525.Az

Bakıda Afrika Kinosu Günləri başlayıb


 

Bakıda Afrika Kinosu Günləri başlayıb<b style="color:red"></b>

Mərakeşin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən Afrika Kinosu Günlərinin açılışı olub. Mayın 27-dək davam edəcək Kino Günləri çərçivəsində Azərbaycanda səfirlikləri olmayan Afrika ölkələrinin kinematoqrafçıları tərəfindən ərsəyə gətirilmiş filmlər nümayiş olunacaq.

525.az xəbər verir ki, açılışdaçıxış edən  Mərakeşin ölkəmizdəki səfiri Adil Embarş deyib ki, hər il 25 may bütün dünyada Afrika Günü kimi qeyd edilir. Bu münasibətlə Mərakeşdə hər il Afrika Kino günləri təşkil edilir. Diplomat bildirib ki, Bakıda ilk dəfə keçirilən bu tədbir çərçivəsində Afrikanın altı ölkəsinin filmləri nümayiş etdiriləcək. O, azərbaycanlı tamaşaçıların bu filmləri böyük maraqla izləyəcəyindən əminliyini bildirib.

Qeyd olunub ki, ilk Afrika Kino Günləri istedadlı və iddialı gənc kinorejissorlar nəslinin təmsil olunduğu yenilənən Afrika kino sənayesi ilə Azərbaycan ictimaiyyətini tanış etmək məqsədi daşımaqla, dinamik və cəsarətli bir tədbir kimi nəzərdə tutulur. Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını və xüsusiyyətlərini azərbaycanlılara çatdırmaq və bununla da Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət hesab edilir.

Qeyd edək ki, tədbirdə Mərakeşlə yanaşı Kamerun, Qana, Mali, Ruanda və Çadda istehsal olunmuş filmlər nümayiş olunacaq.

Afrika Kinosu Günlərinin ilk günündə Qana kinematoqrafçıları tərəfindən ekranlaşdırılmış “Keteke” filmi təqdim edilib.

Rejissor Peter Sedufia tərəfindən 2017-ci ildə çəkilən “Keteke” dramı 1980-ci illərin reallığını canlandırır. Ucqar kənddə yaşayan Boy (Adjetey Anang) və hamilə Atvei (Lidia Forson) cütlüyünün övladlarını dünyaya gətirmək üçün çıxdıqları yolçuluğu üzərində qurulan tam sujet film yarıkomik tərzdə olsa da, eyni zamanda həmin dövrün sosial problemlərini də əks etdirir. Filmin əvvəlində cütlük qatara minə bilmir və növbəti stansiyaya gedərkən bir sıra çətinliklə üzləşirlər. Amma film xoşbəxt sonluqla başa çatır.

“Keteke” filminin ssenari müəllifi və rejissoru Peter Sedufia və Loren Eddidir. Filmin ilk premyerası 4 mart 2017-ci ildə olub. Film  2018-ci ilin dekabrında Mərakeşdə keçirilən illik Khouribja Afrika Festivalında Qananı təmsil edib və münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Pərvanə

 





26.05.2023    çap et  çap et