525.Az

Nəcib duyğular şairi


 

Nəcib duyğular şairi<b style="color:red"></b>

70-80-ci illər ədəbi nəslinə mənsub Fəxrəddin Ziya maraqlı tale yaşamışdır. Təkcə bircə faktı qabartmaq yerinə düşər ki, ixtisasca həkim şair həm Sovet dönəmində Əfqanıstan müharibəsinin, həm də Azərbaycanın müstəqillik mübarizəsində Birinci Qarabağ Savaşının iştirakçısıdır. Sözsüz, bu mücadilələr istedadlı şair ömründə dərin  izlər buraxmış, yaradıcılığının formalaşmasında mühüm rol oynamış, onu vətəndaş, torpağının hər qarşını göz-bəbəyiylə qorumağa, əsgər, zabit, həkim kimi tanıtdırmış, xarakterinin özəlliklərini bərkitmiş, şəxsiyyətini püxtələşdirmişdir.

Şairin "Qanun" nəşrlər evində bu günlərdə çapdan çıxan "İstəyimin qolları"  şeirlər və məqalələr  toplusu sanki 70 ilin hesabatıdır: oxucu hesabatı.  Bu orijinal tərtibatlı yeni kitabı Fəxrəddin Ziyanın  seçilmiş əsərləri də  adlandırmaq olar. Çünki şair-həkimin əvvəllər işıq üzü görmüş 7-8 kitabının hər birindən bu topluya poeziya nümunələri salıınb. "Zaman, səndən hara qaçım", "İl ayrıcında",  "Qayıt məni sınamağa", "Mənim şair anam", "Gələcəyəm, gəl desən" və başqalarından. Ancaq "İstəyimin qolları"nda xeyli sayda Fəxrəddinin təzə şeirləri də var.  Və şair bu  irili-xırdalı əsərlərilə  təsdiq  edir ki, hələ qələmi korşalmayıb, ürəyi qocalmayıb, ilham atını səyirdir, tufanları, təlatümləri  heyrətləndirməyi  və  düşündürməyi  bacarır. O, özünəməxsus şəkildə yazıb-yaradır. Bədii sözü ölçüb-biçir, sapa düzür, böyük məsuliyyətlə lirik-fəlsəfi mətnlərə girişir, nəticə hasil edir, uğur qazanır.  Bu könüllü əqidə yolçuluğuna yalnız  "afərin"  söyləmək  olar.

"Qanun"un nəşr etdirdiyi "İstəyimin qolları" kitabı şərti surətdə iki hissədən ibarətdir: ilk bölmədə Fəxrəddin Ziya haqqında, poeziyası barədə məqalələr, rəylər, resenziyalar yer alıb. Vaxtilə  mərhum Xalq yazıçısı Hüseyn  Abbaszadə Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün Fəxrəddin  Ziyaya zəmanət verib, şeirləri o qədər könlünü oxşayıb, sonra "Sən öz yolundasan" adlı qeydləriylə həmin bədii mətnləri dəyərləndirib, bəyəndiyi, "kəşf etdiyi" şairə mətbuatda "Uğurlu yol" yazıb. "Söz haqqında söz" hissəsində həmçinin görkəmli şair və tənqidçilər müxtəlif aspektlərdən Ziya yaradıcılığını   təhlil etmiş, məziyyətlərindən söz açmış, mahiyyətini və qayəsini açmağa müvəffəq olmuşlar.

Əlbəttə, bu məqalə və qeydlərin kitabda öz yeri, əsas diqqət çəkən məqam başlanğıcda söylədiyimiz kimi Fəxrəddin Ziyanın şeirləridir. Fəxrəddin Ziya bizim az sayda şairlərimizdəndir ki, əməyilə, fəaliyyətilə sözü təndir, üst-üstə düşür. "Ağa dedi sür dərəyə, sür" məsələnin ona heç bir  aidiyyatı yoxdur, ancaq əsl vətəndaşlığı  bacaran  şairi hara çağırıblarsa, ora gedib, özü də yüyürə-yüyürə, böyük vəzifə səlahiyyətlərindən imtina edə-edə. Əfqanıstanda hər an ölüm  təhlükəsiylə üzləşib, doğma Qarabağın harayına yetib, canla-başla  cavab  verib,  Vətən sevdalıların sağlamlığını qoruyub. Məncə, bu misraları yazmağa mənəvi haqqı çatır:

 

Mənim Kəbəm də sən,  Mədinəm də sən,

Bir daşın bəs eylər min heyrət üçün.

Bir ovuc  torpağın yetər, ey Vətən,

Yüzlərlə zəvvara ziyarət üçün.

