525.Az

Azərbaycanda peşə təhsili: mövcud nəticələrə və perspektivə baxış


 

Azərbaycanda peşə təhsili: mövcud nəticələrə və perspektivə baxış<b style="color:red"></b>

Müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr  şöbəsinin müdir müavini Nigar İsmayılzadənin dediyinə görə, ölkəmizdə peşə təhsilinin 180 illik  tarixinə nəzər salsaq, 1843-cü ildə Şəkidə "Təcrübi ipəkçilik məktəbi" ilə əsası qoyulan texniki-peşə təhsili hazırkı dövrümüzdə də təhsilimizin ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir. Azərbaycanda əsaslı peşə təhsili və təlimi islahatlarının aparılması sosial-iqtisadi inkişafın təməli, gələcək potensialdan yararlanma üçün rəqabətqabiliyyətli əmək bazarının formalaşdırılması, insan kapitalının yetişdirilməsinə yönəlib. Ölkəmizdə peşə təhsili və təlimi sisteminin inkişafının tarixini dövrlərlə şərh etsək, iqtisadi canlanma və peşə təhsili siyasətinin paralel şəkildə həyata keçirildiyini müşahidə etmiş oluruq: "Azərbaycanın strateji geosiyasi vəziyyəti, zəngin təbii sərvətlərə malik olması və dünya ölkələrinin diqqət mərkəzində qalması tarix boyu ticarət əlaqələrinin inkişafına, sənətkarlığın yayılması və məktəblərin formalaşmasına səbəb olmuşdu. XIX əsrdə təsərrüfat formasından iri inhisarçılığa keçid, neft bumu dövrlərində xeyriyyəçilərimizin təhsilə sərmayə qoymaları, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşə təhsili sisteminin formalaşmasında vacib rol oynamışdır və tarixi əhəmiyyətli proseslər baş verib. Sovet İttifaqı dövründə peşə təhsili sisteminin ilk inkişaf mərhələsi başladıqdan sonra fabrik-zavod şagirdliyi məktəbləri açıldı ki, bu da hazırda "dual təhsil modeli" kimi tətbiq olunan prosesin ilk formalarından idi. O cümlədən, 40 yaşına kimi texnik-peşə təhsilinə icbari status verən və hərbi mükəlləfiyyətdən azad edən normativ-hüquqi baza yaradılıb. Ümummilli lider Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət hər zaman yüksək olub. Ulu öndərin "Təhsil millətin gələcəyidir" kəlamı təhsil quruculuğunun inkişafının təməl məqsədi idi".

O bildirib ki, ölkədə təhsil sisteminin tərkib hissəsi olan peşə təhsilinin  yüksəlişi də  məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məktəblər, mənafelər əsasında qurulmalıdır... Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik..." kimi fikirləri təhsilin, eləcə də peşə təhsili sahəsinin əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynadı: "Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki-peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanıb və uğurla həyata keçirilib. Peşə təhsilinin inkişafının yüksəliş dövrü Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artıb. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki-peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki-peşə təhsili müəssisəsi fəaliyyətə başlayıb. 1970-82-ci illərdə ölkədə texniki-peşə məktəblərinin sayı 76-dan 184-ə, onlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatıb. 1978-1987-ci illərdə Azərbaycanda 5276 yerlik texniki-peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verilib, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradılıb. Sovet hakimiyyətinin peşə təhsilinin inkişafında rolu və təsirinin güclü olmasına baxmayaraq, bu sistem Sovet İttifaqının dağılmasından sonra çökdü. Bir çox zavodlar fəaliyyətini dayandırdı, əlaqələr qırıldı, siyasi proseslərlə əlaqədar olaraq iqtisadi böhran vəziyyəti yarandı ki, bu da peşə təhsilində idarəetmə, məzmun və tədris bazasının zəifləməsinə gətirib çıxardı. Ölkədə hökm sürən hərc-mərclik nəticəsində bir sıra texniki-peşə məktəbləri bağlandı, bir çoxunun maddi-texniki bazası dağıdıldı. Mövcud təhsil ocaqlarının yetərincə maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə hesablanmış təhsil strategiyasının bitkin şəkildə reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini bir qədər də ağırlaşdırmışdı. Lakin ölkənin bütün sahələrində olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başladı".

