəzən isə hətta ən eybəcər yollarla pozulur, keşişlər şəhvətlərin ödəmək üçün öz andlarını pozmağı məqbul hesab edirlər.

Selibat - nikahsızlıq təbiətin qanunlarına ziddir, axı kişi və qadının yaxınlığından uşaq doğulur, beləliklə, bir seqmentdə nəslin artması dayandırılır. Digər tərəfdən dövlətin kiçik hüceyrəsi olan ailənin yaranmasının qarşısı alınır. Əgər bu qayda geniş yayılsaydı, doğumun azalması, təbii artımın aşağı düşməsi hesabına bəşəriyyət üçün arzuolunmaz problem yaranardı. Sirakuza tiranı Dionisinin (b.e.ə. V-IV əsr) bu barədəki ifadəsi ibrətamizdir. Saray əyanları qorxa-qorxa ona anasının ərə getmək istədiyini bildirdikdə, hökmdar belə cavab vermişdi:

"Mən dövlətin qanunlarını dəyişə bilirəm, təbiətin qanunlarını dəyişməyə isə gücüm çatmaz".

Misal çəkilən hər üç din xadimi kilsənin gözündə təqsirkar olsalar da, bəşəri, insan təbiəti nöqteyi-nəzərindən yalnız ürəklərinin hökmü ilə qadınlara vurulmuş, eşq hissini kilsənin münasibətindən, din qaydalarından üstün tutaraq, bir insan kimi bu hökmü icra etməli olmuşdular. Onlar dinə görə böyük qəbahət işlətdiklərini başa düşürdülər, Allahın cəzasından qorxurdular, lakin məhəbbətin hakim kəsildiyi ürək onları idarə etdiyindən, ağılın diktəsini rədd edərək, bu anda məhz ürəyə məxsus olan iradə ilə hərəkət etmişdilər. Məhəbbət anı sevinc, bağlılıq və arzu aysberqinin zirvəsidir. Onlar buna can atmışdılar, məqsədlərinin həyata keçməsini özlərinin müqayisəyə gəlməyən zəfəri kimi qəbul etmişdilər. Hər üçü həm də sevdiyi qadınlardan qarşılıqlı münasibəti qəbul etmişdi, məhəbbət daşqını isə kilsə bəndlərini bütünlüklə uçurub dağıtmışdı.

Məgər sevginin qurbanı olan bədbəxt qadınlar keşişlərə vurulduqlarına görə Yer üzündə cəhənnəm əzabı çəkilməli idilərmi? Axı onlar hansısa eqoistik məqsəd, fayda götürmək xatirinə deyil, həmin kişiləri öz aləmlərində səmimiyyət, alicənablıq simvolları, hətta etalonları kimi qəbul edərək, onlara vurulmuşdular. Burada hansısa mənfəət güdən haqq-hesab yox idi. Onlar da öz hisslərini şiddətlə alovlanmağa sövq edən cavab aldıqları üçün, vurulduqları bu kişilərdə hansısa saxtakarlığı ya görməmiş, ya da görmək istəməmişdilər. Axı məhəbbət əks tərəfdəki qüsurları bir qayda olaraq sezmir və ya onlara qarşı bilərəkdən biganəlik göstərir.

Məhəbbət daim poeziyanın başlıca mövzusu olaraq qalmışdı, onun tərənnümü çox sayda üslublar yaratmışdı. Dantenin və Petrarkanın lirikasında platonik məhəbbət vəsf edilir, onlar vurulduqları Beatriça və Lauranı ilahə səviyyəsinə qaldırırlar. Trudaburlar isə cəngavər sevgisini, həyatın gözəlliyini tərənnüm edirdilər. Ümumiyyətlə, şairlər məhəbbət haqqında yazmağa min illərlə ölçülən zaman sərf etmişlər. Psixoloqlar və bütün növlərdən olan müəlliflər isə bu müəmmalarla dolu hiss haqqında çox yazmışlar.

Məhəbbətin ilk mərhələsində ən başlıcası ehtiras meylinin yaranmasıdır. Xırda qığılcım iri tonqalın yanmasına səbəb olur. Eloiza, Qledis və Meggi heç də ateist deyildilər, dinə bağlı idilər, lakin onlar məhəbbəti daha böyük qüvvə hesab edərək, ona baş əymiş, dinə itaətlərini pozmağa cəsarət etmişdilər. Onlar məlum yasaqdan hali olduqları halda, keşişlərə vurulmuşdular. Bu qadınlar öz sevgilərinin zirvəsinə çatdıqları anı həyatlarındakı ən xoşbəxt gün hesab edirdilər. Və axıra qədər öz hisslərinə sadiq qalmaları ilə də fərqləndilər. Həmin sevgi dünyaya uşaq gətirsə də, bu, onları xoşbəxt edə bilmədi, birgə keçirdikləri anın şirin xatirələri istisna olmaqla, onlar sonralar, ümumiyyətlə, bədbəxtlik dənizində üzməkdən başqa, heç bir fərəh hiss etmədilər. Bu övladlar da xoşbəxtlik şirinliyini dadmağa nəsib olmadılar. Abelyarla Eloizanın oğlunu onlardan ayırdılar və onun sonrakı taleyi barədə heç nə məlum deyildir. Montanelli arvadı ilə yaxınlıq etdiyi ingilis Berton tərəfindən Çinə yollanmağa məcbur edildi. Məşuqəsi xəyanətini ərinə etiraf etdi və bir qədər sonra öldü. Onların dünyaya gətirdiyi Artur öz doğma atasının xəyanətindən əzab çəkdi və nəhayət, güllələndi. Meggi ilə Ralf atanın oğlu Den əsl atasının kim olduğunu bilmədiyi halda, onun nümunəsi əsasında keşiş olmaq istədi və gənc yaşlarında iki qadını ölümün pəncəsindən xilas etdikdə öldü.

