525.Az

Sabirin vətənə və dünyaya baxdığı ucalıq


 

Sabirin vətənə və dünyaya baxdığı ucalıq<b style="color:red"></b>

Əli HƏSƏNLİ

 

Sabir yer səthindən 1500 metrə qədər yüksəklikdə doğulub. Bu onun sənət, poeziya aləmində qalxdığı gələcək yüksəkliyin hələ uşaqlığında maddi rəmzi, coğrafi işarəsiydi. Biz ildə bir-iki dəfə onu ziyarət edəndə bu yüksəkliyə qalxırıq, bu yüksəklik bizə nəsib olur. O, əbədi belə bir yüksəkliyin sakinidi, zirvədi. Sabirin gücü o qədər sonsuz, tükənməzdi, bu gücdən onu ziyarət edənlərə də pay düşür. Bir anlıq özünü elə güclü, əzəmətli hesab edir, ona elə gəlir, az qala Sabir kimi yaza, çağlaya bilər. Ancaq ondan ayrılanda Sabirlə özündə aranla dağ qədər fərq görür, arandan dağa baxan kimi baxır Sabirə, başından papaq düşür, endiyi aran ona da, Sabirə  də öz ədalətini göstərir.

Sabir, Füzuli, Nizami beləcə dağ şairlərimizdəndir. Dağlar öz qüruru, ucalığıyla yurdumuzu çox-çox uzaqlardan göstərdiyi, tanıtdığı kimi onlar da elə ucalıblar, bu ucalıqdan Azərbaycan göz yolunun gedib çatmadığı uzaqlıqdan ovuc içi kimi görünsün. Dağlar yurdumuzun coğrafiyasını, geoiqlimini dəyişdirdiyi, tənzimlədiyi,  öz pak, gümrah havasıyla saflaşdırdığı, sağlamlaşdırdığı kimi, onlar da insan mənəviyyatını eləcə təmizləyir, saflaşdırır, ona qar paklığı, zəifliyi, ağlığı, dağ vüqarı, əzəməti gətirir.

Sabirin yurdu öz səxavəti, zəngin təbiəti, qeyri-adi gözəlliyiylə heç vaxt şairlərini əl-amanda qoymayıb, hər daşında, qayasında, kolunda, çiçəyində, havasında, suyunda yalnız ona xas göylərində min bir məna, sirli aləmlər yaradıb.  Şairlər öz dühasının qüdrətiylə onu arayıb, tapıb dərdikcə yerində sonrakı şairlər üçün də pay saxlasın, ya onlardan da zənginini yetirsin. Bu möcüzəli diyar şairlərinə insanlardan çox qayğı göstərib, dəyərini uca tutub. Onlar hələ dünyaya gəlməmişdən onların əbədiyyəti haqqında düşünüb, onlara təbii, əbədi abidə qoyub. Bu dağların hər biri bir sənətkarın abidəsidi. O dağların hər birinin yaxasına bir sənətkarın adını yazsan, o dağlar insanların yaratdığı abidədən çox həmin sənətkara oxşayar. Onun daxili dünyasının dağ heykəlinə dönər.

Vaqifin xalq şeirində yaratdığını Sabir klassik şeirdə yaradıb, hər şeir bir vəznə üstünlük verir, bir vəzndə daha çox yazılıb-yaranır; oturuşur; hecada, əruzda, sərbəstdə. Sabirdə elə bil bu ölçülər yox olur. Ya onda hecanın da, əruzun da, sərbəstin də payı var, ya heç bir ölçüyə, çərçivəyə, darısqallığa sığmır bu şeirlər. Özü kimi azaddı, qəliblərdən yüksəkdə dayanır. Tanrı hüzurunda ölçüsüz, biçimsiz ruh kimidi bu şeirlər. Əbədi məskəni göylərdən enib, yenə göylərə qayıdasıdı. Dolaşıq yuxularımızın yozumuna tutulmuş güzgüdü, görkdü, mənaların doğuluşu, ya mənaların doğulduğu, şəklə, formaya düşdüyü mətədi, bətndi bu şeirlər. Anaların övladlarının ardınca atdığı su kimi insanların aydınlığına atılıb. Uğuruna çilənib.

Demək olmur ki, Sabir sırf Şamaxının yetirməsidi. Elə bil onda bütün bölgələrimiz birləşib, vahid Azərbaycan yetirib Sabiri. Sabir yüz ildə, min ildə bir dəfə bətnə düşüb yüz illər boyu boylu olduğunun ağrı-acısından, əzabından ağırlaşmış, müdrikləşmiş o taylı-bu taylı Azərbaycanın yüz ildə, min ildə bir dəfə dünya üzünə gətirdiyi  nəhəng  şairdi. Vətənin bir parçasıdı, əzası, zərrəsidi. Vətən şairlərlə tamamlanır, bütövləşir, vətən olur. Şairi olmayan xalqın vətəni də yoxdur. Vətən darda olanda şairi xəbərdar etməzlər. O, kar, lal da, kor da olsa, dünyanın o başında bir mühacir kimi səfil-sərgərdan gəzib dolansa da, ondan qopan bir parça kimi bunu canı, qanı, bədəniylə hiss edir. Vətənin harasınasa dəyən zərbə yayılıb bütöv bir bədənin üzvü kimi ona da keçir, ötürülür, onda öz zədəsini göstərir. Vaxtilə yurdumuza dəyən zərbələri, yaraları bilmək istəyiriksə, Sabirin qəlbini, ruhunu, şeirlərini yarıb baxmaq lazımdı. Bu yaralar tarixdən silinsə də, Sabirin qəlbində, ruhunda, şeirlərində əbədi qalır.

Sabir Azərbaycanın dahi şairi olmaqdan daha çox, Azərbaycan Sabirin dahiyanə şeiridi.

Həcc, Kərbəla dini ziyarətgahdı, müsəlmanların müqəddəs səcdə ocağıdı. Gözəllik, məna da Tanrının sifətlərindəndi. Şamaxı gözəllik, mənalar diyarı, müqəddəs, dahi yaradıcılar, evliyalar yurdu, ziyarətgahdı. Gözəlliyin, mənaların doğulduğu müqəddəs mətədi. Bu müqəddəs yer hələ də gözəllik donunda Tanrıya qovuşdurmaq üçün öz fədakar müsafirlərini, mömin ziyarətçilərini gözləyir.

 

 





25.05.2023    çap et  çap et