525.Az

ABŞ-ın təklifləri Azərbaycanın maraqlarına uyğundurmu?


 

TOFİQ ZÜLFÜQAROV: "QOŞUNLARIN ÇƏKİLMƏSİ TƏKLİFİNİ AZƏRBAYCAN O VAXT DA QƏBUL ETMƏYİB, YENƏ DƏ QƏBUL ETMƏYƏCƏK"

ABŞ-ın təklifləri Azərbaycanın maraqlarına uyğundurmu?<b style="color:red"></b>

ABŞ Azərbaycan və Ermənistana ən mübahisəli məsələlərin həlli üzrə təkliflər verib. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bəyan edib. Birləşmiş Ştatlar qoşunların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsi, eyni zamanda, Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi təkliflərini irəli sürüb. Məlumdur ki, birinci təklif Azərbaycanın maraqlarına uyğun deyil və rəsmi Bakı bunu qəbul etməyəcək. ABŞ rəsmisi Azərbaycan-Ermənistan danışıqlar prosesində irəliləyişin olduğunu vurğulayıb. Belə olduğu halda, İrəvanın təkidi ilə bu cür mövzuların gündəmə gətirilməsi prosesi irəlilətmək üçün müsbət heç nə vəd etmir. İkincisi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsindən söhbət gedir ki, bu, Bakının gündəliyindədir. Azərbaycan lideri dəfələrlə bu bu mövzuda ölkəmizin mövqeyini açıqlayıb. Dövlət başçısı bəyan edib ki, "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən, mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "525"ə şərhində ABŞ-ın təkliflərini Bakının maraqları baxımından qiymətləndirib. Onun sözlərinə görə, birinci təklif, yəni qoşunların geri çəkilməsi Azərbaycanın maraqlarına uyğun deyil: "Çünki biz bilirik ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə xeyli sayda erməni yaraqlıları var. Bu baxımdan Azərbaycan Ordusunun öz mövqelərindən çəkilməsi həm texniki, həm də strateji baxımdan bizim maraqlarımıza uyğun deyil. İkinci məsələ onunla bağlıdır ki, hazırda sərhədlər müəyyən edilməyib, şərti sərhəd var. Bu və ya digər şəkildə hansısa şərti xətdən çəkilmək texniki olaraq mümkün deyil. Çünki bu xətt mövcud deyil".

ABŞ-ın qeyd edilən məsələdə Bakıya hansısa təzyiqin ola bilməsinə gəlincə, politoloq bunu istisna edib: "Buna inanmıram. Əksinə, Ermənistana təzyiq var. Ermənistan tərəfi Vaşinqton raundundan narazıdır, biz gördük ki, dövlət katibi Entoni Blinkenin bəyanatında açıqlanmış mövzular ermənilərin xoşuna gəlməyib. Məsələn, "Qarabağ erməniləri" mövzusu sadəcə olaraq müvafiq ölkələrin ərazisində olan azlıqlar mövzusu kimi göstərilir və orda bu mövzuya aid hansısa müzakirələrin gələcəkdə aparılması istisna edilmir. Yəni paralel şəkildə. Bu da ermənilər üçün çox ağır zərbə olub. Çünki onlar həmişə insan hüquqları ilə bağlı təbliğat aparanda özlərini nəzərdə tutublar. İndi mövzuya paralel şəkildə baxılması onların xoşuna gəlməyib. Bu baxımdan ABŞ-ın təklifləri, yəni qoşunların çəkilməsi mövzusu bir növ ermənilərin, daha doğrusu, Paşinyanın təklifinin təkrarıdır. Bunu Azərbaycan o vaxt da qəbul etməyib, Vaşinqtondan səslənən bu fikri yenə də qəbul etməyəcək".

Bu təklifin üzərində nə dərəcədə təkidlə dayanılacağına gəlincə, sabiq nazir xatırladıb ki, Azərbaycan bu yaxınlarda Laçın yolunda sərhəd-buraxılış məntəqəsini yaradıb: "Onu tərk edib, hara gedəcəyik?! İkincisi, orda sərhədçilərimizi tək buraxmaq olmaz. Çünki bir neçə km-dən sonra bizim arxa cəbhədə ermənilərin xeyli hərbi qüvvəsi var. Təbii ki, bu, hərbi baxımdan mənasız, daha doğrusu bizim maraqlarımıza qətiyyən uyğun gəlməyən bir addım olardı".

Qarabağ erməniləri ilə bağlı təklifə gəlincə, T.Zülfüqarov hesab edir ki, ümumiyyətlə, sülh sazişinin bir hissəsi bu mövzu ola bilər: "Paralel şəkildə. Yəni, hansısa təhlükəsizlik və hüquqlardan söhbət gedirsə, onda Qərbi Azərbaycan icmasının təhlükəsizliyi və hüquqları da nəzərdə tutulmalıdır. Məsələyə birtərəfli baxıla bilməz. Bizim ordan vaxtilə qovulmuş həmyerlilərimizin təkrar yerləşməsi, xüsusilə ona görə aktualdır ki, hazırda orada çox sayda boş qalan kəndimiz var. Ermənilərin demoqrafik baxımdan imkanı yoxdur ki, oralara kimilərisə yerləşdirsin. Ona görə boş  qalıblar.

Hətta yada salmaq istəyirəm ki, aylar əvvəl Basarkeçər rayonu ərazidə hərbi hissə adlandırılan tikilidə baş vermiş yanğında 15 erməni hərbçi öldü. Sonra məlum oldu ki, ora azərbaycanlı ailənin evi olub. Ona görə də onlar bu mövzunu qaldırırlarsa, biz də paralel olaraq maraqlarımıza uyğun olan məsələri gündəmə gətirə bilərik. Onlar nəsə təkilf edirlərsə, bizim də eyni təklifin paralel şəkildə Qərbi Azərbaycandan didərgin düşmüş həmyerlilərimizə şamil olunmasını tələb etmək hüququmuz var".

Sabiq XİN rəhbəri son günlər Qarabağdakı separatçıların sülh prosesinə qarşı fəallaşması fonunda, Paşinyanın geri addım ata bilməsinin mümkünlüyünə də toxunub: "Onlar proseslərin əvvəlində "Miatsum" elan ediblər. Yəni ərazilərin Ermənistana birləşdirilməsi. Əslinə qalsa, onlar Ermənistanın Qarabağda əlaltılarıdır və orda fəaliyyət göstərən müstəqil siyasətçilər deyillər. Yəni, taktiki baxımdan Ermənistan həmişə bu siyasətə əl atıb, hay-həşir salıb ki, erməni xalqı bu və ya digər məsələni qəbul etməyəcək. Az qala Paşinyanı devirəcəklər. Bizi və beynəlxalq ictimaiyyəti buna inandırmaq istəyirlər. Amma yaxşı yadımızdadır ki, 2020-ci ildə 44 günlük  müharibə zamanı Ermənistan ordusunda 11 min 600 nəfər fərari olub. Ona görə də həmin bəyanatları verənlər yaxşı başa düşürlər ki, cənab Prezidentin dediyi kimi, onların iki yolu var - ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, qanunlarımıza tabe olurlar, ya da çıxıb getdirlər. Görürlər ki, onların axırı yaxınlaşır, ona görə də cəfəng bəyanatlar verməkdə davam edirlər". 

 

 





25.05.2023    çap et  çap et