525.Az

...Qapılara toxunmayın...- Şəfa Vəli yazır


 

...Qapılara toxunmayın...- <b style="color:red"> Şəfa Vəli yazır</b>

Nağıllamaq istəyirəm bu gün...

Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin "Nisbilik nəzəriyyəsi" olduğunu bilirəm. Yazıq Albert... Saat-filan boş şeydi, o, yaşananların ruhundan keçdiyini, amma o ruhun ilmələnə-ilmələnə sökülsə də, olduğu yerdə dayandığını kəşf etmişdi, əslində... Yox, kəşf etməmişdi; mövcud olan bir şeyi görə bilmişdi. Gördüyünə peşman elədi insanlar onu. Özü də, sağlığında...

Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin heç vaxt pəncərəsi olmur, olsa-olsa bir əlçimlik nəfəsliyi olur, o da daim "qonşu divarı"na açılır. Çırpılırıq "qonşu divarı"na, qırılırıq, tökülürük, özümüzdən çıxırıq... Nə? "Özümüz haradır?" - deyə soruşursunuz? Çıxdığımız, anbaan uzaqlaşdığımız, yad hiss etdiyimiz hər yerdə/hər anda darıxdığımız yerdi ora... Xəritəsi hisslərimizdədir; əgər şifrələri oxuya bilsək, mənzil başına gecikməyəcəyik...

Bir az içəridən çıxmaq lazımdır hərdən, bir az uzaqlara getməliyik. Nağıllardakı məsafələri geridə qoya biləcəyimiz qədər bir uzaqlıq gözləyir hamımızı xəyallarımızda. Aldanmışıq, bilirəm, "nağıl dili yüyrək olmur", nağıl uyduranın təxəyyülündə "məsafə" anlayışı elastikdir; istədiyi şəklə sala bilir. İllər heç vaxt "yel qanadlı" olmur, qanadı biz tikirik yaşadıqlarımızla, ölçmədən-biçmədən geyindiririk illərin əyninə. "Yüz ölç, bir biç" deyənləri də, beləcə, haqsız çıxardırıq. Və ayrıca, tikdiyimiz qanadlara dərddən naxış vuranda daha əziz olurlar... Mən "altıncı barmaq" nümunəsini dilə gətirə bilərəm; "bədəsil övlad" məsəli mənə yaddır..

Bir az içəridən çıxmaq lazımdır hərdən, içərilərin yeganə işıq mənbəyi düşüncələrimizdir. "İşıqlı duyğular" ifadəsini kim deyibsə, özünü də aldadıb. Bütün yalanları insan birinci özünə danışır; özünə inana bilirsə, başqasını da inandıra biləcəyi ehtimalı çoxalır zənnində... "Düşünə bilənlər limanı" adlı bir hekayəm min ildir ki, yarımçıqdı. Çünki düşündükcə, həmin hekayənin qəhrəmanları özümü də qorxudur... Yol çantalarını elə qəşəng, rəngbərəng təsvir etmişəm ki!

Bir az içəridən çıxmaq lazımdır hərdən... Hə, hərdən... Eşiklər də "həmişəlik" deyil. Elə bilirsiniz ki, nağılçı "bağlı qapını aç, açıq qapını bağla" deyəndə, sadəcə, söz oyunu oynayırdı? Məncə, yox...

Bir az içəridən çıxmaq lazımdır hərdən; qapıları dəyişik salmaq haqqınız da var. Etiraf edim, qapıları səhv salanda adamı yaman danlayır dörd yanındakılar... (etiraf edim, o qapını bilə-bilə səhv salmışdım!)

Bir az içəridən çıxmaq lazımdır hərdən...

...Qapılara toxunmayın...

...Məni də unudun, nağılları unutduğunuz kimi...

...Ən asanını seçin; öz üzərinizdə sınaqdan çıxararaq öyrənəcəksiniz ki, unutmaq ən çətiniymiş...

 





26.05.2023    çap et  çap et