525.Az

Ağ xalatlı Çiçək


 

Ağ xalatlı Çiçək<b style="color:red"></b>

Bəybala ƏLƏSGƏROV
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, Tarix elmləri doktoru

 

İnsanlar həyata müxtəlif missiyaları yerinə yetirmək üçün gəlir. Elə buna görə də Yer üzündə rəngarəng peşə və sənətlə məşğul olan milyonlarla insan yaşayır. Onların arasında elələri var ki, gecə-gündüz bəşərin sağlamlığı keşiyində dayanır. Bu, həkim peşəsidir. Həkim peşəsi çox müqəddəs və şərəfli peşədir. Nə yaxşı ki doğma Vətənimizdə həkim peşəsinin böyük məsuliyyətini hiss edən, bu adı layiqincə daşıyan, Hippokrat andına sadiq  həkimlərimiz yetəri qədərdir.

Uzağa getməyək, elə postpandemiya dövründə bəşəriyyətin başı üzərini dəhşətli virus bəlası alan zaman öz saglamlığını təhlükə altına qoyub sutkanın 24 saatını iş başında olan həkimlərimiz əsl xalq qəhrəmanına çevrildilər. Digər peşə sahibləri koronavirusa görə evdə işsiz-gücsüz qaldığı halda, həkimlərimiz var-qüvvəsi ilə xəstələrin həyatını xilas etmək üçün gücləndirilmiş iş rejimində çalışırdılar. Etiraf edim ki, öz peşəmi sevdiyimə baxmayaraq, o ağır günlərdə evdə qamaqdan bezdiyimə görə həkim olmadığım üçün acı təəssüf hissi keçirir, fədakar həkimlərimizə sözün əsl mənasında qibtə edirdim.

Həkimlərimizin qəhrəman şücaəti Qarabağ müharibəsində də özünü bir daha göstərdi. 44 günlük Vətən müharibəsində onların əsgərlərimizlə çiyin-çiyinə döyüşməsi və həyatlarını riskə qoyaraq hər bir yaralıya tibbi yardım göstərməsi əsl qəhrəmanlıq nümunəsi idi.

1971-ci ilin isti yay günləri idi. Yaydan sonra mütləq barlı bir payız gələcəkdi. Avqustun axırında Məmməd kişinin həyatında da dəyişiklik oldu. Həyata qız uşağı gəlmişdi. Məmməd kişi uşağa qoyulan gül adları ilə razılaşmadı və adını Çiçək qoydu. Gül ətir verdiyi kimi, çiçək isə bar verir. Çiçək də bütün balaca qızlar kimi gəlinciklərlə oynamış, güllü-çiçəkli çəmənlərdə gəzərək öz ömrünün cəhlimlərini açmışdı.

Haqqında söhbət açmaq istədiyim Çiçək həkim də günümüzün qəhrəmanlarındandır.

Əhmədova Çiçək Məmməd qızı 1971-ci il avqustun 25-də Azərbaycanın Qax rayonunda  anadan olub. 1978-1988-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbdə oxuyub. 1988-ci ilin aprelindən Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında kiçik tibb bacısı kimi iş fəaliyyətinə başlayıb.1991-ci ildə 1 saylı tibb məktəbinin tibb bacısının işi fakültəsinin axşam şöbəsinə daxil olub, 1994-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə Türkiyənin Ankara şəhərində "Orqan naklı və Yanık tedavi" xəstəxanasında "Hemodializ tibb bacısının işi" üzrə kurs keçərək sertifikatla təltif olunub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində oxuyub. 2002-ci ildə internatura keçib. 2002-ci ildən "Medservis" özəl tibb mərkəzində hemodializ şöbəsində həkim, sonra şöbə müdiri vəzifələrində çalışıb. İşlədiyi müddətdə  Türkiyədə Başkənd Universitet Klinikasında vaxtaşırı təcrübə keçib (2004, 2006, 2007-ci illər), Moskva, Sankt-Peterburq, Antalya, İzmir, İstanbul, Roma şəhərlərində keçirilmiş nefroloji konfranslarında iştirak edib. 2009-cu ilin aprelindən Səhiyyə Nazirliyinin tövsiyəsi ilə "Azərsutikinti" xəstəxanasının hemodializ şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda "Nizami" tibb mərkəzi olaraq "Azərsutikinti" xəstəxanasının direktor müavini vəzifəsini icra edir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ və ya periton dializi) təşkili və təkmilləşdirilməsi Komissiyasının sədridir.

2012-ci ildə iş göstəricilərinə və tibb işçilərinin peşə bayramı münasibətilə Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub. Çiçək xanım Beynəlxalq Nobel İnformasiya Mərkəzinə tibb eksperti seçilmiş ilk qadındır.

Fəaliyyəti ərzində bir beynəlxalq, üç yerli tibbi nəşriyyatda tibbə aid məqalələri dərc olunub. MDB məkanında ilk olaraq hemodializdə müalicədə olan qadın xəstədə hamiləliyin tərkibi, əvəzedici böyrək müalicəsinin aparılma üsul və qaydaları ilə sağlam oğlan uşağının doğuşu ilə nəticələnən iş və müşahidələr aparıb. İş yerində onlarla orta tibb işçilərinin, gənc həkimlərin peşəkar işçi olmalarına kömək edib. Onun dəstəyi ilə iki tibb bacısı Türkiyə Başkənt Universiteti Klinikasında hemodializ üzrə kurs keçib.

Xəstələrə  şəfalı əllərini  uzadan Çiçək xanım dializlə bağlı xəstəxanaya müraciət edən bütün xəstələrə ana kimi qayğı göstərir, onların sağlamlıqlarının az müddətdə bərpa olunmasına çalışır.  Bir sözlə, Çiçək xanım sanki fitrətən həkim olmaq üçün dünyaya göz açıb. Təsadüfi deyil ki, o, işlədiyi kollektivin və xəstələrin dərin hörmətini və məhəbbətini qazanıb.

Bu bir həqiqətdir ki, insan öz peşəsinin vurğunu olduğu zaman heç bir çətinlik onu qorxutmur. Öz peşəsinə ürəkdən bağlı olan Çiçək xanıma çiçək kimi təravətli qalmasını, arzularının daim çiçək açmasını arzulayırıq.

 

 





26.05.2023    çap et  çap et