525.Az

Arif Abdullazadənin poetik fikir dünyası


 

Arif Abdullazadənin poetik fikir dünyası<b style="color:red"></b>

Vaqif ALLAHVERDİYEV
ADPU Ağcabədi  filialının dosenti

 

Azərbaycan ədəbiyyatı tarixində ötən əsr 60-cı illər ədəbi nəslinin xüsusi çəkisi olub. Həmin dövrdə ədəbiyyata gələn gənc şair və yazıçılar istər mövzu və məzmun diapazonu, istərsə də ideya istiqaməti baxımından özlərindən əvvəlki ədəbi nəsildən fərqləniblər. O illər ədəbiyyata yeni gələn imzaların - Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Fikrət Qocaq, Əələkbər Salahzadə, Cabir Novruz, Tofiq Bayram, Nəriman Həsənzadə, Xəlil Rza, Fikrət Sadiq, İsa İsmayılzadə kimi söz ustalarının hər biri 60-cı illər nəslinin görkəmli nümayəndələri olaraq ədəbiyyat tariximizdə məxsusi yer tuturlar. Həmin imzalardan biri də görkəmli ədəbiyyatşünas şair Arif Abdullazadə olub. A.Abdullazadənin qələmə aldığı şeirlərdə hər sözə, hər misraya poetik çəki və sanbal vermək, fikrin obrazlı ifadəsinə və bəşəri ümumiləşdirmələrə nail olmaq bacarığı dərhal diqqəti cəlb edir. Fikrin ifadə vasitəsində məna dərinliyinə və bəşəri ümumiləşmələrə meyl edən şairin sonrakı yaradıcılıq mərhələlərində tez-tez müşahidə olunan orijinal və ibrətamiz obrazlar aləminin ilk nümunələrinin təqdimi bu dövrdən başlanır. Hələ ilk şeirlərindən insan və onu əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri problemlər qaldırıb onların özünəməxsus bədii həllinə çalışan A.Abdullazadənin 1960-cı illərin əvvəllərində qələmə aldığı "Layla", "Borcumuz", "Bir günün ömrü", "Arzular", "Yaxşı yaman insanlar", "İlani qəfəsə salmışam", "Fikirlər fəsli" kimi şeirlərindəki obrazlı düşüncə tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii  elementlərdəndir. Bu baxımdan həmin əsərləri V.Səmədoğlu və Ə.Salahzadənin bəşəri mahiyyətli şeirlərilə müqayisə etmək  daha düzgün olardı. Analitik bədii təhlilə meyl edən şairin insan-dünya münasibətlərində qarşıya çıxan problemlər, taleyin saysız-hesabsız oyunlarının xüsusi bir sistem halında izlənməsi əsas yaradıcılıq istiqaməti kimi üzə çıxır. Şairin hələ 1959-cu ildə xüsusi narahatçılıq hissilə dediyi "ah, bu illər, bu fəsillər nədən belə tez ötüşür, yaşımıza bir yaş artır, ömrümüzdən bir il düşür" poetik fikri tədricən dərinləşir, bəşəri narahatlığa çevrilir, "Səhvlər" şeirində bu fikir özünün yetkin səviyyəsinə çatır:

Ömürlər boşalır, fırlanır həyat,

Fikirlər narahat, ömür narahat,

Dövrəmiz dörd yandan duyğu selləri -

Elə... yaşayırıq

Öz özümüzlə

Vuruşda ötüşür ömrün illəri.

Zaman keçdikcə bu səmimi hisslər, daha dərin mənalarla ümumiləşdirilib daha orijinal və sistemli poetik obrazlarla ifadə edilərək artıq 1960-cı illərin əvvəllərində "bu dünyada yaşamaq da bu dünyaya borcumuzdur" təsəlli - qənaəti ilə yekunlaşdırılır. Şairin 1991-ci ildə ömrünün yetkin çağlarında nəşr edilən "Seçilmiş əsərləri"nə "Dərin mənalar poeziyası" adlı ön söz yazan professor A.Axundov belə bir qənaətə gəlir ki, "Arif Abdullazadə heç kimi təkrarlamayan, tamamilə özünəməxsus üslubu olan poeziya yaradıcısıdır. Onun şeir sənətində bədii ifadə vasitələri mükəmməl sistem təşkil edir: Mükəmməl təşbeh və istiarələr, vəzn və qafiyə sistemi".

A.Abdullazadənin "Getdilər", "Narahat ürəklər" poemaları da öz ideya-bədii məziyyətləri, obrazlı ifadə çalarları ilə diqqəti cəlb edir. İthaf səciyyəli  "Getdilər" və "Narahat ürəklər"  poemalarındakı novatorluq həm məzmun, həm də forma  xüsusiyyətlərində nəzərə çarpır. Bu, M.Lermantova həsr olunmuş "Getdilər" lirik poemasında xüsusilə müşahidə edilir. Başqa poemalarından fərqli olaraq daha yığcam şəkildə yazılmış bu əsər müəllif təhkiyəsi ilə poetik nəql üsulunda qələmə alınıb. Poemada Lermantovun həyatının cəmi bir məqamı - duet səhnəsindən və onun cəmiyyətdə yaratdığı əks-sədadan söhbət gedir. Əsərdəki poetik obrazlar da, metoforik incəliklər də məhz həmin epizodların çərçivəsində yığcam boyalarla reallaşır:

 

Həyəcandan

Köksü qalxdı sinəsində

Çatladı buz layları.

Son sözünü öz qanıyla

Çəmənlərə yazıb gedən

... Dünyanın hər yerində, üfüqlərdə sönən,

Başqa bir tərəfdən yenidən doğan

bir günəş kimi

o da qürub eylədi

Şaxtalı qış günündə

qızınmaq üçün

ürəklərə köçdü.

 

Poeziya, Arif Abdullazadənin fikrincə, "daha çox həyatın insan qarşısında qoyduğu suallara cavab axtarmaqdan ibarətdir. Daha doğrusu, o konkret cavablar, yəni nadir tapıntılar aləmidir". Onun "Arzular", "Könüllərin dünyası", "Hər yerdə hər zaman", "Ana dünyamız", "Sevin Azərbaycanı", "Səninlə sənsiz", "Bəxtimizin kitabı", "Seçilmiş əsərləri" şeirlər kitabları da məhz poetik axtarışlarının bəhrəsi idi.

 

 

 

 





25.05.2023    çap et  çap et