525.Az

Jurnalist cameəsində narahatlıq və narazılıq doğuran trend - Sosial şəbəkədə yazılanlar


 

Jurnalist cameəsində narahatlıq və narazılıq doğuran trend - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanlı, jurnalist:

- Paşinyanın "Qarabağ Azərbaycandır" açıqlamasından sonra separatçılar çıxış yolu kimi "referendum"a getmək istəyirlər: 1991-ci ildə qondarma "referendum"la "artsax" yaratdılar, indi də eyni ssenari ilə "erməni əhalisinin Azərbaycanın tərkibində yaşamaq istəmədiyini" göstərmək niyyətindədirlər;

Nə dövr 30 il öncəki dövrdür, nə də Azərbaycan, belə bir addım heç nəyi dəyişməyəcək. Lakin həm Rusiyanın, həm də Qərbdə maraqlı qüvvələrin bu ssenaridən Azərbaycana qarşı təzyiq olaraq istifadə edə biləcəyi riski də var.

lll

ABŞ Azərbaycan və Ermənistana ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflər verib. Vaşinqtonun yanaşmasını Bakının maraqları fonunda mənfi və müsbət olaraq dəyərləndirmək olar.

Birincisi, sərhədlə bağlıdır: ABŞ qoşunların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsini təklif edir; İrəvanın istədiyi "güzgü prinsipi"nə uyğun olan belə bir addım Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı dövlət sərhədindən geri çəkilməsi deməkdir və Bakının gündəliyinə uyğun deyil.

İkincisi, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsidir: bu, Bakının gündəliyinə uyğundur və ABŞ-ın bundan "etnik ermənilər" deyə bəhs etməsi onların hüquqlarının Azərbaycan vətəndaşlığı altında qorunmasının nəzərdə tutulduğu deməkdir. Hərçənd, Vaşinqtonun ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasında təklifinin konkret nədən ibarət olduğu açıqlanmır, istisna deyil ki, söhbət "beynəlxalq mexanizm"in yaradılmasından gedir; Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında belə bir öhdəlik götürür, amma bunun indi - separatçıların Qarabağda olduğu müddətdə gündəmə gəlməsi maraqlarımıza uyğun deyil, digər tərəfdən, rus sülhməramlılarının bölgədə olduğu halda təklif olunan "beynəlxalq mexanizm"də Moskvanın iştirak edib-etməməsinin sual altında olması da razılaşmaların praktiki mərhələdə icrası imkanlarını azaldır.

Bu iki məsələ tərəflər arasında mübahisəli olaraq qalır və danışıqlar prosesi göstərir ki, Ermənistan öz maraqlarının təmin edilməsi baxımından daha uyğun şərtlərin yetişməsinə qədər oyunu davam etdirir. Bu isə sülh sazişinin imzalanacağı gözləntisini azaldır.

 

Yeganə Hacıyeva, politoloq:

- Xirosima şəhərində G7 toplantısından sonra mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib ki, dövrün reallıqlarına cavab vermək üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

BMT Təhlükəsizlik Şurasının və Bretton Vuds sisteminin İkinci Dünya müharibəsindən sonrakı dövrlərə uyğunluğunu, lakin indiki düzənə cavab vermədiyi və yenilənməyə ehtiyac olduğunu bildirib.

"Qlobal maliyyə arxitekturası köhnəlmiş, qeyri-işlək və ədalətsiz olub.

Nə COVİD-19 pandemiyası zamanı və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində iqtisadi sarsıntılar qarşısında o, qlobal təhlükəsizlik şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilmədi.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Provayderlərin sayı 200-ə çatıb

Ötən gün məlumat verildi ki, yeni tənzimləyici dövlət qurumu olan RİNN-nin İnformasiya və Kommunikasiya Texnoligiyaları Agentliyi (İKTA) bir qrup provayderlərlə və operatorlarla görüş keçirib.

Xatırladıram ki, bu, tənzimləyici qurumun provayderlərin nümayəndələri ilə ilk görüşüdür.

Düşünürəm ki, sıfırdan formalaşan İKTA-nın səylərini artırması, provayderlərlə belə bir görüşün təşkili çox əhəmiyyətlidir və təqdirəlayiqdir.

Sektorda xeyli problemlər var. Uzun müddətdir ki, bu problemlər həllini gözləyir.

