525.Az

Azərbaycan və BƏƏ turizm səfərlərinin sayının artırılmasını müzakirə edib


 

Azərbaycan və BƏƏ turizm səfərlərinin sayının artırılmasını müzakirə edib<b style="color:red"></b>

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhammed Al Bloşi ilə görüşərək onunla turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsini, qarşılıqlı turist səfərlərinin sayının artırılmasını müzakirə edib.

525.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, görüşdə səfir Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumatlandırılıb. Azərbaycanın turizm sektoru üçün Yaxın Şərq bazarının, xüsusi ilə BƏƏ istiqamətinin böyük əhəmiyyət kəsb etdiyini bildirən G.Qəhrəmanov ümumvətəndaş pasportlarına malik Azərbaycan və BƏƏ vətəndaşları üçün hər iki ölkəyə vizasız səfər etmək imkanının yaradılmasından sonra həm gəlmə,həm də getmə turizimdə müsbət irəliləyişin olacağını qeyd edib. Uzun illərdir ölkə vətəndaşları arasında Dubay istiqamətinin məşhur olduğunu və bu şəhərə böyük sayda səfərlər təşkil edildiyini bildirən Assosiasiya sədri rəhbərlik etdiyi qurumun qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu bildirib.

İki ölkə arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasının bir çox sahələrdə olduğu kimi turizmə də müsbət təsir etdiyini deyən səfir turizm təşkilatları arasında bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün öz dəstəyini göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində birgə iş birliyinin yaradılması, biznes fəaliyyətinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanışlıq məqsədli infoturların təşkili, təcrübə mübadiləsinin aparılması, eləcə də aviauçuşların sayının artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hazırda gün ərzində bir neçə dəfə "Azərbaycan Hava Yolları" (AZAL), "Flydubai" və "Air Arabia" şirkətləri Bakıdan Dubay və Şarja şəhərlərinə uçuşlar təşkil edir.

 





26.05.2023    çap et  çap et