525.Az

"Müəllimlərin işə müsabiqə ilə qəbulu bir neçə problemi həll edib"


 

"DÖRD MƏRHƏLƏ ÜZRƏ KEÇİRİLƏN BU PROSES NAMİZƏDLƏR ARASINDA SAĞLAM RƏQABƏT MÜHİTİ YARADIR"

"Müəllimlərin işə müsabiqə ilə qəbulu bir neçə problemi həll edib"<b style="color:red"></b>

Mayın 22-dən etibarən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Elektron sənəd qəbulu mayın 30-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllimlərin İşə qəbulu üzrə Müsabiqədə (MİQ) orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.

Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə görə, son 10 ildə 34 mindən artıq müəllim müsabiqə yolu ilə işə qəbul olunub. Bu da o deməkdir ki, hazırda məktəblərdə çalışan 4 müəllimdən biri müsabiqə ilə yeni sistemlə işə götürülüb: "Ötən il keçirilən sertifikatlaşdırma prosesində də fəal iştirak edən həmin müəllimlərin 75 faizi yüksək nəticə göstərərək əməkhaqlarının 35 faiz artmasına nail olublar. Bu il müsabiqəyə qatılmağa hazırlaşan müəllimlər üçün də həlledici məqam yetişib. Məktəbdə işə başlamaq, ya da iş yerini dəyişmək istəyən həmin müəllimlər gələn həftə elektron qaydada bu istəyini bildirə biləcəklər".

Nazir deyib ki, iş axtaran namizədlərin ixtiyarına bu il 10 min, hətta daha çox vakant yer veriləcək. Artan, sadəcə vakant yerlərin sayı deyil. Bu il eyni anda imtahan verən müəllimlərin sayını artırmağa nail olduqlarını deyən nazirin sözlərinə görə, 8 minə yaxın müəllimin eyni anda imtahan verməsinə nail olunub. Nazir eyni anda imtahan verənlərin sayının çox olmasına çalışmalarının səbəbini imtahan sualları və variantlar arasında fərq iddiaları ilə əsaslandırıb: "Hər il bir variantın digərindən asan olması kimi müzakirələr gedir. Eyni anda imtahan verənlərin sayının çoxalması variantların sayının azalması, hətta 1 varianta enməsi deməkdir. Hamı eyni vaxtda imtahan verəndə belə müzakirələrə ehtiyac qalmır".

Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin tətbiqi özlüyündə bir neçə problemi həll edib: "Misal olaraq bu sahədə korrupsiyanı aradan qaldırır, şəffaflıq yaradır və rəqabətliliyi artırır. Ziyanına gəlincə, müəllim olmaq istəyən namizədlərə fərdi yanaşa bilmirik. Yəni, müəllimi öz kəndinin məktəbinə göndərə bilmirik. Ümumilikdə isə MİQ bu gün üçün faydalıdır. Ona görə də bu gün MİQ həyatdadır".

Müəllimlərin işə qəbulu üzrə müsabiqə müvafiq qaydalara uyğun olaraq dörd mərhələdə - elektron ərizə qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə yolu ilə aparılır.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə əsasən, müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı beynəlxalq təcrübə, müraciətlər, rəylər nəzərə alınır və hər il müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır. Əsas məqsəd imtahan suallarını təkmilləşdirmək və test bankını daha da zənginləşdirməkdir.  Müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər  olub. Bu il də müəyyən təkmilləşmələr aparılıb və buna əsasən yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə üzrədir - həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi üzrə. Builki dəyişikliyə əsasən, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırılmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılan 4 testin cavabına görə 1 düzgün cavab silinəcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, MİQ müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Həmçinin müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan  sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində "Təhsil haqqında sənədin nömrəsi" bölməsinə "Arayış" sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır. 3 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında çalışan və hazırda analıq məzuniyyətində olan şəxslər də müsabiqədə iştirak edə bilər. Təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə bu üstünlük veriləcək: həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müddətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq. Namizəd qeyd olunan kateqoriyadan hər hansı birinə aiddirsə, qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməyi vacibdir, əks halda əmsal tətbiq olunmayacaq.

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" əsasında müəyyənləşdiriləcək. Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin, şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq pdf variantda müvafiq xanaya yükləməlidir. Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək: "Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində "müsabiqə növü" bölməsində müvafiq bəndi seçməlidirlər. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Apellyasiya Komissiyası tərəfindən baxılacaq. Əvvəlki ildə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulub. 2023-2024-cü tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsil eksperti kimi dəfələrlə müəllimlərin işə qəbulu üzrə imtahanlarda müşahidəçi qismində iştirak edib: "Müşahidəçi qismində iştirak etdiyim imtahanların təşkili səviyyəsindən və ən əsası prosesin obyektiv şəkildə keçirilməsindən razı qalmışam. Proses tam elektron formada və şəffaf şəkildə təşkil olunur. İmtahan zamanı namizədlər kompyuter qarşısında əyləşib heç bir kənar müdaxilə olmadan biliklərini sərbəst və rahat şəkildə nümayiş etdirirlər. Suallar xüsusi kompüter proqramı vasitəsilə variantlaşdırılır. Ona görə də suallarda hər hansı bir dəyişiklik etmək, köçürmə hallarına, kənar müdaxiləyə yol vermək mümkün deyil. Namizədlərdən yeganə tələb odur ki, suallara düzgün cavab verib müvafiq balı toplasınlar. Əsasən dörd mərhələ üzrə keçirilən bu proses namizədlər arasında sağlam rəqabət mühiti də yaradır".

Sevinc QARAYEVA

 

 

 





24.05.2023    çap et  çap et