Bu sevgi macəralarının iştirakçıları olan qadınlar öz eşqlərinə görə ağır surətdə cəzalandılar. Eloiza Abelyardan ayrılmağa və rahibəyə çevrilməyə məcbur oldu. Arturun anası oğlu hələ kiçik olanda həyatdan getdi. Meggi isə öz dünyası hesab etdiyi gənc və nəcib insan olan oğlunu itirməli oldu. Yevripidin "Məhəbbət - ağır yükdür" sözləri bu misallarda tamamilə öz əksini tapır.

Eloiza və Meggi başlarına gələn fəlakət üçün dini, xristian kilsəsini, müqəddəs varlığı ittiham etməyə başladılar. Allahın onlara qarşı ədalətsizliyinə dözməyib, ona itaət etməmək qərarına gəldilər. Eloiza öz səhvlərini etiraf etməklə yanaşı, birbaşa Allahı da, Onun səhvlərinə və niyyətinə görə ittiham etməkdən də çəkinmədi. Abelyarın onu Allaha, İisusa itaətə səsləməsinə baxmayaraq, Eloiza özünə qarşı edilən qəddarlıqla barışmadığını bildirdi.

Montanelli ingilis ərli qadından olan oğlu Arturu çox sevirdi, Ralfdan fərqli olaraq, belə oğlu olması ona əvvəldən məlum idi və onu təhlükədən qorumaq istəyirdi. Lakin bu istək tam diametral bir əks nəticə verdi. Artur, atası olan sevimli müəlliminə - çünki onun özünün atası olduğunu hələ bilmirdi, - gizli mübarizə təşkilatında olduğunu demişdi. Montanellinin təklifi ilə o, kilsədə tövbə edərkən, ehtiyatsızlıq edib təşkilatın rəhbərinin adını çəkmişdi. Az keçməmiş Artur Berton və Covanni Bolla həbs edildilər. Həbsdən buraxılan Artur öz günahını anladı və həm də əsl atasının Montanelli olduğu ona məlum oldu. Artur xəcalətdən özünü intihar etməsi səhnəsi düzəltdi və Cənubi Amerikaya qaçdı. Min cür əzablarla üzləşdikdən sonra o, yenidən İtaliyaya qayıtdı və mübarizəyə qoşuldu. O, atasına və onun arxalandığı kilsəyə nifrət etməyə başladı. Son anda o, atası qarşısında ya dini, ya da doğma oğlunu seçmək tələbini qoydu. Keşiş oğlunun ölüm variantını seçdi. Artur güllələndi. Bir neçə gün sonra dəli olan Montanelli də həyatdan getdi.

Məhəbbətlərinə görə bədbəxtliyə düçar olmuş divanələrin taleyinə, qədimdə və indi yaşamalarından asılı olmayaraq, həqiqətən də adamın yazığı gəlməyə bilmir. Axı onlar öz saf hissləri ilə kimə pislik etmişlər və ya öz hərəkətləri ilə cəmiyyətə hansı xətər toxundurmuşlar? Din niyə sevənlərin xoşbəxtliyini də öz zəfəri kimi qəbul etmək əvəzinə, sevginin özünü az qala cinayət qiyafəsinə geyindirir və bu bədbəxtlərə əzab vermək, zülm etmək yolunu tutur? Axı xristian dini onun banilərinin əsərlərində məhəbbəti heç də yasaq kimi deyil, Allaha da xoş olan bir davranış növü kimi qəbul edir. Biz buna "İncil"dəki İisusun apostolları olan Pavelin və İoannın məktublarında rast gəlirik. İoannın birinci məktubunda (4:7-8) buna geniş yol verilir: "Əziz dostlar, gəlin bir-birimizi sevək, çünki sevgi Allahdan gəlir. Kim sevirsə, o, Allahın uşağıdır və Allahı tanıyır, çünki Allah - məhəbbətdir... Heç kəs Allahı görməmişdir, lakin əgər bir-birimizi sevsək, Allah bizimlə ittifaqda yaşayacaqdır...

Allah məhəbbətdir və kim məhəbbətdə yaşayırsa, Allahla ittifaqda yaşayır".

Pavelin korinflilərə birinci məktubunda isə (13:8) "Məhəbbət əbədidir" sözləri yazılmışdır. Əgər məhəbbət Allahın da gözündə belə qiymətlidirsə, niyə hissiyyat sevgisi ostrakizmə məruz qalmalı, lənətlənməlidir? Niyə xristian dini onun beşiyi başında dayananların kamil məsləhətlərinə insafsızcasına belə laqeydlik göstərir?

Bu hadisələr reallıqdan və bədii təxəyyülün məhsulu olmalarından asılı olmayaraq, ibrətamiz xarakter daşıyır və əyani şəkildə göstərir ki, din insanın şəxsi həyatını bütünlüklə nəzarət etmək iddiasına düşdükdə, əslində, özünə qarşı loyallıqdan çox uzaq olan münasibət formalaşdırmağa başlayır. Axı Allaha sevgi heç də insanlar arasındakı sevginin xarabalığı, məhvi üzərində qurulmamalıdır. Təbiətin yaratdığı iki cins arasındakı dərin hisslər və yaxınlığa aparan məhəbbət olmasaydı, insan həyatı öz mahiyyətini müəyyən ölçüdə itirmiş olardı, belə bünövrədən məhrum olan ailə, nikah institutları da öz qiymətini aşağı salmaqla, yalnız inkubator tipli fabrikanı yada salardı. Sevgi kimi ülvi hissi danmaq, inkar etmək isə insanın mənəviyyatına vurulan ən ağır zərbə olardı.

SON

 





24.05.2023    çap et  çap et