525.Az

Təhsilə Heydər Əliyev qayğısı - Firuzə Rzayeva yazır


 

Təhsilə Heydər Əliyev qayğısı - <b style="color:red">Firuzə Rzayeva yazır</b>

Firuzə Ədalət qızı Rzayeva
Azərbaycan Dillər Universitetinin dosenti

 

Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Bir dövət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir. Təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ulu öndər təhsilin məzmun və mahiyyətini, səmərəliliyini yüksək qiymətləndirmiş, müəllim əməyinin şərəfi haqda dönə-dönə danışmış, tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmişdir. Bütün həyatı boyu Azərbaycan təhsilinin hərtərəfli inkişafı qayğısına qalması onun bu sahəyə  münasibətini açıqlayır. O, Azərbaycana rəhbərlik etdiyi illər boyunca, həm sovet dönəmində, həm də müstəqillik dövründə, bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Uzaqgörən dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrətmək imkanı kimi baxmamış,bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında təhsilin önəmli rola malik olduğunu vurğulamışdı. Cəmiyyətin inkişafı vətəndaşlarının təhsil və tərəqqi səviyyəsindən, mövqeyindən birbaşa asılıdır. İctimai-siyasi proseslərdə təhsilli vətəndaşların daha yaxından və səmərəli iştirak etdiyini nəzərdə tutan Ulu öndər belə deyirdi: “Həyat böyük prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır". 

Ali və orta ixtisas təhsili müəssisələri Ulu öndərin daim diqqət mərkəzində olmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə ali təhsil ocaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə yüksəlmişdir. 1970-1980-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSR-nin 170-dən çox ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyacı olan 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır.

Heydər Əliyev, həmçinin ali məktəb müəllimini də yüksək qiymətləndirir və onlara yüksək tələblər verirdi. O, göstərirdi ki, ali məktəb adı hər bir adamın üzərinə yüksək məsuliyyət qoyur. Fənni bilmək, hərtərəfli məlumata malik olmaq, ideyalılıq və başqa bu kimi keyfiyyətlər hər bir müəllim üçün zəruridir. Ali məktəb müəllimi həm də tərbiyəçidir. Yüksək mənəvi keyfiyyətlərə malik olmaq, daim ünsiyyətdə olduğu gənclərə nümunə göstərmək müəllimin borcudur. Əgər müəllim bütün bu keyfiyyətlər kompleksinə malik deyilsə, əgər öz sahəsində səriştəli mütəxəssis və gənc nəslin həqiqi tərbiyəçisi olmağa çalışmırsa, deməli,o, ali məktəbdə müəllimlik peşəsi üçün yararsızdır.

Bu keyfiyyətlərlə yanaşı, Ulu öndərimiz hər bir ali məktəb müəlliminin yüksək nitq mədəniyyətinə və digər bir sıra pedaqoji keyfiyyətlərə malik olmasını yüksək qiymətləndirir və bunların ali məktəb müəlliminin fəaliyyətində böyük əhəmiyyəti olduğunu qeyd edirdi.

Xalqımızın Ümummilli lideri təhsilimizin təəssübkeşi olmuş, onu həmişə strateji sahə kimi diqqət mərkəzində saxlamışdır. Tələbə qəbulundan tutmuş təhsil sisteminin təkmilləşdirilməsinə kimi hər bir məsələyə diqqətlə yanaşmış, ayrı-ayrı fənlərin tədris keyfiyyətinin yüksəldilməsini vacib hesab etmişdir. 

Heydər Əliyev gəncləri sevirdi, onların təhsili ilə daim maraqlanırdı. Dahi liderimiz 2001-ci ildə gənclər günü münasibətilə görüşdə demişdir: “Gənclərimiz təkcə Azərbaycanda deyil, müxtəlif dilləri mənimsəyərək bir çox ölkələrdə, xüsusən Avropada təhsil alırlar və öz yüksək səviyyələrini göstərirlər. Hər bir gənc təhsil almalıdır”. Bu sözlər hər bir gəncin qarşısında böyük vəzifələr qoyur, onları daha yaxşı oxumağa və çalışmağa ruhlandırırdı.

Bu qayğının nəticəsi olaraq Azərbaycan hökuməti 2001-ci ildə Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması ilə bağlı sərəncam verdi. Bu sərəncam azərbaycanlı gənclərin xaricdə təhsil alması işinə xüsusi yardım etdi. Bu gün yüzlərlə azərbaycanlı gənc Avropanın qabaqcıl ali məktəblərində təhsil alır.

Ümumxalq məhəbbəti qazanmış dünyaşöhrətli Heydər Əliyevin zəngin ədəbi irsində elmin, təhsilin, incəsənətin, mədəniyyətin, ədəbiyyatın, maarifin məzmunu, ideyası, tərbiyəvi təhsil qüvvəsi ətraflı şərhini tapır, öyrənilməsinin səmərəli üsulları müəyyənləşdirilir və parlaq proqramı aşkarlanır. Ulu öndərimizin tövsiyyələri uzun illər fəaliyyət proqramı kimi təhsil işçilərinə yol göstərəcəkdir.

 





26.05.2023    çap et  çap et