525.Az

"Şimal-Cənub"  nəqliyyat dəhlizi hansı yeni imkanlar yaradacaq?


 

"Şimal-Cənub"  nəqliyyat dəhlizi hansı yeni imkanlar yaradacaq?<b style="color:red"></b>

2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma əldə olunub. Azərbaycan isə 2005-ci ildə bu sazişə qoşulub. Bu layihə birinci növbədə Avropa ölkələri, Rusiya və həmçinin, Qafqaz ölkələrinin Fars körfəzinə və xüsusən də Hindistana çıxışına imkan yaradılması məqsədilə həyata keçirilib. Layihədə Rusiya və İranın əsas ehtiyac duyacağı ölkə isə Azərbaycandır, çünki Azərbaycan da bu yola ev sahibliyi edəcək ölkələrdən biridir və hər iki ölkə ilə sərhəddir. Artıq Azərbaycan Astara çayı üzərində dəmir yolu körpüsü və oradan İran sərhədinədək dəmir yolu xətti inşa edib, Şimal-Cənub dəmiryolu dəhlizinin inşasına 500 milyon dollar investisiya ayırıb.

Qeyd edək, mayın 17-də Rusiya və İran prezidentləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması ilə bağlı razılığa gəldilər.

Politoloq İlyas Hüseynov "525"ə bildirib ki, dəhlizin əsas funksiyası əməkdaşlığı gücləndirmək və iqtisadi dövriyyəni artırmaqdır.

Bu yolun Rusiya və İrandan da keçərək Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirilməsi cəhdinin indiki mühitdə nə dərəcədə gerçəkləşə biləcəyi sual altındadır. Çünki Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan sanksiyaların Şimali Avropadan Rusiya vasitəsilə Cənub Şərqi Asiyaya yükdaşınmasına imkan yaratmayacağı mümkün ola biləcək ehtimallardan biridir. İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan bu iqtisadi-siyasi reallıqları nəzərə alaraq addım atmalıdır: "Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuza ciddi iqtisadi sanksiyalar tətbiq olunur və bu sanksiyalar gün-gündən sərtləşdirilir. Ona görə də əslində, hazırki geosiyasi reallıqlarda Şimal-Cənub nəqliyyat dəhlizinə qarşı da Qərb koalisiyası fəaliyyətdədir. Digər tərəfdən qeyd etməliyik ki, ümumiyyətlə, Rusiya bu layihədə iştirak etməklə Qərb ölkələrindən asılılığı azaltmaqla yanaşı, həm də Cənub-Şərqi Asiya ilə Avropanı birləşdirmək məqsədi güdür. Burada iqtisadi əsaslar önə çəkilir. Onu da qeyd edək ki, Azərbaycan üçün ticari-iqtisadi münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Önəmli məsələ bundan ibarətdir ki, Rusiya ilə əməkdaşlıq edən dövlətlərin bu gün Qərbin hədəfinə gəlməsi məsələsi gündəmdədir. Ona görə də hazırda Azərbaycan da bütün bu iqtisadi-siyasi reallıqları, dünyada gedən transformasiya meyllərini ciddi araşdıraraq son iqtisadi addımlarını atmalıdır".

Fərid SANÇAR

 





25.05.2023    çap et  çap et