Nigar İsmayılzadənin sözlərinə görə, müstəqilliyin ilk illərində iflic hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunması, zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsi, qədim tarixi və zəngin mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticələri özünü göstərdi. Onun ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edirdi. Dahi rəhbər insan kapitalının yetişdirilməsinə həm xaricdə nüfuz dairəmizin genişləndirilməsi baxımından əsas siyasət, həm də yumşaq gücün artırılması vasitəsi kimi yanaşırdı. Bu, peşə təhsili siyasətində də özünü göstərirdi. Onun siyasi iradəsi ilə təhsil islahatları həyata keçirilirdi ki, bu da peşə təhsilinin inkişafı nəticəsində tələbə sayının artmasına səbəb oldu: "Ulu öndərin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə "Qara qızılın insan kapitalına çevrilməsi"ni qarşısına missiya olaraq qoymuş ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla ixtisaslı kadrların hazırlanmasında, səriştəli işçi qüvvəsi hesabına istehsal potensialının yüksəldilməsi yolu ilə idxaldan asılılığın aradan qaldırılmasında və sahibkarların yaxından cəlb olunması ilə regionda iqtisadi qüdrətin artırılmasında müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Azərbaycanda iqtisadi inkişafa və qeyri-neft sektorunun diversifikasiyasına yönəlmiş siyasətini əsas tutaraq qeyd etmək olar ki, son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlar və iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin rolu artıb".

Şöbə müdiri qeyd edib ki, təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmalarının verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəldirdi. 1993-cü ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər baş versə də, lakin həlli zəruri olan müəyyən problemlər hələ də mövcud idi. 2003-cü ildən başlayaraq, ümumiyyətlə, Azərbaycanda başlanmış modernləşmə siyasəti təhsil sektorunun da inkişafına əlavə təkan verdi. Əsasən 2015-ci ildən etibarən, peşə təhsil sisteminin inkişaf etdirilməsi, ölkədə müasir tələblər səviyyəsində qurulmuş peşə təhsili müəssisələrində təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki şəraitin yaradılması və bu zəmində peşə təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması, eləcə də bu sahədə infrastruktur işlərinin başa çatdırılması və güclü maddi-hüquqi baza formalaşdırılması üçün ölkəmizdə strateji əhəmiyyətli dövlət proqramları həyata keçirilməkdədir. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaq və müasir təhsil, innovasiyalarını təşviq edən münbit şərait yaratmaq əsas şərt kimi qoyulub:

"Hazırda təhsilimizin bu pilləsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələri öyrənilərək onlardan bəhrələnilir və bu istiqamətdə ardıcıl işlər görülür. Artıq informasiya əsri, rəqəmsal texnologiyaların yaratdığı iqtisadiyyat platformaları, süni intellekt və "Dördüncü Sənaye İnqilabı" dövrüdür və bu çağırışın öhdəsindən gəlmək üçün işəgötürənlərlə yaxından əməkdaşlıq etmək, gələcək əmək bazarının tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında peşə təhsilinin məzmunu tələb olunur. Beynəlxalq tərəfdaşlar (Türkiyə, Koreya, Almaniya) ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq həyata keçirilir və pedaqoji heyətin bacarıqlarının təkmilləşdirilməsinə dəstək verilir. Bu gün peşə təhsilinin prioritet istiqamətlərdən biri olan dövlət-özəl əməkdaşlığı və işəgötürənlərin peşə təhsilinin təşkilinə inteqrasiyası, eləcə də peşəyönümü işi və peşə təhsilinin imicinin yüksəldilməsidir. Peşə təhsili ilə bağlı hədəflər ölkənin ümumi iqtisadi inkişaf strategiyasının tərkibində vacib kriteriya kimi özünü göstərir. Belə ki, peşə təhsilinin əhatəsi hazırkı tələbə sayı müqabilində 11000 artırılması hədəf olaraq qarşıya qoyulub. Bu, bizim üçün çağırışdır, yeni resurslar, maddi-texniki baza, mühəndis-pedaqoji heyət və həmçinin işəgötürənlər, ümumilikdə bir növ kompleks şəkildə həcmin artırılması və yeni islahatlar, innovativ baxış deməkdir. Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil siyasətində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur".

Nigar İsmayılzadənin sözlərinə əsasən, bu gün XXI əsrin dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurulur: "Bizim təhsil müəssisələrimizdəki tədrisin beynəlxalq standartlara uyğunluğunu təmin etmək, iqtisadiyyatın prioritet sahələri üçün kadr yetişdirmək, innovativliyi və dövlət-biznes əməkdaşlığı ilə irəli getmək və əlverişli tədris şəraiti yaratmaq üçün məzmun və təhsildə keyfiyyət baxımından əsaslı tədbirlər həyata keçirilir".

Sevinc QARAYEVA

 

 





25.05.2023    çap et  çap et