Gözlənti odur ki, İKTA gərək xidmətlərin keyfiyyət kriteriyalarını və standartlarını hazırlayıb bu sahədə nəzarəti gücləndirsin və şəffaflığı təmin etsin.

İctimai nəzarət imkanları yaradılsın.

Müşahidələr göstərir ki, ölkədə xidmət göstərən provayderlərin sayı 200-ə çatıb.

"Aztelekom" da magistral (backbone) provayder olmağa hazırlaşır.

Hazırda, az qala hər bir MTK-nın öz provayderləri olduğundan, əraziyə başqa provayderlərin buraxılmaması ilə bağlı MTK və provayderlər arasında separat sövdələşmələr olduğundan rəqabətli mühit çətin formalaşır, bununla da vətəndaşların seçim inkanları məhdudlaşır.

Provayderlərin özlərinin də problemləri var, onlar bəzən yerlərdə icra qurumlarının maneçilikləri ilə üzləşirlər. Gərəkdir ki, İKTA bu istiqamətdə onlara köməklik göstərsin.

Eyni zamanda, düşünürəm ki, İKTA-nın  gələcəkdə bu tip tədbirlərə vətəndaş cəmiyyətini, müstəqil ekspertləri, İctimai Şuranı da dəvət etməsi doğru və faydalı olar.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Jurnalist dostumuz Seymur Verdizadənin köşəsini oxudum. Yazır ki, "Rəqsanənin qayınanasına görə tanınan kürəkəni bir manat ödəmədən Azərbaycan mətbuatını özünə işlətdi".

İP gətirən dedi-qodu xəbərləri trenddir. Jurnalist cameəsində bu trend narahatlıq və narazılıq doğursa da, bundan qaçmaq olmur.

Amma məncə, oxucuları ciddi xəbərləri də oxutmaq üçün şans var.

Buna səbr və ...oxucu dəstəyi lazımdır.

Ölkədə ictimai-siyasi gündəmi izləyən, bu xəbərləri, təhlilləri oxuyan böyük sayda oxucular var.

Azpost.info-nun hədəfi bu oxuculardır. Böyük çətinliklə, yanımızdan gülə-gülə keçən 100 minlik İP-lərə rəğmən, biz ölkə üçün vacib saydığımız xəbərləri, təhlilləri prioritet kimi qoymuşuq.

100, 500, 1000 nəfər oxusun. Amma oxusun. Qoy o min nəfər ətrafında olan 5 nəfər oxuduğu bu xəbərləri desin.

Çətindir, hövsələ lazımdır, peşəkarlıq və menecerlik tələb olunur.

Amma lazımdır.

İctimai-siyasi gündəm şou, dedi-qodu və "maqazin xəbərlərinin" altında qala bilməz.

İctimai-siyasi gündəm bütün dövlətlərdə birinci cərgədə gəlir.

 

Elxan Şükürlü, politoloq:

- Biri var, yalan olduğunu bildiyin məlumatı - dezinformasiyanı qəsdən yaymaq: bu, konkret məqsədlərə hesablanmış fəaliyyət növüdür, əsasən xüsusi xidmətlərə və cinayətkar şəbəkələrə bağlı şəxslər vasitəsiylə həyata keçirilir.

Biri var, yalan olduğunu bilmədən məlumatı yaymaq: bu, yanılma, aldanmadır və ayıq-sayıq davranmayan istənilən şəxs çox asanca bunun iştirakçısı və qurbanı ola bilər.

Biri də var, özünü yalan olduğunu bildiyin məlumata inandırmaq, arzularını, xəyallarını gerçəklik kimi qələmə vermək, üstəlik, bunu israrla başqalarına da sırımaq: bu isə artıq psixi xəstəlikdir. Tibb elmində bunun adı şizofreniyadır və daha çox genetik yolla ötürülən, geniş yayılmış əqli xəstəliklərdən sayılır.

Birincilər nə etdiklərini bilir və bu fəaliyyətin qarşılığında da yalanını tirajladıqları tərəfdən maddi-siyasi dəstək alırlar.

İkincilər də tələyə düşdüklərini, aldandıqlarını anladıqları andaca, dərhal geri çəkilər və növbəti dəfə yayılan xəbərlərə daha ehtiyatla, təftişçi yanaşmağa üstünlük verərlər.

