525.Az

Ölümsüzlük zirvəsində


 

Ölümsüzlük zirvəsində <b style="color:red"></b>

 Vətən üçün canını fəda edəcək qədər böyük ürəyə sahib igidlərimizdən biri idi Səxavət Məmmədov. Onun torpaq həsrəti, yurd sevgisi ailəsindən, sevdiklərindən, canından, qanından da üstün idi ki, cavan ömrünün yeddi ilini Vətənə xidmətlə keçirib, Vətənə xidmətlə də bitirdi.

Bu gün qəhrəman şəhidimizin anadan olduğu gündür. Yaşasaydı, 32 yaşını qeyd edəcəkdi: ailəsi, sevdikləri, dostları, övladları ilə birlikdə. Bu gün isə Qarabağ uğrunda daima ömrünün 29-cu ilində qalmağı seçən şəhidimizin anadan olduğu və şəhid olduğu günü qocaman bir xalq qeyd edir.

lll

Səxavət Adıgözəl oğlu Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil alıb.

1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. O, burada xidməti vəzifəsini yerinə yetirərkən başlayan Aprel döyüşlərində qəhrəmanlıqla savaşıb.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönüb.

Onun müharibə, savaş təcrübəsi bununla kifayətlənməyib. Yeddi illik hərbçi taleyinə Azərbaycan tarixi üçün daha böyük müharibədə, daha əzəmətli savaşda xidmət etmək və qələbənin bir parçası olmaq yazılıbmış. Nəhayət, qəlbi vətənlə döyünən bütün azərbaycanlılar kimi Səxavətin də gözlədiyi o gün gəlib çatır. Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. Tankçı olan igidimiz döyüşlər zamanı üzündən qəlpə yarası alsa da, döyüşdən çıxmayıb, ən son anına qədər savaşıb və 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhadət zirvəsinə ucalıb. Nə yazıq ki, neytral zonada qalan şəhidimizin nəşini yalnız müharibə bitdikdən sonra götürmək mümkün olub və o, 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Səxavət Məmmədov şəhadətindən sonra Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailəli olan igidimizin Dilək və Yusif adında 2 övladı bu vətənə, bu xalqa yadigar qalıb.

Əziz şəhidimizin anası Hicran Süleymanova qəhrəman övladı haqqında danışarkən onun vətən sevgisini xüsusi qeyd edir: "Səxavət çox qayğıkeş, anlayışlı oğul idi. O, mənim övladlarıma olan düşkünlüyümü, həssaslığımı yaxşı bilirdi. Səxavətin də işinə görə həmişə ondan nigaran qalırdım. Əslində, onun bu işdə davam etməyini istəmirdim. Xüsusən, Aprel döyüşlərindən sonra çox qorxurdum və çalışırdım ki, onu bu işdən ayırım. Amma Vətən sevgisindən ayıra bilmədim. Səxavət ən son anına qədər Vətəninə şərəflə xidmət elədi".

Hicran xanım deyir ki, uzun müddət Səxavəti yaralı kimi axtarıblar: "Sentyabrın 29-u qardaşı dedi ki, Səxavət yaralanıb, amma harada olduğu bilinmir, gedirəm onu axtarmağa. Bir həftə gözlədik, soraqlaşdıq, amma nəticə əldə edə bilmədik. 20 gündən sonra nazirlikdən bizə dedilər ki, oğlunuz şəhid olub. Döyüş yoldaşları da qardaşına deyiblər ki, Səxavət şəhid olub "neytral"da qaldı. Ancaq mən buna inana bilmirdim, Səxavətə ölümü yaraşdırmırdım. Fikirləşirdim ki, yəqin huşsuzdur, hansısa xəstəxanadadır, kimliyi bilinmir, biz axtarıb onu tapa bilərik. Bütün xəstəxanaları gəzdik, heyf ki, biz deyən olmadı".

Şəhidimizin anası övlad həsrətinə baxmayaraq, onunla və bütün şəhidlərimizlə qürur duyduğunu deyir: "Bizim övladlarımız vətən uğrunda şəhid olublar. Vətən anadır, övladdır, namusdur, qeyrətdir. Bu vətən uğrunda canından keçən bütün şəhidlərimiz mənim balalarımdır. İndi mənim üç min Səxavətim var. Onların hamısı ilə qürur duyuram, hamısı üçün göz yaşı tökürəm".

Bəli, bu yurd üçün neçə-neçə Səxavətlər canından keçib adını əbədiyyət zirvəsinə yazdırdılar. İllər, əsrlər keçəcək, hər kəs unudulacaq, amma şəhidlərimiz heç zaman yaddan çıxmayacaqlar. Bu xalq durduqca onun qəhrəman Səxavətləri də yaşayacaq! Allah rəhmət eləsin!

 





24.05.2023    çap et  çap et