"Hazırkı beynəlxalq vəziyyət sabitliyin azalması ilə xarakterizə olunur. Müxtəlif regionlarda yeni gərginlik ocaqları yaranır, münaqişələrin mənfi yükü yığılır, bir çox xalqlar kənardan təşkil edilən çevrilişlərin dramatik nəticələrini yaşayır".
525.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq görüşün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Prezident bildirib ki, bu vəziyyət ayrı-ayrı dövlətlərin və birliklərin digər ölkələrin suverenliyinə, milli maraqlarına, adət-ənənələrinə tamamilə məhəl qoymadan, öz hökmranlığını qorumaq, öz qaydalarını tətbiq etmək istəyi ilə bağlıdır: "Bu hərbi potensialın artırılması, digər ölkələrin daxili işlərinə müdaxilə, eləcə də bir sıra Qərb dövlətlərinin təhrik etdiyi enerji və ərzaq böhranlarından birtərəfli üstünlüklər əldə etmək cəhdləri ilə müşayiət olunur. Biz əminik ki, belə dağıdıcı kursa, şantaj və qeyri-qanuni sanksiyalar siyasətinə real alternativ var. Bu, dünyada sabitliyin möhkəmləndirilməsi, vahid bölünməz təhlükəsizlik sisteminin ardıcıl qurulması, iqtisadi, texnoloji və sosial inkişafın təmin edilməsi istiqamətində irimiqyaslı vəzifələrin həllidir", - deyə Vladimir Putin vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti məhz bu yanaşmaların Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında öz əksini tapdığını da vurğulayıb.
Qoşqar Bəylərov
çap et