525.Az

Ermənistan yenidən revanşa əl atarsa...


 

HƏRBİ EKSPERT ƏDALƏT VERDİYEV: "REVANŞİST QÜVVƏLƏRİN ERMƏNİSTAN ORDUSUNUN QALIQLARINA TƏSİRİ İSTİSNA EDİLMİR"

Ermənistan yenidən revanşa əl atarsa...<b style="color:red"></b>

Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşdiyi və tərəflərin bir sıra məsələlərdə razılığa gəldiyi vaxtda İrəvanda revanişistlər yenidən baş qaldırıb. Onlar hakimiyyətə qarşı bir sıra təhdidedici bəyanatlar səsləndirir, Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıması ilə bağlı bəyanatını qəbuledilməz adlandırır və etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanovun müraciəti də məhz revanşistləri ayağa qaldırmağa hesablanıb. O bildirib: "Sasun Mikaelyan, "Artsax"ı (Qarabağı - red.) Azərbaycanın bir hissəsi kimi tanıyan Nikol haqqında çıxış etmək istəmirsən, yoxsa onunla razısan? Kapitulyator Nikol "Artsax"ı Azərbaycanın bir hissəsi hesab edir."Yerkrapa" Könüllülər Birliyi, Sasun Mikaelyan, Aram Sarkisyan, Sparapeta tərəfdarları, zabitlər, generallar səsinizi ucaldın, hardasınız? Ya Alen Simonyan kimi açıq şəkildə deyin ki, siz Nikolu dəstəkləyirsiniz və "Artsax"ı Azərbaycanın bir hissəsi kimi tanıyırsınız, ya da Nikoli qınayırsınız. Üçüncü yol yoxdur.

Nəsə deyin ki, sizin nöqteyi-nəzərinizi başa düşək. Siz Vazgen Sparapetin tərəfdarlarısız, yoxsa "Artsax" mübarizəsindən imtina edən Nikolun?"

Şarmazanovun adını çəkdiyi və "mübarizəyə" səslədiyi şəxslərin hər biri revanşistlərdir. Məsələn, "Yerkrapa" birliyi (Vətənin müdafiəçiləri - red.) Birinci Qarabağ müharibəsində Azərbaycan ərazisində qanlı cinayətlər törətmiş yarımhərbi könüllü birləşmədir. Bu təşkilat ötən əsrin 90-cı illərində Ermənistanda faktiki olaraq hərbi çevriliş həyata keçirib və "Qarabağ klanı"nın hakimiyyətə gəlişinə imkan yaradıb. Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən sabiq deputat Sasun Mikaelyan isə hazırda "Yerkrapa" rəhbərlik edir. O, İkinci Qarabağ müharibəsində ağır yaralanıb.

"Yerkrapa"nı yaradan isə azərbaycanlılara qarşı amansız cinayətlər törətmiş general Manvel Qriqoryan olub. Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini Qriqoryan 2018-ci ildə silah, döyüş sursatı, partlayıcı maddələrin qanunsuz əldə edilməsi, satılması, saxlanması, daşınması maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulub. 2020-ci ildə səhhətindəki problemlərə görə həbsdən azad edilib, daha sonra isə ölüb. Manvel Qriqoryanın oğlanları da, həyat yoldaşı da eyni cinayətləri törədib.