 

Qarabağda və onun ətrafında baş verən ölüm-itim savaşıyla heç cür barışmayan şair, məlum mövzuya onlarca şeir, döyüş ruhlu oda, bayatı, elegiya,  marş mətni həsr edib. Və haqlı surətdə, qətiyyətlə "rəşadət rəmzidir Qarabağ bizə" deyə  car çəkir. Dünya dövlətlərinin ikili standartı, ədalətsiz erməni tərəfkeşliyi, ATƏT-in, BMT-nin, Vatikanın gizlin xristian təəssübkeşliyi, hegemon güc  birliklərinin açıq-aşkar "saman altdan su yeritmələri" vətənpərvər şairi təbdən çıxarır. O, "Belə olmaz, rus qardaş", "Fillərin məhkəməsi" və ya  "İbrət dərsi", "Millət şərqisi", "Təbii əxlaq", "Gözləri yol çəkən Vətən" şeirlərində gah eyhamla, ironiyayla, gah çılpaq, ciddi,  sərt şəkildə "o tərəfdaşlara" etirazını poetik sözünün siqlətiylə çatdırır.

 

...Sal daşlar üstündə qarmaq izimiz,

Çapır qayalarda dırnaq izimiz.

Tətikdə iz salıb barmaq izimiz,

Pusquda kol kimi sıralanmışıq,

Şuşanı biz bu cür  geri almışıq.

 

"Şuşa qalası"  adlanan belə qələbə müjdəli şeirlər  kitabda adda-budda deyil, kifayət qədərdir. Şairin "Bir əsgərin döyüş öncəsi düşüncələri" nümunəsində bu motiv daha qadarıq, təbii surətdə böyüdülüb. Döyüşə hazırlaşan Vətən oğlunun psixoloji ovqatı, savaşa köklənən əhval-ruhiyyəsi, daxili əzmi, mübariz ruhu elə  bil sətirdən-sətrə güclənir. Fəxrəddin Ziya ritorikadan, saxta hay-küydən gen qaçır, Tanrıdan vaxt, səbr diləyir ki, Azərbaycan əsgəri  qaldırdığı üçrəngli bayrağını  zirvədən-zirvəyə daşısın, onu yüksəkliklərə taxsın, dalğalandırsın. Buna görə   Xaliqə yalvarır-yaxarır:

 

Sən mənə azacıq möhlət ver, Allah,

Sən mənə qüvvət ver, qüdrət ver, Allah.

 

Məlumdur ki, hər əsgər, hər zabit Vətənimizin bir guşəsindəndir, eyni zamanda, xoşbəxt ailənin  övladdıır. Onu "Quran" altından anası keçirib, namusla torpağı qorumağı tapşırıb.  Ata cəbhəyə yola salıb, ötürüb, öyüd-nəsihət  verib, ocağının   çıraqyandıranının qulağına pıçıldayıb:

 

Mən də əsgər atasıyam,

qəlbim daim narahat.

Fikrim  gəzir səngərləri,

hər dəqiqə, hər saat.

 

"Əsgər  atası" şeiri ibrətamiz ifadələrlə, poetik ricətlərlə doludur. "Mən də əsgər atasıyam" - deyə qürur duyan ata kiçik epik lövhədə həm öz obrazını canlandırır, həm də çiyni avtomatlı Vətən  keşikçisinin... Məğrur ata "başımızla cavabdehik qorumağa bu yeri" andını qabaqcadan əsgər oğlunun diqqətinə çatdırıb, hər şeyin "ötüb-keçən" olduğunun  fərqinə varır, axırda yekun nəticədə  "Keçilməyən br şey vardır,  o da ana  Vətəndir!" - qənaətinin üstündə "iki ayağını bir başmağa dirəyib" dayanır.

Bayatı şeir janrı kimi şifahi xalq ədəbiyyatına mənsub olsa ada, ondan bəhrələnmək, faydalanmaq, bu dildə-ağızda yaşayan klassik növdə yeni, çağdaş poeziya nümunəsi yazmaq məsuliyyət, diqqət, bacarıq tələb edir. Əvvəla, bayatı forma etibarı ilə ustalıq istəyir, çünki cinas qafiyələrlə bircə bənd hasilə gətirmək, sözə açar salmaq, naxış vurmaq, incə xalıya ilmə bərkitmək qədər mürəkkəbdir. Cinas poeziya qeyri-adi klassik söz  oyunudu, gərək həm mənanı saxlayasan,  həm də formanı pozmayasan. Məsələn:

 

Mən aşiq nərdivanə,

nər deyil hər divanə.

İmkan düşüb namərdə.

qalıb yüz mərd divanə.

 

Və ya:

 

Torpağın yarı Günəş,

yarı Ay, yarı Günəş.

Yarın başına dönür,

barı, sən yarı, Günəş.