Ən böyük problemsə üçüncü kateqoriyadan olanlarla bağlıdır. Onlar yalana alət olduqları fikrini yaxın buraxmadıqları kimi, xəstəliklərini də qəbul etmirlər: arzularını, xəyallarını mütləq həqiqət kimi görür və hadisələrə onların gözü, ağlıyla baxmayanları dərhal özlərinə düşmən bilir, hətta yuxularında belə, onlarla savaşırlar.

Bu kateqoriyadan olanların özləri də iki qrupa bölünür: birincisi, həyat çətinliklərinin, davamlı uğursuzluğun və naqis daxili aləmin yaratdığı depressiv durum səbəbindən əmələ gələn psixi pozuntu daşıyıcılarıdır; ikincisi isə, genetik əqli qüsurlular - axmaqlardır.

Üstünə düşülərsə, davamlı təmrinlərlə iradəli adamlarda sonradan əmələ gəlmiş psixi pozuntuları aradan qaldırmaq olur.

Genetik əqli qüsurluları - axmaqları isə müalicə etmək mümkün deyil! Elə müalicəsi olmadığından da, onları həmişə ötüşdürməyə, yola verməyə çalışıblar!

Soruşa bilərsiniz ki, bəs bir adamın axmaq olub-olmadığını kənardan necə müəyyənləşdirmək olar? Axı onlar da digərləri kimi, geyinir, yeyir, içir, gəzir, əylənir, yazır-pozur, hər məsələyə münasibət bildirirlər?

Bunun ən yaxşı əlamətlərdən birini dünyanın ən nizamlı millətlərindən sayılan almanlar göstəriblər. Almanlar deyirlər: "Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır". Eyni zamanda, almanlar onu da xüsusi vurğulayarlar: "Axmaqlar öz işini görməz, hamının işinə burunlarını soxarlar"...

Fikrimcə, bizim sosial şəbəkə axmaqlarını müəyyənləşdirməyimizə imkan verən ən gözəl fikri isə bir Tibet müdriki deyib: "Mən onlara ayı göstərmək istəyirdim, axmaqlarsa barmağıma baxırdılar".

İndi dostlar, biz hər hansı bir məsələnin mahiyyətinə diqqət çəkmək istəyəndə, sosial şəbəkələrdə hüdudsuz azadlıq imkan əldə etmiş bir dəstə axmaq, yeri gəldi-gəlmədi, öz işini-gücünü buraxıb, dərhal burunlarını ora soxar, cümlə yaza bilməsələr də, bizi haqsız çıxarmağa və üstəlik, hamıya ağıl öyrətməyə, yol göstərməyə çalışırlar.

Biz onlara ayı göstərmək istərkən, onlar göyə, aya deyil, barmağımıza, dırnağımıza baxarlar...

Allah köməkləri olsun!

 

Taleh Şahsuvarov, jurnalist:

- Türkiyədə 14 may seçkilərində təxminən 24 milyon səs CXP lideri Kamal Qılıncdaroğlu, ondan 2,5 milyon çox səs isə Ərdoğan alıb. İstər Ərdoğana, istərsə də Qılıncdaroğluna səs verənlər Xalqın nümayəndələridir. Sinan Oğanın 28 mayda Ərdoğanı dəstəkləmək haqqında verdiyi qərar heç şübhəsiz ki, xalqın Ərdoğana səs verən əksər hissəsini məmnun edib, Qılıncdaroğluna səs verən daha az hissəsini isə narazı salıb. İndi CXP propoqandası TV-lərdə, qəzet və saytlarda, internet resurslarında Sinan Oğan əleyhinə məqalələr və "xalqın təpkisi"ni göstərən materiallar yayımlayır. Bu da "xalq əslində kimdir" sualını bir daha gündəmə gətirir. Azlıq heç zaman xalq ola bilməz. Elə çoxluq da. Xalq hər hansı bir qərara münasibətdə həm azlıq, həm də çoxluqdur, ikisinin məcmudur. Çoxluq da, azlıq da xalqın adından danaşanda bilin ki, sizi qandırmaq istəyirlər. Başqa ölkələri bilmirəm, Azərbaycanda xalqın adından danışmaq hüququ ancaq prezidentə verilib. Çünki prezident çoxluğun səsinə əsasən seçilsə də, azlığın da iradəsini və mənafeyini təmsil edir.

 





26.05.2023    çap et  çap et