Vazgen Sparapetin tərəfdarı deyərkən isə Şarmazanov Ermənistanın ilk müdafiə naziri olmuş, daha sonra Baş nazir vəzifəsini icra etmiş və 1999-cu il oktyabrın 27-də parlamentdəki terrorda öldürülən Vazgen Sarkisyanı nəzərdə tutur. Bu adam terrorçu, cinayətkar, Xocalı soyqırımını törədənlərdən biri olub. Eyni zamanda, Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalında iştirak edən əsas fiqurlardan biri olub. 1997-1998-ci illərdə Vazgen Sarkisyan Robert Koçaryan və Serj Sarkisyanla birgə Levon Ter-Petrosyanın hakimiyyətdən devrilməsinə nail olub. Məhz Koçaryanın Ermənistan prezidenti seçilməsində Vazgen Sarkisyanın xüsusi rolu olub. Seçkilərdən sonra parlamentdə çoxluğu Respublikaçılar partiyasına rəhbərlik edən Sarkisyan və Xalq Partiyasının rəhbəri Karen Dəmirçiyan qazanıb. Bununla da, 1999-cu ildə Vazgen Sarkisyan Baş nazir, Karen Dəmirçiyan isə parlamentin sədri kürsülərinə sahib olublar. Beləliklə, Ermənistanda əsas hakimiyyətin Sarkisyan-Dəmirçiyan cütlüyünün əlində olub ki, bu da terrorla nəticələnib. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasında terror aktı zamanı Vazgen Sarkisyan və Dəmirçiyan qətlə yetirilib. Həmin terroru Koçaryanın və milli təhlükəsizlik naziri Serj Sarkisyanın həyata keçirdiyi barədə erməni siyasətçilərinin və ekspertlərinin fikirləri var.

Cinayətkar Sparapeti isə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb.

Yeri gəlmişkən, Ermənistan cəmiyyətində yeni reallıqları qəbul edənlər də var. Məsələn, deputat Qurgen Arsenyan Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, hökumət başçısının mövqeyini tam dəstəkləyir. Deputata Qarabağda ermənilərin yaşayıb-yaşamadığı sualı verilib. Cavabında Qurgen Arsenyan Qarabağda erməni soydaşlarının yaşadığını, lakin Gürcüstanın Cavaxetiya, Livanın paytaxtı Beyrut və ABŞ-ın Qlendeyl şəhərində də ermənilərin yaşadığını vurğulayıb, "Ermənistan vətəndaşlarının və siyasətçilərinin funksiyaları dövləti və onun maraqlarını qorumaqdır".

Onun fikrincə, erməni cəmiyyəti tarixi dilemma qarşısındadır və cəmiyyət "ürəyi" ilə "ağlı" arasında seçim etməlidir. Bəzən dövlət və milli maraqların ziddiyyət təşkil etdiyini deyən deputat dövlət maraqlarına üstünlük verilməli olduğunu vurğulayıb.

İstənilən halda, erməni xalqı başa düşməlidir ki, revanşistlərin dəstəklənməsi, onların qalib gəlməsi ilk növbədə xalq üçün ağır zərbə olacaq. Çünki uzun illər erməni xalqı cinayətkar-xunta rejimləri tərəfindən əzilib, bütün hüquqları əllərindən alınıb. Həmin qüvvələr yenidən dəstəyin verilməsi ermənilər üçün daha böyük faciələr gətirəcəyi şübhəsizdir.

Mövzunu "525"ə şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bəzi şəxslərin Azərbaycana qarşı bəyanatlar və fikirlər səsləndirməsi təbii ki, mövcud reallıqları heç bir halda dəyişə bilməz. Lakin Ermənistanda revanşist qüvvələrin Ermənistan ordusunun qalıqlarına təsiri istisna edilmir: "Bu maksimum indiki vəziyyətdə lokal toqquşmaların və ya təxribatların törədilməsi ilə nəticələnə bilər. Belə bir təcrübəyə daha əvvəllər də rast gəlinib və bir dəfə də olsun Ermənistan tərəfi bu toqquşmalardan hansısa bir epizodik nailiyyət belə əldə edə bilməyib. Paşinyanın sülh sazişi üzərində çalışmalardan geri addım atması digər alternativlərin ortaya çıxmasına gətirə bilər. Hazırkı vəziyyətdə isə sülhün yeganə alternativi yenidən döyüş əməliyyatları, yenidən toqquşmalardır. Əgər Ermənistan tərəfi bu yolu seçərsə, daha ağrılı-acılı nəticələrlə rastlaşacaq".

 

 





26.05.2023    çap et  çap et