- kimi müasir  çeşidli bayatılar mükəmməl işlənib. Birinci bayatıda "nərdivan"  sözünün müxtəlif sinonimlərinin tapılması, şeirin ruhuna hopdurulması, ikincisində  "yar" kəlməsinin məzmun çalarlarının hallandırılması, sözə bələd olmağı, ona Füzuli demişkən, "əhya verməyi" bacarmağı  şairdən tələb edir.  Fəxrəddin qorxmadan axtarış aparır, klassik ənənədən çəkinmədən bəhrələnir, öz "bayatısını" yazır, cəhdi pis alınmır da. Kitabda yer alan  belə   uğurlu  nümunələri oxuduqca, sevinir, zənginləşirsən...

Fəxrəddin Ziya rübailər, dördlüklər yazır və yenə  klassik ənənədən istifadə edə-edə, faydalana-faydalana, bəhrələnə-bəhrələnə öz düşüncə və duyğularını  qəlibə  salır, nə ömər Xəyyamı  təkrarlayır, qə də Məhsəti  Gəncəvini və yaxud Mirzə Şəfi Vazehi. Lakin mövzuya yanaşmada ümumi ovqatda və  münasibətdə, mətnə fəlsəfi don biçimində "köhnə hava",  ənənəvi klassik biçim mühafizəkarcasına qorunur.

 

Torpaqdı, Günəşdi, havadı, sudu,

dirilik dediyim o hikmət budu.

Biri çatışmasa, bunlardan fəqət,

məhv olar hər şeyə qadir təbiət.                

 

Hərdən ictimai motivlərdə Fəxrəddin qələminin qüdrətini sınayır, "Dərdi böyük, qəlbi qübar Məmməd Araz "Xətainin qılıncını  suvar, suvar, Məmməd Araz" çağırışı  ("Məmməd Araz karandaşı") şairin qəlb vulkanını püskürdür, "Çaldıran çölünə kim çəkdi səni, tutduğu əməldən peşiman babam" eyhamı Şah İsmayıl Xətainin ruhunu  oyadır, ("Xətainin işığında"), "Sən gərək əlli il gec doğulaydın, "əsrin Azərbaycan hünəri Həzi!" nidası bağrının başından qopur,  Böyük Vətən müharibəsinin ikiqat Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun şücaətini  bəyan edir, ("Oyan, sərkərdə babam"), "Şöhrət azarına  tutulan millət!" qınağı və sınağı  (eyni adlı şeir) həqiqətin pərdəsini yırtır:

 

Bir sonu var hər həvəsin,

qərib yerdə ömür bəsin.

Yurd dediyin  müqəddəsin

Ocağından,  külündən  öp!

 

Bu vətəndaşlıq qayəsi və andı təkcə torpağa şair sevgisini və sədaqətini  şərtləndirmir.  Həm də səcdəgaha, pirə çevrilmiş Vətənin müqəddəslik nəğməsini çatdırır. Elə bir ocağın ki, "tikanından etmə həzər, butasından, gülündən öp" məsələsinə qulaq asa-asa...

Fəxrəddin Ziya nəcib duyğular şairidir.   O, sözü xırdalamığı, qatlarını açmağı,  mətləbi incələməyi, adi kəlməni obrazlaşdırmağı, məna-məzmun yükünə çevirməyi bacarır. Elə misraları, beytləri, bəndləri var ki, aforizm,  zərb-məsəl səviyyəsindədir, dərhal əzbərlənir, yaddaşa köçür. Misralar isə kifayət qədərdir:

 

...Mən atamı  itirəndə  anladım.

ataların dağdan uca yerini. 

 

...Şairə sənətdə  həmişə  yer var,

cənnətdə möminə yer  olan qədər!

 

...Ana  bətnindəki körpəyə bənzər,

şairin qəlbində doğulan şeir.

 

...Qanadı qırılmış quşam,

arxanca uça bilmirəm.

 

"İstəyimin qolları"nda çap olunan məqaləsində Xalq yazıçısı Hüseyn Abbaszadə Fəxrəddin Ziyanı "emosional şair", mərhum ədəbiyyatşünas Buludxan Xəlilov poeziyasını "duyğulu poeziya", Mürşüd Məmmədli onu "namuslu sözün övladı", tənqidçi Vaqif Yusifli isə qələm qardaşımızın şeirlərini "heyrət poeziyası" adlandırır. Bütün bu yazılanlara   rəğmən, mən 70 yaşlı şairimizi, gözəl təbibimizi, bənzərsiz insanı və vətəndaşımızı ürəkdən təbrik edir, yubilyara Allahın bəxş etdiyi ömrü sağlam yaşamağı diləyirəm!

 

 

 

 





25.05.2023    çap et  çap et